Dilin törədiyi bəlalar çoxdur ki, onlardan bəzilərini qeyd edəcəyik:
1. Allah adından yalan danışmaq. Allah taala buyurur: “De: “Allaha qarşı yalan uyduranlar, sözsüz ki, nicat tapmazlar!” (Yunus, 69) Bu eyni zamanda rəsulullahın (ona və ailəsinə Allahın salavatı və salamı olsun) adından yalan danışmağa da şamil olur. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, Kim mənim adımdan bilərəkdən yalan danışarsa, oddan hazırlanmış yerini hazır bilsin!”
2. Başqa insanlar adına yalan danışmaq. Bu, böyük günahlardan hesab olunur və cəzası ağırdır. Allah bizi ondan qorusun! Allahın əmrinə tabe olan müsəlman bir şey haqqında yalan danışmaz. Çünki, yalan iki əməkdaş arasındakı etibarı itirər, rəqiblər arasında qatı düşmənçilik yaradar. Yalan ümmətin düşar olduğu ən böyük bəladır. Lakin bəzi istisna hallarında yalan danışmağa icazə verilir. Məsələn, düşmənçilik mövqeyində olan iki nəfərin arasını yaxşılaşdırmaq üçün və ya döyüş zamanı yalan danışmaq mümkündür. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, müharibə bir hilədir”. Həmçinin, ərin münasibətləri yaxşılaşdırmaq üçün öz zövcəsinə etdiyi söhbət zamanı kiçik yalanlara icazə verilir.
3. Qeybət və söz gəzdirmək. Qeybət müsəlman qardaşın haqda onun yoxluğu zamanı xoşuna gəlməyən söhbəti etməkdir. İstər danışdığın şey onda olsun, istər olmasın qeybət sayılır. Qeybətin haram olması isə Buxari və Müslimdə rəvayət olunan hədislərdən məlumdur. Qeybətin kəffarəsi odur ki, danışdığın söhbəti məclisdə pozmaq və aşkara çıxmasını təmin etməkdir. Bəziləri isə halallıq alınmasının vacib olduğunu qeyd etmişlər. Birincisi daha tutarlıdır.
Söz gəzdirmək qardaşlar arasında fitnə və fəsad törətmək məqsədilə bir kəsin söhbətini haqqında danışdığı adama sözlə və ya işarə ilə çatdırmaqdır ki, bu da cəmiyyətdə ən pis xəbərçilik hesab olunur. Allah taala qeybəti pisləyərək onu ölmüş ardaşının ətini yeməklə müqayisə etmişdir: “Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi günahdır. (Bir-birinizin eyibini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar. Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!” (əl-Hucurat, 12) Buradan aydın olur ki, kim qeybət eşidərsə, mütləq onu qardaşından dəf etməli və onu deyənə qarşı çıxmalıdır. Bunu edə bilməkdən acizdirsə, Əbu Dərdanın hədisinə əsasən həmin məclisi tərk etməlidir. Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Kim qardaşının şərəfinə gələn pisliyi dəf edərsə, Qiyamət günü Allah onun üzünə gələn odu dəf edər”.
Həmçinin, qaziyə şikayət etmək və münkər bir əməli dəyişdirmək məqsədilə qeybət etmək olar. Fitva almaq, o cümlədən müsəlmanları şərdən çəkindirmək və onlara nəsihət etmək üçün qeybət olunmasında heç bir günah yoxdur. Məsələn, hər hansı bir kəsin qohumu, şəriki və ya qonşusu barəsində rəy öyrənməsi üçün onların pislikləri haqqında danışıb fitva alması və yaxud onların pisliklərini danışıb başqalarını həmin çəkindirməsi buna aiddir. Həmçinin, bir ləqəblə tanınan və məşhurlaşan adamı tanıtmaq üçün həmin ləqəbi dilə gətirməsində qəbahət yoxdur. İmam Nəvəvi və İbn Həcər (Allah hər ikisinə rəhmət etsin!) öz kitablarında bu mövzuya xüsusi fəsil ayırmışlar.
4. Tənə etmək, lənət yağdırmaq və söyüş söymək. İbn Məsuddan rəvayət olunan hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Mömin tənə edən, lənət yağdıran, əxlaqsızlıq edən və söyüş söyən ola bilməz”.
5. Günaha səsləyən fitnəkar informasiya, küfr əhli ilə dostluq və yardımlaşma, eyni zamanda kütləvi informasiya agentliklərində yayımlanan aldadıcı xəbərlər dilin törətdiyi fəsadlardır. Allah taala buyurur: “Sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!” (Əli İmran, 73)
6. Mənasız və faydasız söhbətlər. Allah taala buyurur: “Həqiqətən, mö’minlər nicat tapmışlar! O kəslər ki, namazlarında müti olub boyun əyərlər! O kəslər ki, lağlağıdan üz döndərərlər”. (əl-Muminun, 1-3) Başqa bir ayədə Uca Allah buyurur: “O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları zaman onlardan üz çevirib vüqarla keçər”. (əl-Furqan, 72) Mömin olan kimsə mənasız və faydasız söhbət eşitdiyi zaman ondan üz döndərməlidir. Allah taala buyurur: “Onlar boş bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. Sizə salam olsun! Biz cahilləri istəmirik!” – deyirlər”. (əl-Qəsəs, 55)
7. Məddahların yalan və böhtandan istifadə edərək mədh və tərifləri. Əgər mədh olunan buna layiqdirsə və onun fitnəyə düşmək ehtimalı yoxdursa, onda eyb etməz.
8. Lovğalıq. Bu, hər hansısa bir insanın sahib olduğu elmə, var-dövlətə, hörmətə və sairlərinə görə təkəbbür və fəxrlə danışmasıdır.
9. Ikiüzlü danışmaq.
10. Sirri aşkara çıxarmaq və ona sadiq qalmamaq.
11. Insanları lağa qoymaq və xor görmək. Allah taala bu barədə buyurur: “Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar o birilərindən daha yaxşı olsunlar. Qadınlar da bir-birinə! Bəlkə, onlar o birilərindən daha yaxşıdırlar. Bir-birinizə tə’nə etməyin və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır!” (əl-Hucurat, 11)
12. Danışıq və ya dialoq zamanı əcımasız və qəddar olmaq.
13. Başqalarında günah axtarmaq.
14. Şayələrin və dedi-qoduların yayılması. Mömin kəs hər zaman doğru danışar və haqqı müdafiə edər, fasiqlərin gətirdikləri xəbərləri araşdırıb, sonra qərar çıxardar. Yalançı və ya fasiq kimi tanınan bir nəfərdən xəbər eşidildiyi zaman mütləq onun doğru olub-olmadığını arşdırmaq lazımdır. Əks təqdirdə, ədalətsiz qərar çıxarılmış olar ki, bu da kimlərəsə zərər verə bilər. Allah taala buyurur: “Ey iman gətirənlər! Əgər bir fasiq sizə (pis) bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!” (əl-Hucurat, 6)