Hər bir cəmiyyətdə ayrı-ayrı fərdlər öz problemləri qarşısında çox hallarda aciz qalır. İnsan elə bir vəziyyətə gəlib çıxa bilir ki, özünü tənha hesab edir, yaxud da elə bir vəziyyətə gəlir ki, sıxıntısının nə vaxtsa gedəcəyini dəqiq bilmək istəyir. Sanki insanlar unudurlar ki, həyat heç də tam mənası ilə yaxşı və mükəmməl ola bilməz. Bütün bu sıxıntılar və problemlər qarşısında özünü tək, yalnız, tənha hiss edən insan bu vəziyyətdən xilas olmaq üçün müxtəlif yollar axtarır. Bu yolların halal və haram olması onu maraqlandırmır. Bəzən o qədər sıxıntı çəkir ki, bunu həll etmək üçün müxtəlif üsullara əl atır. Bu üsullardan biri də bu gün çoxlarının sıxıntısını aparmaq üçün müraciət etdikləri falçılardır.
İnsanlar elə zənn edirlər ki, falçılara getdikdə onların işləri düzəlir və qabaqcadan nəyisə falçı vasitəsi ilə həll eləmək mümkün olur. Əslində isə bu özünü aldatmaq sayılır. Eyni zamanda daha mühümü odur ki, falçı yanına getmək Allaha şərik qoşmaq olan ən birinci və böyük günahlardan biri sayılır. Əgər bütün günahları sıralasaq onda günahları böyük və kiçik günahlar deyə iki hissəyə bölmək olar. Böyük günahların da ən böyüyü ən əvvəl bəhs etdiyimiz Allaha ibadətdə, itaətdə, zikrdə, duada, sevgidə, qorxuda, təvəkküldə, istəmədə, nəzir vermədə, sədəqə vermədə Allahla bərabər bir piri, seyidi, peyğəmbəri, övliyanı şərik qoşmaqdır.
Allah Təalanın bağışlamadığı, böyük günah Allaha şərik qoşmaqdırsa ikincisi sehr-cadu, falçılıq ilə məşğul olmaq, falçı yanına getməkdir.Sehr-cadu, falçılıq insanı həlak edən yeddi böyük günahların ən böyüklərindən biridir. Sehrlə məşğul olmaq insana böyük zərər verir və dünya və axirətdə insanın bədbəxt olmasına gətirib çıxarır. Allah Təala cadu edənlər haqqında buyurur: “Onlar ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 102-ci ayə). Başqa bir ayədə Uca Allah sehr-cadu ilə məşğul olanlar haqqında belə buyurur: “Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!” (Müqəddəs Quran, “Taha” surəsi, 69-cu ayə).
Sehr-cadu edən insan dindən çıxaraq kafir olur. Sehrlə məşğul olanların kafir olmasını Uca Allah bizə xəbər verib: “Süleyman kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 102-ci ayə).
Bu gün sehrlə məşğul olaraq çoxlu pul toplayan qadınlar özlərini müsəlman göstərmək üçün insanları aldadaraq guya dinlə məşğul olduqlarını, hətta Həccə gedərək “həci” olduqlarını elan etməklə çox asan üsulla insanları öz yalançı hiylələrinə inandıra bilirlər. Halbuki sehr etmək üçün insan ancaq böyük bir günah etməlidir ki, sehr etməyi bacarsın. Çünki sehri qadınların çoxu cinlərdən olan şeytanların köməyi ilə edirlər. Bunun üçün isə həmin sehrlə məşğul olan qadın çox böyük bir günah etməlidir ki, şeytanlar onun dostu olsun. Məsələn, Quranı pisləməlidirlər ki, şeytanlar onların dostu olsun və bununla da hansısa bir insana müsbət və mənfi təsir göstərə bilsinlər.
Buna görə də bu cür gələcəkdən xəbər verən, lap yaxşılığa etdiyini iddia etsə də, sehrlə məşğul olanın yanına getmək, onların günahına şərik olmaq da çox böyük günahdır. Həqiqətən də insanların çoxu bu günahlara meyl edərək daha da yaxşı olan vəziyyətlərini pisləşdirirlər. Çox hallarda belə insanlarda psixoloji problemlər olur. Həmişə Allahdan ümidini kəsib xəstə vəziyyətinə düşür, sehr edən qadına bağlı olur, onun dediklərini edərək əlavə xəstəliklər də tapır. Sehr edən qadından asılı vəziyyətə, onun qulluqçusu halına gəlir. Allaha pənah aparırıq. Allahdan kömək istəyirik ki, cəmiyyətimiz belə xəstəliklərdən xilas olsun! Amin!
İslam hüququna görə sehr edənin cəzası onu öldürməkdir. Bizim hüquqda öldürmək cəzası olmadığı üçün sehr edənə ömürlük həbs cəzası verilməlidir. Çünki sehr edən kafir qadın sehri ilə insanların xəstələnməsinə, əziyyət çəkməsinə, hətta çox hallarda insanların ölməsinə səbəb olurlar. İnsanı birdən birə öldürməklə sehr vasitəsi ilə öldürmək arasında fərq ondadır ki, birdən birə əziyyətsiz öldürürsən. Sehr edib, xəstələndirib öldürməyin cəzası isə daha da şiddətli olmalıdır. Buna görə də xalqımız bu cür yalan vədlər verən, insanların ölməsinə səbəb olan cadugər qadınların yanına getməkdən çəkinməlidirlər.
Bu həqiqətən də dünya və axirətdə böyük bir təhlükədir. Sehr edənin qazancı murdar və haram qazancdır. Bəzi Allaha imanı zəif olan, Allahdan xəbərsiz olan, elmi olmayan insanlar sehr etməklə və etdirməklə başqalarına düşmənçilik edir, başqalarının, yuxarıda da qeyd etdiyimiz kimi, xəstələnməsinə və ölməsinə səbəb olur. İmanı zəif insanlar da bu cür sehrdən, xəstəlikdən qurtarmaq üçün yenə də sehr edənin yanına gedərək özünü müalicə etdirir. Artıq buradan da gördüyümüz kimi sehr edən qadın insanları aldadaraq onların birindən pul alıb sehr etdirir, digərindən də pul alıb guya sehri batil etdirir. Bu isə artıq insana böyük zərər vurur. İnsanlar sehr-cadu edənlərin yanına getməməli, onların sözlərini təsdiq etməməli, onlara inanmamalıdırlar.
Sehr xəstəliyindən xilas olmağın düzgün yolu Allaha yönəlmək, haramları, günahları tərk etmək, ibadətləri yerinə yetirmək, Qurani-Kərimi oxumaq, Quranda sehrdən xilas olmaq üçün ayələri oxumaqdır.
Əslində kahinlər və münəccimlər də müsəlman hesab olunmurlar. Çünki onlar gələcəyi bildiklərini iddia edirlər. Həqiqət budur ki, gələcəyi Allahdan başqa heç kim bilməz. Belə insanlar yalan sözlərlə insanların mallarını əllərindən alırlar. Allah Rəsulu (Allahın ona salavat və salamı olsun) belə buyurub: “Kim bir kahinin, falçının, gələcəkdən xəbər verənin yanına gedib, dediklərinə inanaraq təsdiq edərsə Məhəmməd peyğəmbərə nazil olanı inkar etmiş olar” (İmam Əhməd).
Amma bir insan, bir müsəlman onların gələcəyi bilməyəcəyinə inanaraq, sırf təcrübə məqsədi ilə gedərsə kafir olmaz, amma həmin insanın 40 gün ibadətləri, namazı qəbul olunmaz. Allah Rəsulu belə deyib: “Kim bir münəccimin yanına gedərsə, ondan gələcək barədə bir şey öyrənmək istəyərsə, həmin insanın qırx gün gecə və gündüz qıldığı namazlar qəbul olunmaz” (Muslim).
Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) Allahın əmri və istəyi ilə biz müsəlmanları bu cür yalançılardan və böyük günah sahiblərindən, onların yanına getməkdən çəkindirmişdir.
Bu gün bütün mətbuatda bürcləri insanlara təqdim edirlər. Əslində bürclərə inanmaq da böyük günah sayılır. Allaha şərik qoşmaq hesab olunur. Əgər bürclərə inanmadan, sadəcə təsəlli tapmaq üçün müraciət edilərsə onda Allaha qarşı asilik etmək hesab olunur, Allaha asilik edən insan da günahkar olur. Çünki Allaha şərik qoşulan məsələlərlə təskinlik tapmaq düzgün deyil. Həmçinin həmişə mətbuatdan bunu oxuyan, bürclərini izləyən insan tədricən Allahdan uzaqlaşıb həyatını bürclərə yönəldər. Bununla da Allahın qəzəbinə gələcək insan ola bilər. Allahdan kömək istəyirik ki, bizə lazım olan imanın əsaslarına möhkəm inanaq və bunun gərəyi olan gözəl əməllərimizi həyata keçirək. Amin!
Mənbə: islamevi.az