Əbu Hureyrə,Allah ondan razı olsun, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu deyir: “Mənim ümmətimin hamısı cənnətə daxil olacaq. Yalnız cənnəti istəməyənlər müstəsnadır.” Səhabələr dedilər: “Kimlər istəməz? Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) dedi: “Kim mənə itaət edərsə cənnətə daxil olar. Cənnəti istəməyənlər isə mənə asilik edənlərdir” (Buxari: Etisam kitabı).
Ibn Abdullah,Allah ondan razı olsun,deyir: “Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) yuxuda olarkən mələklər onun yanına gəldilər. Onların bəziləri dedilər: “O yatıb”. Digərləri isə dedilər: “Onun gözləri yatıb, qəlbi isə oyaqdır”. Sonra bir-birlərinə dedilər: “Sizin bu dostunuz haqda bir məsəl vardır. O, bir ev tikmiş kişiyə bənzəyir. Evi tikdikdən sonra orada qonaq süfrəsi açır. Sonra qonaqları çağırmaq üçün bir nəfər göndərir. Kim bu çağırışa cavab verərsə evə daxil olar və yeməkdən yeyər. Çağırışa cavab verməyənlər isə evə daxil olmaqdan və yemək yeməkdən məhrum olarlar”. Onlar dedilər:” Yuxunu açıqlayın ki, o başa düşsün”. Digərləri isə dedilər: “Onun gözləri yatmış, qəlbi isə oyaqdır”. Sonra yuxunu açıqlayaraq dedilər: “Ev cənnətdir. Çağıran isə Məhəmməddir. Kim Məhəmmədə itaət edərsə Allaha itaət edər, Məhəmmədə asi olan isə Allaha asi olar. Məhəmməd (mömin ilə qeyri mömin) insanları bir-birindən fərqləndirir” (Buxari).
Əbu Musa, Allah ondan razı olsun,Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu rəvayət edir: “Mən və Allahın mənimlə göndərdiyinin misalı, bir tayfa arasına gəlib: “Ey Qövmim! Mən öz gözlərimlə qoşun gördüm. Mən sizləri açıq-aşkar xəbərdar edirəm. Özünüzü qurtarın. Qövmünün bir hissəsi onun sözünü dinləyib, arxayınlıqla həmin yerdən uzaqlaşır, digər hissəsi isə onun bu xəbərini təkzib edir və olduqları yerdə qalırlar. Deyilən qoşun da gəlib onların hamısını məhv edir” – deyən kişiyə bənzəyir. Bu misal mənə itaət edən və mənim buyurduqlarıma tabeçilik göstərən və mənə asi olub buyurduğum haqqı yalan hesab edən adama bənzəyir” (Buxari və Müslim).
Əbu Rafi,Allah ondan razı olsun, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu rəvayət edir: “Oturacağına dirsəklənmiş hər hansı birinizə mənim əmr etdiyim və ya qadağa qoyduğum bir iş barəsində söylənilərsə, onu: Belə bir şey bilmirəm! Biz yalnız Allahın kitabında gördüklərimizə tabe oluruq” – deyən görməyim” (Əhməd, Əbu Davud, Tirmizi, İbn Macə və b.).
Miqdəm İbn Mədikərb,Allah ondan razı olsun, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu rəvayət edir: “Həqiqətən mənə Quran və onun misli qədər verilmişdir. Qarnı tox olan bir kişinin dirsəklənərək: “Siz yalnız bu Quranı götürün. Orada tapdığınız haramları haram edin” – deməsinə az qalıbdır. Həqiqətdə isə Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) haram buyurduğu Allahın haram buyurduğu ilə eynidir. Məgər ev eşşəkləri, yırtıcı dişli vəhşi heyvanlar və müəyyən adamın tapdığınız haqqı sizlərə haram deyilmi? Yalnız həmin adam öz haqqından keçdikdə bu sizə halal ola bilər. Kim bir qövmin qonağı olarsa ona yemək, içmək verməlidirlər. Əgər onlar onu qəbul etməsələr onda həmin qonaq da onlara qarşı baxımsızlıq edə bilər” (Əbu Davud, Tirmizi, Hakim və Əhməd).
Əbu Hureyrə,Allah ondan razı olsun, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) belə buyurduğunu rəvayət edir: “Mən sizə iki şeyi, Allahın kitabı və mənim sünnəmi qoyub gedirəm və siz onların ikisindən sıx tutsanız heç vaxt zəlalətə düşməzsiniz. Bu iki şey hovuzda mənə yetişənə qədər bir-birindən ayrılan deyildir” (Malik və Hakim).
Şeyx Məhəmməd Nasirəddin əl-Albani