Bir çox günlər vardır ki, onların sayı az, özləri isə mübarək günlərdir. Belə günlərdən biri də Zül-hiccə ayının ilk on günüdür. Bu günlər xeyir, bərəkət, səadət və nicat günləridir. Bu günlərin savabını qazanmağa çalışanlar onun bəhrəsini bu dünyada və axirətdə görəcəklər. Allah təala buyurur: “(Ya Rəsulum!) De: “Allahın neməti və mərhəməti ilə – ancaq onunla sevinsinlər. Bu onların yığdıqlarından (fani dünya malından) daha xeyirlidir!” (Yunus: 58)
Bu günlərdə edilən saleh əməllər ilin başqa günlərində edilən əməllərdən Allaha daha xoşdur. Sələfilər “üç onluğu” hər zaman təntənəli günlər hesab edirdilər. Bunlar: “Zül-hiccənin ilk on günü, Ramazanın son on günü və Məhərrəm ayının ilk on günüdür”.
İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə buyurduğunu demişdir: “İlin başqa günlərindən fərqli olaraq, bu on gündə edilən əməl Allaha daha xoşdur” Səhabələr dedilər: Hətta Allah yolunda cihad da?! Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurdu: “Hətta Allah yolunda edilən cihad da. Yalnız öz malı və canı ilə Allah yolunda cihada çıxıb heçnəsiz qayıdan (yəni, şəhid olan – tərc.) kişi müstəsnadır” (Buxari: 2/457).
Allah təala Zül-hiccə ayının ilk on gününü Öz kitabında qeyd edərək buyurmuşdur: “And olsun dan yerinə. And olsun on gecəyə” (əl-Fəcr: 1-2). İbn Kəsir bir təfsir alimi kimi deyir ki, burada deyilən “on gün” Zül-hiccənin ilk on günüdür.
Allah təala buyurur: “Belə ki, öz mənfəətlərinin şahidi olsunlar və məlum günlərdə Allahın onlara ruzi verdiyi heyvanların üstündə (onları qurban kəsərkən) Onun adını çəksinlər (bismillah desinlər). Onlardan özünüz də yeyin, biçarə (zavallı) yoxsullara da yedirdin!” (əl-Həcc: 28). Alimlər ayədə deyilən “məlum günlərdə…” sözünün Zül-hiccə ayının ilk on günü olması qənaətindədirlər. İbn Abbas (Allah ondan razı olsun) deyir: “məlum günlər Zül-hiccənin ilk on günüdür”.
Abdullah İbn Ömər (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə buyurduğunu deyir: “Bu on gün Allah yanında əzəmətli və sevimli gündür. Bu gündə edilən saleh əməllər Allaha daha xoşdur. Siz də bu vaxtlar çoxlu təhlil (Lə iləhə illəllah), təkbir (Allahu əkbər) və təhmid(Əlhəmdu lilləh) edin” (Hədisi imam Əhməd rəvayət edib və Əhməd Şakir isnadının səhih olduğunu qeyd edib).
Zül-hiccənin on günlərindən:
A) Ərəfa günü:
Bu gün, uca Allah tərəfindən dinin tamamlandığı məşhur gündür. Bu gün bağışlanma və Cəhənnəmdən qurtulma günüdür. Cəhənnəmdən xilas olanların çoxluğundan bu gündə şeytan daha zəlil, təhqirolunmuş və qəzəbli olur. Allah Ərafa günündə mələklərin yanında yer əhli ilə iftixar edir. Bu gündə oruc tutmaq həcc etməyənlərə aiddir. Əbu Qatadə (Allah ondan razı olsun) deyir ki, Ərafa günü tutulan orucun fəziləti haqqında Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) soruşduqda o buyurdu: “Bu gündə tutulan oruc, əvvəlki və ondan sonrakı ilin günahlarını bağışlar” (Müslim). Aişə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə buyurduğunu rəvayət edir: “Allah bəndələrinin çoxunu Ərafa günü Cəhənnəmdən xilas edir. Bu gündə Allah bəndələrinə daha yaxın olur və mələklərinin yanında onlarla fəxr edir” (Müslim).
Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bəzi zövcələri deyirlər: “Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Zül-hiccənin doqquzu, aşura gününü və qalan ayların üç gününü oruc tutardı…” (Əbu Davud və Nəsai. Albani hədisin səhih olduğunu qeyd edib).
B) Qurban günü:
Bu gün əzəmətli həcc günüdür. Ərafada dayandıqları andan həmin gündə həcc edənlər bağışlanır, müsəlmanlar İslamın beşinci əsası olan həcci yekunlaşdırırlar. Müsəlman qardaş sənə, bu günlərdə bu ibadətləri etməyi tövsiyə edirəm:
* Tövbə etmək: Onun şərtləri bunlardır: Tam mütiliklə əstəğfirullah demək, edilən günahı tərk etmək, qəlb ilə bir daha bu işə qayıtmayacağına əmin olmaq, yaramaz dostları tərk etmək və haqqını əlindən aldığın kimsənin haqqını qaytarmaq.
* Zül-hiccənin doqquzuncu (Ərafa) günü oruc tutmaq.
* Zül-hiccənin ilk on günündə çoxlu təkbir (Allahu əkbər), təhmid (əlhəmdulilləh), təhlil (lə iləhə illəllah), təsbih(sübhənəllah) demək Sünnə qaydalarındandır. Bunu özünün və yanındakıların eşidə biləcəyi bir səslə yolda, məsciddə, evdə və Allahı zikr etmək mümkün olan yerlərdə ibadətin şənini yüksəltmək və Allahın əzəmətini bildirmək üçün demək olar. Çünki Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurub: “Siz də bu vaxtlar çoxlu təhlil (Lə iləhə illəllah), təkbir (Allahu əkbər) və təhmid (Əlhəmdu lilləh)edin”.
