Məqalələr Müsəlman hakimlərə münasibət Ramin Mütəllim

5. Haqq: Dövlət başçısı ilə əməkdaşlıq

DÖVLƏT BAŞÇILARININ ÜZƏRİMİZDƏKİ HAQLARI

5. Haqq: Dövlət başçısı ilə əməkdaşlıq

Uca Allah mömin bəndələrinə saleh əməllərdə və xeyir işlərdə yardımlaşmağı və əməkdaşlıq etməyi əmr etmişdir. Çünki bu cür əməkdaşlıq ümumi mənafeyə xidmət edir. Uca Allah buyurur:

وَتَعَاوَنُوا عَلَى الْبِرِّ وَالتَّقْوَىٰ

«Xeyir  işlərdə və təqvada  bir-birinizə yar­dım edin» (Qurani Kərim 5:2).

Əgər yuxarıda qeyd olunan əmr sıravi müsəl­manların bir-biri ilə əməkdaşlığına aiddirsə, onda dövlət başçısı və onun nümayəndələri ilə saleh əməllərdə və təqvada (Allahın əmrlərini yerinə yetirmək və qadağalarından çəkinmək) əməkdaşlıq etmək, şübhəsiz ki, bütün müsəlman cəmiyyəti üçün fayda və xeyir cəhətdən daha əhəmiyyətlidir. Şəriətin məqsədlərini anlayan və xeyirlə şəri ayırd edə bilən hər bir ağıllı insan bilir ki, bu cür əməkdaşlıq bütün müsəlmanların mənafeyinə xidmət edir.

Peyğəmbərin j Sünnəsinə nəzər yetirsək, xalqla hakimiyyət arasında əməkdaşlıq məsələsinin ən aydın şəkildə ortaya qoyulduğunu görərik. Sünnə­dən öyrənirik ki, əgər Allah bir dövlət rəhbərinin uğurlu və ədalətli hökm sürməsini istəyirsə, onunla ümumi mənafe naminə əməkdaşlıq edən, ona düzgün nəsihətlər verən və onu təqvaya və ədalətli olmağa dəvət edən  mömin köməkçilərlə əhatə edir. Onların ağıllı məsləhətləri və xeyirxah tövsiyələri rəhbərin qəbul etdiyi qərarlara təsir edir və həm İslamın, həm də bütün müsəlmanların xeyrinə müsbət dəyişikliklərə səbəb olur. Peyğəmbər j bu barədə belə buyurur: «Uca Allahın göndərdiyi elə bir peyğəmbər və ya təyin etdiyi elə bir hökmdar olmamışdır ki, onların ətrafına iki qrup insan toplaşmasın: bu qruplardan biri onları yaxşılığa çağırır, digəri isə pisliyə dəvət edərdi. Pis insanların şərrindən isə yalnız Uca Allahın qoruduğu kəslər qoruna bilmişdir»[1].

Üstəlik, sünnədən məlum olur ki, dövlət rəhbərinin ətrafındakı saleh insanların varlığı Allahın müsəlman rəhbərə olan mərhəmətinin nişanəsidir. Peyğəmbər j buyurur: «Əgər Allah iqtidar sahibi üçün yaxşılıq istəsə, ona əməlisaleh bir köməkçi təyin edər. İqtidar sahibi qəflətə düşdükdə köməkçisi ona vəzifələrini xatırladar və bu vəzifələri yerinə yetirməyə başladıqda ona yardım edər»[2].

Bu hədis göstərir ki, alimlər və dəvətçilər imkan daxilində qanuni vasitələrdən istifadə edərək müsəlmanların xeyrinə olan bütün layihə və tədbirlərdə iqtidarla əməkdaşlıq etməli və birlikdə çalışmalıdırlar.

