Məqalələr Müsəlman hakimlərə münasibət Ramin Mütəllim

Dövlət başçısına beyət

Dövlət başçısına qarşı Quran və Sünnədə hasil olan dəlillərə və alimlərin yekdil rəyinə əsasən qəbul edilən hökmlərdən birinci ən vacibi ona beyət edilməsidir.

Dövlət başçısına beyət etmək onun vacib və zəruri haqlarından biridir. Üstəlik, rəhbərə beyət etmək şəriətin əsasını təşkil edən mühüm bir məsələdir.

Beyət – İbn Xəldunun (Allah ona rəhmət etsin) dediyi kimi: «Bu, rəhbərə tabe olmaq beyətidir ki, beyət edən kəs özünün və müsəlmanların işlərini qeyd-şərtsiz rəhbərə həvalə etməyi, həm sadə, həm də mürəkkəb işlərdə ona tabe olmağı öhdəsinə götürür».

Daha sonra İbn Xəldun özündən əvvəl yaşamış müsəlmanların vəziyyətini təsvir edərək belə deyir: «Rəhbərə beyət edərkən beyət edən şəxs əlini onun əlinin üstünə qoyur və bununla da öz beyətini təsdiqləmiş olur. Peyğəmbərdən j bizə gələn Sünnə budur»[1].

Dövlət başçısının beyət haqqını təsdiq edən dəlillər hansılardır?

Cavab: Dövlət başçısının beyət haqqına dair dəlillər Qurana, Sünnəyə və islam alimlərinin yekdil rəyinə (İcma) əsaslanır.

Qurana gəlincə, Uca Allahın aşağıdakı ayəsini dəlil olaraq göstərmək olar:

﴿إِنَّ الَّذِينَ يُبَايِعُونَكَ إِنَّمَا يُبَايِعُونَ اللَّهَ يَدُ اللَّهِ فَوْقَ أَيْدِيهِمْ﴾

«Həqiqətən sənə beyət edənlər Allaha beyət etmiş olurlar. Allahın Əli onların əllərinin üstündədir» (Quran, 48:10).

Bu ayədə Uca Allah Peyğəmbər j ilə onun hörmətli səhabələri arasında olan beyətə işarə etmişdir.

Həmçinin, beyətlə bağlı dəlillərə misal olaraq, Əbu Hureyrənin (Allah ondan razı olsun) əl-Buxari və Müslim tərəfindən rəvayət olunan hədisində Peyğəmbərin j belə deməsidir: «Vaxt gələcək rəhbərlər peyda olacaq və onların sayı getdikcə artacaq».

Səhabələr soruşdu: Bizə nə əmr edirsən? Peyğəm­bər j cavab verdi: «Birinci rəhbərə etdiyiniz beyətə sadiq olun, onların haqqını ödəyin, çünki Pak və Uca olan Allah rəhbərlərdən onların iqtidarına həvalə etdiyi xalqı necə idarə etdikləri barədə soruşacaqdır».[2] Peyğəmbərin «beyətə sadiq olun» sözlərində dövlət başçısı qarşısında götürülən öhdəliklərə və edilən beyətə əməl edilməsinin vacibliyi nəzərdə tutulur.

Dövlət başçılarının beyət haqqını, beyətin əhəmiy­yətini və rəhbər qarşısında götürülən öhdəliklərə əməl edilməsini ancaq Uca Allahın gözünü pərdələdiyi, Sünnəyə əməl etməkdə aciz buraxdığı və haqq dindən uzaqlaşdırdığı kəslər mübahisə mövzusuna çevirirlər. Bu insanlar Quran və Sünnədən uzaqlaşaraq Peyğəmbərin səhabələrinin (Allah onlardan razı olsun) yolu ilə getməyən kəslərdir.

İtaət və beyət haqqı olan bir dövlət başçısının iqtidarı altında yaşamaq istəməyən insanlar əslində yer üzündə anarxiyanın və fitnə-fəsadın çıxmasını arzulayan fitnəkarlardır. Dövlətin, rəhbərin və iqtidarın olmadığı bir ölkədə insanların rahat yaşaması mümkün deyil. Bu məsələdə, yəni rəhbərin mövcud olmasının vacibliyi məsələsində bütün islam təriqətləri ittifaq ediblər. Yalnız bəzi xəvaric firqələri buna müxalif olublar.

Beləliklə, insanların gündəlik həyatını tənzimləyən rəhbər olmadan onların rahat yaşaması mümkün deyil. Uca Allah dövlət başçılarının köməyi ilə insanların haqqını qoruyur və onları haqsızlıqdan mühafizə edir. Buna görə də Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: «Bilmək lazımdır ki, insanlar üzərində rəhbərin təyin edilməsi dində ən böyük zərurətlərdən biridir. Dövlət başçısı olmadan dini əhkamları icra etmək və rahat yaşamaq mümkün deyil».

Daha sonra Şeyxülislam öz sözlərinə belə davam edir: «Uca Allah yaxşılığı əmr edib pislikdən çəkindirməyi vacib etmişdir, lakin bunu ancaq iqtidar sahibi olan dövlət başçısı (tam şəkildə) həyata keçirə bilər. Eyni hal Allahın vacib buyurduğu cihad, ədalət məhkəməsinin qurulması, cümə və bayram namazları, məzlumlara yardım və zalıma qarşı cəza tədbirlərinin tətbiq edilməsi kimi ibadətin digər növlərinə də aiddir. Adıçəkilən bu ibadətləri ancaq əmr sahibi olan rəhbərlə həyata keçirmək mümkündür».

Sonra İbn Teymiyyə deyir: «Bununla əlaqədar alimlərimizdən bu sözlər nəql olunmuşdur: “Dövlət başçısı Allahın yer üzündəki kölgəsidir”. Həmçinin onlar belə deyərdilər: “Zalım rəhbərin hökmü altında keçirilən altmış il rəhbərsiz [fitnə-fəsad içində] keçirilən bir gecədən daha yaxşıdır”»[3].

Axı dövlət başçısı zalım olsa belə, Uca Allah onun vasitəsilə insanların həyatında nizam-intizam yaradır, onların problemlərini həll edir. Ölkə rəhbərsiz olarsa, bunun fitnələrə, anarxiyaya, qarşıdurmalara, qan tökülməsinə, davamlı xərc-mərcliyə səbəb olacağı şübhəsizdir.

Sözügedən beyət yalnız ölkənin mövcud müsəlman rəhbərinə edilir. Bu beyətin gizli və ya aşkar, müvəqqəti və ya daimi olmasından asılı olmayaraq, ölkənin mövcud rəhbərindən başqasına edilməsi icazəli deyil. Həmçinin hər hansı bir partiyaya, sektaya, cəmiyyətə, təşkilata, şəxsə və ya dini liderə və s. beyət etmək də qadağandır.

Beyət şəriətin əsasını təşkil edən bir məsələdir və onun Uca Allahın hökm və iqtidar verdiyi mövcud rəhbərdən başqasına edilməsi yolverilməzdir. Mövcud qanuni rəhbərdən başqasına edilən beyət batil və haramdır. İnsan nə qədər yüksək rütbəli, nüfuzlu, qüdrətli olsa da, şəriət baxımından ona beyət etmək olmaz.

Müsəlman rəhbərdən başqasına edilən beyət Quran və Sünnə baxımından etibarsızdır. Mövcud qanuni rəhbərdən başqasına beyət edilməsi haram olduğu kimi, rəhbərə edilən beyətdən imtina etmək də haramdır. Müsəlmanın öz müsəlman rəhbərinə beyət etməli olmadığına etiqad etməsi də caiz deyil. Peyğəmbər j demişdir: «Rəhbərə itaət etməkdən boyun qaçıran kəs Qiyamət günü Allahla bu əməlinə heç bir üzr olmadan görüşəcəkdir. Rəhbərinə beyət etmədən vəfat edən kəs cahiliyyət (İslamdan əvvəlki müşriklik dövrü) ölümü ilə ölmüş hesab edilir»[4].

Həmçinin peyğəmbər j demişdir: «Dövlət başçısını özünə rəhbər qəbul etmədən ölən kəs cahiliyyət ölümü ilə ölmüşdür.[5] Bu hədisi İmam Əhməd və başqaları səhih isnadla nəql etmişlər. Buna görə də İmam Əhmədin özü belə buyurmuşdur: «Dövlət başçısının saleh və ya fasiq olmasından asılı olmayaraq, hər bir müsəlman gecə yatağına girərkən «mənim rəhbərim var» inancı ilə gecələməlidir»[6].

İnsanların ayrı-ayrılıqda dövlət başçısının yanına daxil olub onun əlini sıxması beyətin etibarlığı üçün şərtdirmi?

Bu, heç bir halda beyətin etibarlılığı üçün şərt deyil. Sənin üzərinə vacibdir ki, dövlət başçısının beyət haqqının olduğuna inanasan, ona tabe olub itaət etmək lazım olduğu etiqadında olasan. Sən onu özünə şəri (qanuni) rəhbər qəbul etməyə və bu beyətin üzərimizə qoyduğu məsuliyyəti daşımağa borclusan. Sıravi müsəlmanlar mövcud dövlət başçısına beyət edən dövlətin vəzifəli şəxslərinə tabe olmalıdırlar.

Müəllif: Doktor Muhamməd ibn Ğalib əl-Umari (Allah onu qorusun)

Hazırladı: Ramin Mütəllim

29/4/1446 h. — 02/10/2024 q.


[1] Bax: «Müqəddimə İbn Xəldun», səh. 162

[2] Hədisi imam əl-Buxari (3455) və Müslim (1842) rəvayət etmişdir.

[3] «əs-Siyəsə əş-Şər’iyə», səh. 129

[4] Hədisi Müslim rəvayət etmişdir (1851)

[5] Hədisi Əhməd (16922), İbn Əbi ‘Asım «əs-Sünnə»də (1057), İbn Hibban öz «Səhih»ində (4554) rəvayət etmişlər.

[6] əl-Bərbəxari, «Şərh əs-Sünnə», səh. 56