2. Haqq: Dövlət başçısına qulaq asmaq və ona itaət etmək
İslamdan əvvəlki cahiliyyət dövründə yaşayan insanların adət-ənənələrinə görə birinə itaət etmək ayıb və acizlik hesab edilirdi. Bu adətlərə zidd olaraq İslam şəriəti dövlət başçısına qulaq asıb ona itaət etmək haqqını tanıdı, ətraflı izah etdi və qanuniləşdirdi. Belə ki, Uca Allah bu haqqı qanuniləşdirərək müsəlmanları birliyə çağırır və parçalanmaqdan çəkindirir. Qurani Kərim və Peyğəmbərin j sünnəsində bu haqqı (rəhbərlərə münasibət) təsdiq edən çoxsaylı dəlillər vardır. Qeyd edək ki, dövlət başçısına itaət etməklə bağlı hədislər bəzi islam alimlərinin qeyd etdiyi kimi mütəvatir[1] dərəcəsinə çatmışdır[2].
Qurandan dəlillər:
Uca Allah demişdir:
«Ey iman gətirənlər, Allaha itaət edin! Peyğəmbərə itaət edin və özünüzdən olan ixtiyar sahiblərinə» (Quran, 4:59)
Beləliklə, Uca Allah bu ayədə Allaha, Onun elçisinə, eləcə də ixtiyar sahiblərinə itaət etməyi əmr etmişdir.
İxtiyar sahibləri bir çox alimlərin[3] dediyi kimi dövlət başçıları və onların təyin etdikləri valilərdir. Bu ayədə diqqət çəkən vacib bir məqam vardır: Ayədə təkrarlanan «itaət edin» sözünə nəzər salsaq, Uca Allahın «Allaha itaət edin, Peyğəmbərə itaət edin» buyurduğunu görmüş oluruq. Lakin, «ixtiyar sahibləri» barəsində danışarkən Uca Allah – «ixtiyar sahiblərinə də itaət edin» deməyərək «və sizin aranızda olan ixtiyar sahiblərinə» ifadəsilə kifayətlənmiş, yəni Allaha və Onun elçisinə olan itaəti ixtiyar sahiblərinə itaətlə əlaqələndirmişdir. Bu ona dəlalət edir ki, dövlət başçısına ancaq Uca Allaha və Onun Elçisinə j itaətdə ziddiyyət təşkil etməyən işlərdə tabe olmaq lazımdır.
Şeyx İbn Baz (Allah ona rəhmət etsin) demişdir: «Uca Allah Ona və Onun Elçisinə itaət etməyi əmr etdi və bundan sonra «itaət edin» sözünü təkrarlamayaraq «və ixtiyar sahibinə» dedi. Çünki ixtiyar sahibinə itaət yalnız Allaha və Onun Elçisinə itaətə zidd olmayan işlərdə vacibdir. Allaha və Onun Elçisinə asi olaraq ixtiyar sahibinə günahda itaət etmək məsələsinə gəlincə, bu məsələdə kim olursa-olsun, insanlardan heç kəsə itaət etmək olmaz»[4].
İbn Qeyyim (Allah ona rəhmət etsin) belə demişdir: «Dövlət başçısına itaətə gəlincə, burada söhbət itaətin mütləq vacibliyindən getmir, çünki dövlət başçısına itaətin vacibliyi Allah Rəsuluna itaətlə zidd olub-olmamasından asılıdır. Buna görə də dövlət başçısına ancaq o işlərdə itaət edilir ki, orada Allah Rəsuluna asilik yoxdur»[5].
Sünnədən dəlillər:
Sünnədə Allahın yer üzündə iqtidar verdiyi dövlət başçılarına itaətin vacibliyinə işarə edən çoxsaylı dəlillər vardır. Bu dəlillərdən İbn Ömərin (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə Peyğəmbərin j belə dediyi nəql olunur: «Dövlət başçısına, günah etməyi əmr edənə qədər qulaq asmaq və itaət etmək vacibdir. Əgər o günah etməyi əmr edərsə, ona itaət edilmir»[6].
Həmçinin Ubadə ibn Samit (Allah ondan razı olsun) rəvayət etdiyi hədisdə demişdir: «Peyğəmbər bizi beyətə çağırdı və biz ona beyət etdik. Başqa işlərlə yanaşı, biz ona həm bizim üçün asan və əlverişli olan, həm də bizim üçün xoşagəlməz və çətin olan işlərdə ixtiyar sahibinə qulaq asıb itaət edəcəyimizə beyət etdik. Bizə qarşı haqsızlıq edilsə belə, ixtiyar sahibinə itaət edəcəyimizə və açıq-aydın dəlillərlə onda aşkar küfr[7] görmədiyimiz müddətcə itaətdən çıxmayacağımıza söz verdik»[8].
Gəlin bu hədisin mənası barədə fikirləşək – bizə dövlət başçısına qulaq asmaq və itaət etmək əmr edilmişdir:
- Çətin işlərdə də, asan işlərdə də;
- Həm rahat və qayğısız olan vaxtlarda, həm də xoşagəlməz və çətin olan vaxtlarda.
Yəni dövlət başçısına yalnız asan olan əmrlərin yerinə yetirilməsində tabe olmaq, çətin olan əmrlərin icrasında isə ona itaətsizlik etmək şəriətə uyğun tabeçilik hesab edilmir. Şübhə yoxdur ki, belə edən şəxs Uca Allahın möminlərə vacib etdiyi əhdə əməl etməmiş sayılır. Çünki Ubadə ibn Samitin bu haqda bizə dediyi kimi səhabələr Peyğəmbərə j beyət edərkən onlar belə söz verdi: «həm bizim üçün asan və əlverişli olan, həm də xoşagəlməz və çətin olan işlərdə ixtiyar sahibinə itaət edəcəyik. İxtiyar sahibi bizə haqsızlıq etsə belə, ona tabe olacağımıza söz verdik».
Əbu Hureyra (Allah ondan razı olsun) həmçinin Peyğəmbərin j belə dediyini rəvayət edir: «Mənə itaət edən Allaha itaət etmişdir, mənə asi olan Allaha asi olmuşdur. Mənim valimə[9] itaət edən mənə itaət etmişdir, mənim valimə asi olan mənə asi olmuşdur»[10].
Beləliklə, bu dəlillərə əsasən islam alimlərinin yekdil rəyinə görə günaha səbəb olan əmrlər istisna olmaqla, hər bir başqa işdə rəhbərə qulaq asmaq və ona itaət etmək vacibdir[11].
Qeyd edilən mövzuya dair saleh sələflərin saysız-hesabsız sözləri vardır. Bu ümmətin saleh sələfləri arasında istər Peyğəmbərin j səhabələri olsun, istər onların ardıcılları arasında sözügedən məsələ ilə bağlı heç bir şəkk və ixtilaf olmayıb. Əksinə, bu məsələdə onların hamısının etiqadı şəffaf və sarsılmaz idi. Buna görə də onların dövlət başçısına itaətin vacibliyini təsdiqləyən çoxsaylı ifadələrini görmək olar.
Deyə bilərik ki, yazılma tərzindən və həcmindən asılı olmayaraq bütün etiqad (əqidə) kitablarında bu mövzuya toxunulmuşdur. Əhli-sünnə imamları müsəlman dövlət başçılarına itaətin vacib olması məsələsini elə bir məsələ hesab edirdilər ki, onun vasitəsilə xarici, rafizi, mötəzilə və digər məzhəblərdən olan bidətçilərlə sünnə əhlini ayırd etmək mümkün idi. Bundan əlavə, rəhbərlərə itaətin vacibliyi ilə bağlı bütün mötəbər ilahiyatçı alimlərin yekdil rəyi əhli-sünnə imamları tərəfindən nəql olunub.
Yuxarıda deyilənlərin hamısı bu mövzunun nə qədər əhəmiyyətli və vacib olduğunu göstərir.
Peyğəmbərin j səhabələrindən başlayaraq sonrakı nəsillərdən olan imamların bu mövzudakı sözlərini diqqətinizə çatdırırıq:
1) Ubadə ibn Samit (Allah ondan razı olsun) nəsihət edərək demişdir: «Həqiqətən, sən həm sənin üçün asan və əlverişli olan, həm də xoşagəlməz və çətin olan işlərdə ixtiyar sahibinə qulaq asmalı və itaət etməlisən. Sənə qarşı haqsızlıq etsə belə, ona itaət et. İtaəti dilinlə təsdiq et və ixtiyar sahibində açıq-aşkar küfr görməyincə ona itaətdən kənara çıxma»[12].
2) Həsən əl-Bəsri (Allah ona rəhmət etsin) dövlət başçılarıyla bağlı belə demişdir: «Onların vasitəsilə beş ibadət həyata keçirilir:
- Cümə namazları
- Camaat namazları
- Bayram namazları
- Ölkə sərhədlərinin düşməndən mühafizəsi
- Cəzaların təyin edilməsi
Allaha and olsun ki, dövlət başçısının adil və ya zalım olmasından asılı olmayaraq o olmadan dini əhkamların həyata keçirilməsi mümkün deyil. Allaha and olsun ki, onların faydası həmişə zərərindən çoxdur. Allaha and olsun ki, öz dövlət başçısına itaət edənlərə ancaq həsəd aparmaq olar. Dövlət başçısının əleyhinə çıxıb ona tabe olmaqdan boyun qaçıran şəxs böyük nankorluq etmişdir»[13].
3) İmam Əhməd (Allah ona rəhmət etsin) demişdir: «Möminlərin əmirinin saleh və ya günahkar olmasından asılı olmayaraq ona qulaq asın və itaət edin.
- Əgər insanlar xilafəti idarə edən əmr sahibindən razı qalaraq onun ətrafına toplaşarsa, hamı ona qulaq assın və itaət etsin.
- Əgər o, hakimiyyəti zorla ələ keçirər və möminlər tərəfindən əmr sahibi kimi qəbul edilərsə, bu halda da ona qulaq asın və itaət edin»[14].
4) İmam Əli ibn əl-Mədini (Allah ona rəhmət etsin) buyurur: «Saleh və ya günahkar olmalarından, ölkəni insanların rəğbəti və razılığı ilə idarə etmələrindən asılı olmayaraq möminlərin əmirlərinə və rəhbərlərinə qulaq asmaq və itaət etmək vacibdir. Allaha və qiyamət gününə iman gətirən hər bir kəs rəhbərin saleh və ya günahkar olmasından asılı olmayaraq gecə yatağına girərkən – mənim rəhbərim var – inancı ilə gecələməlidir»[15].
5) Böyük alim ən-Nəvavi (Allah ona rəhmət etsin) demişdir: «Alimlər günah sayılmayan bütün işlərdə dövlət başçısına itaət etməyin vacib olması barədə həmfikirdirlər»[16].
6) Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir: «Allahın və Rəsulunun ixtiyar sahiblərinə itaətlə bağlı əmrinə gəlincə, bu, hər bir fərdə, hətta dövlət başçısının qarşısında bu öhdəliyi öz üzərinə götürməyən və beyət etməyən kəsə də vacibdir. Uca Allahın və Onun elçisinin buyurduğu beş vaxt namaz, zəkat, oruc, həcc və digər əməllərin yerinə yetirilməsi vacib olduğu kimi dövlət başçısına qulaq asmaq və itaət etmək də vacibdir»[17].
7) Hafiz ibn Rəcəb (Allah ona rəhmət etsin) demişdir: «Müsəlman əmirlərə qulaq asıb onlara itaət etməyə gəlincə, bununla dünyada xoşbəxtlik əldə edilmiş olur. Çünki əmirlərə itaət etməklə insanların gündəlik həyatı nizama salınır və onlar öz Rəblərinə arxayınlıqla ibadət edə və dini əhkamları yerinə yetirə bilirlər»[18].
Həmçinin alimlərin açıqlamalarına görə insanlar günahkar dövlət başçılarına belə itaət etməlidirlər. Rəhbərin günahları və nöqsanları ona qarşı çıxmağa əsas vermir. Əksinə, günah olmayan bütün işlərdə dövlət başçısına itaət etmək vacibdir. Həmçinin, ona itaət etməkdən tamamilə imtina etmək, onu rəhbər kimi tanımamaq və bununla da ona edilən beyəti pozmaq yolverilməzdir.
Görkəmli islam alimi İbn Baz (Allah ona rəhmət etsin) demişdir: «Əgər alim və ya dövlət başçısı sənə günah etməyi əmr edərsə, bu işdə ona itaət etmə, çünki onlara ancaq günah sayılmayan əməllərdə itaət edilir. Peyğəmbər j buyurmuşdur: «Xaliqə asi olaraq məxluqa itaət etmək olmaz»[19]. Lakin dövlət başçısı günah etsə belə, buna görə ona qarşı çıxmaq qadağandır. Əksinə, ona günah olmayan hər bir işdə qulaq asmaq, itaət etmək, ən gözəl şəkildə nəsihət etmək və onu qanuni rəhbər hesab etməyə davam etmək vacibdir»[20].
Digər böyük islam alimi İbn Useymin (Allah ona rəhmət etsin) demişdir: «O ki qaldı bəzi səfehlərin[21] “dövlət başçısı şəriətə tam əməl etmədikcə ona itaət etmək məcburiyyətində deyilik” sözlərinə, bu şəriətə tamamilə zidd olan yanlış fikirdir. Bu fikir, dövlət başçılarından Allahın əmrlərini tam şəkildə yerinə yetirmələrini tələb edən xavariclərin əqidəsidir. İslam tarixindəki çoxsaylı dəyişiklikləri nəzərə alsaq, şəriətə tam əməl edilməsi uzun müddətdir ki, baş vermir»[22].
İslam alimlərin yuxarıdakı sözlərindən aydın olur ki, dövlət başçısının əmrləri günah sayılmadığı müddətcə insanlar o əmrlərə tabe olmalıdırlar.
Eyni zamanda dövlət başçısına tabe olmaq onun gördüyü bütün işlərdə tam ədalətli olması şərti ilə müəyyən edilmir. Nə qədər ki, dövlət başçısı müsəlmandır, ona itaət edilməli və ona beyət etiqadı olmalıdır.
Hafiz ibn Əbdul-Bərr (Allah ona rəhmət etsin) günah olmayan bütün işlərdə dövlət başçısına tabe olmağın vacibliyini təsdiq edərək demişdir: «Günah olan əməllərdən başqa bütün işlərdə beyət etdiyiniz dövlət başçısına tabe olmalısınız. Çünki Allah Rəsulu j yalnız günah olmayan əməlləri icra etməyi əmr etmişdir. O dedi: “İnsan ancaq günah olmayan əməllərdə itaət etməlidir”[23]. Alimlərin yekdil rəyinə görə günah işlərdə heç kimə tabe olmaq olmaz»[24].
Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) belə buyurmuşdur: «Peyğəmbərin j açıqlamasından aydın olur ki, onun əmr sahibinə yalnız Allahın və Rəsulunun əmr etdiyi günah olmayan işlərdə itaət etmək vacibdir, bütün işlərdə deyil»[25].
Dövlət başçılarına tabe olmaq haqqında yuxarıda nəzərdən keçirilmiş bütün hədislər şəriətə zidd olmayan, yalnız icazəli məsələlərdə tabe olmağı əhatə edir.
Peyğəmbər j buyurmuşdur: «Məndən sonra zalım hökmdarlar peyda olacaq. Kim onlarla görüşüb, yalanlarını bəyənib, haqsızlıqda onlara kömək edərsə, o kəs məndən, mən də o kəsdən uzağam. Belə insan mənimlə hövzədə görüşməkdən məhrum olacaq. Kim onların yanında olmaqdan boyun qaçırar, haqsızlıqda onlara yardım etməz və yalanlarını rədd edərsə, o mənimlədir, mən də onunla. Bu şəxs mənimlə hövzədə görüşəcək»[26].
Bu hədis onu göstərir ki, «Dövlət başçısının etdiyi bidətləri insan bəyənməməlidir. Həmçinin o, sünnəyə zidd olan məsələlərdə rəhbərə itaət etməməli və günah işlərdə ona tabe olmamalıdır. Buna baxmayaraq, o, heç bir halda dövlət başçısına qarşı çıxmamalıdır. O, camaatla birlikdə dövlət başçısına tabe olmalı və günah olmayan bütün işlərdə ona itaət etməlidir. Beləliklə də o, dinini mühafizə edər, qan tökülməsindən çəkinərək dünya həyatında uğur qazanar və canını, namusunu və malını qorumuş olar»[27].
Yuxarıdakı fikirlər və sözlər dövlət başçısına itaət məsələsində mötəbər islam alimlərinin mənhəcinə (əqidə və yoluna) açıq şəkildə işarə edir. Bu mənhəcin əsas mənbəyi Quran ayələri və Peyğəmbərin (ona Allahın salamı salavatı olsun) səhih hədisləridir. Üstəlik, dövlət başçısına itaət etməyin məhz bu cür başa düşülməsi ümumi şəriət qaydalarına tam uyğundur. Bu qaydaların məqsədi müsəlman cəmiyyətinin rifahını qorumaqdır ki, bu da ancaq xalqın öz dövlət başçısı ilə əməkdaşlığı və anlaşması ilə əldə edilə bilər.
Müəllif: Doktor Muhamməd ibn Ğalib əl-Umari (Allah onu qorusun)
Hazırladı: Ramin Mütəllim
21/6/1446 h. — 22/12/2024 q.
[1] Mütəvatir hədislər — çoxsaylı rəvayətçi zənciri ilə çoxlu sayda insan tərəfindən nəql edilmiş hədislərdir. [Tərc. Qeyd]
[2] əl-Kittəni, «Nəzmu əl-Mutənasir fi əl-Hədis əl-Mutəvatir», səh. 160
[3] əs-Suyuti, «əd-Dar əl-Mansur» (2/573-574)
[4] «Məcmu Fətava va Məqalət Mutənəvviə» (2/141); həmçinin bax şeyx Sədinin bu ayət haqqındakı təfsirinə.
[5] «Zad əl-Muhacir ilə Rabih», səh. 40; həmçinin bax «Məcmu Fətəva Şeyxulislam» (10/266)
[6] əl-Buxari 2955, Muslim 1839
[7] Küfr-bəvax (aydın və aşkar küfr) heç kimdə şübhə doğurmayan və heç kimin ixtilaf etmədiyi açıq-aydın küfrdür. [Tərc. Qeyd]
[8] əl-Buxari 7055-7056, Muslim 1709
[9] Burada “mənim valim” ifadəsi xüsusi olaraq Peyğəmbərin j özü tərəfindən təyin edilmiş valini nəzərdə tutmur, yaxşılığı əmr edən və günahlardan çəkindirən hər hansı bir rəhbəri nəzərdə tutur. Buna eyni hədisin başqa rəvayətləri də dəlalət edir ki, Peyğəmbər j buyurmuşdur: «Hər kim əmr sahibinə itaət etsə, mənə itaət etmişdir», yəni “mənim əmr sahibim” sözü qeyd olunmamışdır. Fəthul-Baridə İbn Həcərin bu hədisin şərhlərinə bax. [Tərc. Qeyd]
[10] əl-Buxari 7137, Muslim 1835
[11] Qadı əl-İyad, «İkməl əl-Mulim» (6/240); İbn Muləqqin, «Təvdih şərh əl-Cəmi əs-Səhih» (18/64).
[12] İbn Əbi Şeybə, «Musənnəf» (8/614)
[13] İbn əl-Cəvzi, «Ədəbu Həsən əl-Bəsri», səh.121
[14] Əhməd, «Üsul əs-Sünnə» səh.42; həmçinin bax: Xalləl, «əs-Sünnə» (1/75)
[15] əl-Lələkai, «Şərh i’tiqad üsul əhli əs-Sünnə və əl-Camaa» (1/167)
[16] ən-Nəvəvi, «Şərh səhih Müslim» (12/237)
1 İbn Teymiyyə, «Məcmu əl-Fətava» (9/35)
[18] İbn Rəcəb, «Cəmi əl-Ulüm və əl-Hikəm» (1/262)
[19] Bu hədisin mətnini ət-Tabərani, «Mucəm əl-Kəbir»də (18/170) 381 sayı ilə, şeyx Albani isə “Səhihul-Cami”də 7520 sayı ilə hədisin səhihliyini təsdiq etmişdir. Həmçinin oxşar hədisi əl-Buxari və Müslim, habelə İmam Əhməd və Hakim 1095 və 5870 saylı hədis olaraq nəql etmişlər.
[20] İbn Baz, «Məcmu əl-Fətəva» (7/118)
[21] Fikir verin – şeyx onları səfeh adlandırdı.
[22] «Şərh Riyad əs-Salihin» (2/425)
[23] Hədisi əl-Buxari (7145) və Müslim (1840) rəvayət etmişlər.
[24] «ət-Təmhid» (23/277)
[25] «Əl-Cavab as-Səhih Li mən Bəddələ Din əl-Məsih» (2/234)
[26] Yuxarıdakı (15319) saylı hədisi Əhməd (3/399) və ət-Tirmizi (2259) rəvayət etmişlər. Şeyx Albani bu hədisi «Səhih ət-Tərqib və ət-Tərhib» adlı əsərində səhih adlandırmışdır (2/268).
[27] əl-Qal’i, «Təhzibu ər-Riyəsə və Tərtibu əs-Siyəsə», səh.117