Ey müsəlmanlar, bilin ki, İslam şəriəti böyük bir məqsədi həyata keçirmək, dəyərli işi icra etmək üçün gəlmişdir. Bu, Allahın və məxluqatın hüquqlarını qorumaqdır.
Uca Allah buyurur: “Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın (yoldaş və) dosta, (pulu qurtarıb yolda qalan) müsafirə, əlinizin altında olana (sahib olduğunuz qul və kənizlərə) yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, lovğalıq edənləri sevməz!” Nisə: 36.
Hüquqların icrası, zülmün yox edilməsi və s. bu kimi digər qayələr, böyük qayədən yəni, Allahın və məxluqatın haqqına vəfalı olduqdan sonra gəlməlidir. Çünki bu böyük qayə digərləri üçün bir yoldur.
Gözəl əxlaq, Allahın və məxluqatın haqqını ödəməyin əsasını təşkil edir. İman ilə gözəl əxlaq birlikdə Allahın və məxluqatın haqqını ödəməyin əsasıdır. Bununla insanın Allah yanında dərəcəsi artır, günahları bağışlanır. Aişə (Allah ondan razı olsun) deyir ki, mən Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini eşitmişəm:
“Həqiqətən də müsəlman gözəl əxlaqı ilə, daim namaz qılıb oruc tutanın dərəcəsinə yetişər”. (Əbu Davud).
Əbu Dərda (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:
“Qiyamət günü mömin bəndənin tərəzisində, gözəl əxlaqdan başqa daha ağır gələcək ikinci bir əməl yoxdur. Həqiqətən də Allah ədəbsiz və əxlaqsız kimsəyə nifrət edir”. (Tirmizi).
Gözəl əxlaq bütün xeyirlərin tacıdır.
Gözəl əxlaq dedikdə, şəriət və sağlam düşüncəyə görə bəyənilən hər bir iş nəzərdə tutulur.
Bəzi elm adamlarına görə gözəl əxlaq, xeyirli iş görmək və şərdən əl çəkməkdir.
Gözəl əxlaqa belə tərif də vermək olar: Allahın əmr etdiklərinə əməl etmək, qadağalarından çəkinmək gözəl əxlaq deməkdir.
Əmr olunan gözəl əxlaq nümunələrindən bunları misal çəkmək olar: Təqva, ixlas, səbr, mülayimlik, təmkinlik, həya, iffət, qeyrət, valideynlərə yaxşılıq, qohumluq əlaqələrinin qorunması, mərhəmət, möhtaca kömək etmək, şücaətlilik, səxavətlilik, sadiqlik, doğruluq, sağlam və geniş qəlblilik, xoş rəftar, vəfalılıq, yaxşı işlərin əmri, pis işlərin qadağan edilməsi, gözəl qonşuluq, təvazökarlıq, mərdanəlik, bağışlamaq və əmanəti qorumaq.
Qadağan olunanlar isə bunlardır: hiyləgərlik, xəyanət, satqınlıq, yalançılıq, pis və xoşagəlməz işlər, murdar içkilər və qidalar, yalan, böhtan, cimrilik, paxıllıq, xəsislik, riyakarlıq, təkəbbürlülük, lovğalıq, zülm, düşmənçilik, nifrət, aldatmaq, həsəd və s.
Gözəl əxlaq möminə həm bu dünyada həm də axirətdə fayda verəcək, Rəbbi yanında onun dərəcəsini qaldıracaqdır. Möminin əxlaqından yaxşı və pis insanlar faydalanır.
Kafirin əxlaqı isə ona yalnız bu dünyada fayda verər, Allah onun gözəl əxlaqına görə mükafatını bu dünyada verər. Axirətdə isə onun heç bir payı yoxdur.
Bir gün Aişə Allah ondan razı olsun Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Ey Allahın elçisi, Abdulla ibn Cidan gələn qonaqlara xoş baxar, kasıblara əl tutar, dünya işlərində ona-buna kömək edərdi. Bunlar ona fayda verəcəkmi?
Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “O bir gün də olsun: Ey Rəbbim qiyamət günü mənim günahlarımı bağışla – deməmişdir”. (Müslim).
Uca Allah əzəmətli kitabında hər bir gözəl əxlaqı əmr etmiş, hər bir pis əxlaqı qadağan etmişdir. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəti də hər bir gözəl xüsusiyyəti əmr etmiş, pis xisləti qadağan etmişdir. Bu mənada olan ayələr həddindən çoxdur. Deyəcəyimiz ayələr bizə kifayət edər:
“…Açıq və gizlin pis işlərə yaxın düşməyin…” Ənam: 151.
