Şeyx Saleh əl-Fovzan:
Sələfin MƏNHƏCİ faydalı elm, saleh əməl, din qardaşlığı, yaxşı və təqvalı işlərdə əlbir olmaqdır. Budur saleh sələfilərin mənhəci. O mənhəc ki, kim ondan tutunarsa, fitnələrdən və şərdən xilas olar, Allahın razılığını qazanar.
Uca Allah buyurur: “…Allah onlardan, onlar da Allahdan razıdırlar. (Allah) onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır…” (ət-Tövbə: 100).
Hər kəs altından çaylar axan cənnəti istəyir. Heç kəs cəhənnəmi, onun əzabını istəmir.
Lakin burada əsas məqam insanı cənnətə çatdıran və cəhənnəmdən qoruyan səbəblər götürməkdir. Bu səbəblər isə saleh sələfilərin mənhəcini (yolunu) tutub getməkdir.
İmam Malik (Allah ona rəhmət etsin) demişdir: “Bu ümmətin əvvəlini nə islah etmişdirsə, axırını da o islah edəcək.”
Ümmətin əvvəlini nə islah etmişdir? Əlbəttə Quran və Sünnə.
Demək bu ümmətin axırını yalnız Quran və Sünnə islah edəcəkdir. Allaha həmd olsun ki, Quran və sünnə mövcuddur, Allahın qoruması ilə qorunur. Uca Allah buyurur: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!” (Hicr: 9).