Həcc müsəlmanın Rəbbinə yaxınlaşdığı ən əfzəl ibadətlərdəndir.
Bu ibadət günahların bağışlanmasına və cənnətə daxil olmağa səbəbdir.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Bir ümrədən digər ümrəyə qədər olan vaxt ərzində (insan üçün) kəffarədir, günahsız edilən həccin isə cənnətdən başqa mükafatı yoxdur.”
Digər hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir: “Kim kəbə evini həcc edər, qadağan edilən vaxtda cinsi yaxınlıq etməz və günah işlətməzsə anasından doğulmuş kimi (günahsız) qayıdar.”
Bu doğrudan da böyük üstünlükdür. İnsanı günahlardan və pis işlərdən təmizlənmiş halda qaytarır.
Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) soruşurlar: “Ən yaxşı əməl hansıdır?”
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) deyir: “Allaha və rəsuluna iman gətirmək.”
Daha hansı əməl? – deyə soruşurlar.
O deyir: “Allah yolunda cihad etmək.”
Daha hansı əməldir? – deyə soruşurlar.
O deyir: “Günahsız edilən həcc.”
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Amr bin əl-Asa (Allah ondan razı olsun) belə deyir: “Məgər bilmirsənmi İslam özündən əvvəl baş verənləri yox edir? Məgər bilmirsənmi hicrət keçmişdə baş verənləri yox edir? Məgər bilmirsənmi həcc özündən əvvəl baş verənləri yox edir?” Yəni, insanın etdiyi pis işləri və günahları silir, təmizləyir.
Aişə (Allah ondan razı olsun) Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) cihadda iştirak etmək üçün izn istədikdə ona xeyr cavabı verərək dedi: “(Sizin üçün) ən üstün cihad, günahsız edilən həccdir.”
Abdullah bin Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət etmişdir: “Həcc və ümrəni davamiyyətli edin, doğrudan da od dəmirin, qızılın və gümüşün pasını təmizlədiyi kimi, bu iki əməl də kasıblığı və günahları aparır. Həqiqətən günahsız edilən həccin cənnətdən başqa mükafatı yoxdur.”