slider Şübhələrə rəddiyələr

Səlim Əbu Umar barəsində mövqeyimin aydınlaşdırılması


Mərhəmətli və Rəhmli Allahın adı ilə.

Bir neçə müddət bundan əvvəl, saytlardan birində məndən Səlim Əbu Umar qardaşın mövqeyi haqqında soruşmuşdular. Soruşan öz sualında onun bəzi xətalarını xatırlatdı və müvafiq olaraq mən onun ünvanına öz qınağımı bildirdim.

Əvvəlcə qeyd etmək istəyərdim ki, bəziləri yalnışlıqla düşünür ki, mən Səlim qardaşa olan etirazımı mənə sualları yönləndirən naməlum insana inanaraq bildirmişəm. Sual verənin öz sualında Səlim Əbu Umar haqqında xatırlatdıqlarının çoxu mənə ondan əvvəl məlum idi. Mən kiminsə haqqında bir fikir söyləyəndə, bu fikirləri özümdən qoşmuram və tanımadığım şəxsiyyətlərin sözlərinə qulaq asaraq mülahizə irəli sürmürəm (bəzilərinin düşündüyü kimi). Odur ki, hələ saytda suallara cavab verməzdən əvvəl, Səlim qardaş haqqında soruşan bəzi qardaşlara onun barəsində eyni cavabı verirdim. Bundan əlavə, mən qardaşlara onun ünvanına söylədiklərimi yaymağa icazə vermişəm.

Səlim Əbu Umar barəsində qınağım və etirazıma gəldikdə isə, mən bütün bunları müəyyən məsələlərdə sələflərin mənhəcinə və nəzər-nöqtəsinə əsaslanaraq etmişəm.

Lakin, mənim onun haqqında qınaqlarım barədə danışmazdan əvvəl, ilk öncə özümə, daha sonra Səlim qardaşa və digər bütün dəvətçilərə xatırlatmaq istəyərdim ki, bizlərdən hər birimiz bütün vacib əqidə və mənhəc məsələlərində aydın mövqeyə malik olmalıyıq. Sələfiyyə yoluna dəvət edən insan cəsarətli olmalıdır. O lazımi vaxtda istənilən məsələdə öz mövqeyini və sələf mənhəcini nümayiş etdirməyi bacarmalıdır. O tənqiddən və ya insanların töhmətindən qorxmamalı, əksinə, hətta ətrafdakılar ondan üz çevirsə də, sələf mənhəcində qətiyyətlə dayanmalıdır.

Düzgün dəvət yolunda düşmənlərin və çətinliklərin olması təbii haldır, odur ki, buna görə məyus olmaq lazım deyil. Bütün peyğəmbərlər (Allahın onlara salavatı və salamı olsun) İslama dəvət yolunda çətinliklər və sınaqlarla üzləşiblər Uca Allah buyurur: “Beləliklə, Biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanlarından düşmənlər müəyyən etdik.” (əl-Ənam, 6:112). Biz, sələfiyyəyə çağıran dəvətçilər, həqiqiİslama dəvət edərək peyğəmbərlərin missiyasını yerinə yetiririk, odur ki, biz bu yolda mütləq çətinliklər və sınaqlarla üzləşməliyik.

Bu gün, biz bir çox məsələlərdə öz sələfi mövqeyimizi açıq şəkildə bəyan etməliyik. Axı biz ətrafda sələfi dəvətimizə qarşı çıxan, lakin özlərini bizə mənsub edən (yəni, sələfilərə) çoxsaylı insanların olduğunun şahidiyik. Bu gün, hətta xəvariclərin ideologiyasını daşıyan qruplaşmalar da özlərini sələf adlandırır və sələfə mənsub edirlər. Odur ki, belə olan halda, bu ab-havada, hər birimiz sələf mənhəcində son dərəcə aydın və qətiyyətli olmalıyıq. Lazımi vaxtda hər birimiz öz sözünü deməyi və öz mövqeyini açıq şəkildə nümayiş etdirməyi bacarmalıdır. Uca Allahdan bizə sələflərin əqidəsi üzərində yaşamağa və ölməyə izn verməsini diləyirik.

