Məqalələr Müsəlman hakimlərə münasibət Ramin Mütəllim

3. Haqq: Rəhbərə qarşı səmimi və xoş münasibət

DÖVLƏT BAŞÇILARININ ÜZƏRİMİZDƏKİ HAQLARI

3. Haqq: Rəhbərə qarşı səmimi və xoş münasibət

Peyğəmbərin j hədislərdən birində belə dediyi nəql olunur: «Din səmimi və xeyirxah davranışın təzahürüdür (nəsihətdir)»[1]. Bu za­man səhabələr soruşdular: «Ey Allahın elçisi, kimə qarşı?» Peyğəmbər j belə cavab verdi: «Allaha, Onun kitabına, elçisinə, müsəlma­nların rəhbərlərinə və ümumilikdə bütün müsəlmanlara qarşı»[2].

İnsanlara qarşı səmimi və xeyirxah davran­maq böyük ibadətdir və bunun dində yüksək məqamı vardır. Buna görə də Peyğəmbər j: «Din səmimi və xeyirxah davranışın təza­hürüdür» deyərək, İslam dininin başqalarına qarşı səmimi və xeyirxah davranışların təza­hüründən ibarət olduğunu ifadə etmişdir. Peyğəmbərin j bu sözləri onun həcc haqqında dediyi sözə oxşayır: «Həcc – Ərafatdır[3]»[4].

Həccdə Ərafat vadisində qalmaqla yanaşı, digər vacib ayinlərin – məsələn, təvaf əl-ifadə[5], habelə həcc zamanı yerinə yetirilən digər əməllərin – olmasına baxmayaraq, peyğəmbər j Ərafat vadisində qalmağı xüsusi qeyd etdi. Çünki həccin ən mühüm və əzəmətli ərkanı məhz Ərafat vadisində qalmaqdır.

Beləliklə, Peyğəmbər j İslamda başqala­rına qarşı səmimi və xoş münasibətin mühüm yerini qeyd etmişdir. İslam dininin bütün gözəllikləri məhz bu əzəmətli və mühüm ibadət vasitəsilə üzə çıxır.

Lakin şəriət qaydalar müəyyən etmişdir ki, bu qaydalara riayət etməklə sözügedən bu ibadəti həyata keçirmək mümkün olur. Kimsə deyə bilər: «Əgər bu belə böyük ibadətdirsə, deməli, mən bütün müsəlmanlara qarşı xeyirxah davranmalı, onlara hər yerdə və istədiyim üslubla nəsihət etməliyəm!».

Bunu deyənə biz belə cavab verəcəyik: «Bu yanaşma səhvdir, çünki şəriət bu məsələni insanların ixtiyarına buraxmayıb. Əksinə, şəriət öyüd-nəsihət verərkən əməl edilməsi vacib olan qaydalar və şərtlər müəyyən etmişdir».

Nəsihət edən şəxs nəsihət etdiyi insanın vəziyyətini səmimiyyətlə  yaxşılaşdırmağa çalışmalıdır. Eyni zamanda, rəhbərə nəsihət edərkən məqsəd bəzilərinin etdiyi kimi onun qüsur və nöqsanlarını axtarmaq və ya bu nöqsanlar haqqında məlumat toplamaq olma­malıdır. Bəziləri kompromat üçün rəhbərin xətalarını və günahlarını araşdırmaqla məş­ğuldurlar. Bu davranış heç bir halda rəhbərə qarşı səmimi və xeyirxah münasibəti əks etdirmir.

Bilmək lazımdır ki, rəhbəri gözdən salmaq nəsihət deyil, çünki sözügedən ibadətin yerinə yetirilməsində məqsəd nəsihət olunan şəxsin islahıdır.

