Fətvalar Oruc Ramazan

Oruc və iftar hara uyğun olmalıdır? – Şeyx Əbdüləziz ibn Bəzz (Allah ona rəhmət etsin)

Daim müəyyən bir ölkədə yaşayan hər bir insan, həmin ölkənin digər sakinləri ilə birgə oruc tutmalı və iftar etməlidir.

Biz Səudiyyə Ərəbistanlıyıq və Asiyanın müsəlman ölkələrindən birində (Pakistanda) səfirlikdə işləyirik. Biz Səudiyyə Ərəbistanının sakinləri ili birlikdə oruc tutmalı və iftar etməliyik, yoxsa daimi olaraq yaşadığımız ölkənin sakinləri ilə?

Həmd Allaha məxsusdur.
“Şəriətdəki dəlillərdən aydın olur ki, müəyyən bir ölkədə yaşayan hər bir insan, həmin ölkənin digər sakinləri ilə birgə oruc tutmalı və iftar etməlidir. Çünki, Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) demişdir: “Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür”¹. Həmçinin şəriət bizə camaat olmağı əmr etmiş, parçalanmaqdan və ixtilaf etməkdən isə çəkindirmişdir.

Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: “Müxtəlif ölkələrdə ayın çıxışlarının müxtəlif olması haqda alimlər ittifaq ediblər”.

Bütün bunlara əsasən demək olar ki, Pakistandakı səfirliyin, digər pakistanlılarla oruc tutan işçiləri, Səudiyyə Ərəbistan sakinləri ilə tutanlardan daha doğru etmişlər. Çünki, bu iki ölkə bir-birindən uzaqdır və ayın çıxışları müxtəlifdir. Təbii ki, hər iki ölkədə ayın görülməsi və ay hesabının bitməsi ilə, müsəlmanların eyni vaxtda birgə oruc tutub iftar etmələri məqbuldur və bu Şəriət dəlillərindən açıq-aydın görünür. Lakin, əgər bu mümkün deyilsə, onda bu məsələdə daha doğru olan, əvvəlcə dediyimizdir. Hər kömək Allahdandır”.

Şeyx Əbdüləziz ibn Bəzz (Allah ona rəhmət etsin)
(Məcmu fətəva və məqalət mutənnəviə – T.15, səh. 98, 99)

______________________________

Həmçinin, Şeyx İbn Bəzzdən (Allah ona rəhmət etsin) soruşublar: “Pakistanda Ramazan hilalı və Şəvval hilalını Səudiyyə Ərəbistanından 2 gün gec görüblər. İnsanlar Səudiyyə Ərəbistanı ilə birgə, yoxsa Pakistanla birgə oruca başlamalıdır?

O cavab vermişdir: “Şəriət qaydalarından göründüyü kimi, siz öz ölkənizdəki müsəlmanlarla birlikdə oruc tutmalısınız. Bunun 2 səbəbi var.

Birinci: Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) demişdir: “Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür”¹. Odur ki, siz, Pakistanda olduğunuz müddətdə öz müsəlman qardaşlarınızla birgə, onlar oruca başladığı vaxt oruca başlayın və bitirdikləri gün, siz də bitirin.
Çünki, bu sözlər sizə də aiddir. Həmçinin, müxtəlif ölkələrdə, hilal müxtəlif vaxtlarda görülə bilər. İbn Abbas da daxil olmaqla, bir qrup alim hesab edirdi ki, hər bir ölkədə ayın çıxışı fərqli ola bilər.

İkinci səbəb: əgər siz oruca o ölkənin müsəlmanlarından fərqli vaxtda başlasanız və fərqli vaxtda iftar etsəniz, bu fitnəyə, sorğu-suala və narazılığa səbəb olacaq və mübahisə və müzakirələrə gətirib çıxaracaq. Mükəmməl Şəriət, birliyə, həmrəyliyə, təqva və iman məsələlərində vəhdətə, mübahisə və ixtilafların tərk edilməsinə təşviq edir. Uca Allah buyurmuşdur:

وَاعْتَصِمُوا بِحَبْلِ اللَّهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا

“Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!” (Ali-İmran surəsi, 103).

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Muaz və Əbu Musanı Yəmənə göndərərkən onlara belə demişdir: “Müjdələyin! (İslama qarşı) nifrət oyatmayın! Qarşılıqlı razılığa gəlin və ixtilafa düşməyin”

Şeyx Əbdüləziz ibn Bəzz (Allah ona rəhmət etsin)
(Məcmu fətəva və məqalət mutənnəviə – T.15, səh. 103, 104)

¹Tirmizi rəvayət edib, hədisin “həsən qərib” olduğunu bildirmişdir. Həmçinin, Əbu Davud və İbn Macə bu hədisi yalnız “orucu açmaq və qurbanı” qeyd etməklə rəvayət etmişdirlər.

 

“Sələf Xəbər” redaksiyası tərəfindən hazırlanmışdır.