İndi isə Səlim Əbu Umar qardaş haqqında bəzi iddialarım:

Birincisi: Bəzi vacib əqidə və mənhəc məsələləri üzrə mövqeyi

Təəssüflər olsun ki, Səlim qardaşın bir çox mühüm əqidə və mənhəc məsələlərində mövqeyi aydın deyil. Məsələn, hakimiyyə (hakimiyyət və rəhbərə qarşı çıxmaq) məsələsində. O bizim rəhbərləri (MDB-nin müsəlman rəhbərlərini) və digər müsəlman rəhbərləri şəri rəhbər hesab edirmi və onlara qarşı çıxmağı icazəli görürmü? Onun öz mövqeyini bir neçə dəfə dəyişdiyi digər mühüm əqidə məsələləri də var. Qardaş bu məsələlər üzrə öz mövqeyini açıq-aşkar bəyan etməlidir və bunun ilk növbədə onun özünə faydası var. Onun anlaşılmaz mövqeyi isə, onun auditoriyasında olan müəyyən qrup insanları bu məsələlər barədə çaş-baş salır və bu məsələlərdə hansı rəyin düzgün olduğunu anlamırlar.

İkincisi: Bidət əhlinə, xüsusilə ixvanlara və hizbiçilərə münasibəti

Təəssüflər olsun ki, Səlim qardaş bidət tərəfdarlarına, xüsusilə ixvanlara münasibətdə öz sələfi mövqeyini nümayiş etdirmir. Mən filosof, ixvan və Quranın mənaca tərcüməçisi olan bu hizbiçilərdən birinin ünvanına öz etirazımı bildirdim və onun əqidə və mənhəc üzrə böyük nöqsanlarından çəkindirməyə başladım. Özüm şahidi olmuşam ki, bu insan mənim yanımda Peyğəmbərin bəzi səhabələrini (Allah onlardan razı olsun), xüsusilə Müaviyəyə (Allah ondan razı olsun) dil uzadıb. Bu hizbiçinin digər bir çox nöqsanları da var, lakin indi bunlar barəsində danışmağın yeri deyil. Əlbəttə ki, bir sələfi olaraq, mənim borcum bu tərcüməçinin yalnış yolda olduğunu bəyan etməkdir.

Bütün bunlara baxmayaraq, bir müddət sonra, Səlim qardaş onun bir çox nöqsanlarından xəbərdar olduğu halda, bu insanın müdafiəsinə qalxaraq az qala 10 səhifəlik bir məqalə buraxır. Bu məqalədə o həmin tərcüməçini mənim tənqidələrimdən qoruyur və onun haqqında elə təriflər yağdırır ki, heç bir çox alimlər də bu təriflərin iddiasında ola bilməz. Bu məqalədə məni təkzib edərək Səlim qardaş sübut etməyə çalışır ki, bu filosof sadəcə tərcüməçi yox, az qala bizim dövrümüzün mücəddididir.

Öz məqaləsində Səlim qardaş qəribə şeylər yazır. Məsələn, o yazır ki, hətta bu tərcüməçinin mənhəcdə nöqsanları olsa da, insanları ondan çəkindirmək doğru deyil. Beləliklə, o yazır:

“Müvafiq olaraq, onun bəzi fiqh, Şəriət və mənhəc məsələlərində nöqsana
yol verdiyini bəhanə edərək ondan adi bir tərcüməçi kimi şəri elm almağın yolverilməz olduğunu iddia etmək olmaz”.

Yekunda isə Səlim qardaş yazır: “Ona qərəzsiz insanların bağlılığının artması üçün onun elmi nailiyyətlərinə və dəvətdə səylərinə işarə etməyim mənm üçün kifayətdir”.

Səlim qardaş sələf mənhəcindən bu qədər nöqsan və yalnışlıqlara malik insan barəsində bunları necə deyə bilər?! Belə çıxır ki, biz bu ixvandan çəkindirməklə, onun nöqsanlarını göstərməklə qərəzli və haqsız oluruq?

Deyək ki, Səlim qardaş bu tərcüməçinin nöqsanları barəsində bilmirdi (halbuki mənə məlumdur ki, hələ məqalə çıxmazdan əvvəl, Səlim qardaşa bu tərcüməçinin bəzi kobud nöqsanlarını göstərmişdilər), lakin nəticə etibarilə, bu insanın bütün nöqsanlarından xəbərdar olan kimi, o bu ümmətin həqiqət axtarışında olan qərəzsiz və əməlisaleh sələfləri kimi dərhal öz səhvini açıq şəkildə bəyan edə bilərdi. Bundan əlavə, bu tərcüməçinin müdafiəsinə qalxaraq yazdığı məqalə hələ də Səlim qardaşın saytındadır (düzdür mənə deyilib ki, məqalənin tam versiyası saytda açılmır, lakin məqaləni internet məkanında asanlıqla tapmaq olar).