Şeyx İbn Baz (Allah ona rəhmət etsin) demişdir: «Rəhbərə beyət həm də ona qarşı səmimi və xoş münasibəti əhatə edir. Rəhbərə qarşı səmimi və xoş münasibətə: onun üçün dua etmək, Uca Allahdan rəhbəri həmişə doğru yola yönəltməsini və onu saleh köməkçilərlə əhatə etməsini istəmək daxildir. Axı Uca Allah rəhbərin xeyirxah işlər görməsinə yardım etmək istədikdə ona yaxşı işlərdə kömək edən, unutduqda ona yaxşılığı xatırladan səmimi və xeyirxah köməkçilərlə dəstəkləyir»[6].

Beləliklə, rəhbərə səmimi və xoş niyyətlə verdiyiniz nəsihət sizin sədaqətinizə və rəhbərin haqqa yönəlməsinə kömək etmək istəyinizə dəlalət edir. Axı Sünnət əhli (əhli-sünnə) rəhbərin bəyənilməyən əməllərini düzəltmək üçün istənilən vasitəyə əl ataraq daha böyük fəsada gətirib çıxaran duyğulara tabe olub hissi hərəkət etmirlər. Əksinə, Sünnət əhli duyğuları bir kənara qoyub, həm bu, həm də bütün digər məsələlərdə Quran və Sünnənin dəlillərinə əməl edərək şəriətə tabe olurlar.

İmam İbn Qeyyim (Allah ona rəhmət etsin) demişdir: «Əgər bir şərin aradan qaldırılması Allahı və Onun rəsulunu daha çox narazı salan başqa bir şərin meydana gəlməsinə səbəb olarsa, bu şər və onu icra edən kəslər Allahın nifrət etdiyi kimsələr olsa belə, bu cür şəri aradan qaldırmaq haramdır. Misal olaraq, zülmü və ədalətsizliyi aradan qaldırmaq üçün rəhbəri devirmək cəhdini göstərmək olar. Məlumdur ki, hər zaman üsyanlar və rəhbərləri devirmək cəhdləri bütün şər və bəlaların əsası olub və olmaqda davam edəcəkdir… Kim İslam tarixində böyük və ya kiçik qarşı­durmalar zamanı baş verən fitnələrə nəzər salsa, başa düşəcək ki, bu sıxıntılı dövrlərin əsas səbəbi məhz bu qaydaya etinasız yanaşmaq olub. Zülmə qarşı lazımi səbrin göstərilməməsi və bu zülmün aradan qaldırılması cəhdləri həmişə daha böyük zülmə və fəsada gətirib çıxarmışdır»[7].

Beləliklə, aydın olur ki, rəhbərə səmimi və xoş niyyətlə verilən nəsihət xüsusi qaydalara əsaslanır ki, nəsihət verən şəxs onlara ciddi əməl etməlidir. Elə insanlar var ki, lazımi biliyi olmadan hikmətsiz nəsihət edirlər. Bu cür nəsihət və zülmü aradan qaldırmaq cəhdi daha böyük zülmün yaranmasına gətirib çıxarır. Görkəmli alim Əbdürrəhman ibn Həsən Ali Şeyx (Allah ona rəhmət etsin) imam Feysəl ibn Türki üçün (Allah ona rəhmət etsin) yazdığı məktubda bu məsələni çox gözəl ifadə etmişdir: «Rəhbərə nəsihət etmək qərarına gələn bir çox insanlar nəsihətin mənasını ümumiyyətlə, başa düşmürlər, bəziləri heç bunun necə edildiyini və bu məsələyə kənardan necə yanaşmaq lazım olduğunu bilmirlər, digərləri isə rəhbərə nəsihət edərkən yalnız dünyəvi mənfəət güdürlər və öz maraqlarını yalnız maddiyyata bağlayırlar»[8].

Rəhbərə nəsihət edərkən riayət edilməli olan prinsiplərə aşağıdakılar daxildir:

Birincisi: rəhbərin yaxşılığını və islah olmasını ürəkdən arzulamaq.

İnsan dövlət başçısının səhvlərini axtar­mamalı, onun qüsurlarının, etdiyi günahların siyahısını tutmamalı, adını ləkələməməlidir. Əksinə, rəhbərin düzəlməsi üçün səy göstərməlidir. Axı əgər rəhbər düzgün qərarlar qəbul etsə və haqq yolu ilə getsə, bu, fitnə-fəsad yayanları cilovlayacaq və bütün müsəlmanlara müsbət təsir göstərəcək.

