Sual: Zülhiccə ayında edilən yaxşı əməllər hansılardır?
Cavab: Bu on gündə edilən istənilən yaxşı əməl Allaha daha sevimlidir. Hətta Onun yolunda cihad etməkdən də sevimlidir. Yalnız öz malı və canı ilə cihada gedib heç bir şeylə geri qayıtmayan, yəni şəhid olan kimsədən başqa.
Əziz qardaşlarım bu günlərdə edilən yaxşı işlərə əvvəlcə vacib əməllər daxildir. Əksər insanlar bu on gündə nafilə ibadətlərə diqqət ayırır, amma vacib əməllərə o qədər də önəm vermirlər.
Görürsən ki, oruc tutmağa çalışır – əlbəttə bu yaxşıdır, lakin camaat namazına hərislik göstərmir, camaat namazına yatıb qalır. Ona vacib olanı tərk edir. Hətta ola bilər ki, namazına da səhlənkar yanaşır.
Deyirsən ki, qardaşım əsr vaxtı səni məsciddə görmədim. Deyər ki, orucluyam deyə yatıb qalmışam.
Ən böyük yaxşı əməl, vacib ibadətlərdir. Ən yaxşı iş odur ki, sən əvvəlcə bu on gündə əvvəlki günlərdən fərqli olaraq namazına daha çox diqqət edəsən. Əgər adətən sən məscidə iqamə vaxtı gəlib ilk təkbirdə namaza qoşulurdunsa, bu günlərdə məscidə daha erkən gəl, namazda xüşulu və qəlbən ayıq ol. Çünki bu on gündə Allah sənin bu yaxşı əməlini digər yaxşı əməllərdən daha çox sevir.
Bu günlərdə edilən yaxşı əməllər həmçinin valideynlərə xoş davranmaq, qohumluq əlaqələrini qorumaq, Allahı zikr etmək, oruc tutmaq, insanlara müxtəlif yollarla: dildə, əməldə, mal-dövlətdə – yaxşılıq etmək, ümumiyyətlə bu günlərdə edilən bütün yaxşı işləri Allah sevir və bu kimi yaxşı əməllər Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sözünə daxildir: “İlin başqa günlərindən fərqli olaraq, bu on gündə edilən əməl Allaha daha xoşdur.”
Səhabələr dedilər: “Hətta Allah yolunda cihad da?!”
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Hətta Allah yolunda edilən cihad da. Yalnız öz malı və canı ilə Allah yolunda cihada çıxıb heçnəsiz qayıdan (yəni, şəhid olan) kişi müstəsnadır” (Buxari: 2/457).