Mənhəcin ümumi əsasları Xəvariclər

Partlayış törətmədən öncə … Hara gedəcəyin barədə oxu! (birinci məqalə)

Rəhman və Rəhim olan Allahın adı ilə!

Sizə təqdim etdiyimiz bu kiçik həcmli, böyük əhəmiyyətli, dərin düşüncəli bu məqalədə terrorçular və onların əməllərinə qəhrəmanlıq nümunəsi kimi baxanların səhv düşündüklərini və dinimizin bu işlərdən uzaq olmasını sizin nəzərinizə çatdıracayıq. Hər bir sağlam təbiətli insan, istər müsəlman, istərsə də kafir terrorun bir vəhşilik olduğunu yaxşı dərk edir. Əziz oxucularımız biz bilirik ki, siz də terrorun vəhşilik olmasını bilir və bildiyinizə uyğun əməl edirsiniz. Amma bu bir xatırlatmadır.

Biz müsəlmanlar toplumu, təkfir, terror, ifratçılıq və radikallıq fitnəsinin tüğyan etdiyi bir zamanda yaşayırıq. Artıq iş o yerə gəlib çıxıb ki, terrorizm bütün dünyanı ağuşuna almışdır. Terrorizmi araşdırmaq, köklərini öyrənmək və terror mənbəyini boğmaq üçün bir çox müşavirələr və konfranslar keçirilmişdir. Amma bu konfranslar terrorizmin mahiyyəti və onun qarşısının necə alınması məsələsi barədə müxtəlif rəylərlə qarşı-qarşıya qalmışlar.

