Mən sizin son məktubunuzu oxudum Səlim qardaş. Cavab yazdığınız üçün təşəkkür edirəm. Lakin, sizin bu məktubunuz da, əvvəlki məktubunuz kimi mənim ünvanıma təhqirlərlə doludur. Təəssüflər olsun ki, siz daha çox mövzuya uyğun yox, insanlarda təəssürat oyatmaq üçün yazırsınız. Siz məsələni belə təqdim etmək istəyirsiniz: “Qamət məndə və digər təbliğatçılarda qüsur axtarır və bizə böhtan atır”.
Siz məni təhqir edərək deyirsiniz:
”O onsuz da sakitləşməyəcək, çünki problem məndə deyil, problem ondadır”
Siz həmçinin mənim barəmdə deyirsiz:
“Kim özü pisdirsə, başqalarında da ancaq pislik görür”.
Siz insanlara demək istəyirsiniz ki, guya mən başqalarının ləyaqətini alçaltmaqla məşğulam və guya sizin haqqınızda dediklərim böhtandır. Siz yazırsınız:
“Bu məsələdə mən Qamət Süleymanova bənzəmək istəmirəm. Mən öz məqsədlərimə başqalarının ləyaqətini alçaltmaqla çatmıram”.
Mən sizin çoxsaylı təhqirlərinizə və insanlarda təəssürat oyatmaq üçün yazdıqlarınıza fikir verməyəcəm. Lakin, sizə bir söz deyim qardaş: bəlkə kimsə sizin insanlarda təəssürat oyatmaq üçün yazdığınız yazılara aldanır, lakin elm tələb edən və ağıllı insanlar başa düşür ki, siz hiylə işlədirsiz və söhbətdən qaçırsız.
Siz yazırsız: “Qamət kimdir ki, məndən mənim mövqeyimi soruşur?”. Bütövıükdə problemə bu cür yanaşma düzgün deyil. Bu bizim sələfiyyəyə ümumi dəvətimizdir və biz bu dəvəti bütün vasitələrlə qorumaq və müdafiə etmək üçün əlimizdən gələni etməliyik. Və mənim kim olduğum və ya sizin kim olduğunuz, bunlar tamamilə yersiz suallardır. Əgər biz dəvət aparırıqsa, ilk olaraq Allah qarşısında, daha sonra isə bir-birimiz və bütövlükdə müsəlmanlar qarşısında məsuliyyət daşıyırıq. Sələf-dəvətçilər Allahın dininə dəvətdə bir-birinə kömək etməli və bir-birini dəstəkləməlidirlər. Lakin, bunun üçün biz bir-birimizə arxayın olmalıyıq, odur ki, müəyyən məsələlərdə bir-birimizdən mövqeyimizi bəyan etməyimizi xahiş etməkdə təhqiredici bir şey olmamalıdır. Xüsusilə əgər bizlərdən hansımızsa haqqında şübhələr dolaşırsa. Axı sələfi üçün öz mövqeyini göstərmək çətin bir məsələ olmalı deyil, çünki onun dəvəti öz dəvətini gizlilik və məxfilik üzərində quran digər bidətçilərdən fərqli olaraq açıq-aydın və şəffafdır. Necə ki, Ömər bin Əbduləziz demişdir: “Əgər siz hər hansı bir qrup insanın hər kəsdən gizli şəkildə din barədə danışdığını görsəniz, bilin ki, onlar yalnış yoldadır”.
Təəssüflər olsun ki, bu gün çox maraqlı bir tendensiya meydana gəlib: bəzi insanlardan hər hansı şəriət məsələsi barədə öz mövqeyini açıq şəkildə bildirməsini istəyəndə, onlar dərhal inciyir və sizi onların nüfuzuna və reytinqinə xələl gətirməkdə günahlandırırlar. Çox güman ki, siz də bu insanlardansınız.
Sizin cavablarınıza gəldikdə isə, müsəlman rəhbərlərə qarşı münasibətiniz barədə suallarıma ilk cavabınızda siz ətraflı cavab vermisiniz. Allah sizi xeyirlə mükafatlındırsın. Ümid edirəm ki, bunu səmimi qəlbdən etmisiniz və biz haqıqnızda hüsn zənn edir və düşünürük ki, siz bunu bu mövzudan hamının xəbəri olduğu üçün deməmisiniz.
