Əfsuslar olsun ki, bəzi təfsirçilər və müasir yazıçılar Quranın zahirinə əsaslanaraq bütün yırtıcı heyvanların, həmçinin qızılı və ipəyi geyməyin də halal olmasını iddia edirlər. Hətta günümüzdə “Quranilər” deyilən azğın bir dəstə də mövcuddur. Onlar səhih sünnəyə üz tutmayaraq Quranı öz istəkləri və ağıllarına görə təfsir edirlər. Bu kəslər peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sünnəsini öz istəklərinə tabe edərlər. Onlar özlərinə sərf edən hədislərə əsaslanar, sərf etməyənləri isə tərk edərlər. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) səhih hədislərin birində belə insanlara işarə edərək buyurmuşdur: “Oturacağına dirsəklənmiş hər hansı birinizə mənim əmr etdiyim və ya qadağa qoyduğum bir iş barəsində söylənilərsə, onu: Belə bir şey bilmirəm! Biz yalnız Allahın kitabında gördüklərimizə tabe oluruq” – deyən görməyim” (Tirmizi).
Başqa rəvayətdə isə deyilir: “…Biz Quranda tapdığımız haramı haram hesab edirik” – deyən görməyim. Həqiqətən mənə, Quran və onun misli qədər verilmişdir!”. Digər rəvayətdə isə deyilir: “Həqiqətən peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) haram etdiyi, Allahın haram buyurduğu ilə eynidir”.
Bəzi yazıçılar Islam şəriəti və əqidəsi haqda kitab yazmış və kitabın ön sözündə, onu yalnız Qurana əsaslanaraq yazdığını qeyd etmişdir.
Bu səhih hədis açıq-aydın dəlildir ki, islam şəriəti yalnız Quran deyil, Quran və sünnədən (səhih hədislərdən) ibarətdir. Kim onların birinə bağlanar və digərini tərk edərsə həqiqətdə heç birinə bağlanmış sayılmaz. Çünki onlar bir-birinə bağlanmalarını əmr edirlər. Allah təalə buyurur:
“Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur…” (ən-Nisa: 80).
“Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar.” (ən-Nisa: 65).
“Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək (öz ixtiyarları ilə ayrı cür hərəkət etmək) yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, (haqq yoldan) açıq-aydın azmışdır!” (əl-Əhzab: 36).
“Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin” (əl-Həşr: 7).
İbn Məsuddan,Allah ondan razı olsun, bu ayə haqda rəvayət olunan hədis mənim çox xoşuma gəlir. Bir qadın İbn Məsudun yanına gəlir və deyir: “Sən deyirsən ki: qaşını aldıran və qaş alan qadınlara Allah lənət etsin,…?” Ibn Məsud deyir: “Bəli”. Qadın deyir: “Mən Allahın kitabını əvvəldən axıra qədər oxumuşam lakin sənin bu dediyini orada tapmamışam”. Ibn Məsud deyir: “Əgər sən həqiqətən Quranı oxusaydın onu tapardın. Sən bu ayəni: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin” (əl-Həşr: 7) – oxumamısanmı? Qadın dedi:” Bəli oxumuşam”. Sonra Ibn Məsud dedi: Mən Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu eşitdim: “Qaşını aldıran və qaş alan qadınlara Allah lənət etsin,…” (Buxari və Müslim).
Şeyx Məhəmməd Nasirəddin əl-Əlbani