Ramazan ayına hazırlıq olaraq şaban ayında müsəlmanın edə biləcəyi əməllər
Birinci: Şaban ayında oruc tutmaq
Oruc tutmaq baxımından şaban ayı digər aylardan fərqlənirmi?
Cavab: Bəli, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) “Şaban ayının əksər günlərini oruc tutardı.”
Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) örnək tutaraq şaban ayında daha çox oruc tutmaq lazımdır.
Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Ramazan və rəcəb ayı arasında əksər insanların qafil olduqları bir ay vardır. Bu ayda insanların əməlləri aləmlərin Rəbbinə qalxır. Mən də istərdim ki, mənim əməllərim qalxanda oruclu olum.” (Nəsai rəvayət etmişdir. Şeyx Albani səhih olduğunu demişdir).
İkinci: Şaban ayının on beşinci gününü oruc tutmaq
Şaban ayının on beşinci gününü oruc tutmaq haqqında zəif hədislər nəql edilmişdir. Bu hədislərə riayət etmək düzgün deyil. Çünki Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) səhih yolla nəql edilməyən rəvayətə əsaslanaraq ibadət etmək olmaz.
Buna görə şaban ayının on beşinci gününü məxsusi oruc tutmaq düzgün deyil. Çünki Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə etməsi təsdiqini tapmamışdır. Təsdiqini tapmayan əməli etdikdə isə bidət olur.
Üçüncü: Şaban ayının on beşinci gecəsinin özəlliyi
Şaban ayının on beşinci gecəsinin özəlliyi haqqında rəvayət olunan hədislər zəifdir. Bu haqda Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) səhih rəvayət nəql edilməmişdir. Bu əsasla demək olar ki, şaban ayının on beşinci gecəsi digər ayların on beşinci gecəsi kimidir. Şaban ayının on beşinci gecəsinin heç bir özəlliyi yoxdur. Çünki bu haqda deyilən hədislərin hamısı zəifdir.
Dördüncü: Şaban ayının on beşinci gecəsində xüsusi ibadət etmək
Bu ayın on beşinci gecəsini hər hansı ibadətə məxsus etmək bidətdir. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) belə etməsi haqqında doğru məlumat yoxdur. Bu gecə xüsusi ibadət növü yerinə yetirmək bidətdir. Bu gecə digər gecələr kimi adi bir gecədir. Əgər insan gecə namazı qılmağa adət edibsə, həmin gecə də ibadət edə bilər. Əgər gecə namazı qılmaq adəti deyilsə, bu gecə üçün qalxıb gecə namazı qılmasın. Çünki belə etmək Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun) nəql edilməmişdir.
Daha qəribə olan isə budur ki, bəzi insanlar bu gecədə müəyyən sayda gecə namazı qılırlar. Halbuki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə bir ibadət etməmişdir.
Beşinci: Qəza-qədər şaban ayının on beşinci gecəsi təyin edilirmi?
Xeyr, bu gecə qədr gecəsi sayılmadığı üçün, qəza-qədər də bu gecədə yazılmır. Qədr gecəsi ramazan ayında olur. Uca Allah buyurur: “Biz onu (Quranı) qədr gecəsi nazil etdik. Heç bilirsənmi qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir.” (əl-Qədr surəsi, 1-3-cü ayələr). Digər ayədə isə belə deyilir: “… Quran ramazan ayında nazil olmuşdur.” (əl-Bəqərə surəsi, 185-ci ayə).
Bu əsasla deyə bilərik ki, Qədr gecəsi ramazan ayındadır. Çünki bu gecə Quranın nazil olduğu gecədir. Quran isə ramazan ayında nazil olmuşdur. Buna görə qədr gecəsinin ramazan ayında olması mütləqdir. Şaban ayının on beşinci gecəsi isə qədr gecəsi ola bilməz. Bu gecə digər gecələrdən heç nə ilə fərqlənmir.
Altıncı: Şaban ayının on beşinci gecəsi xüsusi qidalar hazırlamaq
Bəzi insanlar şaban ayının on beşinci gecəsi xüsusi qidalar hazırlayır, atasının, anasının, yaxud hər iki valideyninin adından kasıblara paylayırlar. Bu əməl də bidətdir. Çünki nə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) nə də əshabələri belə bir əməl etməyiblər.
Sizə xatırlatmaq istədiyim mühüm məqamlar bunlardır. Allah bizləri Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) təlimlərini (sünnəni) təbliğ edən, bidətlərdən çəkindirən bəndələrdən etsin. Bizi Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yolu ilə gedənlərdən etsin. Çünki ən xeyirli yol odur. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) cümə xütbələrində belə deyərdi: “Ən doğru kəlam Allahın kitabıdır, ən düzgün yol Muhəmmədin yoludur. Ən şər əməllər isə bidətlərdir. Hər bidət isə zəlalətdir.”
“Sələf Xəbər” redaksiyası tərəfindən hazırlanmışdır.