DÖVLƏT BAŞÇILARININ ÜZƏRİMİZDƏKİ HAQLARI
4. Haqq: Dövlət başçısına hörmət
İslam alimlərinin bir çox əsərlərində dövlət başçısına və onun nümayəndələrinə hörmətlə yanaşılmasının və Uca Allahın onlara verdiyi məqama görə ehtiram edilməsinin vacibliyindən bəhs edilir. Şəriət insanlara dövlət başçısına hörmət göstərməyə və ona itaət etməyə çağırır. Beləliklə, müsəlman cəmiyyətində birlik təmin edilir və parçalanmanın qarşısı alınmış olur.
Quran və Sünnə bizi dövlət başçısına ehtiram göstərməyi və mümkün olan hər cür yardımı ondan əsirgəməməyi tövsiyə edir. Eyni zamanda, şəriət mətnləri rəhbərin şərəf və ləyaqətini alçaltmağı qadağan edir. Yuxarıda deyilənləri təsdiq edən bəzi dəlillərə nəzər salaq.
Əbu Musa əl-Əşari (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Həqiqətən də yaşlı müsəlmana, Quranla yaşayan şəxsə (ifrata varmayan və ona laqeyd yanaşmayan) və ədalətli rəhbərə hörmət göstərmək – Allahı uca tutmağın təzahürləridir.”[1].
Həmçinin Əbu Bəkra rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: ”Kim Allahın iqtidar nəsib etdiyi rəhbərə hörmət göstərərsə, Qiyamət günündə Allah ona hörmət göstərəcəkdir!”[2]
Bu hədisin başqa bir ləfsində deyilir: “Kim bu dünyada Uca Allahın iqtidar nəsib etdiyi rəhbərə hörmətlə yanaşarsa, Qiyamət günündə Allah ona ehtiram göstərər. Kim bu dünyada iqtidar sahibinin şərəfini alçaldarsa, Qiyamət günü Allah onu rüsvay edər!”[3]
Əbu Zərrin (Allah ondan razı olsun) hədisində Peyğəmbərin ﷺ belə buyurduğu deyilir: “Məndən sonra hörmətlə yanaşmalı olduğunuz bir rəhbər olacaq. Kim onun şərəfini alçaldarsa, İslamda dəlik açmış olar. O, dəliyi bağlayana qədər Allah onun tövbəsini qəbul etməz”[4].
Yuxarıdakı dəlillər dövlət başçısına hörmətlə yanaşmağın böyük faydalar gətirdiyinə və ciddi zərərlərin qarşısını aldığına işarə edir.
Yuxarıda deyilənləri müxtəlif tarixi dövrlərdə baş verən çevrilişlər, iğtişaşlar və daxili çəkişmələr kimi bəzi hadisələr üzərində düşünən hər kəs yaxşı başa düşür. Bu iğtişaşların və daxili çəkişmələrin əsas səbəbi hökumətin alçaldılması, onun nüfuzunun qaralanması və iqtidar sahiblərinin təhqir edilməsilə başlayıb dövlət başçısına qarşı çıxmaqla nəticələnən üsyanlar olub.
Məgər müsəlmanlar iki nur sahibi[5], üçüncü rəşidi xəlifə, dünyada ikən Cənnətlə müjdələnmiş Osmanın qətli ilə nəticələnən böyük fitnəni unuda bilərlərmi? Söhbət yüksək keyfiyyətlərə və çoxsaylı fəzilətlərə malik olan, İslamın yayılmasına böyük töhfələr vermiş bir insandan gedir. Xəvariclər silahlı üsyan etməzdən əvvəl, onun şərəfini alçaltmağa, onun haqqında pis danışmağa, ona böhtan atmağa və barəsində hər cür yalan şayiələr yaymağa başlamadılarmı?! Onun yaşlı olması, keçmiş xidmətləri və “möminlərin əmiri” məqamı xəvariclərin bu böyük səhabəyə qarşı düşmənçilik və hörmətsizlik göstərmələrinə mane olmadı və beləliklə, onlar İslam tarixində dövlət başçısına qarşı üsyan edən ilk qiyamçılar oldular.