İkincisi: nəsihəti nəzakətlə və mülayim bir şəkildə etmək.

Rəhbərin çiyinlərinə qoyulan məsuliyyətin və ona həvalə edilmiş səlahiyyətlərin nəza­kətli və mülayim bir şəkildə xatırladılması ondan arzu edilən cavabı almaq ehtimalını artırır. Kobud və sərt şəkildə edilən nəsihət hətta adi insanlarda mənfi reaksiya doğurursa, bəs belə nəsihət rəhbərə edilsə necə?! Ona görə də dövlət başçısına nəsihət nəzakətlə və hikmətlə edilməlidir.

Böyük islam alimi İbn Baz (Allah ona rəhmət etsin) demişdir: «Rəhbərə qarşı xeyirxah davranmaq məsələsinə gəlincə, bu, onun üçün dua etmək və şəriətə zidd olmayan bütün əmrlərdə ona tabe olmaqla ifadə edilir. Ubadə ibn Samitdən (Allah ondan razı olsun) ənsarların Peyğəmbərə j beyət etmələri haqqında rəvayət olunan hədisdə bildirildiyi kimi, açıq-aşkar küfr (küfr bəvax) hesab edilən və Uca Allah tərəfindən açıq-aydın nazil olan hallar istisna olmaqla, dövlət başçısına itaət etməkdən boyun qaçırmaq icazəli deyil. Həmçinin, rəhbərə nəsihət o zaman həyata keçirilir ki, sən müxtəlif icazəli üsullarla onu yaxşılığa yönlən­dirir, xeyirxah işlərə dəvət edir və pisliklərdən çəkindirirsən və bütün bunları nəzakətlə, hikmətlə yuxarıdakı səhih hədis və Uca Allahın aşağıdakı kəlamını rəhbər tutaraq edirsən:

وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَى

«Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin» (Quran 5:2)[9].

Saleh sələflər rəhbərə nəsihət məsələsini məhz bu cür başa düşür və öz əsərlərində nəsihət etməyin yollarını ətraflı izah edirdilər. Bu haqda danışanlardan biri də görkəmli islam alimi ən–Nəvəvi (Allah ona rəhmət etsin) idi. Ən–Nəvəvi deyirdi: «Rəhbərə xoş və səmimi münasibətə gəlincə, bu, özünü:

1) yaxşı işlərdə ona kömək etmək,

2) İslama zidd olmayan hər işdə itaət etmək,

3) mülayim və ehtiyatlı şəkildə dinə riayət etmə­lərini xatırlatmaq,

4) müsəlmanların hüquqlarının pozulması hal­ları barədə onları məlumatlandırmaq,

5) onlara müxalif olmamaq,

6) xalqın həmişə rəhbərə tabe olması üçün in­sanlarda rəhbərə qarşı rəğbət hissi aşılamaqda – göstərir»[10].

Üçüncüsü: nəsihəti insanların yanında deyil, təkbətək etmək.

Şəriətdə ixlasla edilən nəsihətə xüsusi yer verilir. Bu cür nəsihətin sayəsində qarşılıqlı sevgi güclənir, qəlblər yaxınlaşır, ruhlar təmizlənir. Nəsihətin mühüm prinsipi onun üz-üzə aparılmasıdır, çünki bu, nəsihətin qəbul edilməsinə kömək edir və arzu olunan nəticəyə gətirib çıxarır. Belə nəsihətin səbəb olacağı böyük faydaları nəzərə alsaq, bu prinsipə rəhbərə tabe olan onun bütün yardımçıların riayət etməli olduqlarını başa düşərik. Yuxarıda deyilənləri Quran və Sünnə və böyük İslam alimlərinin çoxsaylı əsərləri təsdiq edir.

