Faydalar

Vacib, müstəhəb, məkruh, icma, şaz, racih və bir sıra digər terminlərin mənası

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.

İnsanların əməlləri ilə əlaqədar olan terminlər

İnsanların əməlləri ilə əlaqədar olan terminlər beşdir . Bunlar: vacib, müstəhəb, mübah, haram və məkruhdur. Şeyx Muhəmməd ibn Salih əl-Useymin (Allah ona rəhmət etsin) özünün «əl-Usul min ilm əl-Usul» adlı kitabının on birinci səhifəsində belə buyurur:

«Vacib: Tabeçilik niyyəti ilə yerinə yetirildikdə əcr verilən, tərk edildikdə isə cəzaya layiq görülən əməllərə deyilir (tabeçilik deyərkən Allaha tabeçilik nəzərdə tutulur, misal üçün: namaz qılan şəxs onu Allahın əmrinə tabeçilik niyyəti ilə qılarsa əcr verilər, amma kimsə onu məcbur etdiyi üçün qılarsa əcr verilməz — tərc). Vacib əməl həmçinin «fərz» də adlanır.

Müstəhəb: Tabeçilik niyyəti ilə yerinə yetirildikdə əcr verilən, tərk edildikdə isə cəza verilməyən əməllərə deyilir (misal üçün fərz namazlarının sünnələri — tərc). Müstəhəb əmələ həmçinin «sünnə», «nafilə» və «məndub» da deyilir.

Haram: Tabeçilik niyyəti ilə tərk edildikdə əcr verilən, yerinə yetirildikdə isə cəzaya layiq görülən əməllərə deyilir (misal üçün: valideynlərə asi olmaq — tərc). Haram əmələ həmçinin «qadağan olunmuş», «məhzur» da deyilir.

Məkruh: Tabeçilik niyyəti ilə tərk edildikdə əcr verilən, yerinə yetirildikdə isə cəza verilməyən əməllərə deyilir (misal üçün sol əllə nəyisə alıb-vermək).

Mübah: Yerinə yetirildikdə və ya yetirilmədikdə heç bir mükafat yaxud cəza verilməyən əməllərə deyilir (misal üçün: yatmaq, yemək və s.- tərc). Mübah əmələ həmçinin «halal», «icazəli əməl» də deyilir.

Alimlərin rəyləri ilə əlaqədar olan terminlər

1) İcma: “Bir əsrdə yaşayan və Peyğəmbər (Allahın ona salavat və salamı olsun) ümmətindən olan alimlərin hər hansı bir dini məsələ üzərində ittifaq etmələrinə icma deyilir.” (Muhəmməd əl-Əmin əş-Şinqıti «Muzəkkira fi usul əl-fiqh» səh. 169)

2) Cumhur rəyi: Elm əhlinə görə cumhur dedikdə əksəriyyət alimlərin ittifaq etdikləri rəy nəzərdə tutulur. Əgər söhbət dörd məzhəb imamlarının arasında olan ixtilafdan gedirsə, onda onlardan üçü hər hansı bir rəydə həmfikir olsalar bu, cumhur adlanır.

3) Şaz olan rəy: Əgər bir və ya bir neçə müctəhid heç bir alimin demədiyi rəyi hər hansı bir etibarlı dəlilə əsaslanmadan deyərlərsə bu rəy şaz sayılır.

4) Racih: Başqa rəylərdən daha üstün olan rəyə deyilir

Digər terminlər

İctihad: “Hər hansı şər’i hökmü bilmək üçün səy etməyə, çalışmağa deyilir.” (Muhəmməd ibn Salih əl-Useymin, «əl-Usul min ilm əl-Usul» kitabı səh. 85)
Qiyas: “Hər hansı bir məsələ ilə köklü məsələ arasında olan ortaq səbəbə görə həmən məsələyə köklü məsələnin hökmünü verməyə deyilir.” (Muhəmməd ibn Salih əl-Useymin, «əl-Usul min ilm əl-Usul» kitabı səh. 68)
Nəsx: “Hər hansı bir şəriət dəlilinin hökmünü və ya ləfzini Quran və Sünnədən olan dəlil ilə aradan qaldırmağa deyilir.” (Muhəmməd ibn Salih əl-Useymin, «əl-Usul min ilm əl-Usul» kitabı səh. 51)

Qeyd edək ki, bütün terminlər təcümə edilməyib. Yalnız oxucuya qaranlıq qalması ehtimal olunan terminlər tərcümə edilib.

BİR FAYDA:

Möhtərəm Şeyx Muhamməd əl-Huceyli`nin (Allah onu qorusun) yazılarından birində bu faydanı gördüm və düşündüm ki, onu nəql etsəm faydalı olar inşəAllah. Şeyx (Allah onu qorusun) buyurur:

Fiqh elmini öyrənmək istəyən insan ən birinci böyük fiqhi, yəni əqidəni öyrənməlidir. Çünki, əqidənin ayrıca kitablarda, fiqhin isə ayrıca kitablarda olması tarix boyu elm tələbələrinə mənfi təsir göstərmişdir. Belə ki, onların bəziləri fiqhə daha çox maraq göstərib onun dərinliklərini və incəliklərini öyrənmiş, lakin, əqidəyə bir o qədər əhəmiyyət verməyərək sadəcə öz şeyxlərini təqlid etməklə kifayətlənmişlər. Onlar hər hansı bir fiqhi məsələni öyrənmək üçün o məsələni dərindən araşdırar, alimlərin rəyləni cəm edib hər birinin dəlillərinə baxardılar və s. Lakin əqidədə isə belə etməzdilər. Ona görə də, Şeyxul İsləm Muhəmməd ibn Abdulvahhəb (Allah ona rəhmət etsin) belələrinə demişdir: “Əgər siz fiqhi öyrəndiyiniz kimi əqidəni də elə öyrənsəydiniz mütləq nicat tapardınız.”

Tövhidin mühümlüyünü nəzərə alaraq bəzi alimlər öz kitablarına əqidə mövzusu ilə başlamışlar. Buna misal olaraq İbni Əbu Zeyd əl-Qayravaninin risaləsini göstərmək olar. Həmçinin İmam əl-Buxaridə (Allah ona rəhmət etsin) öz kitabına “Vəhyin başlanması”fəsli, daha sonra isə “İman” və “Elm” fəsli ilə başlamış və bundan sonra fiqh və digər elmlər haqqında yazmışdır. Kitabın sonunu da tövhid mövzusu ilə bitirmişdir. Bu, o deməkdir ki, müsəlmanın ömrünün əvvəli də, axırı da tövhidlə bağlı olmalıdır. Həmçinin İmam Muslimdə (Allah ona rəhmət etsin) öz kitabına İman mövzusu ilə başlamışdır.