Faydalar

Hələbdə baş verənlər və bu xalq üçün dua etmək

Əvvəla Uca Allahdan Suriya xalqı üçün, ələlxüsus Hələb əhalisi üçün əminamanlıq arzu edir, onların tezliklə bu bəladan xilas olmasını diləyirik. Həqiqətən orada baş verənlər, qadın, uşaq, yaşlı və qoca insanların qətlə məruz qalması hər bir müsəlmanın ürəyində kədər hissi yaradır.

Aqil müsəlman uca Allahın bizə bəxş etdiyi gözəl İslam nemətinə görə Allaha şükür etməlidir. Ona görə ki, uca Allah bizə elə bir din bəxş edib ki, onun gecəsi gündüz kimi aydındır. Salman əl-Farisi (Allah ondan razı olsun) demişkən, “Peyğəmbərimiz (ona Allahın salavatı və salamı olsun) bizə dinimizin hər xırdalığını öyrətmişdir…

Şəriətimiz insanların gündəlik həyatına aid olan məsələlərə xüsusi diqqət ayırmış, bu yöndə lazım olan bütün əmr və tövsiyələri bizə çatdırmışdır. Müsəlmanın rəhbərinə, rəhbərin də xalqa olan münasibətləri də bu gündəlik məsələlərə daxil olan mühüm məsələdir.

Dinimiz bu məsələyə kifayət qədər diqqət ayırmış və lazım olan bütün əhkamları bizə aşılamışdır. İslam ümməti içərisində digər məsələlərdə olduğu kimi, rəhbərlərə münasibət məsələsində də Əhli-Sünnə Sələfilər orta yolu, şəriətin tələb etdiyi mövqeyi tuturlar.

Şəriət dəlillərinə əsaslanan haqq islam etiqadına görə ölkə başçısına qarşı üsyan etmək, açıq şəkildə etiraza qalxmaq, onları söymək, təhqir etmək və sairə bu kimi məsələlər yolverilməzdir, haramdır.
Lakin bu gün öz emosiyalarına hakim ola bilməyən, yaxud sələfi adı altında gizlənən ixvanlar və müfəkkirlər vaxtaşırı öz həqiqi üzlərini aşkar edərək insanları “fikir azadlığı”, “demokratiya” və ya istənilən şirnikləndirici şüar adı altında fitnə-fəsada, hərc-mərcliyə sövq edirlər. Bir neçə il öncə Suriya xalqı da eyni çağırışların qurbanı oldular. Demokratiya və söz azadlığı adı altında başlayan meydan hərəkatları, iğtişaş, hərc-mərclik, vətəndaş müharibəsi, hətta soyqırım həddinə gəlib çatdı.

Düzdür Suriya rəhbərliyi zülm və haqsızlıqda həddini aşmış, daim haqq əqidənin düşməni olmuşdur. Ancaq dinimiz öz emosiyalarına tabe olmağı deyil, şəriətə tabe olmağı vacib hesab etdiyi üçün heç bir halda rəhbərə qarşı üsyan etməyi icazəli görmür.

Haqq islam etiqadı zülmə və haqsızlığa göz yummur, sadəcə olaraq xalqın daha çox zülmə düşməməsi, hərc-mərcliyə məruz qalmaması, nahaq qanların axıdılmaması üçün zalım rəhbərə qarşı üsyan etməyi haram görür. Son illər bəzi ərəb ölkələrində, Tunisdə, Misirdə, Liviyada və Suriyada baş verənlər bunun bariz nümunəsidir.

Bu gün bütün dünya Hələbdə baş verənlərə görə narahatlığını ifadə edir, müxtəlif təşkilat və qurumlar döyüşlərin dayandırılması barədə müxtəlif müraciətlər səsləndirirlər. Hətta insanları “zalım və kafir Bəşər Əsədə” qarşı inqilaba səsləyən bəzi “islam dəvətçiləri” bu gün müsəlmanlara “Hələb əhalisi üçün dua edin!” deyərək çağırış edirlər.

Görəsən belə “dəvətçilər” islamda üsyanın və nümayişlərin haram olmasını dərk etmirlər?! Bir vaxtlar insanları ağız dolusu Suriyada cihada səsləyənlər, bu gün müsəlmanların ağrı-acısını hiss edən, onların dərdinə şərik olan rolunu oynamağa çalışırlar.

Ona görə də müsəlmanlar bütün məsələlərdə, ələlxüsus ümmətə aid olan mühüm məsələlərdə böyük alimlərə müraciət etməli, onların fətvasından kənara çıxmamalıdırlar. Çünki elmdə püxtələşməyən, əqidə və mənhəci həqiqi islamdan uzaq olan insanlar camaatı çaşqınlığa salır, fitnə-fəsada sürükləyirlər.

Uca Allahdan Suriya xalqı üçün ən xeyirli çıxış yolu arzulayı, ölkəmizə və xalqımıza əminamanlıq diləyirik.

Sələf Xəbər redaksiyası tərəfindən hazırlanmışdır