Hədislərdən birində Peyğəmbər j demiş­dir: «Rəhbərə nəsihət etmək istəyən bunu açıq şəkildə etməsin, onun əlindən tutub onunla təklikdə danışsın. Rəhbər ona qulaq asarsa, deməli məqsədə çatılmışdır, yox əgər qulaq asmasa, nəsihət edən şəxs öz vəzifəsini yerinə yetirmiş sayılır»[11].

Yuxarıdakı hədisin işığında belə bir sual yaranır: rəhbərlərə minbərlərdə, insanların çox olduğu yerlərdə, məqalələrdə, jurnal­larda, qəzetlərdə və ya televiziyada nəsihət edənlərə necə haqq qazandırmaq olar?!

Təbii ki, bunu rəhbərə nəsihət adlandırmaq olmaz, çünki bütün bunlar onun səhvlərini üzə çıxarmaq, insanları üsyana təhrik etmək və dövlət başçısının nüfuzunu aşağı salmaq cəhdidir. Rəhbərə nəsihət edərkən xüsusi etika qaydalarına riayət etmək lazımdır, çünki dövlət başçısı insanlar arasında xüsusi nüfuza malikdir. Məhz buna görə də «kim rəhbərə nəsihət etmək istəyirsə, bunu açıq şəkildə etməsin, onun əlindən tutub onunla təklikdə danışsın». Bununla o, rəhbərin onun nəsihə­tini qəbul edib-etməməsindən asılı olmaya­raq, Uca Allah qarşısında borcunu tam yerinə yetirmiş olar.

Səhih əl–Buxari və Səhih Muslimdə  keçən hədisdə bir gün Üsamə ibn Zeyddən belə soruşulduğu ifadə edilir: «Niyə Osmanla görüşmürsən və ona nəsihət etmirsən?» O, cavab verdi: «Doğrudanmı düşünürsünüz ki, mən ona hər dəfə öyüd-nəsihət verəndə bu barədə sizə məlumat verəcəyəm?! Allaha and olsun ki, mən onunla görüşüb, mövcud məsələləri təkbətək müzakirə etmişəm. Bununla belə, mən heç vaxt fitnə qapısını birinci açıb rəhbəri açıq şəkildə tənqid etməyəcəyəm!»[12]

Usamə ibn Zeyd bu sözlərlə onlara vacib qaydanı öyrədir ki, rəhbərə hər nəsihət edəndə başqalarına bu barədə xəbər vermək lazım deyil. Əksinə, bu, müvafiq etikaya ziddir, çünki nəsihətin mənası rəhbərə müsbət təsir göstərməkdir, xalqı ona qarşı qaldırmaq deyil. Ona görə də hər dəfə rəhbərə nəsihət edərkən onu açıqlamaq səhvdir.

Şeyx Muhəmməd ibn İbrahim (Allah ona rəhmət etsin) alimlərdən birinə ünvanladığı məktubda yazır: «Rəhbərin səhvləri haqqında düşünməkdə israr etmə. Qoy bu sənin fikirlərini məşğul etməsin və davranışına təsir göstərməsin. Allahın əmrinə tabe olaraq, ona təklikdə nəsihət et, camaat içində yox. Rəiyyətə yaraşan şəkildə rəhbərə tabe ol və ona itaət et»[13].

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) demişdir: «Xalqın öz rəhbəri qarşısında vəzifə­lərindən biri də budur ki, ona doğru yolu göstərsin, ona nəsihət etsin. Rəhbərin səhvlərindən yarar­lanaraq onu gözdən salmaq olmaz. Rəhbərin nöqsanlarından açıq danışmaq olmaz, çünki bu, xalqda iqtidara qarşı təpki yaradır, rəhbərə və onun gördüyü işlərə, hətta yaxşı bir iş olsa belə, onaqarşı nifrət oyadır. Bütün bunlar xalqı hakimiyyətə tabe olmamağa, ictimai asayişi pozmağa sövq edir»[14].

