Bilmək lazımdır ki, ümumən insanın duasının qəbul olması onun saleh və təqvalı olmasına dəlalət edir. Lakin bəzən hikmət və ya istidrac üçün bunun əksi də ola bilər. Məsələn: Allah-təala sevmədiyi bir bəndəsinin duasını qəbul edərək onun daha da haqq yoldan azması üçün mal-dövlət, oğul-uşaq və s. bəxş edərək ona möhlət verər ki, buna – istidrac deyirlər. Necə ki, Allah-təala buyurmuşdur:
أَفَرَأَيْتَ الَّذِي كَفَرَ بِآيَاتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالًا وَوَلَدًا. أَاطَّلَعَ الْغَيْبَ أَمِ اتَّخَذَ عِندَ الرَّحْمَنِ عَهْدًا. كَلَّا سَنَكْتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُ مِنَ الْعَذَابِ مَدًّا. وَنَرِثُهُ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًا›
“(Ya Rəsulum!) Ayələrimizi inkar edib “(Əgər Qiyamət qopsa, axirətdə) mənə mütləq mal-dövlət və övlad veriləcəkdir!” – deyən adamı (As ibn Vaili) gördünmü? Görəsən, o, qeybi bilmiş, yoxsa Rəhmandan (bu barədə) söz (əhd) almışdır?! Xeyr, onun dediklərini (əməl dəftərinə) yazacaq, əzabını artırdıqca artıracağıq. Onun dediyi şeylər (mal-dövləti, övladı) Bizə qalacaq və hüzurumuza tək-tənha gələcəkdir. (Bütün malını və övladını əlindən alacağıq və o məhşərə ilk dəfə dünyaya gəldiyi kimi lüt-üryan, heç kimsiz və heçnəsiz gələcəkdir). ” [1]
Buna misal olaraq Allah-təalanın Şeytanın duasını hikmət olaraq qəbul etməsini də göstərmək olar. Allah-təala Şeytan barədə buyurmuşdur:
قَالَ رَبِّ فَأَنظِرْنِي إِلَى يَوْمِ يُبْعَثُونَ. قَالَ فَإِنَّكَ مِنَ الْمُنظَرِينَ. إِلَى يَومِ الْوَقْتِ الْمَعْلُومِ›
“(İblis) dedi: “Ey Rəbbim! İnsanların (qəbirlərindən qalxıb) diriləcəkləri günə (Qiyamətə) qədər mənə möhlət ver!” (Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən.” Ancaq məlum vaxtın gününə (İsrafil surunu birinci dəfə çalana və bütün məxluqat məhv olana) qədər! ” [2]
Həmçinin, buyurmuşdur:
وَلاَ يَحْسَبَنَّ الَّذِينَ كَفَرُواْ أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِّأَنفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُواْ إِثْمًا وَلَهْمُ عَذَابٌ مُّهِينٌ›
“Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət, ancaq günahlarını daha da artırmaları üçündür. Onlar alçaldıcı bir əzab görəcəklər! ” [3]
Allah-təala İblisin duasını onu sevdiyinə görə yox, əksinə onun əzabının daha da artaraq alçaldılması üçün qəbul etmişdir.
Həmçinin, onu da bilmək lazımdır ki, bəzən qulun duasının qəbul olmaması Allah-təalanın onu sevmədiyinə dəlalət etmir. Necə ki, Saddan (radiyallahu anhu) rəvayət olunan hədisdə Peyğəmbər (sallallahu aleyhi va əlihi va səlləm) buyurmuşdur:
“Rəbbimdən üç şey istədim, ikisini qəbul edərək birini qəbul etmədi. İstədim ki, ümmətimi quraqlıqla həlak etməsin, istəyimi qəbul etdi, [həmçinin], istədim ki, ümmətimi [daşqınla, sellə] boğaraq həlak etməsin, [onu da] qəbul etdi, [lakin] istədim ki, ümmətimin arasına ixtilaf salmasın [bir-biri ilə ixtilaf etməsinlər], bunu isə qəbul etmədi.”[4]
Hədisdən məlum olduğu kimi Allah-təala hikmət olaraq bəşəriyyətin ən üstünü və Rəbbi yanında etdiyi hər bir duası qəbul olan Məhəmməd peyğəmbərin (sallallahu aleyhi va əlihi va səlləm) etdiyi üçüncü duasını qəbul etmir.
————————————————————————
[1] – 19) “Məryəm” – 77-80.
[2] – 15) “əl-Hicr” – 36-38.
[3] – 3) “Əli İmran” – 178.
[4] – Müslim, 7189.