“O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər”. Ali İmran: 134.
“Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!” (Əraf: 199).
“Səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir…” Nəhl: 127.
“Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!” Fussilət: 34.
Pisliyin yaxşılıqla dəf edilməsi, qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab verməkdir!
“Sənə tabe olan möminləri qanadın altına al! (yəni, onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!)”. Şüəra: 215.
“Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edərik. (Ən gözəl) aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir!” Qəsəs: 83.
“Rəhmanın (əsl) bəndələri o kəslərdir ki, onlar yer üzündə təmkinlə (təvazökarlıqla) gəzər, cahillər onlara söz atdıqları zaman (onları incitməmək üçün) salam deyərlər. Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirərlər. Və belə deyərlər: “Ey Rəbbimiz! Cəhənnəm əzabını bizdən sovuşdur. Şübhəsiz ki, onun əzabı həmişəlikdir! Doğrudan da, o, nə pis məskən, nə pis yerdir!” Onlar (mallarını) xərclədikdə nə israfçılıq, nə də xəsislik edər, bu ikisinin arasında orta bir yol tutarlar. Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu (bu işləri) etsə, cəzasını çəkər.” Furqan: 63-68.
“Ey iman gətirənlər! Əhdlərə sadiq olun…” Maidə: 1.
“Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin…” Həşr: 7.
Əbu Umamə Allah ondan razı olsun Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:
“mən, əxlaqını gözəlləşdirən kimsəyə cənnətin ən yüksək mərtəbəsində ev vəd edirəm” Əbu Davud.
İbn Məsud Allah ondan razı olsun Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:
“Sizə cəhənnəm atəşinə düşməsi, yaxud cəhənnəm ona haram olacaq kimsələr barəsində xəbər verimmi? Cəhənnəm atəşi insanlara yaxın, mülayim, xoş və gözəl əxlaqlı kimsələrə haramdır.” Tirmizi.
Aişə Allah ondan razı olsun Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:
“Hansı işdə mülayimlik olarsa o iş gözəl olar, hansı işdə olmazsa o iş pis olar” Müslim.
Nəvvas ibn Səman Allah ondan razı olsun deyir ki, mən Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yaxşı və günah iş haqqında soruşdum və o dedi:
“Yaxşı iş, gözəl əxlaqdır. Günah isə ağlına gəlib digər insanların onu bilməməyini istədiyin işdir”. Müslim.
Gözəl əxlaq öz sahibi və cəmiyyət üçün bərəkətdir, xeyir və ruzidir. Allah yanında alilikdir. Məxluqatın qəlbində sevgidir, insan üçün rahatlıq və köksün genişliyidir. İşlərin asanlığı, dünyada xoş xatirə, axirətdə isə gözəl aqibətdir.
Pis əxlaq isə bədbəxtlik və ömür bərəkətinin azalmasıdır. Pis əxlaq insanlarda nifrət, qəlblərdə zülmət yaradır. Pis əxlaq təcili bədbəxtçilik, sonra isə şərrdir.
Ey müsəlmanlar, sələfi salehi özünüzə örnək tutun. O kimsələr ki, ən gözəl əxlaqa sahib olmuşlar, bilən və yaradan Allah da buna şahidlik etmişdir. Uca Allah buyurur:
“Muhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir…” Fəth: 29.
Digər ayədə buyurulur:
“(Ey müsəlmanlar!) Siz insanlar üçün ortaya çıxarılmış ən yaxşı ümmətsiniz (onlara) yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz…” Ali İmran: 110.
Sələfi Saleh, insanlar üçün ən xeyirli insanlardılar. Digər ayədə deyilir:
“Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər”. Əhzab: 23.
Səhabələrin hər biri gözəl əxlaqda və səfeh işlərdən uzaq olmaqda bir ümmətdir. Bu, onların həyatlarından və tarixçələrindən görünür.
Hər bir gözəl əxlaqda, bəyənilən vəsflərdə öncül örnək bəşəriyyətin ağası olan Muhamməddir. O hər bir iş üçün tam mənalı örnəkdir. Uca Allah buyurur:
“Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” Əhzab: 21.
Rəbbi onu qorumuş və onu gözəl tərbiyələndirmişdir.
