Məqalələr Ümumi tərbiyə

Sabirabad hadisəsi: Fitnə zamanı nə etməli?

Fitnə, bəla, müsibət Allah Təalənin fərdlər və millətlərə yazdığı qanunlardandır. Elə bir xalq yoxdur ki, ona bir müsibət və çətinlik üz verməsin. Elə bir insan və ya fərd yer üzərində yaşamıyıb ki, həyatının hansısa dövründə fitnəyə və ya bəlaya düçar olmasın!

Allah Təalə Qurani-Kərimdə buyurur: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır.” (“Mülk” sürəsi, 2-ci ayə).

Bunların hər birinin başımıza gələciyini bilərək, fitnə və müsibət zamanı nə etmək lazım olduğunu öyrənmək labüddür.

Çünki, Quran və Sünnəyə , eləcədə elm əhlinin nəsihətlərinə, adi zamanlarda müraciət etmək lazımdırsa, fitnə zamanı buna daha çox ehtiyac var.

Allah Təalədən bizi haqqı eşidib, oxuyub bundan ibrət alanlardan etməsi diləyi ilə fitnə zamanı nə etmək lazım olduğunu bəyan edirik:

1. Dua
Dua müsəlmanın fitnədən qorunması üçün ən mühüm qalxanı və zirehidir. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Muslimin rəvayət etdiyi hədisdə ümmətinə buyurur: “Allahdan bütün zahiri və batini fitnələrdən sizi qorumasını istəyin!” (Muslim 129).

2. Səbr
Uca Allah Quranda buyurur: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır.” (“əl-Bəqərə” sürəsi, 155-157-ci ayələr).

Əbu Sələbə əl-Xuşani (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dedi: “Irəlidə səbr edəcəyiniz günlər gələcəkdir. Həmin günlərdə sünnəyə sarılan bir insan sizdən əlli insan savabını qazanır.” “Ey Rəsulallah, onlardan əlli insan deyilmi?” dedilər. O da: “Əksinə, sizlərdən əlli insan savabını qazanır” buyurdu. Əbu Davud, 4341; Şeyx Albani “əl-Sahihə, 494” əsərində hədisi səhih olduğnu demişdir.

3. İbadət və yaxşı əməl etmək
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Fitnə zamanı ibadətlə məşğul olmaqda, Allah yolunda hicrətin savabı vardır”. (Muslim 2948)

İbn Rəcəb bu hədisi şərh edərək deyir: “Fitnə zamanı insanlar ancaq öz nəfslərinə uyğun hərəkət edərək Allahın dinindən uzaq düşərlər. İnsanların halı cahiliyyə dövrünün halına, Allaha və onuna dininə dönərək ibadət edənlər isə o cahiliyyə dövründən hicrət edərək Rəsulullahın yanında iman edib köçən birinə bənzəyər!”

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) özü də nə zaman pis nə isə baş verərdisə, dərhal namaza sarılardı.

4. Yaxşı zənn etmək
Yaxşı zənn etmək müsəlmanlara əmr olunan hökümlərdəndir. Allah Taala quranda buyurur: “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır.” (“Hucurat” sürəsi, 12ci ayə).

Heç şübhəsiz ki, fitnə zamanı müsəlman hər eşitdiyi sözə inanmamalı, hər deyilənə görə pis zənnə qapılaraq bunun üzərinə hərəkət etməməlidir! Bir fitnə baş verdikdə onun böyüməsində, daha da kəskinləşməsində pis zənnə qapılmanın təsiri olduqca böyük olduğundandır ki, dinimiz zənnə qapılmaqdan bizi çəkindirir.

Başqa bir ayədə isə Uca Allah hər eşidilən xəbərə, hər söylənilən sözə nə cür munasibət göstərmək lazım olduğunu bildirərək buyurur: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” (“Hucurat” sürəsi, 6-cı ayə).

5. Ümidli və nikbin olmaq
Həyat yolları nə qədər keşməkeşli olsa da, üzləşdiyi fitnənin həcmi böyük və qarşılaşdığı sınağın ciddi olmasından asılı olmayaraq müsəlman bədbin və Rəbbindən naümid olmamalıdır. Allah Quranda buyurur: “Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (“Yusif” sürəsi, 87-ci ayə).

