Şeyx Muhamməd ibn Salih Useymin (Allah ona rəhmət etsin) öz xütbəsində şaban ayına dair hökmlərin altı məsələsinə toxunmuşdur. Bu məsələləri sizə müxtəsər təqdim edirik:
Şeyx Muhamməd ibn Salih Useymin (Allah ona rəhmət etsin):
«Ey müsəlmanlar, həqiqətən, şaban ayı başladı, odur ki, bu ay barədə danışaq və onunla bağlı hökmləri altı məsələdə sadalayaq. Uca Allahdan bizə və sizə faydalı elm və saleh əməllər nəsib etməsini diləyirik.
- Şaban ayında oruc tutmaq
Sual: Şaban ayında tutulan oruc digər aylarda tutulan orucdan fərqlənirmi?
Cavab: Bəli, Peyğəmbər j bu ayda çox oruc tutardı. Hətta demək olar ki, bəzi günlər istisna olmaqla bütün ayı oruc tutardı. Buna görə də sünnədəndir ki, insan Rəsulullahdan (ona və ailəsinə Allahın salavat və salamı olsun) nümunə götürərək şaban ayında bacardığı qədər çox oruc tutsun.
- Şaban ayının ortasında (ayın 15-ci günündə) oruc tutmaq
Şaban ayının ortasında (15-ci günü) tutulan oruca dair Peyğəmbərdən gəldiyi təsdiq olunmayan zəif hədislər mövcuddur və onlar dəlil olaraq göstərilmir. Çünki, Peyğəmbərdən gəldiyinə dair səhihliyi təsdiq olunmayan əməllərlə Allaha ibadət etmək caiz deyil. Beləliklə, şaban ayının ortasında (15-ci günündə) oruc tutmaq Peyğəmbərdən nəql edilməmişdir. Səhihliyi təsdiq olunmayan bütün ibadətlər bidətdir.
- Şaban ayının ortasındakı gecənin fəziləti.
Şaban ayının ortasındakı gecənin fəzilətinə gəlincə, Peyğəmbərdən j olduğuna dair səhihliyi təsdiq olunmayan zəif hədislər rəvayət olunmuşdur. Odur ki, şaban ayının ortasındakı gecə rəcəb, rabi, cəmadiyyə və ya hər hansı başqa ayın ortasındakı gecə ilə eynidir və onlardan heç nə ilə fərqlənmir. O, digər bütün gecələr kimidir, çünki bununla bağlı rəvayət edilən hədislər zəifdirlər.
- Şaban ayının ortasındakı gecənin gecə namazlarına (qiyamul-leyl) qalxaraq fərqləndirilməsi
Bu bidətdir, belə ki, Peyğəmbərin j bu gecəni xüsusən fərqləndirərək namaz qılıb ibadətlə keçirdiyinə dair hədis rəvayət edilməyib. Xeyr, bu gecə digər bütün gecələr kimidir.
Əgər kimsə adətən gecə namazları qılırsa, qoy bu gecə də digər gecələrdə etdiyi kimi qalxıb gecə namazlarını qılsın. Lakin o, adətən gecə namazlarını qılmırsa, bu halda şaban ayının ortasındakı gecəni namaz qılaraq fərqləndirməməlidir, belə ki, bu Peyğəmbərdən j rəvayət edilməyib. Üstəlik, bəzi insanlar müəyyən sayda rəkat qılmaqla bu gecəni fərqləndirirlər ki, bu da Peyğəmbər j nəql edilməyib. Odur ki, biz də bu gecəni gecə namazlarına qalxaraq fərqləndirməməliyik.
- Şaban ayının ortasındakı gecə Qədr gecəsi olurmu?
Cavab: Xeyr, o, Qədr gecəsi deyil. Qədr gecəsi Ramazan ayında olur. Uca Allah buyurur:
«Biz Quranı Qədr gecəsində nazil etdik. Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir» (Quran, 97:1-3).
Həmçinin, Uca Allah buyurur:
«Quran Ramazan ayında nazil edilmişdir…» (Quran, 2:185).
Odur ki, Qədr gecəsi ramazan ayına düşür, bu Allahın Quranı nazil etdiyi gecədir, Quran isə ramazan ayında nazil olmuşdur. Məlumdur ki, Qədr gecəsi başqa hər hansı ayda deyil, məhz ramazanda olur. Buna görə də şaban ayının ortasındakı gecə Qədr gecəsi sayılmır və bu gecə gələn il nə olacağı müəyyən edilmir. Əksinə, bu gecə digər gecələr kimidir.
- Şaban ayının ortasında yemək-içməyin hazırlanması
Bəzi insanlar şaban ayının ortasında yemək-içmək hazırlayır və kasıblara paylayaraq belə deyirlər: “Bu şam yeməyi sizə anamın adındandır”, “ bu şam yeməyi atamın adındandır”, “bu şam yeməyi valideynlərimin adından”. Belə etmək də bidətdir, çünki Peyğəmbər j və səhabələrin belə etdikləri rəvayət edilməyib.
Bunlar sadaladığım altı məsələdir, amma yəqin ki, bilmədiyim və izah etmək istədiyim başqa məqamlar da var. Uca Allahdan bizi və sizi Sünnəni yayan və bidətlərdən çəkindirən, haqq yolda olan və Peyğəmbərin j yolu ilə gedənlərdən etməsini diləyirəm. Həqiqətən, bu yol ən xeyirli yoldur. Peyğəmbərimizin j cümə xütbəsində buyurduğu kimi: “sonra şübhəsiz ki, ən yaxşı söz — Allahın kitabı, ən xeyirli yol — Muhəməddin yolu, ən pis əməl — bidət, hər bidət isə zəlalətdir”».
Şeyx Muhamməd ibn Salih Useymin (Allah ona rəhmət eləsin)
Hazırladı: Ramin Mütəllim
Tarix: 7/8/1444 h.t. = 27/02/2023 m.t.