Ey möminlər, Allahdan layiqincə qorxun.
Ey Allahın bəndələri, müqəddəs adların sahibi Uca və nöqsansız olan Allah, tövbə edən bəndələrini sevir. O kəsləri ki, şəriətə zidd bir iş gördükdə, laqeydlik göstərdikdə, yaxud vacib əməli tərk etdikdə dərhal, gecikmədən ona qayıdar, Rəbblərinin hüzurunda gözəl tövbə edərlər. Həqiqətən də uca Allah tövbə edənləri və pak olanları sevir. Peyğəmbəriniz Muhamməd (Allahın salavatı və salamı üzərinə olsun) hər bir adəm övladının səhv etdiyini demişdir. Bu haqda səhih hədisdə deyilir ki,
“Hər bir adəm övladı günah edəndir. Günah edənlərin ən xeyirlisi isə tövbə edənlərdir” (hədisi imam Tirmizi (№ 2499) və İbn Macə (№ 4251) Ənəsdən rəvayət etmişdir.).
Doğrudan da adəm övladı öz nəfsinə qarşı çox zülm edir. Ola bilər o, öz şəhvətinə, dünya sevgisinə olan bağlılığına görə axirəti unutsun, bu gün və ya o gün ona fayda və ya zərər verəbiləcək işlərə önəm vermədən tam şəkildə dünyaya bağlansın. Təbii ki, bu, bəşər övladının zəif nöqtəsidir.
Ey möminlər, bizim hər birimizin səhvi, xətası, hətta vacib buyurulan əməllərə qarşı laqeyd münasibəti, haram işlərə təcavüzü vardır. Hər birimizin özünə görə naqisliyi mövcuddur. Hər birimiz öz hal-vəziyyətinə görə müəyyən qədər qəflətdədir. Hər birimizin öz bildiyi naqislikləri mövcuddur.
İndi biz bu səhvlərimizi, xətalarımızı, günahlarımızı, laqeydliklərimizi və naqisliklərimizi davammı etdirməliyikmi?! Yaxud, biz ətrafımızdakıların bu naqisliklərini düzəltməmək, islah etməməliyikmi?! Yoxsa müsəlman bəndə öz nəfsini Allaha itaətə təşviq etməməkdə davam etməlidir?! Bizim hər birimiz günah edirik. Günah edənlərin ən xeyirlisi isə tövbə edənlərdir.
Ona görə elm adamları demişlər ki, günahların, şəriətin əmlərinə laqeyd yanaşmağın və qadağaları etməyin qarşısını aşağıdakı üsullarla almaq mümkündür:
İnsan, ona vacib olan əhkamları, Allahın onun üzərində olan haqqını öyrənməlidir. Əgər o, Allahın ona əmr etdiyi əmrləri, Rəbbi qarşısında boynuna düşən vacibləri bilərsə heç vaxt o, Allaha asi olmaz, onun buyurduqlarına laqeydlik göstərməz. Doğrudan da Allahı, Onun ad və sifətləri ilə tanımaq insanın qəlbini yumuşaldır, Allahı uca tutmasına səbəb olur. Nəticədə insan saleh əməllərə bağlanır. Saleh əməllərə bağlandıqda isə haram işlərdən çəkinməsi asanlaşır, itaətlərə daha çox can atır. Heç şübhə yoxdur ki, insan nəfsi istəklərinin ardınca getməməli, ona itaət etmək əmr olunduğu halda itaətdən uzaqlaşmamalı, qadağalardan uzaqlaşmaq əmr olunduğu halda onları etməyə can atmamalıdır. İnsana, qadağalardan çəkinib əmrləri yerinə yetirmək əmr olunmuşdur. Çünki Allahın haqqı, nəfsin haqqından daha əzəmətli, daha şərəflidir. Elə buna görə bizə öz nəfsimizi islah etmək vacibdir. Hər kəs özünün xətasını və eyiblərini öyrənməlidir ki, özünü islah edə bilsin. Ona görə hikmətli sözlərin birində deyilir ki, “Öz eyblərini axtarıb, insanların eyiblərindən yan keçən insan nə gözəl insandır”. Nəfsi müalicə etməyin və Allaha yaxınlaşmağın faydalı üsullarından biri də mömin bəndənin onu ədn cənnətlərinə yaxınlaşdıran əməllərə nəzər salmasıdır. Çünki bizim mükafata və cəzaya baxmağımız, bizi yaxşı işləri etməyə və pis əməllərdən çəkinməyə təhrik edir. Doğrudan da hər bir laqeydliyin səbəbi vardır. Ona görə də müsəlman bəndə özünü pis işlərə düşmə səbəblərindən, laqeydliyə aparan yollardan, onu dünya və axirət xeyrindən məhrum edən səbəblərdən uzaqlaşmalıdır.
Ey Allahın bəndələri, bəzilərimiz islam dinin ən şərəfli ibadəti, böyük və əzəmətli əsası olan namaza laqeyd yanaşır, bəzən onu vaxtından gec qılır, Allah və rəsulu (Allahın salavatı və salamı üzərinə olsun) namazların camaatla qılınmasını əmr etdiyi bir halda bəziləri onu məscidlərdə camaatla qılmır. Bu işdə laqeyd olan insan, bu laqeydliyin səbəblərinə diqqət yetirməlidir. Əgər o, namazın və onun camaatla qılınmasının nə qədər fəzilətli olduğunu bilmirsə Peyğəmbərin (Allahın salavatı və salamı üzərinə olsun) hədislərinə baxsın. Hədislərin birində deyilir: “Bir namaz digər namaz arasında baş verən qeyri böyük günahların bağışlanmasına səbəbdir.” (Müslim № 233)
Belə insan daha sonra Peyğəmbərin (Allahın salavatı və salamı üzərinə olsun) bu sözünə baxa bilər: “Əgər insanlar azanı eşidib məscidə gəlməyin və namaz vaxtı birinci cərgədə dayanmağın nə qədər savab olduğunu bilsəydilər, buna nail olmaq üçün püşk atmaqdan başqa üsul tapmasaydılar, püşk atardılar” (Buxari № 615, Müslim № 437).
Əgər aramızda namaza laqeyd yanaşan varsa namaz haqqında deyilən fəzilətlərə, onun Allahın haqqı, İslamın vacib əməllərindən və əsaslarından biri olduğuna – nəzər salsın.
Sonra namazı tərk etməsinin, ona laqeyd yanaşmasının başlıca səbəblərindən uzaqlaşsın. Belə səbəblərdən biri də namazların məscidlərdə camaatla qılınmamasıdır. İnsan onu batil və əyri yollara aparan səbəblərdən uzaqlaşdıqda, xeyirli, doğru yollara və xoş ovqata çox asanlıqla yönələr.
Həmçinin varlı olub, malının zəkatını verməyən, Allahın həmin mal üzərində olan haqqını tərk edən insan, Allahın mal üzərində qoyduğu vacib haqqı öyrənməlidir. İnsan, deyilən vacib haqqı öyrəndikdə, zəkatı tərk etməyə görə vəd olunan şiddətli əzabı bildikdə, Zəkatın Namazla bir olduğunu dərk etdikdə, Allahın zəkat verənlər üçün hazırladığı mükafatları bildikdə, zəkatın mal-dövləti, həm onun sahibini, onun qəlbini və nəfsini təmizlədiyini anladıqda, simiclikdən qurtular. Uca Allah buyurur:
“خذ من أموالهم صدقة تطهرهم وتزكيهم بها وصل عليهم إن صلاتك سكن لهم ““(Ya Rəsulum!) Onların mallarından sədəqə (zəkat) al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlardan ötrü dua et, çünki sənin duan onlar üçün bir arxayınçılıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir. ” (Tövbə: 103).
Simiclikdən qurtulmaqla yanaşı Allahın zəkatda olan haqqından necə yayındığını başa düşüb, dərhal mütiliklə bu haqqı ödəməyə tələsər. Bu işdə ürəkli, inamlı olar, Allah yolunda xərcləməyi sevər, nifrət etməz. Çünki o, uca Allahın bu ayəsini dərk etmişdir:
“والذين يكنزون الذهب والفضة ولا ينفقونها في سبيل الله فبشرهم بعذاب أليم يوم يحمى عليها في نار جهنم ““Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!” – (deyiləcəkdir!)” (Tövbə: 34-35).
Bəli, zəkatdan imtina edən üçün şiddətli əzab vəd olunmuşdur. Eləcə də mal-dövləti həyat hesab edib ona həris olan, hansı yolla olursa olsun, istərsə alış-verişdə aldatmaqla, sələmçiliklə (halbuki, uca Allah sələmçilik edənə qarşı müharibə elan etmişdir), rüşvətlə, əmanətə xəyanətlə, yetimin malını yeməklə, zülm və ədavətlə haqsızlıqla insanların malını mənimsəməklə, insanların haqqına təcavüz edib qəsbkarlıq etməklə və s. bu kimi haram yollarla mal-dövlət qazanmağa can atan insan üçün də əzab vardır.
Belə insanın nəfsi mal-dövləti ona sevdirmiş, qəlbi mal və dünya sevgisi ilə dolmuşdur.
Amma o bilməlidir ki, o mal-dövlətinə görə Allah qarşısında məsuliyyət daşıyır. Əgər onun və övladlarının cəsədi haramla böyüyərsə, belə malı ailəsinə yedizdirərsə bu onun üçün və ondan sonrakılar üçün bir bəlaya çevrilər. Çünki haram mal sahibi əllərini göyə qaldırıb dua etdikdə onun duası qəbul olunmaz. Ehtiyaclı günlərində, xəstələndikdə, kasıbçılıqla üzləşdikdə zəlil olar. Haram malın aqibəti rəzillikdir.
İnsan Allahın ona halal işlərdən mal-dövlət qazanmasını əmr etməsini bildikdə, haram işlərdən uzaqlaşmalıdır. Əgər insan haram mala görə qiyamət günü insanlar qarşısında əzab çəkəcəksə, demək bunun heç bir xeyiri yoxdur. Ona görə də insan belə hallardan qorunmalıdır. İnsanın bunları bilməsi və mal-dövlətin batil sevgisini tərk etməsi, haram yollarla qazanc əldə etməkdən çəkindirər və halala yönəldər. Malın çoxluğu deyil, bərəkətli olması əsasdır. Nə qədər insanlar vardır ki, onların mal-dövlətinin sayı hesabı yoxdur, amma bu onlara heç bir fayda verməmiş, hətta bir bəla olmuşdur.
Əgər insan özünün ailəsinə qarşı, uşaqlarına qarşı, evinin əmanətini qorumaqda təqsirli olduğunu görərsə dərhal bu təqsirini düzəltsin, evini, ailəsinin və uşaqlarının tərbiyəsini itirməyə gətirib çıxaran səbəblərdən uzaqlaşsın. Peyğəmbərin (Allahın salavatı və salamı üzərinə olsun) bu sözlərini xatırlasın: “Hər biriniz məsuliyyət daşıyır, itaətinizdə olanlara görə də cavabdehsiniz” (Buxari: № 893. Müslim: № 1829).
Səhvlərimizi və təqsirlərimizi bilib onları islah etməmək heç də bizə yaraşmaz. Kim öz ailəsinə qarşı simicdirsə, imkanı olub ailəsinə pul xərcləmirsə bilsin ki, uca Allah ona ailəsinin xərcini çəkməyi əmr etmişdir. Buna görə dərhal Allahın vacib buyurduğu xərci çəksin. Kim evində israfçılığa yol verirsə uca Allahın bu ayəsini xatırlasın:
“ولا تجعل يدك مغلولة إلى عنقك ولا تبسطها كل البسط”“Nə əldən çox bərk ol, nə də əlini tamamilə açıb israfçılıq et…” (əl-İsra: 29).
Gördüyün kimi uca Allah hər iki tərəfə: ifrata və ya laqeydliyə, simicliyə və israfçılığa – meyl etməyi qadağan etmişdir. Gəlin nəfsimizi mühakimə edək, səhvlərimizdən ibrət alaq, öz halımıza acıyaq. Əgər biz əbədi həyat üçün çalışırıqsa, Allahın rizasına nail olmaq istəyiriksə onda səhvlərimizi və buna səbəb olan amilləri düzəltməyə tələsəcəyik.
Həmçinin əgər bizlərdən biri nəfsinin insanların qeybətini etməyə can atdığını, dilinə hakim olmadığını görərsə, o zaman dili haqqında düşünməli, dilin kiçik olmasına baxmayaraq böyük cinayətlər törətdiyini anlamalıdır. Bəli, doğrudan da dil insanı həlaka və böyük günahlara aparır.
Görkəmli səhabələrdən sayılan Muaz ibn Cəbəl (A.r.o.) bir gün Peyğəmbərdən (Allahın salavatı və salamı üzərinə olsun) soruşur: EY Allahın elçisi, biz dediyimiz sözlərə görə sorğu-sual olunacayıqmı? Peyğəmbər (Allahın salavatı və salamı üzərinə olsun) dedi: “Necə, elə insanları üzü üstə cəhənnəmə atan dillərinin qazancı deyil!” (Tirmizi: № 2616. İbn Macə: № 3973).
İnsanların qeybətini edib, məclislərini qeybət və nəmmamlıqla keçirib, məclislərdə özlərini üstün tutub Allahın mömin bəndələrini, insanları alçaldanlar, onun-bunun qeybətini qıranlar, başqasına böhtan atanlar, söyənlər, ona-buna tənə edənlər bu əməllərini rahatlıq hesab edirlər. Amma əslində bütün bunlar onun əleyhinə yazılmışdır. Çünki onun danışdığı və etdiyi hər bir xeyir və şər yazılıb qiyamət günü qarşısına qoyulacaqdır. Gördüyü xeyirli işlər, qebət etdiyi, söydüyü, böhtan atdığı və s. insanlara əvəz olaraq veriləcəkdir. Nəticədə, qiyamət günü fağır və kasıb kimi dayanacaqdır.
Ona görə ən çox qorunmalı əza dildir. Onu yalnız faydalı işlər üçün işlətmək lazımdır. Uca Allah buyurur:
“لا خير في كثير من نجواهم إلا من أمر بصدقة أو معروف أو إصلاح بين الناس ““Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Xeyir ancaq sədəqə verməyi, yaxud yaxşılıq etməyi və ya insanlar arasında sülh yaratmağı əmr edən kimsənin söhbətindədir…” Nisa: 114.
Bəli, ey möminlər. Bəziləri məclislərini qeybət və nəmmalıq, bəlkə də daha dəhşətli günahlar əsasında qurur. Biz bu əməldən tövbə etməli, nəfsimizi ondan qorumalı, dilimizi yalnız bizə fayda verən şeylərə sərf etməliyik.
“فلنقصن عليهم بعلم وما كنا غائبين والوزن يومئذ الحق”“Sonra da onlara (nə etdiklərini) bildiyimiz üçün (hamısını bir-bir) söyləyəcəyik. Axı Biz qaib deyildik (onların yanındaydıq). O gün əməllərin tərəzidə çəkilməsi haqdır…” Əraf: 7-8.
Bizlərdən kim, gözünü yad qadınlara baxmağa dikərsə, bilsin ki, bu baxışlar ona böyük günah qazandırır, onu pis işlərə sürükləyir. Bilsin ki, baxış iblisin zəhərli oxudur. Əgər insan öz nəfsini bu işdən qorumasa heç şübhəsiz ki, getdikcə Allahın haram buyurduğu böyük günahlara batacaqdır. Ona görə Peyğəmbər (Allahın salavatı və salamı üzərinə olsun) demişdir: “Yad qadına bir baxdınsa, ikinci dəfə baxma. Birinci baxış sənindir, ikincisi isə yox.” (Tirmizi: № 277. Əbu Davud: № 2149) Bir dəfə Cərir (A.r.o.) Peyğəmbərdən (Allahın salavatı və salamı üzərinə olsun) qəfldən baş verən baxış haqqında soruşdu, o isə dedi: “O zaman gözünü çək” (Əbu Davud: № 2148).
Çünki özgə qadınlara baxmağa laqeyd yanaşmaq olmaz. Kim gözünü o qadına, bu qadına dikib baxırsa bilsin ki, bu, nəfsi xəstəlikdir və dərhal müalicə edilməlidir. Doğrudan da nəfsin müalicəsi bədən müalicəsindən daha önəmlidir. Həmçinin müxtəlif cihazlar vasitəsi ilə özgə qadınlara baxmaq belədir.
Ey möminlər, heç şübhəsiz bizim hər birimizin naqisliyi, eyibi, səhvi, günahı vardır. Hər birimizin qafil olduğu şeylər vardır. Allahdan istərdik ki, bizi bunlardan qorusun və bizi haqq və doğru yolda sabitqədəm etsin.
Bu o demək deyil ki, biz öz səhvlərimizdə, günahlarımızda davamlı olduqda tövbə və istiğfar etməməliyik. Baxın budur Peyğəmbərimiz (Allahın salavatı və salamı üzərinə olsun) insanlara əmr edir və deyir:
“يا أيها الناس توبوا إلى ربكم، فإني أتوب إلى الله في اليوم مائة مرة”
“Ey insanlar, Rəbbinizə tövbə edin. Həqiqətən mən gün ərzində yüz dəfə tövbə edirəm” (Əhməd: № 17391. Müslim: № 2702).
Bu, keçmiş və gələcək günahları bağışlanmış Peyğəmbər (Allahın salavatı və salamı üzərinə olsun) idi.
Ona görə də, günahlar içərisində batanlar, vacib əməllərə laqeydlik göstərənlər, haram işlərə qoşulanlar, Allaha sadiq tövbə etməli, Allahın vəd etdiyi ədn cənnətlərini düşünüb Ona yaxınlaşmalıdır. Nə üçün biz Allahın çağırışından üz çevirək, onun əmrlərinə riayət etməyək, nə üçün uca Allahı öz nəfsimizdən daha çox istəməyək, nə üçün Onun əmrlərini nəfsi şəhvət və əmrlərdən üstün tutmayaq.
Ey Allahım, bizi doğru yola yönəlt, xeyirli və doğru işlərə müvəffəq et. Həqiqətən sən lütf sahibisən.
أعوذ بالله من الشيطان الرجيم: (((واتقوا يوماً ترجعون فيه إلى الله ثم توفى كل نفس ما كسبت وهم لا يظلمون)))
“Allaha tərəf qaytarılacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və (haqsız yerə) zülm olunmayacaqdır! “
بارك الله لي ولكم في القرآن العظيم ونفعني وإياكم بما فيه من الآيات والذكر الحكيم، أقول قولي هذا وأستغفر الله لي ولكم ولسائر المؤمنين من كل ذنب فاستغفروه وتوبوا إليه إنه هو الغفور الرحيم.
الحمد لله حق حمده وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمداً عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه ومن اهتدى بهداه إلى يوم الدين.
أما بعد:
Həqiqətən ən doğru kəlam Allahın kitabı, ən doğru yol isə Məhəmmədin (Allahın salavatı və salamı üzərinə olsun) yoludur. Ən şər işlər yeniliklərdir. Hər bir yenilik isə bidət, hər bidət də zəlalətdir. Sizə təqvalı olmağı, camaatla bir olmağı tövsiyə edirəm. Həqiqətən Allahın əli camaatın üzərindədir.
Ey Allah bəndələri, Allah sizə bir əmr etmiş və bu əmri əzəmətləndirmək üçün, ilk olaraq Özünü, sonra mələklərini qeyd edərək demişdir:
” إن الله وملائكته يصلون على النبي يا أيها الذين آمنوا صلوا عليه وسلموا تسليماً “
“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də onun üçün salavat deyib layiqincə salamlayın!”
Allahım, qulun və rəsulun olan Muhəmmədə, onun ailəsinə və əshabına sənin salavatın və salamın olsun. Ey Allahım, dörd xəlifədən və bütün səhabələrdən və qiyamətə qədər onların xeyirli yolunu davam etdirənlərdən və bizlər də daxil olmaqla öz lütfünlə hamıdan razı qal.