Fətvalar Ümumi tərbiyə

Şeyx Əbdüləziz bin Bəzzin (Allah rəhmət etsin) vəfatından öncəki son tövsiyəsi (VİDEO)

Yüklə

Şeyx Əbdüləziz bin Bəzzin (Allah rəhmət etsin) vəfatından öncə ər-Riyad şəhərindən Taif şəhərinə gedərkən etdiyi son tövsiyəsi:

Allaha həmd-səna olsun, Allahın elçisinə, onun ailəsinə, əshabına və onun yolu ilə gedənlərə Allahın salavatı və salamı olsun.

Uca Allah buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun! Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın. Allahdan qorxun. Həqiqətən, Allah etdiklərinizdən xəbərdardır! Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin! Onlar (Allahın itaətindən çıxmış) fasiqlərdir! Cəhənnəm əhli ilə cənnət əhli eyni ola bilməz. Cənnət əhli nicat tapıb (əbədi) səadətə qovuşanlardır!” (əl-Həşr: 18, 19, 20).

Uca və nöqsansız Rəbbimiz bu ayədə möminlərə əmr edir ki, Ondan qorxsunlar (təqvalı olsunlar). O, bir çox ayələrdə mömin bəndələrinə Ondan qorxmağı əmr edir. Çünki Allah qorxusu bütün xeyir işlərin açarıdır.

Kim Allahdan qorxarsa, tam xoşbəxtlik əldə edər. O, həmçinin bütün insanlara da Allahdan qorxmağı əmr edir. Uca Allah buyurur: “Ey insanlar! Rəbbinizdən qorxun. (Allahın əzabından qorxub pis əməllərdən çəkinin, yalnız Ona ibadət və itaət edin). Həqiqətən, qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir!” (əl-Həcc: 1).

Hər bir möminə Allahdan qorxmaq, harada olursa olsun: istər quruda, istər dənizdə, istər evdə, istərsə də bazarda – hər yerdə Allahı xatırlamaq vacibdir. Danışanda və işləyəndə də Allahı xatırlamalı: Allahın icazə verdiyini etməli, vacib etdiyi işləri görməli, Allahın haram buyurduqlarından çəkinməlidir. Hər bir möminə vacib olan budur.

Mömin öz nəfsini hesaba çəkməli, ona qarşı cihad etməli, ölüm onu haqlamamışdan əvvəl axirət üçün nə təqdim etdiyinə baxmalıdır. Buna görə uca Allah belə buyurmuşdur: “Hər kəs sabah üçün nə etdiyinə (axirət üçün özünə nə hazırladığına) nəzər salsın.”

Siz də baxın görün axirət üçün nə hazırlamısınız?! Əgər bu yaxşı işlərdirsə, onu davamlı edin və buna görə Allaha həmd-səna edib, dəvamiyyətlilik istəyin.
Əgər hazırladığınız pis işlərdirsə, sizə bu işlərdən dərhal əl çəkmək, tövbə etmək, olub keçənlərə peşiman olmaq vacibdir. Hər kəsə vacib olan da budur!
Ötən günahlardan tövbə etmək vacibdir. Əgər günah insanların haqqına girməkdən ibarətdirsə, onlardan halallıq almaq, yaxud haqqlarını qaytarmaq lazımdır.
Mömin mütləq öz nəfsini hesaba çəkməli, daim nəfsinə qarşı cihad etməli, nə hazırladığına baxmalı, qafil olmamalıdır.

Sonra Uca Allah belə buyurur: “Allahı unutduqları üçün Allahın da onları özlərinə unutdurduğu (xeyirlərini başa düşməyən) kimsələrə bənzəməyin!”

Allahdan üz döndərən və Onun haqqını unudan, Allahın da onlara Öz haqqını unutdurduğu, Allah düşmənlərinə oxşamayın. Uca Allah onlarla özləri kimi davranmışdır. Allah kimə özünü unutdurarsa, həmin adam özünü korlamaq və həlak etməklə məşğul olar.
Allahdan afiyət diləyirik!

Hər kəsə ehtiyatlı olmaq vacibdir. Hər bir möminə Allahdan qorxmaq, hər yerdə Allahı xatırlamaq, əcəli gəlmədən öncə öz nəfsi üçün hazırlıq görmək vacibdir: Ələlxüsus elm tələbələri. Onların üzərində olan vaciblik daha böyükdür: dəvəti təbliğ etmək, bildiklərinə əməl emtək.
Elm tələbələrinə vacib olan budur ki, onlar bildiklərinə əməl etsinlər, dəvəti təbliğ etsinlər, bir də söz və əməllərinin bildiklərinə zidd olmasından ehtiyatlı olsunlar.

Allahdan diləyirik ki, bizi və sizi haqq yolda olub haqqda çağıranlardan etsin.
Allahdan diləyirik ki, bizi fitnələrin şərrindən və şeytanın həmlələrindən qorusun.
Peyğəmbərimiz Muhəmmədə, ailəsinə, əshabına və gözəl şəkildə onun davamçıları olanlara Allahın salavatı və salamı olsun.