Eyni şeyi, öz ixvanlıqlarını heç gizlətməyən digər açıq-aşkar hizbiçilərə münasibətdə də demək olar. Onlardan bəziləri açıq-aşkar şəkildə xəvaricliyə dəvət edir, alimlərə və müsəlman rəhbərlərə dil uzadır və onları (rəhbərləri) qanuni hesab etmir və hətta tez-tez onları təkfir edirlər. Bu insanlar, Əbu Muhamməd əl-Məqdisi, Aid əl-Qarni, Salman Əl-Ovdə, Səfər əl-Həvali və digərləri kimi dünyaca məşhur təkfirçi, hizbiçi və xəvaricləri özlərinin “şeyxi” adlandırır.

Təəssüflər olsun ki, Səlim qardaşdan onlar haqqında öz mövqeyini açıq-aydın şəkildə bəyan etməsini tələb etdikdə, o müxtəlif bəhanələrlə bundan yayınır. Əksinə, bəzi məclislərdə qardaşlar onların əqidə və mənhəcdə ciddi nöqsanları haqqında danışanda, Səlim qardaş onlarla yaxşı və yaxın münasibətdə olduğunu bildirərək onları müdafiə edir. Səlim qardaş açıq-aşkar şəkildə yazır ki, onlar hizbiçi və ixvan deyillər, əksinə “səhv etmiş və ya səhv edə bilən” Əhli-Sünnədirlər.

Səlim qardaş tez-tez bəyan edir ki, onlardan və digər hizbiçilərdən çəkindirmək düzgün deyil, əksinə onarı təshih (nöqsanları düzəltmə) etmək lazımdır. Səlim qardaşa sual verirəm: “Bu günə qədər dəvətçi hizbiçilərdən hansını təshih etmisiniz?”

Bu cür yanaşma düzgün deyil möhtərəm qardaşım. Sizin bidət əhlinə münasibətdə anlaşılmaz mövqeyinizə görə, hətta bir çox təkfirçilər sizinlə tanışlıqdan sonra iddia edirlər ki, siz onların tərəfindəsiniz.
Daha sonra, sizin bəzi etirazlarınızdan sonra, onlar sizi günahlandırmağa başladılar ki, siz gah bir söz deyirsiniz, gah başqa söz. Bütün bunlar faktdır qardaş! Odur ki, əgər siz dəvətçi olmaq və öndə getmək istəyirsinizsə, özünüzü açıq-aydın ifadə etməli və lazımi vaxtda öz mövqeyinizi bəyan etməlisiniz. Əgər siz belə məsələlərə qarışmaq istəmirsinizsə, onda bir kənara çəkilin və özünüzü dəvətçi kimi qələmə verməyin. Sizdən tələb olunan da budur qardaş və bu şəxsi qərəzlik deyil. Burada məsələ yalnız dindən gedir. Bir daha təkrar edirəm, dəvətçinin mövqeyi dəqiq olmalıdır. Dəvət – aktyorluq və teatr səhnəsi deyil. Əgər kimsə aktyorluq etmək istəyirsə, bunun üçün teatrlar var, düzdür şəriətlə orada işləmək icazəli deyil.

Həmçinin bəzi qardaşlardan mənə çatır ki, Səlim qardaş məndən narazıdır, çünki guya mən onu məcbur edirəm ki, bəzi bidət əhlindən çəkindirsin və onların nöqsanlarını bəyan etsin. O deyir: “Mən onlardan (hizbiçilərdən) çəkindirməyəcəm və buna məcbur deyiləm”.
Səlim qardaşa cavab verirəm: mən sizi heç vaxt nəyəsə məcbur etməmişəm və sizdən tələb etməmişəm ki, siz kimdənsə çəkindirəsiniz. Lakin sizdən soruşuram: niyə siz bəzi hizbiçiləri müdafiə edir və tərifləyirsiniz?
Əgər çəkindirmək istəmirsinizsə, heç olmasa müdafiə və tərif etməyin.
Qardaşlardan kimsə onların əqidədə olan nöqsanlarını bildirdikdə, onları müdafiə etməyin. Deməyin ki, onlar sələfidir və ya əhli-sünnədir. Anlamırsınız ki, sizin ixvanlara olan bu münasibətinizi görən müsəlmanlar aldanırlar? Siz elmsiz sələfilərin hizbiçilərə yaxşı münasibət bəsləməsinə, onlara qulaq asmasına, ardınca getməsinə səbəb olursunuz. Məgər anlamırsınız ki, bu davranışınızla gənclərin doğru yoldan azmasına səbəb olursunuz?
Bu gün, insanların özünü sələfi adlandıraraq günahsız insanları öldürdüyü, rəhbərə qarşı çıxdığı və fitnə-fəsad törətdiyi bir dövrdə, biz sələfiyyəni ixvanlardan və özlərini sələfi kimi qələmə verən digər xəvariclərdən qorumalıyıq.