* Edilən saleh əməlləri daha da çoxaltmaq. Bu haqda Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurub: “Bu on gün Allah yanında əzəmətli və sevimli gündür. Bu gündə edilən saleh əməllər Allaha daha xoşdur….”
* Qurban kəsmək.
Qurbanlıq və onun əhkamları!
Allah təala buyurur: “Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır(səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Yaxşılıq edənlərə (Cənnətlə) müjdə ver!” (əl-Həcc: 37). “Ona görə də (bu nemətlərə şükür edərək) Rəbbin üçün namaz qıl və qurban kəs!” (əl-Kövsər: 2).
Qurban nədir?
Qurban Zül-hiccənin onunda bayram namazından sonra Allaha yaxınlaşmaq niyyəti ilə kəsilən heyvandır.
Qurbanın hökmü!
Qurban kəsmək təkidlə buyurulmuş Sünnələrdəndir. Hənəfi məzhəbinə görə isə imkanı olanlara hər il vacibdir. Qurban kəsmək bayram namazından sonra, Allaha ən sevimli olan əməllərdəndir.
Qurbanın fəziləti!
Uca Allahın Öz Peyğəmbərinə (Allahın ona salavat və salamı olsun) qurban kəsməyi əmr etməsi, Allah yanında bu əməlin nə qədər fəzilətli olması anlaşılır.
Qurbanın hikməti!
* Allaha yaxınlıq.
* Əcdadımız İbrahimin u sünnəsini diriltmək. O, öz oğlu İsmail üçün qoyun kəsmişdir.
* Bayram günü ailə üçün rahatlıq, kasıb və fağırlar arasında mərhəmət və müsəlmanların birinin digərinə köməyi.
* Bu heyvanları insanlar üçün ram etdiyinə görə Allaha həmd etmək.
Qurbanlıq heyvanın növləri və yaşları!
Qoyun və ya qoç: Altı aydan böyük olmalıdır.
Keçi: Bir yaş və ya çox.
İnək: İki yaşı tamamlanmalıdır.
Dəvə: Dörd yaşı tamam olmalıdır.
Qurbanlıq heyvanın şərtləri!
Qurbanlıq heyvanda heç bir eyib: bir gözü kor, ayağı axsaq, arıq, halsız, xəstə, buynuzu dibindən sınmış və ya qulağı dibindən kəsilmiş – olmamalıdır. Lakin buynuzda olan az sınıq və qulaqda olan az kəsiyin eybi yoxdur.
Qurbanı kəsməyin vaxtı, bayram namazından sonra başlayır və bayramın dördüncü günü əsr namazına qədər davam edir.
Kəsilmiş heyvanın bölünməsi!
Yaxşı olar ki, qurbanlıq heyvan üç hissəyə bölünsün. Bir hissəsi kasıblara sədəqə kimi paylansın, bir hissəsi kasıb və ya varlı olmasından asılı olmayaraq yaxın qonşulara, dostlara və qohumlara verilsin, bir hissəsi də qurban kəsdirənin özü və ailəsi üçün saxlansın.
Qurban kəsənin edəcəyi müstəhəb əməllər!
Qurban kəsmək istəyən Zül-hiccə ayının birindən etibarən saçını və dırnaqlarını qırxmamalıdır. Bacardığı qədər heyvanı özü kəsməlidir. Kəsməyi bacarmayanlar həmin vaxt kəsdirdikləri heyvanın yanında olmalıdırlar. Qurbanını qibləyə tərəf yönəldib: “Bismilləh vallahu əkbər, Allahummə, həzihi minkə və ləkə, Allahummə həzihi anni və an əhli” (bunun mənası: Allahın adı ilə. Allah hər şeydən ucadır. Allahım, bunu mənə Sən vermisən və mən də onu Sənin üçün kəsirəm. Allahım bu mənim və ailəmin əvəzinədir. (Yaxud: Allahım, bu, filankəs və onun ailəsinin əvəzinədir.)). Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) etdiyinə uyğun olaraq heyvanın qara ciyərindən yemək yaxşıdır.
Diqqət!
- Bir qoyun bir nəfər və onun ailəsinin əvəzinə kəsilə bilər. Peyğəmbər (Allahın ona salavat və salamı olsun) iki qoyun kəsir və biri haqda deyir: “Allahım, bu, Muhəmməd və onun ailəsi üçündür”. İnək və dəvə isə yeddi nəfər və onların ailəsinin əvəzinə kəsilə bilər. Ölən adam vəsiyyət edibsə, onun əvəzinə də kəsmək yaxşıdır. Hətta vəsiyyət etməsə belə onun adını ailə ilə birlikdə hallandırmaq olar.
- Qəssaba əməkhaqqı olaraq qurban əti vermək olmaz. Əməkhaqqını pul verdikdən sonra, əti sədəqə kimi vermək olar.
- Qurban kəsə bilməyən kasıbların əvəzinə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) qurban kəsmişdir. O, ikinci qoyunu kəsərkən demişdi:“…Allahım bu isə mənim və ümmətimdən qurban kəsməyənlərin əvəzinədir”.
- Yaşadığı yerdən asılı olmayaraq qurban kəsdirməyi başqasına tapşırmaq olar.
«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb