Məqalələr Müsəlman hakimlərə münasibət Ramin Mütəllim

6. Haqq: Dövlət başçısı üçün dua etmək

DÖVLƏT BAŞÇILARININ ÜZƏRİMİZDƏKİ HAQLARI

6. Haqq: Dövlət başçısı üçün dua etmək

Bu dünyada Allahın dualarımız vasitəsilə yoluna qoyduğu o qədər iş var ki! Elə buna görə də dövlət başçılarının işlərinin yoluna qoyulması, onların xeyrə və saleh əməllərə yönəlməsi üçün Rəbbimizə üz tutub dua etməliyik. Bu hər bir kəsin borcudur. Çünki insan Rəbbinə deyil, yalnız maddi vasitələrə və səbəblərə təvəkkül etdikdə onun qəlbi bu səbəblərə bağlanır. Dua isə – əzəmətli ibadət və vasitədir ki, onunla Uca Allah işlərin gedişatını düzəldir, bəla və müsibətləri dəf edir.

Gəlin hər birimiz özümüzə kənardan nəzər salaq. Ailə daxilində himayəmizdə olan insanların sayı az olsa da, bəzən onlara qarşı münasibətdə səhlənkarlıq edir, vəzifələrimizi kamil bir şəkildə yerinə yetirə bilmirik. Üzərimizə düşən vəzifə­lərin çox az olmasına baxmayaraq, onların icrasında naqislik edir laqeydliyə yol veririk.

Bəs onda böyük bir dövlətin sərhədləri daxilində yaşayan insanların məsuliyyətini daşıyan, hər gün çoxsaylı dövlət məsələləri ilə məşğul olan, daxili problemlərlə çəkişən və dövlətinə zərər vurmaq istəyən, İslam ölkələrini iqtisadi və mənəvi cəhətdən zəiflətmək üçün fürsət axtaran düşmən­lərlə qarşı-qarşıya qalan dövlət başçılarımız haqqında nə demək olar?!

Bu halda dövlət başçıları üçün edə biləcəyimiz – Uca Allahdan onlar üçün yardım diləmək və hər cür şərdən qorunmalarını istəməkdir.

Dövlət başçısı bütün insanlar kimi həyatında müxtəlif çətinliklərlə üzləşir; o da digərləri kimi bəzən qəzəblənir, bəzən məmnuniyyət hiss edir, sevinir və ya kədərlənir. Bu baxımdan dövlət işlərini idarə etməklə bağlı olan böyük çətinlikləri nəzərə alaraq onun tərəfindən müəyyən nöqsan­ların və çatışmazlıqların baş verməsi qaçılmazdır. Buna çoxsaylı hədislər də işarə edir.

İqtidar sahibləri adi insanlardır və onlar bir-birindən fərqlənirlər. Onların təqvalı və ya günahkar olmaları İslama olan bağlılıqlarından birbaşa asılıdır. Qarşısında duran çətin vəzifələr və ağır məsuliyyətlər nəzərə alınaraq dövlət başçısının bu vəzifələri düzgün yerinə yetirməsi onun şəriət qaydalarına nə qədər ciddi əməl etməsinə bağlıdır. Bütün bunları nəzərə alaraq dövlət başçısına səmimi bir şəkildə nəsihət edən, onu dəstəkləyən, şərəf və ləyaqətini qoruyan, ona qarşı səmimi və xeyirxah münasibət bəsləyən insanlara ehtiyacı var. Çünki əgər o islah olarsa, xalqın vəziyyəti də yaxşılaşar. Buna görə də insanlar dövlət başçısı üçün duaya xüsusi diqqət yetirməlidir – Allahdan onun salamatlığı üçün dua etməli, onu doğru yola yönəltməsini və dövlət işlərini idarə etməkdə yardımçı olmasını diləməlidirlər.

Həqiqətdə, dövlət başçısı üçün dua etmək – alimlərin qədim zamanlardan bəri böyük ciddiyyətlə yanaşdıqları və bu gün də eyni ciddiyyət göstərdikləri bir məsələdir. Beləki, ümmətin saleh sələflərinin bu böyük ibadətə həvəsləndirən və çağıran saysız-hesabsız sözləri günümüzə qədər gəlib çatmışdır.

Peyğəmbərimizin ﷺ sünnəsi də buna işarə  edir. Məsələn, Peyğəmbər ﷺ belə buyurmuşdur: “Sizin ən xeyirli rəhbərləriniz – sizin sevdiyiniz və sizi sevən, sizin dua etdiyiniz və sizə dua edənlərdir. Ən pis rəhbərləriniz isə – sizin nifrət etdiyiniz və sizə nifrət edən, sizin lənətlədiyiniz və sizi lənətləyənlərdir”.

O zaman bəzi səhabələr soruşdu: “Ey Allahın Elçisi, belə olan halda onların itaətindən çıxmalı deyilikmi?”

O cavab verdi: “Xeyr – namazlarınızı təmin etdikləri müddətcə onlara qarşı çıxmaq olmaz! Əgər onların tərəfindən xoşunuza gəlməyən bir əməl görsəniz, o əməldən razı qalmayın, ancaq itaətdən də çıxmayın”[1].

Əl-Qurtubi (Allah ona rəhmət etsin) belə şərh etmişdir: “Peyğəmbərin“sizin dua etdiyiniz və sizə dua edənlər” sözlərinin mənası belədir: “Yəni siz Allahdan istəyirsiniz ki, dövlət başçılarına haqq və ədalət yolundan ayrılmamaları üçün onlara yardım etsin, onlar da Allahdan istəyirlər ki, sizi faydalı elmlə elmləndirsin və sizi doğru yola yönəltsin. Bu da o deməkdir ki, insanlar dövlət başçılarına Allahın razı qalacağı bütün işlərdə dəstək olmalıdırlar. Həm iqtidar sahibi, həm də xalq bir-birinə xeyir arzulamalı, yaxşı münasibətdə olmalı, bir-birinə mərhəmət və şəfqət göstərməli və qarşılıqlı hüquqlara riayət etməlidirlər. Necə ki, bu hal dörd Rəşidi xəlifənin dövründə və Ömər ibn Əbdüləzizin (Allah onlardan razı olsun) hakimiyyəti zamanı müşahidə olunmuşdur. Amma dövlət başçısı və təbəə bu prinsiplərə zidd davrandıqda hüquqlar pozulmağa başlayır, insanlar şəhvətlərin ardınca gedir, bir-birinə zülm edir, xəsislik yayılır və əxlaqsızlıq çoxalır. Nəticədə isə qarşılıqlı nifrət, lənətləşmə və bunun kimi bir çox xoşagəlməz hallar yaranır”[2].

Görkəmli alim Əbdürrəhman ibn Sədi (Allah ona rəhmət etsin) demişdir: «Möminin dövlət başçısına göstərməli olduğu xeyirxah münasibət onun hakimiyyətinin qanuniliyinə inanmaq, iqtidarını qəbul etmək, onun salamatlığı və müvəffəqiyyəti üçün dua etməkdən ibarətdir. Çünki dövlət başçısının saleh olması xalqın saleh olmasına gətirib çıxarır”[3].

Bir dəfə görkəmli alim İbn Bazdan (Allah ona rəhmət etsin) dövlət başçısı üçün dua etməkdən imtina edən şəxs barədə soruşdular. O cavab verərək dedi: “Bu onun dini cəhətdən cahil olmasının və əqli zəifliyinin əlamətidir. Çünki dövlət başçısı üçün dua etmək Allahı razı salan ən fəzilətli ibadətlərdən olub Ona qarşı səmimiyyətin və insanlarla dürüst olmanın göstəricilərindəndir.

Dövlət başçısı digərlərindən daha çox dua edilməyə layiqdir. Çünki təbəələrin salamatlığı onun salamatlı­ğından asılıdır. Buna görə də onun üçün dua etmək sənin ona qarşı olan xoş niyyətini nümayiş etdirir və ən mühüm dualardan sayılır.

Allahdan dövlət başçısının haqqa bağlı olmasında ona yardım etməsini, onu bu yolda möhkəmləndirməsini, ətrafını saleh insanlarla əhatə etməsini, həmçinin onu öz şərindən qorumasını və nalayiq insanlardan uzaq tutmasını diləmək lazımdır.

Buna görə dövlət başçısının salamatlığı üçün dua etmək, onun doğru yola yönəldilməsini, qəlbinin mənəvi sağlamlığını, insanlara fayda verən  yararlı işlər görməsini istəmək və ətrafına ləyaqətli insanların toplaşmasını diləmək ən vacib işlərdən və Allahın ən çox razı qaldığı saleh əməllərdən sayılır”[4].

Dövlət başçılarının hakimiyyətini tanımaq (onlara beyət etmək etiqadında olmaq) onlar üçün dua etməyi, şəriətə müvafiq olan bütün işlərdə onlara tabe olmağı, eləcə də onlara qarşı səmimi və xoşniyyətli olmağı vacib edir. Bu cür münasibət həm dövlət başçısına, həm də xalqa ancaq fayda gətirir.

Şeyx İbn Baz (Allah ona rəhmət etsin) deyirdi: “Dövlət başçısına beyət etmək həm də ona qarşı səmimi və xoşniyyətli olmağı nəzərdə tutur. Ona qarşı səmimi və xoşniyyətli münasibətin təzahürlərindən biri onun üçün dua etmək və Uca Allahdan onu daim doğru yola yönəltməsini, ləyaqətli insanlarla əhatə etməsini diləməkdir. Çünki Allah rəhbərə xeyirli işlərdə yardım etmək istədikdə onu xeyirxah və dürüst nazirlər və köməkçilərlə əhatə edir. Bu insanlar dövlət başçısı təqvalı olduqda onu dəstəkləyir, unutduqda isə ona yaxşılığı xatırladırlar”[5].

Digər görkəmli alim İbn Useymin (Allah ona rəhmət etsin) deyirdi: “Bizim üzərimizə düşən — dövlət başçıları üçün həm gizlində, həm də aşkarda dua etməkdir. Dua etməliyik ki, Allah onlara yardım etsin, onlara salamatlıq bəxş etsin və insanların durumunu düzəltməyi onlara asanlaşdırsın. Ey qardaşlarım! Biz ruhdan düşməməliyik, əksinə, iqtidar sahibləri üçün dua etməliyik ki, Allah onları doğru yola yönəltsin, üzərlərinə düşən vəzifələri yerinə yetirməkdə onlara yardım etsin və onları nalayiq insanlardan uzaqlaşdırsın.

Axı dövlət başçısı dövləti təkbaşına idarə etmir: onun köməkçiləri, nazirləri və müşavirləri olur. Əgər Allah onu saleh müşavirlər, köməkçilər və nazirlərlə əhatə edərsə – bu, Allah tərəfindən ona və xalqına bəxş edilmiş bir mərhəmət əlaməti olar. Yox əgər bunun əksi baş verərsə — bu, həm onun özü, həm də insanlar üçün bəlaya çevrilə bilər.

Buna görə də biz dövlət başçısının islahı üçün dua etməli; Allahdan diləməliyik ki, xalqın durumunu düzəltməkdə ona yardım etsin və onun ətrafına təqvalı müşavirlər və dövlət adamları toplasın”[6].

Əgər biz erkən dövrün islam alimlərinin əsərlərinə müraciət etsək, görərik ki, onlar bu məsələyə xüsusi diqqət yetirirdilər. Onların bu mövzuda bəzi fikirlərinə nəzər salaq:

İmam Əhməd (Allah ona rəhmət etsin) demişdir: “Mən Uca Allaha dua edirəm ki, O möminlərin əmirinin ömrünü uzatsın, onu dində sabit etsin və bütün xeyir işlərdə ona köməklik göstərsin. Həqiqətən, Allah hər şeyə qadirdir”[7].

Əbu Bəkr əl-Mərruzi (Allah ona rəhmət etsin) deyirdi ki: “Əbu Abdullahın (İmam Əhməd) yanında xəlifə əl-Mütəvəkkilin adı çəkildikdə mən onun belə dediyini eşitdim: “Mən onun üçün afiyət istəyir  və saleh olması üçün Allaha dua edirəm””[8].

İmam Əhməd (Allah ona rəhmət etsin) həmçinin demişdir: “Mən gecə və gündüz möminlərin əmiri üçün dua edirəm, Allahdan ona müvəffəqiyyət, kömək və düzgün qərarlar verməyə yönəltməsini diləyirəm. Dövlət başçısı üçün dua etməyi özümə borc bilirəm, çünki əgər o islah olarsa, xalq da islah olunar. Beləliklə, bu duamla həm onun, həm də xalq üçün xeyir istəmiş oluram. Dövlət başçısı üçün dua etmək müstəhəb bir əməldir, bəyənilməyən deyil»[9].

Fudeyl ibn İyad (Allah ona rəhmət etsin) demişdir: “Əgər mənə desəydilər ki, yalnız bir duan qəbul olunacaq, mən bu duanı ancaq dövlət başçısı üçün edərdim”.

Ondan soruşdular: “Nə üçün, ey Əbu Əli?”

O dedi: “Çünki bu duanı özüm üçün etsəm, bu yalnız mənə fayda verəcək. Yox əgər bu duanı dövlət başçısı üçün etsəm, bu həm onun, həm xalqın, həm də bütün ölkənin xeyrinə olacaq”[10].

Əbdurrahman ibn Məhdi (Allah ona rəhmət etsin) demişdir: “Mən Süfyanın (əs-Səuri) belə dediyini eşitdim: “Həqiqətən, mən dövlət başçısının islahı üçün dua edirəm””[11].

İmam əl-Bərbəhəri (Allah ona rəhmət etsin) demişdir: “Əgər bir insanın dövlət başçısının əleyhinə dua etdiyini eşitsən, bil ki, o, nəfsinə uyan hava əhlidir. Yox əgər birisinin dövlət başçısının lehinə dua etdiyini eşitsən, bil ki, o, Allahın izni ilə Sünnə əhlidir”[12].

İmam Əbu Bəkr əl-İsmaili (Allah ona rəhmət etsin) demişdir: “Sünnə əhli dövlət başçısının, o, istər saleh olsun, istərsə də fasiq, arxasında qılınan cümə və digər namazları səhih sayırlar… Onlar onun müvəffəqiyyəti üçün dua etməyi özlərinə borc bilirlər”[13].

İmam ət-Tahavi (Allah ona rəhmət etsin) yazmışdır: “Biz hesab edirik ki, dövlət başçılarına və digər əmr sahiblərinə qarşı çıxmaq olmaz, hətta onlar zülm etsələr belə. Biz onların əleyhinə  dua etmirik və onlara müxalif olmuruq. Biz onların əmrlərinə tabe olmaq məsələsinə Allah tərəfindən bizə əmr edilmiş dini bir vəzifə kimi baxırıq. Biz onlara yalnız Allaha asi olan işlərdə itaət etmirik. Hesab edirik ki, dövlət başçısının afiyəti və islahı  üçün dua etmək vacibdir”[14].

İbn əl-Münəyyir (Allah ona rəhmət etsin) demişdir: “Rəvayət edilir ki, saleh sələflərdən biri zalım bir əmr sahibi üçün dua etmişdir.

Ona belə dedilər: Sən onun zalım olduğunu bildiyin halda onun üçün duamı edirsən?!

O cavab verdi: Bəli! Allaha and olsun ki, mən onun üçün dua edirəm! Çünki onun varlığı sayəsində Allah bizi ciddi bəlalardan qoruyur – əgər o olmasaydı, başımıza daha ağır müsibətlər gələ bilərdi”.

Daha sonra İbn əl-Münəyyir demişdir: “Zalım rəhbər üçün dua etmək lazımdır, xüsusilə də əgər insan öz duasında onun dindəki müvəffəqiyyətini, salamatlı­ğını və xeyrə nail olmasını diləyirsə”[15].

Bəzi alimlərin dövlət başçısı üçün dua etməyin bəyənilməməsi ilə bağlı sözlərinə gəlincə, bu ona məxsus olmayan sifətləri ona isnad etməyin icazəli olmaması ilə əlaqəlidir. Bunu ən-Nəvəvinin daha əvvəl qeyd etdiyimiz sözləri də sübut edir[16].

Yuxarıda qeyd edilənlərə əsasən aydın olur ki, dövlət başçısı üçün dua etmək qulu Rəbbinə yaxınlaşdıran bir ibadət növüdür, həmçinin onun dövlət başçısına verdiyi beyətin əməldə təsdiqidir. Bu onun hakimiyyətinə tabe olmağın vacibliyini göstərir. Bütün bunlara Qurani-Kərim və Sünnə­nin hökmləri də işarə edir ki, bu hökmlər şəriətə zidd olmayan bütün məsələlərdə dövlət başçısına tabe olmağı tələb edir. Bu, eyni zamanda, dövlət başçısına qarşı şəri dəlillərə əsaslanaraq göstərilən səmimiyyətin və xoşniyyətin təzahürüdür.

Müəllif: şeyx Muhamməd ibn Ğalib əl-Umari (Allah onu qorusun)

Tərcümə: Ramin Mütəllim

15/03/1447 h. — 07/09/2025 q.


[1] Muslim (1855)

[2] “Əl-Mufhim Limə Əşkələ min Təlxisi Muslim” (2/43).

[3] “Məcmu Fətava Muəlləfət Şeyx Əbdurrəhman İbn Nəsir əs-Sadi” (23/218) müxtəsər.

[4] “Məcmu Fətava Və Məqaləət Mutənəviə” (8/210).

[5] “Məcmu Fətava Və Məqalət Mutənəviə” (8/209).

[6] “Liqaat Bab əl-Məftuh”, səh. 671.

[7] Abdullah ibn Əhməd, “Kitab əs-Sünnə” (1/140).

[8] Əbu Bəkr əl-Xalləl, “əs-Sünnə” (1/84).

[9] Əbu Bəkr əl-Xalləl, “əs-Sünnə” (1/83).

[10] “Hilyət əl-Əuliyə” (8/91).

[11] “Əl-Cərh və ət-Tədil”(1/97).

[12] “Şərh əs-Sünnə”, səh. 51.

[13] “İtiqad Əhli əs-Sünnə”, səh. 55.

[14] İbn Əbi əl-İzz, “Şərh əl-Əqidə ət-Təhaviyyə”, səh. 344.

[15] İbn əl-Munəyyir, əl-İntisaf (6/119).

[16] Ət-Tahavi “Maraqi əl-Fələh” kitabına yazdığı şərhdə belə qeyd etmişdir (səh. 334): “Möminlər üçün dua etmək müstəhəbdir, dövlət başçısı üçün dua etmək isə – bu dua xeyrə dəvət və ədalət çərçivəsində olduğu müddətcə – icazəlidir. Amma dövlət başçısını ona aid olmayan sifətlərlə tərifləmək qadağandır”.

Daha əvvəl biz bu məsələyə dair görkəmli alim Əbu Batının sözlərini zikr etmişdik. O belə demişdir: “Dövlət başçısı üçün dua etmək lazımdır, mədh etmək yox – xüsusilə də ona məxsus olmayan sifətlərlə mədh edilməsi doğru deyil.” (“Əd-Durar əs-Saniyə”, 5/41)”.