Lakin, qardaş, siz bunu niyə elə qələmə verirsiniz ki, “Qamət mənə böhtan atır və bu məsələdə sadəcə məndə qüsur axtarır”. Mən axı şəriətlə hökm verməyən müsəlman rəhbərə qarşı çıxmağı icazəli gördüyünüzü yazdığınız məqalələrə istinad göstərdim. Bundan əlavə, siz bu barədə öz dərsinizdə demisiniz və bunu sizdən tələbələriniz eşidib. Heç olmasa deyin ki, “hə, mən belə demişəm, amma indi tövbə etmişəm və öz fikrimi dəyişmişəm”. Niyə siz bu məsələni insanlara elə təqdim edirsiniz ki, guya mən bunları özümdən qoşmuşam və sizi haqsız şəkildə qınayıram?
Mənim “2. Hizbçilərə münasibətinizi dəyişin: onları tərifləməyə və müdafiə etməyə son qoyun, həmçinin onların sələfi və ya əhli-sünnə olduğunu deməyin” xahişimə, siz yazırsınız:
“Mənim mövqeyim: mən hizbçiləri tərifləmirəm, onları müdafiə etmirəm və demirəm ki, onlar sələfidir və ya əhli-sünnədir!”
Bu sizin sadəcə sözdə mövqeyinizdir, qardaş. Mən sizə, sizin hizbçiləri, o cümlədən həmin tərcüməçini təriflədiyiniz sitatları gətirdim, lakin, siz buna heç nə cavab vermədiniz. Tələbələriniz və digər qardaşlar sizin digər məşhur hizbçiləri də necə təriflədiyinizi sizə xatırlada bilərlər. Sizin probleminiz ondadır ki, siz onları sələfi hesab edirsiniz, hizbçi yox, odur ki, siz əminliklə deyirsiniz ki, siz hizbçiləri tərifləmirsiniz. Lakin əhli-sünnə alimləri və siz hizbçilərin kim olduğu barədə fərqli anlayışlara sahibsiniz. Sizin bu sözləriniz və bidətçilərə qarşı münasibətiniz bir daha sübut edir ki, siz hizbçiləri sələfi adlandırırsınız. Axı siz özünüz də əvvəlki cavabınızda dolayı şəkildə etiraf etdiniz ki, bidətçilərə münasibətdə “biz nöqsanları düzəldirik, şəxsiyyətləri günahlandırmırıq” və ya “nöqsanlarla bərabər yaxşı cəhətlərin xatırladılması” kimi ixvansayağı prinsiplərə əsaslanırsınız və nəticə etibarilə, bu səbəbdən siz hizbçiləri və ixvanları bidətçi adlandırmırsınız. Mən əvvəlki cavabımda sizə göstərdim ki, siz bidətçilərə olan münasibətinizlə “nöqsanlarla bərabər yaxşı cəhətlərin xatırladılması” prinsipindən də pis əməl edirsiniz və bəzi bidətçilərin yalnız yaxşı cəhətlərini dilə gətirərək, onların nöqsanlarını görməzdən gəlirsiniz. Mən həmçinin sizə bidətçilərə bu cür münasibətinizin yalnış olduğunu göstərən əhli-sünnə alimlərinin sözlərini gətirdim. Lakin, deyəsən bu alimlərin sözləri sizin üçün qaneedici dəlil olmadı.
Daha sonra mənim “Şeyx Rabiyə (Allah onu qorusun) qarşı münasibətinizi dəyişin və ona qarşı etdiyiniz hörmətsizliyə görə tövbə edin” xahişimə siz cavab verirsiniz:
“Əgər mən nə vaxtsa hardasa şeyx Rabi əl-Mədxaliyə (Allah onu hifz etsin!) qarşı hörmətsizlik etmişəmsə, buna görə tövbə edirəm və Allahdan məni bağışlamasını diləyirəm!”
Çox qəribə cavab verirsiniz, qardaş. Necə yəni “Əgər mən nə vaxtsa hardasa şeyx Rabi əl-Mədxaliyə (Allah onu hifz etsin!) qarşı hörmətsizlik etmişəmsə”? Bunu hər məsələyə münasibətdə demək olar. Mən də deyə bilərəm ki: “əgər mən nə vaxtsa səhabələrə dil uzatmışamsa və ya küfr etmişəmsə, Allahdan məni bağışlamasını diləyirəm”. Bu heç də demək deyil ki, siz şeyxə qarşı hörmətsizlik etdiyinizi etiraf edirsiniz. Sizin bu cavabınız o demək deyil ki, siz öz səhvinizi qəbul edirsiniz. Bu sadəcə o deməkdir ki, “məndən əl çək”.