Həmçinin o deyir: «Xalqa gəldikdə isə onların vəzifəsi rəhbərə tabe olmaq və günahlardan başqa hər şeydə ona itaət etməkdir. Xalq öz dövlət başçısına səmimi, xeyirxah münasibət göstərməli, onun haqqında pis danışmamalı, bununla da insanları ona qarşı qaldırmamalıdır. Əksinə, rəiyyət öz rəhbərlərinin eyiblərini gizlətməli və onların fəzilətlərindən danışmalıdır, çünki rəh­bərin eyibləri açıqlanmadan onunla təkbətək müzakirə edilməlidir. Axı dövlət başçısının səhvlərinin ictimai müzakirəsi heç bir fayda vermir, əksinə, vəziyyəti daha da gərginləşdirir, insanlarda hakimiyyətə qarşı düşmənçilik və nifrət hissi aşılayır»[15].

Rəhbərlərlə bağlı yuxarıdakı hökmlərin hamısı  islam alimlərinin kitablarında şəriət dəlillərinə uyğun olaraq qeyd edilmişdir. Buna görə də bir gün İbn Abbasdan (Allah ondan və atasından razı olsun) əmr sahibini necə yaxşılığa çağırıb pislikdən çəkindirmək barədə soruşduqda o belə cavab verdi: «Əgər buna həqiqətən ehtiyac varsa, ona təklikdə nəsihət et»[16].

Usamə ibn Zeydin (Allah ondan razı olsun) sözlərinin mənasını şərh edən İmam əl–Qurtubi (Allah ona rəhmət etsin) yazır: «Bu onu deməyə əsas verir ki, o, Osmanla kənar şəxslərin yanında danışmaq istəməyib, əksinə ona təklikdə nəsihət edib. Səlahiyyətli insanlarla və rəhbərlərlə münasibətdə bu davranışa riayət etmək lazımdır. İnsanlar arasında rəhbərin nüfuzuna zərər dəyməsin deyə ona hörmət göstərilməlidir. Təklikdə isə ona səmimiyyət və xoş münasibətlə ən gözəl şəkildə nəsihət edilməlidir. Usamənin sözlərinə gəldikdə: «Allaha and olsun ki, mən artıq onunla görüşmüşəm və mövcud problemləri onunla təkbətək müzakirə etmişəm», – bu o deməkdir ki, o, Osmanla hörmətlə təklikdə danışıb, çünki açıq-aşkar edilən nəsihət fitnəyə və həlakedici nəticələrə gətirib çıxara bilər»[17].

Böyük  alim İbn Nəhhas (Allah ona rəhmət etsin) demişdir: «Rəhbərə açıq şəkildə deyil, təklikdə nəsihət edilməlidir. Mömin əmr sahibiylə tək qalmağa çalışmalı və nəsihəti kənar şəxslər olmadan ona gözəl şəkildə təklikdə etməlidir»[18].

Dördüncüsü: rəhbərə verilən öyüd-nəsi­həti insanlar arasında yaymamaq.

Çünki insan öz əməlini insanlara deməklə xalqda hakimiyyətə qarşı düşmənçilik oyadır və onları rəhbərə qarşı qızışdırır. Digər tərəfdən rəhbərə verdiyi nəsihətlə lovğala­naraq özünü ikiüzlülük təhlükəsinə məruz qoyur. Buna görə də, nəsihət – arzu olunan nəticəyə nail olmaq və neqativ təpkilərdən qaçmaq üçün gizliliyi tələb edir.

Görkəmli islam alimi Əbdürrəhman ibn Sədi (Allah ona rəhmət etsin) nəsihəti necə vermək lazım olduğunu açıqlayaraq de­mişdir: «Ey rəhbərə nəsihət edən! Özünü bu ibadətin savabından məhrum edərək rəhbərə etdiyin nəsihətlə öyünməyə çalışma. İnsanlara belə deyərək məğrurlanma: «Mən rəhbərə nəsihət etdim, ona filan şeyləri dedim» – çünki bu cür davranış digər həlakedici nəticələrə yol açan nümayişkarlığın bariz nümunəsi və səmimiy­yətsizliyin əlamətidir»[19].

Böyük alim İbn Useymin (Allah ona rəhmət etsin) belə demişdir: «Rəhbərə etdiyin nəsihəti danışmaq olmaz. Axı əgər rəhbər nəsihətə əməl etsə, insanlar onun qorxduğunu və müqavimət göstərməyə cəsarət etmədiyini söyləyəcək, yox əgər nəsihətə əməl etməkdən imtina etsə, nəsihətlərə qulaq asmadığını və özünü təkəbbürlü apardığını deyəcəklər. Buna görə də hikmətli olmaq rəhbərə etdiyin nəsihəti insanlardan gizlətməyini tələb edir, belə ki, nəsihəti açıq danışmağın böyük zərərlərə yol aça bilər»[20].

Beşincisi: nəsihət edərkən prioritetləri düzgün sıralamaq.

Nəsihət edərkən əqidə və ya ümumi ibadət xətalarının olduğu yerlərdə mübahisəli məsələləri hədəfləmək hikmətsizlikdir, çünki belə olan halda nəsihət istənilən nəticəni verməyəcək.

Böyük alim İbn Qeyyim (Allah ona rəhmət etsin) yazırdı: «Dövlətin insanların namazlarına ciddi yanaşmalarına yaxından diqqət yetirməsi birinci dərəcəli məsələdir, çünki namaz dinin əsası onun daşıyıcı dirəyidir. Buna görə də Ömər ibn Xəttab (Allah ondan razı olsun) valilərinə xitab edərək yazırdı: “Həqiqətən, mən sizin məsuliyyət daşıdığınız işlər arasında namazı ən vacib hesab edirəm. Hər kim onu qoruyar və davamlı yerinə yetirərsə, dinini qorumuş olar, hər kim ona səhlənkar yanaşarsa, digər məsələlərdə daha çox səhlənkarlıq göstərər”»[[21]][[22]].

Görkəmli alim Abdullah Əbə Bətin (Allah ona rəhmət etsin) demişdir: «Rəhbərin görməli olduğu ilk iş – insanları dinin əsas əhkamlarına əməl etməyə çağırmaq, qadağan olunan hər bir davranışa son qoymaq, onları yaxşılığa dəvət etmək, günahlardan çəkindirmək və cəzaların İslama uyğun icrasını tətbiq etməkdir. Bütün bunlar Uca Allah qarşısında kafirlərə qarşı müharibə etməkdən daha vacibdir, əslində elə bunların yerinə yetirilməsi kafirlərlə mübarizəyə yardım edən amillərdir»[23].

Altıncısı: nəsihət etmək imkanını İslam alimlərinə, hörmətli və hikmət sahibi olan insanlara vermək.

Başqa sözlə desək, etdiyi nəsihətlər xeyir­dən çox zərərə səbəb olan səfehlərin və dini təhsili olmayan insanların rəhbərlərə nəsihət etmək hüququ yoxdur.

Beləliklə, dəvət imamlarının metodologiya­sına uyğun olaraq, ilahiyyatçılar tərəfindən rəhbərə edilən nəsihətlərin, yəni rəhbərə nəyin düzgün, nəyin isə səhv olduğunu deməyin dində müstəsna yeri vardır. Buna görə də onlar öz əsərlərində tez-tez qeyd edirlər ki, rəhbərlərə öyüd-nəsihət vermək dini vəzifədir, çünki Allah onlardan bu barədə belə əhd almışdır:

وَإِذْ أَخَذَ اللَّهُ مِيثَاقَ الَّذِينَ أُوتُوا الْكِتَابَ لَتُبَيِّنُنَّهُ لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُ

«O zaman Allah Kitab verilənlərlə əhd bağlayıb: “Siz  Kitabı mütləq insanlara aydınlaşdıracaqsınız və onu gizlətmə­yəcəksiniz!”– deyə buyurdu» (Quran 3:187).

