- Şeyx son vaxtlar mətbuatda Əbu bəkr məscidinin açılacağı haqqında məlumatlar yayılmaqdadır.
Məsələ ilə bağlı öz təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi?
Bismilləhir Rahmənir Rahim.
Əlbəttə məscidin fəaliyyəti tam bərpa edilməlidir. Çünki bu məsciddə radikallığa qarşı böyük iş görülüb. Məscidin bağlı olması heç də hökumətin xeyrinə deyil. Bunu təkcə dini nöqteyi nəzərdən yox, həm də insanların rahatlığının təmin edilməsi baxımından zəruri hesab edirəm.
Etiraf etmək lazımdır ki, şəhərimizdə əhli-sünnə üçün ayrılmış məscidlər çox azdır. Bu səbəbdən də cümə namazında çox sıxlıq müşahidə olunur. Məscidimiz açılsa izdihamı xeyli azaltmaq olar. Həmçinin məscidlə ətrafında yaranmış tıxacların da qarşısı alınacaq. Bu gün əhli-sünnənin cümə namazı qıldığı məscidlərin qarşısında böyük tıxaclar yaranır. Amma bu məscid açılsa, digər məscidlərdə sözün hər mənasında rahatlıq artacaqdır.
Ona görə də bu, düzgün addımdır, biz də bu addımı dəstəkləyirik. Biz bunu uzun müddətdir ki, səbirlə gözləyirdik.
Onu da deyim ki, Əbu Bəkr məscidi heç vaxt bağlı olmayıb, sadəcə olaraq məhdudiyyət qoyulub. Az sayda adamın burada namaz qılmasına icazə verilib. Hal-hazırda bəzi dövlət nümayəndələrinin məscidin açılması ilə bağlı rəsmi çıxışları tərəfimizdən xoş qarşılanır. Təbbi ki, bu məscidin açılmamasını arzu edənlər çoxdur. Ələlxüsus bu radikal düşüncəli insanların arzusudur. Çünki bu məscid həmişə radikallara qarşı mübarizə aparmışdır. Elə buna görə də radikallar tərəfindən terror hücumuna məruz qaldı.
- Bəzi mətbu orqanları bu xəbəri xoş qarşılamayıblar. Onlar iddia edirlər ki, Əbu Bəkr məscidinin fəaliyyəti nəticəsində “vəhabilik” yayılıb və minlərlə gənc cihad adı ilə ölkə xaricinə gedib orada ölüblər. Məgər Əbu Bəkr məscidində bunlar təbliğ olunub?
Deyirlər ki, məscid daxilində çəkişmələr çox olub və bunun nəticəsində orada terror aktı törədilib. Bu nə dərəcədə doğrudur?
Bilirsiniz, gülməli olan da budur ki, bəzi kəmsavad jurnalistlər məscidi radikal hesab edir və bu problemləri məscidin daxili çəkişməsi kimi qələmə vermək istəyirlər.
Amma bütün bunlar yalandır. Allaha şükür olsun ki, məscid 1998-ci ildən fəaliyyət göstərir və ilk gündən radikallıqla mübarizə aparır. Məsciddə radikallığa qarşı aparılmış mübarizə səbəbi ilə nə qədər insan Çeçenistana və Suriyaya getmək fikrindən daşınmış, radikal düşüncələrdən azad olmuşdur. Çox təəssüf olsun ki, bəzi “jurnalistlər” savadsızlığından, bəziləri isə hansısa marağa xidmət etdiyindən məscidimiz haqqında qərəzli fikirlər söyləyir, bizi cəmiyyətə pis obrazda təqdim edirlər. Amma bütün bunlar hamısı qara yaxmadır, ağ yalandır. Allaha şükürlər olsun ki, biz öz əməlimizlə doğruluğumuzu sübut etmişik. Biz elə radikallığa qarşı mübarizə apardığımız üçün hücuma məruz qalmışıq. Sonra savadsız və ya qərəzli “jurnalistlər” çıxıb deyirlər ki, “biz radikallığı təbliğ edirik”.
Kəmsavad və ya kimə xidmət etdiyi bəlli olmayan “jurnalistlər” dərk etməlidirlər ki, bu problem dünyanın hər yerində vardır. Radikal fikirlər sosial şəbəkələr vasitəsi ilə rahat şəkildə təbliğ edilir.
İndi sual olunur: Nə üçün Amerikadan, Fransadan və digər qərb ölkələrindən insanlar gedib radikal dəstələrə qoşulurlar?!
Əlbəttə ki, burada sosial şəbəkələr üzərindən təbliğat amili vardır və bu amil güclü təsirə malikdir.
- Hər kəs bilir ki, siz daim öz vəz və dərslərinizdə radikallığa qarşı çıxış edib, ölkə rəhbərliyinə itaətə çağırmısınız.
Siz öz ədalətli mövqeyinizi mətbuata çatdırmaq üçün nə deyə bilərsiniz?
Əbu Bəkr məscidi heç vaxt dövlətin əleyhinə olmayıb, əksinə biz daim əminamanlığın tərəfdarı olmuşuq. Əminamanlığı pozan, dövlətçiliyə qarşı hər bir əməlin əleyhinəyik. Bu bizim yolumuzdur, əqidəmizdir.
Biz bunu göstəriş üçün demirik, bu, tam səmimiyyətlə deyilən bir sözdür.