Lakin, siz yenə də insanlara göstərmək istəyirsiniz ki, guya mən sizə iftira atıram və sizi əsassız yerə günahlandırıram. Halbuki, mən sizə hələ birinci məktubumda sizin şeyx barəsində ehtiramsız danışdığınız yollamanı göstərdim, lakin, bu günə qədər siz heç bir cavab verməmisiniz. Bundan əlavə, özünüz də bilirsiniz ki, sizin şeyx Rabi (Allah onu qorusun) barədə pis və ehtiramsız danışdığınız barədə şahidlik etməyə hazır olan bir çox şahidlər var. Şeyx Rabiyə pis münasibət – onları ifşa etdiyi üçün ona nifrət edən müasir hizbçilərin əsas keyfiyyətlərindəndir. Şeyx Rabinin bütün cərhlərindən imtina etdiyini demək – şeyxin hizbçilər və digər bidətçilərdən çəkindirməklə haqsız olduğu və daha onları dinləməyin və elm almağın icazəli olduğu deməkdir. Belə demək, mənhəcdə böyük problemdir.
Bir daha təkrar edirəm qardaş, insanlarda təəssürat oyatmaq üçün yox, səmimi və açıq-aydın danışın. Belə ikimənalı bəyanatlar etməkdənsə, Şeyxə münasibətdə haqsız olduğunuzu və indi tövbə etdiyinizi demək daha yaxşı olardı. Bütün işlərdə insan öz nüfuzu və ya insanların onun haqqında nə düşündüyü barədə yox, Allah barədə düşünməlidir. Öz nöqsanlarınızı etiraf edəcək qədər cəsarətli olun. Unutmayın ki, yalnız Allah insanları şöhrətləndirir və nüfuzdan salır.
De: “Ey mülkün sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir¬ və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin Əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən. (Müqəddəs Quran, “Ali-İmran surəsi”, 26-cı ayə).
Daha sonra siz mənim “Sizə hökumətin icazəsi olmadan dəvət aparmağa icazə verən BƏƏ qanununu mənə göstərin” xahişimə yazırsınız:
“Qadağanın olmaması – artıq icazədir! Mənim yaşadığım Birləşmiş Ərəb Əmirliklərində islam dəvəti aparmaq heç kimə qadağan deyil!”
Daha sonra siz sübut etməyə çalışırsınız ki, mən öz ölkəmdə qeyri-qanuni dəvət aparıram, çünki qanuni imam deyiləm.
Birincisi, qardaş, siz yəqin ki, BƏƏ qanunları ilə yaxşı tanış deyilsiniz. Bəli, bu ölkədə dəvət aparmaq qadağan deyil. Lakin, bu ölkənin qanunlarına əsasən, dərsləri yalnız dini işlər üzrə nazirliyin (əvqaf) xüsusi icazə verdiyi insanlar və bir qayda olaraq xüsusi ayrılmış yerlərdə apara bilər. Bunu mənə əvqafda işləyən insanlar deyib. Bu barədə bir daha maraqlanın, özü də siz hüquqşünassız və bu sahədə sizə lazım olan məlumatı tez əldə edəcəksiniz.
Mənə qaldıqda isə, əgər bilmək istəyirsinizsə, “Əbu Bəkr” məscidinin icması 3 iyul 2002-ci ildə qeydiyyatdan keçib, qanunidir və ləğv edilməyib. Mən isə öz növbəmdə bu icmanın sədriyəm. 2011-ci ildə çıxan qanunun isə bizə aidiyyatı yoxdur, çünki icma icma üzvlərinin istəyi ilə və ya məhkəmə qərarı ilə ləğv edilə bilər. Bunlardan heç biri olmayıb. Biz yenidən qeydiyyatdan keçmək üçün Dini İşlər Üzrə Dövlət Komitəsinə müraciət etdikdə, onlar bildirdilər ki, bizim dini icmamız qanunidir və yenidən qeydiyyatdan keçməyə ehtiyac yoxdur.
İkincisi, qardaş, mənim harada dəvət apardığım və bunu qanuni yolla edib-etmədiyim sizi əvvəldən maraqlandırmamalıdır və bu bizim söhbətimizin mövzusu deyil.
Hətta əgər desək ki, mən qeyri-qanuni imamam, biz axı burda dəqiq mövqeyə malik olmağımız zəruri olan mühüm əqidə və mənhəc məsələlərini müzakirə edirik.
Əgər siz dəvət aparırsınızsa və sizi müəyyən sayda insanlar dinləyirsə, siz lazımi məqamda həm mühüm mənhəc məsələləri barədə, həm də bidətçilərə münasibətdə öz mövqeyinizi göstərməyi bacarmalısınız.
Din səmimi nəsihətdir və sizə məsləhətim budur qardaş: əgər sizə hansısa səbəblərdən bunu etmək ağırdırsa, o zaman yaxşı olar ki, dəvətdən əl çəkəsiniz. Bu sizin üçün daha yaxşıdır və bunu deməklə sizə ancaq xeyir arzulayıram. Lakin əgər siz hər şeyə rağmən bu işə başlamısınızsa, o zaman bu yolda cəsarət və səbatlılıq nümayiş etdirin və lazımi məqamlarda öz mövqeyinizi göstərməkdən qorxmayın.
Daha sonra mən sizdən xahiş etdim: “5. Hansı təbliğatçılara qarşı haqsız narazıçılıq bildirdiyimi deyin”,
buna isə siz cavab verirsiniz:
“Siz mənə mənim qınamalı olduğum Quran tərcüməçisinin adını demədiniz, özünüz isə məndən tələb edirsiniz ki, hansı təbliğatçılara qarşı narazıçılıq bildirdiyinizi deyim. Sizin çox maraqlı ədalət anlayışınız var, qardaş”.
Siz yenə suallara qəribə cavablar verirsiniz, qardaş. Mən tərcüməçi barədə danışanda, özü də sizin məqalənizdən onun sitatını gətirəndə, siz və həmçinin bütün oxuyucular söhbətin kimdən getdiyini başa düşdü. Sadəcə açıq şəkildə deyin ki, onun ünvanına öz mövqeyinizi bəyan etmək istəmirsiniz. Siz niyə belə qeyri-ciddi bəhanələrə əl atırsınız?
Söhbətin kimdən getdiyi anlaşıqlı olanda, mən bidətçilərin adlarını çəkməkdən çəkinirəm ki, bu onlar üçün reklam olmasın. Siz isə məni dəvətçilərdən haqsız şəkildə çəkindirməkdə günahlandırırsız, lakin söhbətin kimdən getdiyinə heç eyham da vurmursunuz.
Bu məktubda siz əvvəlki ittihamlarınızı təkrar edərək məni ictimai şəkildə günahlandırırsınız:
“Cavablarımı təkrar etməyin mənası yoxdur, çünki o onsuz da sakitləşməyəcək, çünki problem məndə deyil, ondadır. Odur ki, çoxları onunla mübahisələri tərk edərək Allah yolunda öz işləri ilə məşğuldurlar”.
Mən öz fəaliyyətim boyunca cəmi bir neçə dəfə dəvətçiləri günahlandırmış və onlardan çəkindirmişəm. Lakin, sizin insanlara göstərmək istədiyiniz kimi bunu heç də təkcə mən etməmişəm. Azərbaycanlı elm tələbələrinin çoxu ciddi nöqsanlarına görə bu şəxslərə münasibətdə yekdil mövqe ilə çıxış ediblər.
Lakin əgər siz bu tərcüməçinin adını çəkməyimi israrla istəyirsinizsə, mən bunu etməkdən qorxmuram. Onun adı Elmirdir. Ümid edirəm ki, siz söhbətin kimdən getdiyinizi anladınız və məndən onun soyadını, atasının adını və qan qrupunu soruşmayacaqsınız. Düzü əgər bunu etsəniz, mən təəccüblənməyəcəm.
İndi isə zəhmət olmasa cəsarətinizi toplayın və açıq şəkildə hər kəsə bu insan haqqında mövqeyinizi bildirin: siz onu sələfi hesab edirsinizmi və ondan elm almaq olarmı? Əqidə və mənhəcdə bu qədər nöqsanları olduğunu bildiyiniz halda onun ünvanına ifrat dərəcədə tərif yağdırmağınızın səbəbini açıqlayın.
Bundan əlavə, indi açıq və aşkar şəkildə mənim hansı dəvətçilərdən haqsızcasına çəkindirdiyimi bəyan edin. Ümid edirəm ki, bu dəfə siz cavabdan qaçmayacaq və açıq və cəsarətli şəkildə həm bu məsələdə, həm də tərcüməçiyə münasibətdə öz mövqeyinizi bəyan edəcəksiniz.
Daha sonra siz yazırsız:
“Mən sizin bütün suallarınıza cavab verdim. ümid edirəm ki, sakitləşəcək və bununla da bu ictimai “teleseriala” son qoyacaqsınız və daha mənim ünvanıma iddialı müraciətlər gəlməyəcək”.