Odur ki, bəzi hizbiçiləri tərif və müdafiə etməyinizdən sonra, hal-hazırda sizdən tələb olunan sadəcə açıq və aydın şəkildə onlara qarşı öz mövqeyinizi bəyan etməkdir. Onları açıq şəkildə müdafiə etdiyiniz kimi, eynisilə onların əslində kim olduqlarını da eləcə açıq şəkildə bəyan edin.

Bəzən, bir insanın ifşa olunması və insanları ondan çəkindirmək, sayəsində dinimizi qoruduğumuz böyük bir ibadətə və vacib bir əmələ çevrilir. Bir dəfə bir nəfər İmam Əhmədə (Allah ona rəhmət etsin) deyir: “Mənim üçün filankəs belədir, bəhmənkəs isə elədir demək çətindir”. O zaman İmam Əhməd cavab verir: “Əgər sən sussan, mən sussam, bəs cahil haqqı batildən nə zaman ayıracaq?” (Məcmuəl-Fətəva)

Həmçinin Muhəmməd ibn Sirin deyib: “Həqiqətən, bu elm dindir, baxın dininizi kimdən götürürsüz” (Müslim).

Muhamməd ibn Sirin tabiin olub. Əgər o öz dövründə elmi yalnız düzgün əqidədə olan insandan almağı əmr edibsə, bəs onda bizim dövrümüz haqda nə demək olar? Biz, müsəlmanların yalnız sələfi əqidəsinə malik insanlardan elm alması və müxtəlif cür bidətçilərin əlinə düşməməsi üçün əlimizdən gələni etməliyik.

Üçüncüsü: Bütövlükdə “müsəlman qardaşlar” (hizbiçilər) firqəsinə
münasibəti

Bu gün müsəlman qardaşlar (ixvanlar) firqəsi bütün müsəlmanlar üçün ən təhlükəli firqədir. Əgər biz bu firqənin halını diqqətlə nəzərdən keçirsək görərik ki, bu firqə müsəlman ölkələrində qan tökülməsinin, dağıntıların və anarxiyanın əsas səbəbkarıdır. Bu firqə əsasən xəvariclik, həmçinin rafizilik əqidələrinin əsasında meydana gəlib. Odur ki, ixvanlar mahiyyət etibarilə müasir xəvariclərdir. Öz növbəsində xəvariclər – dünyadakı ən şərli firqələrdəndir.

Bu firqənin təhlükəsi ondadır ki, son zamanlar bir çox ixvanlar öz təlimlərini sələfiyyə kimi qələmə verir, özlərini isə sələfilər adlandırırlar. Sadə müsəlmanlar üçün həqiqi sələfiləri və pərdələnmiş ixvanları bir-birindən ayırd etmək çox çətindir. Nəticə etibarilə, bu gün sələfiyyə adı altında dünyada fitnə-fəsad törədilir.

Bütün bunlar səbəbilə, həqiqi sələfi dəvətçisi bu firqəyə münasibətdə sərt və aydın mövqeyə malik olmalıdır. Niyə? Çünki, Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) dövründə xəvariclər mövcud olmayıb (sadəcə Zül Hüveysira adlı bir nəfər olub, o isə tezliklə yoxa çıxıb). Lakin, İmam Əhməd buyurub ki, Peyğəmbərimizdən (Allahın ona salavatı və salamı olsun) xəvariclərə dair 10 tərəfdən hədislər rəvayət olunub. Buna səbəb bu firqənin bu qədər təhlükəli olmasıdır!
Peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) müxtəlif hədislərdə onları müxtəlif şəkildə təsvir etməsi barədə bir düşünün:

▪ “oxun ovlanmış şikardan çıxdığı kimi dindən çıxacaqlar”
▪ “Quran oxuyacaqlar, lakin boğazlarından aşağı enməyəcək”
▪ “Onlar göy qübbəsi altında öldürülmüşlərin ən şərliləridir.
▪ Öldürülmüşlərin ən xeyirliləri isə onların öldürdükləridir”
▪ “Müşriklərə toxunmayacaq, möminləri öldürəcəklər”
▪ “Yaşca cavan və ağıldan zəif”
▪ “Onlarla harada rastlaşsanız onları öldürün. Onları öldürənə Qiyamət günü Allahdan mükafat vardır”
▪ “Onlar keçəl olacaq”
▪ “Yaradılmışların ən şərliləri”
▪ “Hər əsr peyda olacaq və hər dəfə məğlub olacaqlar. Bu da onların arasından Dəccal çıxanadək davam edəcəkdir”

Bütün bu deyilənlərdən sonra bir düşünün, ixvanların və hizbiçilərin ideologiyasının əsasən xəvariclik üzərində qurulduğu halda onların nöqsanları barədə susmaq olarmı? Həmçinin belə bir sual meydana gəlir:
belə insanları necə müdafiə etmək və tərifləmək olar?! Müsəlmanları
hizbiçi dəvətçilərdən qorumaq üçün onların nöqsanlarının və yalnışlıqlarının üzə çıxarılması bizim vəzifəmizdir.

Bu səbəbdən, sələfilər ixvanlara münasibətdə, həm firqənin özünə, həm də
ardıcılarına münasibətdə sərt və açıq-aydın mövqeyə sahib olmalıdırlar.

Lakin, təəssüflər olsun ki, Səlim qardaşla bağlı halda biz bunu görmürük.
Əksinə, biz Səlim qardaşın hər vəchlə ixvanları sələfilərlə “barışdırmağa” səy göstərməsinin şahidi oluruq. Həmçinin o sələfilər arasında ixvanlara qarşı dözümlülüyü təbliğ edir və onlardan çəkindirdikdə buna etiraz edir.

Məsələn, Səlim qardaş böyük bir məqalə yazıb və orada ixvanları qütbçü (Səid Qütbün ardıcılları) adlandırmağın doğru olmadığını “sübut edir”…guya əgər kimisə qütbçü adlandırırsansa, onu, peyğəmbərlərə və səhabələrə dil uzadılmasından tutmuş, ifrat sufi əqidəsi olan “vəhdətül-vücuda” (məxluqların və Yaradanın vəhdəti) qədər Səid Qütbün yol verdiyi bütün nöqsanlarda günahlandırmış olursan. Yəni, Səlim qardaşın sözlərinə əsasən, kimisə qütbçü adlandırmaq, onu təkfir etməyə bərabərdir və odur ki, bu cür adlardan istifadə etmək olmaz. Birincisi, problemə yanaşma tərzi düzgün deyil. Bu gün alimlər kimisə qütbçü adlandırdıqda, onlar Qütbün bütün nöqsanlarını yox, hakimiyyət və təkfir məsələlərində baxışlarını nəzərdə tuturlar. Bu, alimlərin bu gün Əl-Qaidəni və İŞİD-i xəvaric adlandırmalarına bənzəyir. Lakin bu o demək deyil ki, onlar ilk xəvariclər kimi səhabələrə dil uzadır. Bu gün onların xəvaric adlandırılmasının səbəbi, onların, məsələn rəhbərlərin təkfir edilməsi və müsəlmanların qanının tökülməsini icazəli görmələri kimi bir neçə məsələdə ilk xəvariclərlə eyni əqidəyə sahib olmalarıdır.

İkincisi, mən Səlim qardaşdan soruşuram: məgər siz bilmirsiniz ki, bizim bir çox böyük alimlərimiz bu termindən istifadə edir? Niyə hizbiçiləri qütbçü adlandırmağımız sizin bu qədər xoşunuza gəlmir? Bu kiminsə xoşuna gəlməyə bilər, lakin qütbçülər və sürurilər firqəsi mövcuddur və onlar sələfi deyillər. Onlar yollarını azmış bidətçidirlər.

Həmçinin Səlim qardaş şeyx Muhamməd Əman əl-Caminin (Allah ona rəhmət etsin) ikimənalı sözlərini tərcümə edir və yayır. Guya şeyx, ixvanların qeyri-müsəlman ölkələrində dəvət aparmalarını icazəli görür. Mən özüm şeyx Əmanın tələbəsi olmuşam və onun ixvanlara münasibətdə sərt mövqeyinə bələdəm. Odur ki, şeyxin adından belə sözlər yaymaq düzgün
deyil. Səlim qardaşın şeyx Əmanın bu ikimənalı sözlərini tərcümə edib sadə müsəlmanlar arasında yaymaqla hansı məqsədi güddüyü mənə aydın deyil.
Bəlkə Səlim qardaş istəyir ki, sələfilər ixvanlara daha yumşaq münasibət göstərsinlər?
Daha sonra, Səlim qardaş şeyx Rabinin (Allah onu qorusun) sözlərini tərcümə edir. Şeyx elm tələb etmək və elm tələb edənin onun üçün faydası olmayan məsələlərlə məşğul olmaması barədə ümumi nəsihət edir. Lakin, Səlim qardaş məqaləyə özünə sərf edən başlıq və haşiyələr verərək, şeyx Rabinin bu nəsihətini elə qələmə verir ki, guya şeyx Rabi özünün əvvəlki
“ona zidd olan bütün ifadələrindən” imtina etdiyini bildirib. Məqalədə Səlim qardaş yazır:

“Assalamu aleykum və rahmətullahi və bərakətuhu möhtərəm qardaş və
bacılar, Allah sizi və sizin ailələrinizi qorusun!
Sizi Şeyx Rabinin çoxdandır gözlənilən və ona zidd olan bütün
ifadələrini ləğv edən nəsihətini oxumağa dəvət edirəm.
Ümmətimizin birliyi xatirinə hər kəsə yollayın.
Hörmətlə,
Əbu Umar”.

Birincisi, şeyxin sözlərini özünə sərf edəcək şəkildə şərh etmək ədəbdən deyil. İkincisi, belə bir sual meydana gəlir ki, Şeyx Rabinin bu sözləri ilə “ləğv etdiyi” “ona zidd olan ifadələri” hansılar olub? Şeyx Rabi, ömrünü bütün növ hizbiçilərin, ixvanların, sürurilərin və digər bidət əhlinin ifşasına həsr etmiş dahi alimdir. Bu yazını oxuyanlar elə başa düşür ki, guya şeyx Rabi insanları bidətçilərdən çəkindirmək üçün söylədiyi sözlərdən imtina edib. Sonda deyilir: “ümmətimizin birliyi xatirinə hər kəsə yollayın”.
Bu cür mülahizələr şeyx Rabiyə münasibətdə doğru deyil. Sanki şeyx ümmətin bölünməsinə səbəbkar olub.

Həmçinin, mənim şeyx Rabiyə münasibətdə Səlim qardaşa bütövlükdə etirazım var. Bir çoxlarına məlumdur ki, Səlim qardaş ümumi məclislərdə şeyx Rabiyə rəğbət bəslədiyini göstərsə də, şəxsi görüşlərdə onun haqqında mənfi fikirlər söyləyir və hesab edir ki, o fitnəyə və ümmətin bölünməsinə səbəb olub. O deyir ki, guya şeyx hətta yeni müsəlmanlara münasibətdə dəvəti düzgün aparmır və işi-gücü ancaq ixvanlar və bidətçilər barədə danışmaqdır. Səlim qardaşla üzləşməyə hazır olan bir qardaşa isə Səlim qardaş təklikdə deyib ki, guya şeyx Rabi Səudiyyə Ərəbistanı üçün arzu olunmayan insanlardan çəkindirməsi üçün hökumətdən pul alırmış.
Hökumət şeyxin pulunu kəsdikdən sonra isə, şeyx Rabi bidətçiləri təkzib etməkdən əl çəkib və telefonlara cavab verməməyə başlayıb. Təkrar edirəm, bu, alimlərə münasibətdə ədəbsizlikdir. Xüsusilə, ixvanların və digər bidətçilərin onları ifşa etdiyi üçün nifrət etdikləri şeyx Rabiyə münasibətdə.

Beləliklə, mən Səlim qardaşın ünvanına ən əsas etirazlarımı bildirdim və ondan yuxarıda sadaladığım qınaqlara münasibətdə öz mövqeyini açıqlamasını xahiş edirəm. Xüsusilə biz istəyirik ki, Səlim Əbu Umar təriflədiyi və müdafiə etdiyi tanınmış hizbiçilər və ixvanlara münasibətdə öz mövqeyini bəyan etsin.

Mən ondan sadəcə öz mövqeyini bəyan etməsini xahiş edirəm. Burada eybli bir şey yoxdur. Bizim dəvətimiz hər hansı bir şəxsiyyətin üzərində yox, yalnız Quran, Sünnə və əməlisaleh sələflərin baxışları üzərində qurulur. Hər kimsə öz dəvətini hər hansı bir şəxsiyyət üzərində qurarsa, bunun heç kim üçün faydası olmaz.
Allaha həmd olsun ki, biz dəvətçilərdən hər birimiz öv mövqeyimizdə
qətiyyətlə dayanmışıq. Biz eyni şeyi Səlim qardaşımızdan da görmək istəyirik ki, bilək ki, onu gələcəkdə tövsiyyə etməyə dəyər ya yox.Və mən, saytda verilən suallara cavab verərkən Səlim qardaş barəsində dediyim sözlərdən imtina etmirəm. Əgər həqiqətən də o ixvanlar və ixvanlığa münasibətdə öz mövqeyini dəyişməsə, mən insanları ondan çəkindirəcəm.

Mən öz sözümün üstündə dururam və heç yerə qaçmıram.

Yekun olaraq, mənim insanları və dəvətçiləri nədəsə günahlandırmağı sevdiyimi düşünən bəzi insanlara onu da demək istəyirəm ki, bu həqiqət deyil! Mən dəvətçiləri günahlandırmağı sevmirəm. Əgər mən kimisə nədəsə günahlandırıramsa, bir neçə il səbr edərək o insanın dəyişəcəyini gözlədikdən sonra bunu edirəm. İnsanın islah olmadığını və öz azğınlığına davam etdiyini gördükdə isə, mən o insanın nöqsanlarını bildirirəm. Hal-hazırda da mən görürəm ki, bir neçə il keçməsinə baxmayaraq, Səlim qardaşımız islah olmur. Mən bütün bu vaxt ərzində susub kənarda dayanmışdım və baş verənləri müşahidə edirdim. İndi isə, qardaşın nöqsanları artdıqdan və bir çox müsəlmanlara məlum olduqdan sonra, mən qardaşın açıq-aşkar şəkildə islah olması üçün bu nöqsanları barədə öz fikrimi bildirdim. Biz sadəcə onun islah olmasını istəyirik.
Bu halda mənim Səlim qardaşla ixtilafım bəzilərinin düşündüyü kimi hər hansı şəxsi məsələlərə görə yox, sadəcə din barəsindədir. Bu belə deyil qardaşlar. Əgər mən də açıq-aşkar şəkildə xətaya yol versəm, hər kəsdən xahiş edirəm ki, bu xətamı mənə bildirsəniz.

Uca Ərşin Sahibi olan Allahdan bizi Öz dinində sabitqədəm etməsini
diləyirəm.

Yekun olaraq, Aləmlərin Rəbbi olan Allaha həmd olsun! Peyğəmbərimiz Muhammədə, onun ailəsinə və bütün səhabələrinə Allahın salavatı və salamı olsun!

Qamət Süleymanov
12.09.2014

P.S. bütövlükdə mən öz etirazımı yazmaq və ətraflı şəkildə şərh etmək istəmirdim. Mən əvvəlcə bir qardaş vasitəsilə Səlim qardaşdan yuxarıda sadalanan məsələlər barədə öz mövqeyini bəyan etməsini xahiş etdim. Onun sadəcə “mən (Əbu Umar) sələfiyəm və mənim bu məsələlər barədə mövqeyim budur” deməsi kifayət edərdi. Lakin, bunun əvəzində, Səlim qardaş guya mənə rəddiyyə olaraq bir sıra məqalələr buraxmağa başladı. Bu məqalələrdə o tamamilə başqa məsələlərdən danışır və yenə konkret olaraq öz mövqeyini açıqlamır. Televiziya serialları kimi o hər məqalənin sonunda “ardı var” yazır. Buna ehtiyac yoxdur qardaş, uzun-uzadı nəsə yazmaq da vacib deyil. Öz mövqeyinizi qısa və aydın şəkildə bəyan edin və bu kifayətdir.