Fətvalar Oruc Ramazan

Böyük alimlər: Ramazanla əlaqəli bəzi suallara cavab

Oruclu halda qan verməyin hökmü

1. Sual: Ramazan ayı gündüz vaxtı qan vermək olarmı və bu orucu batil edirmi?
Cavab: Alimlərin daha doğru olan rəylərinə görə qan aldırmaq və ya qan vermək orucu pozmur.

(Şeyx: İbn Bəzz)

Ramazan ayı gündüz vaxtı iynə vurdurmaq haqda

2. Sual: Oruc olarkən müalicə üçün vurulan iynələr oruca təsir edirmi?
Cavab: Müalicə üçün vurulan iynələr iki növdür: Birinci növ, yemək və içməyi əvəz edən qidalandırıcı iynələr. Bu növ iynələr yemək-içmək mənasında olduğu üçün onları qəbul etmək orucu batil edir. İkinci növ, yemək içməyi əvəz etməyən qeyri qidalı iynələrdir. Belə iynələr yemək içməyi əvəz etmədiyi üçün onların qəbulu orucu batil etmir.

(Şeyx: İbn Useymin)

Oruclu halda ətirlərdən istifadə etmək

3. Sual: Oruclu halda müxtəlif qoxulu ətirlərdən istifadə etmək nə dərəcədə doğrudur?
Cavab: Oruclu halda belə ətirləri istifadə etmək və iyləmək olar.

(Şeyx: İbn Useymin)

Göz damlası haqda

4. Sual: Oruclu halda göz damlasından istifadə etmək orucu batil edirmi?
Cavab: Daha doğrusu göz damlası orucu batil etmir. Düzdür bu rəy haqda alimlər arasında fikir müxtəlifliyi vardır. Bəziləri deyirlər ki, əgər o damlanın tamı boğaza yetişərsə orucu batil edir. Amma daha doğru rəyə görə gözə tökülən damla orucu batil etmir. Çünki göz bədən boşluqlarından sayılmır. Beləliklə səhih rəyə əsasən gözə və qulağa tökülən damlalar orucu batil etmir.

(Şeyx: Əbdül Əziz İbn Bəzz)

Oruc tutanın xına qoyması

5. Sual: Oruclu halda başa xına qoymaq olarmı? Mənim eşitdiyimə görə xına orucu batil edir!?
Cavab: Bu təmamilə səhv fikirdir. Sürmə, qulaq və göz damlası kimi xına da oruca təsir etmir.

(Şeyx: İbn Useymin)

Unudaraq yemək

6. Sual: Oruclu olduğunu unudaraq yeyən və içənin hökmü nədir? Həmin adamın yemək yediyini gördükdə ona oruclu olduğunu xəbərdarlıq etmək lazımdırmı?
Cavab: Oruclu halda unudaraq yeyib içənin orucu doğrudur. Lakin yadına düşən kimi yeyib-içməkdən dərhal imtina etməlidir. Hətta ağzında olan tikəni və ya suyu geri çıxartmalıdır. Belə halda orucun doğru olmasına dəlil Əbu Hureyrənin (Allah ondan razı olsun) Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədisdir: “Kim oruclu olduğunu unudaraq yeyər və ya içərsə orucunu tamamlasın. Onu Allah yedizdirib içizdirmişdir”. Həmçinin insan unudaraq etdiyi işlərə görə Allah yanında günah qazanmır. Allah təalə buyurur: “Ey Rəbbimiz, (bəzi tapşırıqlarını) unutduqda və ya yanıldıqda bizi cəzalandırma!” (əl-Bəqərə: 186) və bunun müqabilində isə Allah təalə buyurmuşdur: “Mən bunu (sizin duanızı) qəbul etdim!”.
Onu görən adam isə mütləq xəbərdarlıq etməlidir. Çünki onun xəbərdarlığı pis işlərdən çəkindirməkdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: “Kim pis işin şahidi olarsa onu əli ilə dəyişsin, əgər bacarmasa onda dili ilə dəyişsin və onu da bacarmasa onda qəlbi ilə dəyişsin”. Heç şübhəsiz ki, oruc tutan adamın oruclu vaxt yeyib içməsi pis və münkər əməllərdəndir. Amma unutduğuna görə bu əməl bağışlanandır. Lakin yeyib içən adamı görənə isə heç bir üzr yoxdur və ona görə də xəbərdarlıq etməsi vacibdir.

(Şeyx: İbn Useymin)

Oruclu olarkən çimmək

7. Sual: Oruclu olarkən bir dəfədən artıq çimməyin və ya kondisionerin qarşısında uzun müddət oturmağın hökmü nədir?
Cavab: Belə etmək olar. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) oruclu olarkən istinin və ya susuzluğun şiddətindən başına su tökərdi. Həmçinin Abdullah İbn Ömər (Allah ondan razı olsun) adlı səhabə də istinin qarşısını almaq üçün oruclu olarkən paltarını su ilə isladardı.

(Şeyx: İbn Useymin)

 

“SələfXəbər” saytının redaksiyası tərəfindən hazırlanıb