Böyük alim İbn Bəz (Allah ona rəhmət etsin) demişdir: «Alimlər insanları tövhidə və Allaha itaətə dəvət etməli, eyni zamanda iqtidarla hikmətlə əlaqə saxlamalı, onları şifahi və ya yazılı şəkildə xeyrə dəvət edərkən sözləri diqqətlə seçməli, insanları haqdan uzaqlaşdıran və dəvətə zərər verən hər cür söz və davranışdan çəkinməlidirlər»[3].

Şeyx İbn Useymin (Allah ona rəhmət etsin) xalqın dövlətlə əməkdaşlıq etməsinin vacibliyinə və bunun fitnə-fəsadın qarşısının alınmasında və fəsadçıların cilovlanmasındakı təsirinə işarə edərək demişdir: «Dövlət səlahiyyətlilərinin vəzifəsi bazarlardakı kişi və qadın toplumu ilə əlaqəli nizam-intizamı qorumaq, sabitliyi pozan və cəmiyyətdə fitnəyə səbəb olan hər cür qanunsuz hərəkətlərin qarşısını almaq üçün ciddi tədbirlər görməkdən ibarətdir. Həmçinin, günahı birbaşa və ya dolayı sübutlarla təsdiqlənmiş şəxsləri məsuliyyətə cəlb etmək, araşdırma aparmaq və qanunla nəzərdə tutulmuş cəzanı icra etmək də onların vəzifələrinə daxildir. Adi vətəndaşlara gəldikdə isə  onların borcu bu işdə dövlətə hər cür yardım göstərmək: məsələn, şəriətin tələblərinə uyğun örtünməyən qadınlara nəsihət etmək, qanunu pozmaq istəyən şəxslər barədə müvafiq qurumlara məlumat verməkdir. Vətəndaşlar həmçinin müsəlman cəmiyyətində fitnə-fəsad yayan, qəlbində mənəvi xəstəlik olan bədniyyətli şəxslər barədə dövlətə məlumat verməyə borcludurlar ki, cəmiyyət belə fitnəkarlardan təmizlənsin»[4].

Bu, saleh sələf imamlarının (Allah onlara rəhmət etsin) bu məsələdə mövqeyi idi. Məlumdur ki, onlar fədakarcasına və sırf Uca Allahın rizası üçün dövlət­lə əməkdaşlıq etmiş və bunun üçün əllərindən gələni əsirgəməmişlər. Eyni zamanda onlar dövlət adamları ilə İslama və müsəlmanlara faydası olmayan yığıncaqlarda bir araya gəlməkdən uzaq dururdular. Bu davranışları ilə onlar dövlət rəhbəri ilə münasibətdə səmimi olduqlarını və ancaq xeyir istədiklərini nümayiş etdirirdilər.

Hafiz İbn Əbdül-Bərr (Allah ona rəhmət etsin) yazır: «Bu hədis[5] onu göstərir ki, alimlər dövlət başçıları ilə yaxşı münasibətdə olub, onları tez-tez ziyarət ediblər. Axı əgər dövlət rəhbəri və ya hansısa yerli icra başçısı alimlərlə müntəzəm əlaqə saxlayırsa, bu, açıq-aşkar onun adilliyinə və etibarlılığına dəlalət edir»[6].

Şübhəsiz ki, dövlətlə xalqın, xüsusən də alimlərin əməkdaşlığı dövlət başçısına qarşı səmimi və dürüst münasibətin təzahürüdür ki, bu da həqiqi mömin­lərin xüsusiyyətlərindəndir.

Alləmə ən-Nəvəvi (Allah ona rəhmət etsin) demişdir: «Müsəlman rəhbərə qarşı səmimiyyətə gəlincə bu, aşağıdakı davranışlarda özünü göstərir:

  • yaxşı işlərdə onlara kömək etmək,
  • bu işlərdə onlara tabe olmaq,
  • onlara xeyirxah işlər görməyi tövsiyə etmək, bunu yumşaq və nəzakətli bir şəkildə öyüd-nəsihət verərək xatırlatmaq,
  • müsəlmanların hüquqlarının pozulması halları barədə onlara məlumat vermək,
  • onlara müxalif olmamaq,
  • insanlarda onlara qarşı rəğbət yaratmaq və beləliklə xalqın öz rəhbərinə itaət etməsinə nail olmaq»[7].

Şeyxulislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: «Dövlət və camaat təqva və ibadət məsələlərində bir-biri ilə əməkdaşlıq etməli, günah işlərdə və həddi aşmaqda əməkdaşlıqdan çəkinməlidirlər. Bu prinsipə silahlı qüvvələr, səfər karvanları, camaat namazları və həcc mərasimləri kimi birgə tədbirlərdə əməl edilməlidir»[8].

İbn Muflih (Allah ona rəhmət etsin) yazır: «Adil hökmdara gəlincə onun məclislərində iştirak etmək və yaxşı işlərdə ona kömək etmək üçün onunla əlaqə saxlamaq ən bəyənilən ibadətlərdən biridir»[9].

Beləliklə, xalqla iqtidar arasında şəriət çərçivə­sində qurulan əməkdaşlıq sayəsində Uca Allah insanların ehtiyaclarını ödəyir və onları hər cür zərərdən qoruyur. Bu əməkdaşlıqda ən çox yüksək əxlaqa və dini biliklərə sahib olan İslam alimləri iştirak etməyə çalışmalıdır. Çünki onların bu mühüm işdəki səyləri maddi mənfəət əldə etmək arzusu ilə deyil, əksinə, yalnız İslamın rifahına xidmət etmək və şəriət hökmlərini həyata keçirmək istəyi ilə yönləndirilir.

Yuxarıda deyilənlərə nəzər saldıqda xalqla dövlət arasında şəriət çərçivəsində əməkdaşlığın vacibliyi və bu prosesdən əldə edilən ümumi mənfəət aydın olur. Lakin şəriətin böyük önəm verdiyi başqa bir mühüm vasitəni də unutmaq olmaz. Bu, ümumi rifah üçün və xüsusilə dövlət başçısı üçün edilən duadır. Alimlər rəhbərlərlə münasibətdə bu böyük ibadəti unutmamalıdırlar. Bu mövzuya kitabın növbəti fəslində daha ətraflı toxunacağıq.

Müəllif: şeyx Muhamməd ibn Ğalib əl-Umari (Allah onu qorusun)

Tərcümə: Ramin Mütəllim

12/03/1447 h. — 04/09/2025 q.



[1] Əl-Buxari (7198).

[2] Ən-Nəsai (4204), əl-Albani bu hədisin səhihliyini “Əs-Sahiha”da təsdiq etmişdir (489).

[3] “Məcmu Fətava Və Məqalət Mutənəviə” (9/218).

[4] “Əd-Dıyə əl-Ləmi Min əl-Xutab əl-Cəvəmi”, (2/497).

[5] Söhbət imam əl-Buxarinin “Namaz vaxtları” kitabında “Namaz vaxtları və onların fəziləti” fəslində (521) nömrəli hədisdən gedir. Bu hədisdə deyilir: Bir dəfə [xəlifə] Ömər ibn Əbdüləziz namazı bir qədər gecikdirdi. Bu zaman Urvə ibn əz-Zubeyr onu ziyarət etdi və dedi: «Bir gün [Peyğəmbərin səhabəsi və Kufənin valisi] Muğeyrə ibn Şu’bə namazı gecikdirmişdi. Əbu Məsud əl-Ənsari onun yanına gəlib dedi: “Ey Muğeyrə, niyə belə edirsən?!…”»

[6] Ət-Təmhid» (8/68).

[7] “Əl-Minhəc Şərh Səhih Muslim İbn əl-Həccac” (2/38).

[8] “Minhəc əs-Sunnə ən-Nəbəviyyə» (8/195).

[9] “Əl-Ədəb əş-Şəriyə” (3/459).