Oruclu halda cinsi əlaqədə olmaq
1. Sual: Oruclu halda həyat yoldaşı ilə cinsi əlaqədə olmağın hökmü nədir?
Cavab: Oruclu halda qadınla cinsi əlaqədə olan adam Allaha və Rəsuluna asilik etmiş günahkardır. O orucunu qəza etməli və kəffarə verməlidir. Kəffarəsi isə, bir kölə azad etməkdir. Əgər tapmasa iki ay ardıcıl oruc tutmaqdır. Bunları da bacarmasa onda altmış nəfər kasıbı yedizdirməlidir. Hər kasıba ölkəsinin qida məhsulu sayılan nemətlərdən yarım saa, yəni təxminən 1,3 kq (qarın dolusu)yemək verməlidir.
(Fətvanı verən: Daimi Elmi Araşdırmalar Mərkəzi)
2. Sual: Əgər bir kişi oruclu halda öz yoldaşını məcbur edərək onunla cinsi yaxınlıq edibsə nə etməlidir?
Cavab: Əgər kişi qadını cinsi əlaqəyə məcbur edibsə qadının orucu doğru kişinin orucu isə batildir. Kişi etdiyi cinsi yaxınlığa görə kəffarə ödəməlidir. Kəffarə ya bir kölə azad etmək, olmasa iki ay ardıcıl oruc tutmaq, əgər onu da bacarmasa altmış kasıbı yedizdirməli və həmin gününü qəza etməlidir.
(Şeyx: İbn Useymin)
Oruclu olarkən yuxuda cənabət olmaq
(xülyaya dalıb sperma ifraz etmək)
3. Sual: Oruclu adam yuxuda cənabət olmuşdur (xülyaya dalıb sperma ifraz etmişdir). Onun orucu batildirmi? O dərhal qüsl almalıdırmı (çimməlidirmi)?
Cavab: Yuxuda cənabətli olmaq orucu batil etmir. Çünki bu həmin adamın ixtiyarında deyildir.
Bu adam cənabət qüslü almalıdır. Əgər Sübh namazından sonra yuxuda cənabət olubsa onda qüslü Zöhr namazına qədər gecikdirmək olar. Həmçinin gecə arvadı ilə yaxınlıq edib sonra sübhün vaxtı daxil olandan sonra çimmək də olar. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) gecə cənabət olardı sonra sübhün vaxtı daxil olandan sonra qalxıb çimər və oruc tutardı.
Heyzli (aybaşı) və nifaslı (doğuşdan sonrakı qanaxma) olan qadınlar da belədir. Əgər onlar gecə təmizlənib sübhdən sonra çimərlərsə onların tutduqları oruc doğru sayılır. Amma qüslü namazın vaxtı çıxana qədər gecikdirmək olmaz. Əksinə tez qüsl alıb namazı vaxtında qılmaq lazımdır.
(Şeyx: Əbdül Əziz İbn Bəzz)
Oruclu olarkən bədəndən qan çıxmaq və qaytarmaq (qüsmaq) haqda
4. Sual: Bir dəfə oruclu olarkən başıma daş dəydi və çoxlu qan axdı. Buna görə orucun batildirmi? Birdə, qaytarmaq orucu pozurmu?
Cavab: Başına dəymiş daş nəticəsində çıxan qan sənin orucunu pozmur. Amma qaytarmaq isə sənin ixtiyarında deyilsə onda sənin orucunu pozmur. Amma qəsdən qaytarmaq isə orucu pozur. Hədislərin birində Peyğəmbər (ona Allahın salavatı və salamı olsun)buyurmuşdur: “Kim istəmədən qaytararsa orucunu qəza etməsin, kim bilərəkdən özünü qusdurarsa orucunu qəza etsin”.
(Şeyx: Əbdül Əziz İbn Bəzz)
Oruclu halda qan almaq
5. Sual: Oruclu olarkən müayinə üçün qan verən adamın orucu nə dərəcə doğrudur?
Cavab: Belə miqdarda qan çıxarmaq orucu batil etmir. Çünki bunlar ehtiyac üzündən edilir. Həmçinin bu cür əməl orucu pozan əməllərdən deyil.
(Şeyx: Əbdül Əziz Ibn Bəzz)
Oruc tutmaq iqtidarında olmayan xəstə
6. Sual: Vərəm xəstəliyinə yoluxmuş adama oruc tutmaq çox çətindir. O ötən Ramazan ayında oruc tutmayıbsa kəffarə olaraq kasıbları yedizdirməlidirmi? Onu da bilmək lazımdır ki, bu xəstəliyin sağalmaq ehtimalı yoxdur!
Cavab: Əgər deyilən adam həmin xəstəlik üzündən oruc tuta bilmirsə və onun sağalması da imkansızdırsa onda oruc tutmaya bilər. Bunun əvəzində oruc tutmadığı hər bir günün əvəzinə imkanı varsa bir nəfər kasıbı təxminən 1,3 kq xurma, düyü və s. öz ölkəsində adət edilən bu kimi yeməklərlə yedizdirməlidir.
