Fətvalar Ümumi tərbiyə

Bu gün əziyyət çəksən, sabah rahat olacaqsan – Şeyx Əbdüləziz bin Bəzz (Allah rəhmət etsin) (VİDEO)

Yüklə

Bəzi saleh sələflərimiz çoxlu yaxşı iş görür: namaz, oruc, həcc və sairə ibadətləri çox yerinə yetirirdilər. Yaxınları onlara deyəndə ki, “sən özünə çox əziyyət verdin!” – belə cavab verərdilər: “Mən nəfsimin rahatlığı üçün çalışıram.”

Mömin bu gün öz nəfsinə qarşı cihad edirsə, onun rahatlığı üçün cihad edir ki, Allahın əzabından xilas olub, səxavət, sevinc və xoşbəxtlik yurdunda Qiyamət gününün daimi nemətini əldə etsin. Qiyamət günü cənnət əhlinə belə deyiləcəkdir: “Ey cənnət əhli siz daim sağlam olacaq, heç vaxt xəstələnməyəcəksiniz. Siz daim diri olacaq, heç vaxt ölməyəcəksiniz. Siz daim cavan qalacaq, heç vaxt qocalmayacaqsınız. Siz daim nemət görəcək, heç vaxt korluq çəkməyəcəksiniz.”

Bu dünya isə dəyişkən dünyadır, qəm-kədər, xəstəlik və qüssə dünyasıdır. İnsan bu dünyada nə qədər uzun ömür sürsə, ən sağlam həyat tərzi yaşasa, yenə də sonu ölümdür. Bu dünyada ölüm qaçılmazdır. Uca Allah buyurur: “Hər bir nəfs ölümü dadacaqdır.” (Ali İmran: 185).

Axırı ölüm və fani olan dünyanın dəyəri də yoxdur. Allahdan qorxmaq və qanunlarını təzim etmək üçün ən yaxşı səbəb Quranı oxuyub düşünməkdir. Onu çox oxumaq, ölümdən sonra aqibətin haqqında fikirləşməkdir. Ölümdən sonra nə olacaqdır? Qəbr haqqında da düşünmək lazımdır: bu ya cənnətdən bir guşə, yaxud bir cəhənnəm quyusu olacaqdır. Sonra qiyamət günü dirilmək haqqında düşünmək lazımdır. Bax gör sən cənnət əhlindənsən, yoxsa cəhənnəm əhlindən?!

Bütün bunlar haqqında düşünmək və diqqətli yanaşmaq, Allahdan qorxmaq, Allahı təzim etmək üçün səbəbdir. Həmçinin Allahın razı qaldığı işlərə can atmağa təhrikdir.