Rəvayət edilir ki, Osmanla hörmətsiz danışmağa başlayan ilk şəxs Cəbələ ibn Amr əs-Səidi olmuşdur. Bir dəfə Osman yoldaşlarının əhatəsində oturan Cəbələnin yanından keçirdi. Cəbələnin əlində ələ və boyuna taxılan qandallar var idi. Osman onları salamladı və Cəbələdən başqa hamı onun salamını aldı. Cəbələ dedi: “Nə üçün siz ona salam verirsiniz? O ki filan və filan işləri görüb?!”. Sonra Cəbələ Osmanın yanına gəldi və dedi: “Allaha and olsun! Əgər sən öz yaxınlarınla əlaqəni kəsməsən, bu zəncirləri boynuna taxacağam!”.
Osman isə cavab verdi: “Hansı yaxınlardan danışırsan?! Allaha and olsun! Mən bir kimsəni vəzifəyə təyin edəndə düzgün namizədi diqqətlə seçirəm!”
Bundan sonra Osman uzaqlaşdı, lakin bəziləri bu günə qədər onun haqqında pis danışmağa davam edirlər [6].
Bu fitnələr müsəlman ümməti üçün güc itkisindən, düşmənlərin güclənməsindən, daxili çəkişmələrin və müsəlmanlar arasında ixtilafların, həmçinin onların birliyini pozan bidətçi görüşlərin meydana gəlməsi və yayılmasından başqa nə ilə nəticələndi?! İmam əz-Zəhəbi yazırdı: “Osmanı öldürdükdən və fitnələr yayıldıqdan sonra fəthlər dayandı və əksinə müsəlmanlar Bizans ordularının və digər düşmənlərin hücum hədəfinə çevrildilər. Məhz bu dövrdə qan tökülməsi başladı və xəvariclər, rafizilər və nəsibilər kimi müxtəlif bidətçi cərəyanlar meydana gəldi. Osmanın öldürülməsindən əvvəlki və sonrakı dövrlər necə də fərqlidir!”[7]
Böyük alim İbn Baz (Allah ona rəhmət eləsin) demişdir: “Dini cəhətdən savadsız xəvariclər Osmanı açıq şəkildə qınamaqla şərin qapısını açmış oldular və beləliklə, fitnələr, daxili çəkişmələr və günahlar yayılmağa başladı. Biz bu fitnənin nəticələrini bu gün də hiss edirik. Məhz bu fitnə Əli ilə Muaviyə arasında parçalanmaya səbəb oldu və məlumdur ki, bu fitnələr Osman və Əlinin qətli ilə nəticələndi. Hakimiyyətin açıq şəkildə qınanması və iqtidar sahiblərinin çatışmazlıqlarının açıq şəkildə tələffüz edilməsi ilə başlayıb, xəlifəyə qarşı nifrət və onun öldürülməsi ilə sona çatan bu fitnə bir çox səhabənin və adi müsəlmanların qətlə yetirilməsinə də səbəb olmuşdur”[8].
Qeyd etmək lazımdır ki, dövlət başçısına hörmətsizlik və onun ləyaqətini alçaltma qadağan edildikdə burada söhbət müəyyən bir davranışın qadağan olunmasından getmir. Şəriətə, peyğəmbərin sünnəsinə və saleh sələflərin yoluna zidd olan hər hansı bir hərəkət və ya ifadələrin hamısı qadağandır.
Şeyx İbn Useymin (Allah ona rəhmət eləsin) demişdir: “Dövlət başçısına hörmətsizlik müxtəlif cür ifadə edilə bilər. Məsələn, insanlar dövlət başçısının qəbul etdiyi fərmanları ələ salıb: “Bu lazımsız fərmana bir baxın!” – dedikdə bu hörmətsizliyin bir növüdür.
Hörmətsizliyin başqa bir təzahürü dövlət başçısının etdiyi bütün yaxşılıqları alçaltmaqdan ibarətdir. Dövlət başçısı yaxşı işlər görəndə bəziləri belə deyir: “Buna bir baxın! Guya nəsə önəmli bir şey etdi?!»
Bu cür söz-söhbətlərlə bəzi insanlar dövlət başçısının nüfuzunu xalqın gözündə qəsdən zəiflətməyə çalışırlar. Axı dövlət başçısının nüfuzu zəifləsə, xalq ona hörmət etməyi dayandıracaq və onun əmrlərini heçə sayacaq. Odur ki, rəhbərin nöqsanlarını açıq-aşkar danışaraq onu alçaltmağa, şeytanlaşdırmağa və adını ləkələməyə çalışan şəxslərin özləri Uca Allah tərəfindən zəlil olmağa layiqdirlər”[9].
Qeyd etmək lazımdır ki, dövlət başçısına ehtiram onu qeyd-şərtsiz tərifləmək və ya ucaltmaq demək deyil. Onun xətalarını ört-basdır etmək, səhvlərinə haqq qazandırmaq şəriətin tələb etdiyi ehtiram forması sayılmır. İslam rəhbərə ehtiram göstərməyi və ona hörmətlə yanaşmağı onun məsumluğuna görə deyil, yüksək məqamına və rəhbər vəzifəsinə görə, habelə dövlət başçısının var olması ilə meydana gələn bir çox nemətlərə görə şükrün təzahürü olaraq əmr etmişdir. Üstəlik, rəhbərə hörmət göstərmək bütün müsəlman cəmiyyətinə ancaq fayda verir, ümumi vəziyyətin yaxşılaşmasına və mövcud problemlərin həllinə kömək edir.
Saleh sələflər dövlət başçısına hörmət məsələsinə çox diqqət yetirmişlər. Bunu onların bu mövzudakı sözləri və nəsihətləri ilə anlamaq olar.
Məsələn, Huzeyfə ibn əl-Yəmənin (Allah ondan razı olsun) belə dediyi rəvayət olunur: “Hər kim dövlət başçısının yanına onu rüsvay etmək məqsədi ilə gedərsə, Allah onu dünya həyatından köçməmişdən əvvəl zəlil edər”[10].
Səhl ibn Abdullah ət-Tustəri (Allah ona rəhmət etsin) demişdir: “İnsanlar dövlət başçılarına və alimlərə hörmət etməyə davam etdikcə firavanlıq içində olarlar. Bu halda Allah onların vəziyyətini həm dünyada, həm də axirətdə nizama salacaqdır. Əgər bu iki sinfin mənsublarına hörmət etməsələr, özlərini hər iki dünyada həlaka məhkum edəcəklər”[11].
Saleh sələflərin dövlət başçısına olan ehtiramına misal olaraq, İbn Qeyyimin (Allah ona rəhmət etsin) zikr etdiyi aşağıdakı hadisəni qeyd edə bilərik: “Bir dəfə İbn Əqil əl sıxarkən hökmdarın əlini öpdü. Bəzi insanlar buna görə onu məzəmmət etməyə başladılar və o, onlara belə dedi:
— Deyin görüm, dövlət başçısının yerinə atam olsaydı və mən onun əlini öpsəydim, bu mənim tərəfimdən səhv sayılacaqdı, yoxsa mən düzgün hərəkət etmiş olacaqdım?
— Düzgün hərəkət etmiş olacaqdın — deyə cavab verdilər.
O dedi:
— Atanın qayğısı yalnız övladları ilə məhdudlaşırsa, dövlət başçısının qayğısı hamını əhatə edir və ona görə də o, daha çox hörmətə layiqdir!”[12]
Bu, saleh sələflərdən olan alimlərin öz rəhbərlərinə münasibəti idi. Dövlət başçısına hörmət onların şəxsi seçimi deyildi. Onlar dövlət başçısına ehtiram göstərməyi ilahi mətnlərin öyrətdiyi əxlaqdan hesab edirdilər.
“Doğru yolu izah edən dəlillər”[13] kitabında dövlət başçısına hörmət etməyin fəzilətli əməl olduğuna bütöv bir bölüm həsr edilmişdir. Həmçinin “Dövlət başçısına və xalqa qarşı səmimi münasibət və nəsihət”[14] kitabında “Dövlət başçısına qarşı səmimi münasibət, onun məqamının tanınması və hörmət edilməsi haqqında” ayrıca fəsil verilmişdir. İbn Əbi Asimin “əs-Sünnə” adlı başqa bir kitabında “Peyğəmbərdən ﷺ rəhbərlərə hörmət etməyi əmr edən və onlara böhtan atmağı qadağan edən rəvayətlər”[15] bölümü də var.