6. Millətə və ümmətə görə şəxsi xeyrini qurban verməyi bacarmaq
Bunun parlaq nümunəsini “Hüdeybiyə” sülhü zamanı Peyğəmbər (Allahın ona salavat və salamı olsun) timsalında görüruk. O zaman Məkkə müşriklərinin diktə etdiyi olduqca sərt, ədalətsiz müqaviləyə, Rəsulullah (Allahın ona salavat və salamı olsun) Allahın dininə görə mübarək əli ilə imza atdı. Tarixçilər bu hadisənin islamda dönüş nöqtələrindən biri olduğunu qeyd edirlər.

7. Elm əhlinin, nüfuzlu ağsaqqalların öyüd və nəsihətlərinə qulaq asmaq
Heç şübhəsiz ki, elm sahibləri ilə digərlərinin məsələlərə baxışı, nəzər-nöqtəsi bir ola bilməz. Dinimiz bizlərə hər zaman elm əhlinə müraciət etməyimizi tövsiyə edir.

Allah Təalə buyur: “Əgər bilmirsinizsə, zikr (elm) əhlindən soruşun!” (“Nəhl” sürəsi, 43-cü ayə).
Kitab və müəllimdən öyrənilən elmlə yanaşı yaşamla, həyati təcrübə ilə qazanılan elm və təcrübə vardır ki, bu dünyagörmüş ağsaqqaldan soruşulur.

8. Yumruq kimi bir olaraq rəhbərin (dövlət başçısının) ətrafında birləşmək
Heç şübhəsiz ki, fitnədən qurtulmanın ən gözəl yolu rəhbərin əmri altında bir toplum olmaqdır. Bu halda istənilən fitnəyə və müsibətə sinə gərmək mümkündür. Belə olduğu halda Allah zəfəri və qələbəni o millətə bəxş edir.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurur: “Allah birlik olan camaatladır” (Tirmizi 1848)

Bu qısa və tələsik nəsihətləri yazmağa bizi sövq edən amillərdən biri, bu günlərdə sosial şəbəkələrdə yayımlanan hadisə ilə bağlıdır. Sabirabad rayonunda baş verən bu hadisə özünü bilməz, qanunu qanmaz bir neçə şəxs tərəfindən digər bir Azərbaycan vətəndaşına qarşı törədilmişdir.

Bu cür əməlləri sağlam düşüncəli, uzaqgörən xalqımız hər zaman qınamış və hər zaman da qınayacaqdır!
Gəlin bu hadisəyə yuxarıda qeyd olunan qaydalar kontekstindən baxaq. Öyrəndiyimizi əməli işdə tətbiq edək! Çünki, insanlar çox zaman nəyisə öyrənib bilsələr də, tətbiqə gəlincə buna əməl etmirlər.

Beləliklə:

Uca Allaha dua edirik ki, bizi və ölkəmizi fitnədən qorusun!
Səbr və təmkinlə davranaraq, ibadətimizi gücləndiririk ki, Allaha daha yaxın olmaqla, Onun izni ilə fitnəyə qalib gələk.
Hər deyilən sözə fikir veməyərək, bu problemin dinimizə və ölkəmizə fayda verəcək şəkildə həll olacağına ümid edirik.
Nəfsimizə xoş gəlsə belə, dinimizə zidd olan, özümüzə xələl gətirə biləcək davranışlardan hər zaman çəkinirik.
Dövlətimizin birlik, bərabərlik və tolerantlıq kimi məsələlərə nə qədər həssas yanaşdığını bildiyimizə görə, bu qəbildən olan bütün xələlgətirici hadisələrin qətiyyətlə qarşını alacağına inanırıq.
İnanırıq ki, həmişə olduğu kimi aidiyyatı qurumlar məsələni obyektiv araşdıracaq, xəta edənlərə qarşı lazımi tədbirlər görəcəkdir.
Allah bizi və bütün müsəlmanları hər cür pis əməllərdən qorusun! Amin!

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb