Sual: Bayram günü ediləcək müstəhəb əməllər hansılardır?
Cavab: Bayram günü müsəlmanlar orucu, təravihi və s. ibadətləri tam əda etdikləri üçün öz fərəhlərini təzahür etdirirlər. Bu da Allahın müsəlmanlara verdiyi böyük nemətlərdəndir. Bayram axşamı və səhəri bayram namazından öncə təkbir edilir. Sonra bütün müsəlmanlar bayram namazını qılmaq üçün şəhərin kənarında açıq bir ərazidə toplaşıb bayram namazını əda edirlər. Sonra böyük sevinclə geri qayıdır və bir-birlərini ziyarət edirlər. Bu gün hər kəs oruc ibadətlərinin bitməsinin əlaməti olaraq iftar edirlər.
(Şeyx İbn Cibrin).
Sual: Şəvval ayının daxil olmasını görəndən sonra, bayram namazından əvvəl nə etmək lazımdır?
Cavab: Belə olduqda çoxlu təkbir (Allahu əkbər), təhlil (Lə iləhə illəllah) və təhmid (əlhəmdulilləh) etmək lazımdır.
(Daimi dini araşdırmalar mərkəzi).
Sual: Bayram günü edilən təkbir və təhmid necə deyilir?
Cavab: Belə deyilir: Allahu əkbər Allahu əkbər lə iləhə illəllah, Vallahu əkbər Allahu əkbər və lilləhil həmd. Yaxud da belə deyir: Allahu əkbər Allahu əkbər Allahu əkbər lə iləhə illəllah, Allahu əkbər Allahu əkbər Allahu əkbər və lilləhil həmd.
(Daimi dini araşdırmalar mərkəzi).
Sual: Qadınlar bayram namazını qılmaq üçün evdən çıxa bilərlərmi?
Cavab: Bəli qadınlar bayram namazını qılmaq üçün evdən çıxa bilərlər. Bu haqda Buxaridə Ummu Atiyyədən Allah ondan razı olsun belə rəvayət olunur: “Bayram günü bizə də çıxmaq əmr olunurdu. Hətta bakirə qızları da bayram namazına çıxartmaq əmr olunurdu. Heyzli (aybaşı) olan qadınlar namazgahın yanında dayanar təkbirin səsinə təkbir edər, dualarla dua edər və bu günün bərəkətini Allahdan arzu edərdilər”. Başqa bir rəvayətdə isə deyilir ki, Peyğəmbər ona Allahın salavatı və salamı olsun bakirə, dul, aybaşı və başqa qadınları iki bayram zamanı evlərindən çıxardardı. Aybaşı qadınlar namazgaha daxil olmazdılar sadəcə bu xeyiri və müsəlmanların dualarını müşahidə edərdilər. Ummu Atiyyə dedi: Ya Rəsuləllah bizlərdən birinin geyəcək bir şeyi olmazsa nə etsin? Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurdu: “Bacısı onu geyimlə geyindirsin”. Amma buna baxmayaraq qadınlar ətir vurmaqdan, kişilərin arasına daxil olmaqdan, cəlbedici geyimlərdən və s. uzaq olmalıdırlar.
(Daimi dini araşdırmalar mərkəzi).
Sual: Bayram günləri yaxud müəyyən münasibətlə məscidləri bəzəmək olarmı?
Cavab: Məscidlər Allahın evləridir və bu evlər yer üzünün ən xeyirli parçalarıdır. Allah bu evləri Ona şərik qoşmadan əzəmətli tutmağı əmr etmişdir. Bu evlərin əzəmətli tutulması burada Allahı zikr etmək, Onun üçün namaz qılmaq, insanlara dini öyrətmək, şirkdən, küfrdən, bütlərdən, pisliklərdən, nəcasətlərdən və s. bu kimi şeylərdən çəkindirməklə olur. Həmçinin bu evlər boş-boş söhbətlərdən, oyunlardan, söyüşlərdən, yüksək səslə danışmaqdan, və s. bu kimi küçə mənşəli əxlaqlardan, qəbirstanlığa çevrilməkdən tənzih edilməlidir. Bu evlərdə şəkil asmaq, divarlara rəsmlər çəkmək və şirkə səbəb olan bu kimi şeylər etmək olmaz. Çünki adı çəkilən şeylər məscidlərin tikilmə səbəblərinə təmamilə ziddir. Biz məscidlərə hörmətlə yanaşmaq mövzusunda ibrət olaraq Peyğəmbəri ona Allahın salavatı və salamı olsun, onun əshabını xüsusən də dörd xəlifəni ideal tutmalıyıq. Belə olduqda biz Peyğəmbər və onun əshabından müəyyən münasibətlər və bayramlarda məscidləri bəzəmək və işıqlandırmaq və s. görmərik. Həmçinin məscidlərin üzərinə hansısa münasibətlə bayraqlar asmaq, içərisinə bəzək vurmaq və s. bir növ xaçpərəstlərin etdikləri əməllərə bənzəyir. Bizə isə xaçpərəstlərə oxşamamaq əmr olunub.
(Daimi dini araşdırmalar mərkəzi).