(Daimi elmi araşdırmalar mərkəzi)
7. Sual: Mən şiddətli xəstə idim. Qardaşım məni Məkkə şəhərində bir xəstəxanaya yerləşdirdi və bir müddət sonra Ramazan ayı daxil oldu mən isə hələ də xəstəxanada idim. Bu hadisə iki il davam etdi. Sonra mən Riyad şəhərinə başqa xəstəxanaya köçürüldüm. Bu dəfə özümü əvvəlkindən yaxşı hiss etdiyim üçün Ramazan ayını tam oruc tutdum. İndi mənim boynumda əvvəlki iki ilin orucu qalmaqdadır. Mən onları qəza etməliyəm yoxsa nə isə sədəqə verməliyəm? Onu da deyim ki, mən hər ay üç gün nafilə orucu tuturam. Xahiş edirəm mənə məsləhət verin!
Cavab: Siz ötən iki ilin orucunu mütləq qəza etməlisiniz (əvəzini tutmalısınız). Çünki Allah təalə Qurani Kərimdə buyurur: “(Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar…” (əl-Bəqərə: 184). Amma sizin hər ay üç gün oruc tutmağınız isə niyətinizdən asılıdır. Əgər niyət fərz orucu qəza etməkdirsə fərz orucu tutmuş sayılarsınız. Yox əgər niyət nafilə orucu tutmaqdırsa onda bu oruc fərz orucu əvəz etməz. Həmçinin oruc tutmaq iqtidarında olan adam əvəzində yemək yedizdirə bilməz. Mütləq oruc tutmalıdır.
(Daimi elmi araşdırmalar mərkəzi)
Oruc tutmaqda əziyyət çəkən xəstə
8. Sual: Mən xəstə qadınam. Ötən ramazan ayında xəstəliyimlə əlaqədar bəzi günləri oruc tutmamışam və həmin günlərin əvəzini də ödəməmişəm. Bunun kəffarəsi nədir? Həmçinin mən bu ilin Ramazan ayını da oruc tuta bilməyəcəyəm. Bu necə olmaldır? Allah sizi xeyirlə mükafatlandırsın!!!
Cavab: Oruc tutmaqda əziyyət çəkən xəstələr sağalana qədər oruclarını aça bilərlər. Lakin sağaldıqdan sonra oruclarını qəza etməlidirlər. Bu haqda Allah təalə buyurur: “(Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar…” (əl-Bəqərə: 184). Ona görə xəstə adamın bu ayda oruc tutmaması heç də sıxıntı yaratmamalıdır. Çünki Allah təalə xəstə və müsafirlər üçün həmin müddət oruc tutmamağı rüxsət (rahatlıq) etmişdir. Amma sağalandan sonra tutmadığın günlərin əvəzini oruc tutmalısan.
(Əbdül Əziz İbn Bəzz)
Xəstəlik və ya qocalıq üzündən oruc tuta bilməmək
9. Sual: Anam çox yaşlı qadındır. O, Ramazan ayı daxil olmamış bir neçə gün əvvəl bərk xəstələndi və xəstəliyi onu çox taqətdən saldı. Buna baxmayaraq o Ramazanın on beş gününü oruc tutdu qalan günləri isə oruc tuta bilmədi. Onların qəzasını etmək üçün taqəti də yoxdur. Belə halda o sədəqə verə bilərmi? Sədəqə nə qədər verilməlidir? Onu da deyim ki, ona mən baxıram və əgər onun sədəqə verməyə imkanı olmasa mən onun əvəzinə sədəqə verə bilərəmmi?.
Cavab: Sağalmayan xəstəlik və ya qocalıq üzündən oruc tuta bilməyən adam orucunu açmalı və hər günün əvəzinə bir nəfər kasıbı yedizdirməlidir. Allah təalə buyurur: “Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər….” (əl-Bəqərə: 184). Ibn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində deyir: “Ayə, oruc tuta bilməyən qoca kişi və qadınlar haqda nazil olmuşdur. Onlar hər günün əvəzinə bir nəfər kasıbı yedizdirməlidirlər” (Buxari rəvayət etmişdir). Ona görə də anan hər günün əvəzinə bir nəfəri yedizdirməlidir. Yeməyin miqdarı isə təxminən 1,3 kq yeyinti məhsulundan ibarət olmalıdır. Əgər yedizdirməyə imkanı yoxdursa onda ona günah yoxdur. Sən onun əvəzinə yedizdirə bilərsən. Bu əməlin yaxşılıqdandır və Allah təalə yaxşılıq edənləri sevir!
(Daimi elmi araşdırmalar mərkəzi)
“SələfXəbər” saytının redaksiyası tərəfindən hazırlanıb