Dəvətin fayda və zərərlərini ölçüb-biçərək yaxşılığa çağırıb pislikdən çəkindirmək də məhz alimlərin işidir. Onlar rəhbərlərə öyüd-nəsihət verməyə başqalarından daha çox layiqdirlər, çünki onların nəsihətləri qəlblərə daha çox təsir edir.

Görün bu barədə Sufyan as–Səuri (Allah ona rəhmət etsin) nə deyir: «Nəyə dəvət edib, nədən çəkindirmək lazım olduğunu bilən kəslərdən başqa heç kim rəhbərə öyüd-nəsihət verməməlidir; bu o kəslərdir ki, rəhbərə nəyin düzgün, nəyin səhv olduğunu nəzakətlə təqdim edə bilir və ədalətə bağlı qalırlar»[24].

Beləliklə, müsəlman rəhbərə nəsihət edər­kən nəzərə alınmalı olan prinsiplər bunlardır ki, öyüd verən şəxs bu prinsiplərə əməl et­məklə şəriətin irəli sürdüyü xeyirxah məqsəd­lərə nail olmuş olur. Bu prinsiplərə əsasən verilən öyüd-nəsihət dövlətçilik institutunu gücləndirir, insanların ehtiyac­larının ödənil­məsini təmin edir və onların həyatda üzləşə biləcəkləri bir çox bəlaların qarşısını alır.

Müəllif: şeyx Muhamməd ibn Ğalib əl-Umari (Allah onu qorusun)

Tərcümə: Ramin Mütəllim

18/12/1446 h. — 14/06/2025 q.


[1] «Nəsihə» – səmimi və xeyirxah davranışların təzahürü olmaqla yanaşı, səmimi və xeyirxah münasibətdən irəli gələn nəsihəti əhatə edir. 

[2] Muslim (55).

[3] Ərafat – Zilhiccə ayının 9-cu günü zəvvarların qaldıqları vadinin adıdır. Ərafat vadisində qalmaq Həccin əsas sütunlarından biri hesab olunur.

[4] Hədisi İmam Əhməd (18796), Əbu Davud (1949) və başqaları nəql etmişlər. Şeyx Albani «İrva əl-Qalil» (1064) əsərində hədisi səhih adlandırmışdır.

[5] Təvaf-ifadə (Kəbəni yeddi dəfə təvaf etmək) həccin Zülhiccə ayının 10-cu günü yerinə yetirilməsi nəzərdə tutulan rükunlarından biridir.

[6] Məcmu Fətəva və Məqalət Mutənəviə (8/209).

[7] İləm əl-Muvəkkiin (4/338).

[8] Əd-Durar Əs-Səniyə (14/84-85).

[9] Məcmu Fətava və Məqalət Mutənəviə (27/527).

[10] Şərh ən-Nəvəvi alə Muslim (2/38).

[11] Əhməd (3/403) № 15369, İbn Əbi Asım (2/521-523). Şeyx Albani «Ziləl əs-Sünnə» əsərində hədisin səhih olduğunu təsdiq etmişdir.

[12] Əl–Buxari (7098), Muslim (2989).

[13] Fətəva və Rəsail Şeyx Muhamməd İbn İbrahim Əli əş-Şeyx (12/182).

[14] Hukuk ər-Rai və ər-Rəiyə, səh.11.

[15] Şərh Riyad əs-Salihin (3/627-628).

[16] Əl–Beyhəki (10/73), İbn Əbi Şeybə (15/74).

[17] Əl-Mufhim Limə Əşkəl Min Təlhis Səhih Muslim (6/619-620).

[18] Tənbih əl-Qafilin An Əməl əl-Cahilin, səh. 55.

[19] Ər-Riyad ən-Nadıra, səh. 49-50.

[20] Şərh əl-Ərbəin ən-Nəvəviyə, səh. 86.

[21] Ömərin sözünü imam Malik «əl-Muvatta» əsərində gətirir (2/9) № 9.

[22] Ət-Turuk əl-Hukmiyə, səh. 349.

[23] Əd-Durur əs-Səniyə (5/41).

[24] Əl–Bəğavi, Şərh əs-Sünnə (10/54)