Terrorizm barədə söylənilən təriflər müxtəlif olsa da, ümumilikdə demək olar ki, bütün fikirlər bir neçə bənddə vahidlik təşkil edir. Ən təhlükəli bəndlər, təhdid, təhlükə, nahaq qan axıtmaq, günahsız insanları qətlə yetirmək, yaşayış komplekslərini və ictimai yerləri partlatmaq, abad yerləri və binaları xaraba qoymaq və bu kimi fəsadlardır. Halbuki bütün müsəlmanlar bu kimi əməllərin haram, belə əməl sahibinin cihayətkar və yer üzündə fitnə-fəsad törədənlərdən olması qənaətindədirlər.
Heç kəsə gizli deyil ki, terrorizm təkfir fikrinin tərəməsidir. Belə ki, bunu terror faktları və belə işlərlə məşğul olanlar isbat edirlər. Bir çox ölkələrdə şahidi olduğumuz terror hadisələri, illər boyu yayılan təkfir fikirlərinin nəticəsidir. Halbuki biz, daim, gecə-gündüz yorulmadan kitablarda, məqalələrdə, mühazirələrdə və səsli materiallarda bu fikirdən çəkindirmişik.
Alimlərin yekdil rəyinə görə, əslində müsəlmanın dinindən çıxması barədə şəriət dəlillərinə əsasən yəqinlik olmayınca ona müsəlman kimi baxmaq lazımdır. Belə olan halda təkfirçilər müsəlmanlara kafir demək məsələsinə laqeyd yanaşmalıydılar. Halbuki bu işdə iki böyük təhlükə vardır:
Birincisi, vəd olunan şiddətli əzaba düçar olmaq. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Hər kimsə öz (müsəlman) qardaşına: Ey Kafir! – deyərsə, bu söz onlardan birinə aiddir. Əgər deyilən kimidirsə heç, əks halda isə söz onun özünə qayıdır”. Buxari və Müslim rəvayət etmişdir. Digər hədisdə isə belə deyilir: “Kim başqasını fasiqlikdə və ya kafirlikdə ittiham edərsə, ittiham olunan adam deyildiyi kimi deyilsə, söz sahibinə qayıdar” Buxari rəvayət etmişdir.
İkincisi, Allaha yalan iftira atmaq. Çünki təkfir bir şəriət hökmüdür. Yalnız, Allah və rəsulunun təkfir etdiyinə kafir deyilməlidir. Başqa sözlə desək, yalnız Quran və səhih hədislərdə deyilən və ziddiyatı olmayan dəlil əsasında kiməsə kafir demək olar.
Bu azmış kimi, ifratçılar müsəlmanları ümumi şəkildə təkfir etməklə kifayətlənməyib, palçığın suyunu bir az da çoxaldaraq, özlərinin kor düşüncələri ilə rəhbərləri, dövlətləri və cəmiyyətləri təkfir etdilər. Belə halda ümmət təkfir fitnəsinin oduna, bundan nəticələnən təhlükələrə və dağıdıcı aqidətlərə düçar oldu.
Heç kəsin ağlına belə gəlməzdi ki, əksər müsəlmanların həyatı bu fitnənin “gözəl xidməti” nəticəsində, əcaib kabusa və çıxış yeri olmayan bir cəhənnəmə çevriləcəkdir.
Dorudan da bu fitnəkarlar ümmət üçün bir bəla olaraq qalmaqdadırlar. Çünki onlar, Şeyxul İslam İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bu sözləri ilə: “Heç kəs, hətta yahudi və xaçpərəstlər də onlar kimi müsəlmanlara qarşı belə şərr qüvvə olmamışdır. Çünki onlar özlərinə uyğun gəlməyən hər bir müsəlmanı qətlə yetirməkdə, müsəlmanların qanlarını, mallarını halal görməkdə, onların övladlarını qətlə yetirməkdə və onlara kafir deməkdə çox fəal idilər. Onlar kəskin elmsizlikləri və azğın bidətləri ilə bunu özlərinə din hesab edirdilər” – vəsf etdiyi öz qardaşlarına bənzəyirlər.
Sələf və xələf alimləri, kiməsə kafir və ya mürtəd hökmü verərkən tələsməkdən çəkindirməklə, hakim və məhkum müsəlmanların namuslarının tapdalanmamasını, onların qanlarının nahaq yerə axıdılmamasını nəzərə alırdılar.
İbn Əbul İzz əl-Hənəfi (Allah ona rəhmət etsin) demişdir: “Həqiqətən ən böyük zülm, müəyyən bir insan barəsində: Allah onu bağışlamayacaq, rəhm etməyəcək, onu əbədi cəhənnəmə vasil edəcək – sözlərini deməkdir. Çünki bu, kafirin ölümündən sonrakı hökmüdür”.
İmam Əbu Abdullah Muhəmməd ibn Əli əl-Maziri əl-Maliki demişdir: “Kim qiblə əhlindən bir nəfəri təkfir edər və təkfir etməyini halal görərsə, özü kafir olar. Əks halda (əgər halal görmürsə) fasiqdir. Belə insan barəsində şikayət təqdim olunan hakim mütləq onu tərbiyələndirməli, onun kimilərə dərs olsun deyə cəza verməlidir. Əgər hakimin imkanı olduğu halda, onu cəzalandırmamış buraxarsa günah qazanar”.
Əbu Hamid əl-Qazali əş-Şafii demişdir: “Hər kəsin bacardığı qədər uzaq durması gərəkən məsələ, “təkfir”dir. Həqiqətən qibləyə namaz qılanların, açıq-aşkar “Lə iləhə illəllah, Muhəmmədən Rəsuləllah” kəlməsini deyənlərin qanlarını və mallarını halal görmək xətadır. Min nəfər kafiri həyatda saxlamaq işində səhv etmək, səhvən bir nəfər müsəlmanın qanını axıtmaqdan daha yüngül işdir”.
Təkfir fitnəsinin boğulması dində vacib sayılan bir əməl və ictimai zərurətdir. Bu isə yalnız yolunu azmış təkfirçilərin şübhələrinin dəf edilməsi, düşüncələrində və qəlblərində Quran, hədislər və alimlərin ifadələrini səhv başa düşməyə səbəb olanları silmək lazımdır.
Amma İslam şəriəti terrorun qarşısının alınması üçün, terrorun əsasını təşkil edən təkfir məsələlərində ifrata varmaqdan çəkindirməklə kifayətlənməmişdir. Terrora aparan bütün səbəbləri, yolları haram etmişdir. Əgər şəriət, kimisə zarafatla qorxutmağı, üzərinə silah çəkməyi və təsadüfən bədənə cızıq xəsarəti yetirməyi haram edibsə, bəs haqsız yerə öldürməyi necə?!
Bir dəfə səhabələr (Allah onlardan razı olsun) Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yol gedirdilər. Onlardan biri yatmışdı. Bəziləri gedib onun yayını götürdülər. Yatan kimsə oyandıqda təlaşa düşdü. Bu zaman kənardakılar ona baxıb güldülər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Siz nəyə gülürsünüz?” Onlar dedilər: “Biz sadəcə olaraq bu adamın yayını götürmüşdük. O isə oyananda təlaşa düşdü”. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Bir müsəlmanın digərini qorxutması ona halal deyil!” Əhməd və Əbu Davud rəvayət etmişlər.
İmam Şovkani (Allah ona rəhmət etsin) demişdir: “Hədisə əsasən, hətta zahirən zarafat kimi görsənsə də, müsəlmanı qorxutmaq olmaz”.
Buxari və Müslimin rəvayət etdikləri hədisdə Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini xatırladır: “Birini digər qardaşına silahla işarə etməsin. Heç kəs bilmir, bəlkə də şeytan onun əlindən xəta çıxarar və bununla da cəhənnəmin bir quyusuna düçar olar”.
İbn Həcər (Allah ona rəhmət etsin) demişdir: Təhlükənin baş verməsi mütləq olmasa da, hədisdə təhlükəyə zarafatla və ya ciddi şəkildə səbəb ola biləcək hal qadağan olunur.
Müslimin “Səhih” əsərində Əbu Hureyrənin (Allah ondan razı olsun) rəvayətində deyilir ki, Əbu Qasim (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə demişdir: “Kim (din) qardaşının, hətta ata və anadan bir olan qardaşının üzərinə bir dəmir parçası ilə gələrsə, onu əlindən salana qədər mələklər ona lənət oxuyarlar”.
Buxari və Müslimin (Allah onlara rəhmət etsin) rəvayətində Cabirdən rəvayət olunur ki, “bir kişi oxların ucu görsənən halda məscidə gəlmişdi. Başqa müsəlmanın bədənini cızmasın deyə, ona oxların ucundan tutmaq əmr olundu”.
Əgər zarafat məqsədi ilə qorxutmaq, yaxud başqasının bədənini səhvən cızmaq olmazsa, bəs günahsız insanların qanını haqsız yerə axıtmaq necə, olar?!. İslam şəriətinin terrorçulara qarşı sərt mövqe tutması heç də qəribə deyildir. Ələlxüsus onlar hakimlərə qarşı üsyan qaldırmaqla, əhdi və beyəti pozmaqla, xəyanət etməklə, müsəlmanları, əhd bağlayan və əminamanlıq verilmiş kafirləri öldürməklə, İslamın simasını pis şəkildə qələmə vermək və insanları bu dindən yayındırmaqla bu kimi digər böyük səhvlərə, cinayətlərə yol veriblər. Belə olan halda şəriətin bu işlər barədə mövqeyinə, İslamımızın bu terrorçulara vəd etdiyi ilahi cəzalara nəzər salmaq heç də pis olmazdı. Bəlkə bununla da onlar öz çirkin əməllərindən əl çəkər, səhvlərini başa düşərlər. Qoy onlardan həlak olacaq kimsə həqiqət ona çatandan sonra həlak olsun. Qoy dinimizi terrorçuluqda və vəhşilikdə ittiham edən xəstə qəlbli insanlar ağızlarını yumsunlar.