Dövlət başçısının hörmət və ehtiram haqqı mövzusuna islam alimlərinin müxtəlif araşdırmalarında, xüsusən də hədislərin şərhi kitablarında toxunulur. Hər bir Sünnə əhli bu əsərləri, Əhli-Sünnənin dövlət başçıları ilə bağlı etiqadını, həmçinin müsəlmanın öz rəhbərinə qarşı düzgün ədəb-ərkanını açıqlayan mətnləri oxuyanda sevinir.
Əl-Munavi (Allah ona rəhmət etsin) yazırdı: “Allah rəhbəri Öz məxluqatının köməkçisi etdiyi üçün onun nüfuzunu hücum və təhqirlərdən qorumaq lazımdır ki, Allah qullarını rəhbərlərin əli ilə nemətləndirməyə və onlara yardım göstərməyə davam etsin. Buna görə saleh sələflər insanları dövlət başçısının əleyhinə dua etməkdən belə çəkindirir və bunun vəziyyəti daha da pisləşdirəcəyinə və müsəlmanları daha böyük bəlaya düçar edəcəyinə inanırdılar”[16].
Müəllif: şeyx Muhamməd ibn Ğalib əl-Umari (Allah onu qorusun)
Tərcümə: Ramin Mütəllim
25/12/1446 h. — 21/06/2025 q.
[1] Bu hədisi Əbu Davud (4843) rəvayət etmişdir və şeyx əl-Albani öz “Səhih əl-Cəmi” kitabında onu “həsən” adlandırmışdır (2199).
[2] İbn Əbi Asim (2/492). Şeyx Əlbani bu hədisi “Ziləl əl-Cənnə” və “əs-Səhihə” (2297) kitablarında “həsən” olaraq təsnif etmişdir.
[3] Bu hədisi Əhməd (20450) rəvayət etmişdir və şeyx əl-Albani onun birinci hissəsini “əs-Səhihə” (2297) kitabında “həsən” olaraq təsnif etmişdir. “Kim bu dünyada iqtidar sahibinin şərəfini alçaldarsa, Qiyamət günü Allah onu rüsvay edər!” hədisini həmçinin ət-Tirmizi rəvayət etmişdir və şeyx əl-Albani onu “Səhih əl-Cami” (6111) kitabında “həsən” olaraq təsnif etmişdir.
[4] İbn Əbi Asim “əs-Sünnə” 2/261 (1079). Şeyx əl-Albani bu hədisi “Ziləl əl-Cənnə” kitabında təsdiqləmişdir.
[5] Peyğəmbər ﷺ Rüqəyya adlı qızını Osmanla evləndirmişdir. O, vəfat etdikdən sonra Peyğəmbər ﷺ digər qızı Ummu Gülsümü (Allah onların hamısından razı olsun) onunla evləndirdi. Osman, Peyğəmbərin ﷺ iki qızı ilə evləndiyi üçün “iki nur sahibi” – Zun-Nureyn adlanmışdır. (tərcümə edənin qeydi).
[6] Ət-Təbəri, “Tarix əl-Umam və əl-Muluk” (2/66), İbn Kəsir, “əl-Bidəyə və ən-Nihəyə” (7/197).
[7] Əz-Zəhəbi, “əl-Muntəqa min Minhəc əl-İtidəl fi Nəqdi Kələmi Əhli ər-Rafdı və əl-İtizəl”, səh. 63.
[8] İbn Baz, “Məcmu Fətəva Və Məqalət Mutənəvviə” (8/211).
[9] İbn Useymin, «Şərh Riyəd əs-Salihin» (3/673).
[10] Əl-Bəqəvi, Şərh əs-Sünnə (10/54); Əbu Ömər əd-Dani, “əs-Sünən əl-Varida Fi əl-Fitən” (2/387).
[11] Əl-Qurtubi, «əl-Cəmi li Əhkəm əl-Quran (5/260-261).
[12] İbn Qeyyim, Bədai əl-Fəvaid (3/694).
[13] Əbu əl-Qasım əl-Əsbəhani, “əl-Huccə fi Bəyan əl-Məhəccə və Şərh Əqidə Əhli əs-Sünnə” (2/438).
[14] Abu əl-Xeyr ət-Tibrizi, “ən-Nəsihə li ər-Rai və ər-Raiyə”, səh. 89.
[15] İbn Əbi Asım, “əs-Sünnə” (2/218).
[16] Əl-Munəvi, Faydu əl-Qadir (6/399).