O da ümmətini hər bir gözəl əxlaqa, düzgün əmələ tərbiyə etmək üçün çox böyük səy göstərmişdir. Əbu Hureyrə Allah ondan razı olsun Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:
“Mən gözəl əxlaqları tamamlamaq üçün göndərilmişəm” Əhməd.
Uca Allah öz Peyğəmbərini ən gözəl şəkildə tərifləmişdir. Elə bir tərif ilə tərifləmişdir ki, bütün mələklər, mömin cinlər və insanlar həmin tərifi oxuyurlar. Bu tərif, zaman keçməklə unudulan deyildir. Uca Allah buyurur:
“Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!” Nun: 4.
Doğrudan da Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu əxlaqına Allahın şahid olması kifayət edər!
Bir dəfə Aişədən Allah ondan razı olsun Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əxlaqı barədə soruşurlar. O deyir: “Onun əxlaqı Quran idi” Müslim.
İbn kəsir a.r.e. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əxlaqı barədə deyir: “Quranın qadağa və əmrlərinə tabe olmaq onun üçün xasiyyətə, təbii xarakterə çevrilmişdi. O vərdiş etdiyini tərk edib Quranın əmrinə tabe olur, qadağalarından çəkinirdi. Bununla bərabər Allah ona, həya, səxavətlilik, şücaətlilik, bağışlama, mərhəmət və digər gözəl əxlaqlar bəxş etmişdi.” s.s.
Hətta peyğəmbərlikdən öncə onda məzəmmət olunacaq bir eyib görülməmişdi. Çünki onun düşmənləri çoxaldıqda onlar çalışsalar da onda belə bir mənfi xüsusiyyət tapa bilmədilər. Aişə deyir ki, qəfildən vəhy gələndə o Xədicəyə Allah ondan razı olsun dedi: “Mən, başıma bir iş gələcəyindən qorxdum”. Xədicə dedi: “Xeyr, bu əsla ola bilməz. Allah səni heç vaxt alçaltmaz. Sən qohumluq əlaqələrini saxlayır, düz danışır, kasıblara əl tutur, qonaqpərvərlik göstərir, haqqın tərəfin tutursan”. Buxari və Müslim.
Bu onun peyğəmbərlikdən öncəki bəzi əxlaqi nümunələri idi. Peyğəmbərlikdən sonra Allah ona olan nemətini tamamladı və ona böyük əxlaq bəxş etdi.
Siz də öz dininizə bağlanmaqla, şəriətə əməl etməklə Peyğəmbərinizi örnək tutun, nə qədər ki, Allah sizə ömür verib onun gözəl əxlaqı ilə əxlaqlanın. Xalis niyyət ilə Allah üçün, sünnəyə əməl edərək, bidətdən uzaq olaraq özünüzü onun yoluna öyrəşdirin. Uca Allah buyurur:
“De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!” Ali İmran: 31.
Bir şeyi də bilməz lazımdır ki, şəri gözəl söz və ya hərəkətlə özündən uzaqlaşdırmaq, haqqı ən salamat üsulla təbliğ etmək yaxşı xüsusiyyətdir. Amma haqq qarşısında susmaq, yaxud günahlara razılıq bildirmək pis əxlaqdır. Uca Allah buyurur:
“Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!)”.
Allahdan əmr olunan qaydada qorxun, onun qadağan etdiyindən çəkinin. O sizə belə əmr etmişdir:
“Həqiqətən, Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir!” Nəhl: 90.
Bu ayə bütün gözəl əxlaqları özündə əks etdirən, və hər bir pis əxlaqı qadağan edən bir ayədir.
Muaz ibn Cəbəl Allah ondan razı olsun Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir:
“Harada olursan ol, Allahdan qorx. Pis iş gördükdə ardınca yaxşı iş gör ki, pis iş silinsin. İnsanlarla gözəl əxlaqlı ol” Tirmizi.
Əbu Hureyrə Allah ondan razı olsun deyir ki, insanları daha çox cənnətə salan əməl haqqında Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) soruşdular və o dedi:
“Allah qorxusu və gözəl əxlaq”. Sonra daha çox cəhənnəmə salan əməl haqqında soruşdular və o dedi: “Dil və övrət yeri” Tirmizi.
Ey müsəlmanlar, siz də dininizin sizə buyurduğu əxlaqa sahib olun, Peyğəmbərinizin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yolundan tutunun. Belə olan halda dünya və axirət xeyirinə sahib ola bilərsiniz.