Qardaş, mən sizə yuxarıda da dediyim kimi, siz mənim suallarımın çoxuna tam cavab verməmisiniz. Xüsusilə sizin bidətçilərə və şeyx Rabiyə (Allah ondan razı olsun) münasibətdə, onun bidətçilərə münasibətdə bütün cərhlərindən imtina etdiyi barədə mövqeyinizlə bağlı.
Mənim sakitliyimə gəldikdə isə, zəhmət olmasa bu barədə narahat olmayın, qardaş. Mən sizə lap əvvəldən tamamilə sakit və soyuqqanlı şəkildə müraciət edirəm və sizdən ikimənalı yox, açıq cavablar gözləyirəm.
Lakin, təəssüflər olsun ki, siz lap əvvəldən söhbətdən qaçmağa başladınız və bizim söhbəyimizə qətiyyən aidiyyatı olmayan mövzular qaldırdınız. Özünüzü söhbətin kimdən getdiyini anlamırmışsınız kimi aparmaqla söhbətimizi çox uzadaraq həm özünüzün, həm də digərlərinin vaxtını aldınız.
Bu teleserial deyil qardaş, bu mühüm əqidə və mənhəc məsələləri barədə diskussiyadır. Söhbətinizdən görünür ki, siz bu məsələləri ciddi qəbul eləmirsiniz, halbuki bu çox ciddi məsələlərdir.
Sonra da məni sakit olmağa çağırırsınız, qardaş. Halbuki, görün özünüz hansı tonda yazır və müraciət edirsiniz. Sizin məktublarınız mənim ünvanıma emosional ittihamlar və təhqirlərlə doludur. Siz hətta məni insanlara böhtançı kimi nümayiş etdirməyə çalışırsınız, halbuki mən bütün ittihamlarıma sizin sözlərinizdən, məqalələrinizdən və yollamalarınızdan dəlillər gətirdim. Ürəyinizə nəzər salın və düşünün, sizi belə cavablar verməyə nə vadar edr. Öz niyyətlərinizə fikir verin qardaş və unutmayın ki, Allah qəlbləri görür.
Daha sonra siz yazırsınız:
“Mən də öz tərəfimdən nüfuzuma xələl gətirdiyiniz üçün hər kəs qarşısında məndən üzr istəməyinizi tələb edirəm və sizə çoxlu sayda sual vermək haqqını özümdə saxlayıram. Lakin mən bunu sizdən fərqli olaraq ictimai şəkildə yox, məxfi şəkildə edəcəm”.
Nəyə görə üzr istəməyimi tələb etdiyinizi anlamıram. Mən sizi təhqir etməmişəm (sizdən fərqli olaraq), sizi söyməmişəm və böhtan atmamışam. Bəlkə sizə ciddi nöqsanlara yol verdiyiniz mühüm əqidə məsələlərində öz mövqeyinizi göstərməyi xahiş etdiyim üçün üzr istəməliyəm? Ümumiyyətlə harda yazılıb ki, elm tələbəsindən öz əqidəsini açıq şəkildə göstərməyi tələb etdikdə bu təhqir hesab olunur və buna görə üzr istəmək lazımdır?
Mənim ünvanıma suallara gəldikdə isə, bunu həm ictimai şəkildə, həm də məxfi şəkildə edə bilərsiniz. Mən heç vaxt suallardan qaçmıram və sizdən də eyni rəftarı görməyi ümid edirəm.
Hansısa forumda mənim ünvanıma yönələn suallara gəldikdə isə, qardaşlar artıq mənə göstəriblər, inşəAllah ən qısa zamanda bu sualları cavablandıracam. Buna görə də narahat olmayın.
Bütövlükdə, qardaş, demək istəyirəm ki, siz bidətçilərə münasibətdə öz mövqeyinizi açıq şəkildə bildirmirsiniz, əksinə həmişə cavablardan qaçırsınız. Əksinə, sələfi mənhəcinə tamamilə zidd olan qaydalar və prinsiplər bəyan edirsiniz. Siz həmçinin bu prinsipləri bidətçilərə münasibətdə həyata keçirirsiniz. Bunu sizin Şeyx Rabiyə (Allah onu qorusun) münasibətdə mövqeyiniz barədə də demək olar.
Ümid edirəm ki, dəyişəcək və bu məsələdə sələf alimlərinin ardınca gedəcəksiniz. Hələ ki, bunu eləməmisiniz, bizdən sizin barənizdə soruşsalar, sizin bidətçilərə, xüsusilə hizbçilərə münasibətdə aydın olmayan mövqeyinizə görə, əqidə və mənhəc məsələlərində sizə müraciət etmələri üçün sizi tövsiyyə edə bilməyəcəyik.
Qamət Süleymanov
03.10.2014