İslam, hökmləri kamil olan, qanunları hər şeyi əhatə edən bir dindir. Allah öz quluna əzalarını günahlardan və asilikdən qorumağı əmr etmiş, insanları əxlaqın və ədəbin ən yaxşısına yönəltmişdir. Pis davranışlardan və çirkin sözlərdən çəkindirmişdir.
İslamın yönləndirdiyi fəzilətlərdən və ədəbdən biri də danışma ədəbidir. Gözəl danışmaq və dili çirkin və boş sözlərdən qorumaqdır. Uca Allah adəm oğlunu özünü dillə ifadə etmək neməti ilə heyvanlardan üstün etmiş və şərəfləndirmişdir. Bu nemətlə insan, yaradananın Allah olduğunu görür. Bu barədə Uca Allah buyurur: “Məgər insan (As ibn Vail, yaxud Ubeyy ibn Xaləf) onu nütfədən yaratdığımızı görmədimi ki, birdən-birə (Rəbbinə) açıq bir düşmən kəsilmişdir.” (Müqəddəs Quran, “Yasin” surəsi, 77-ci ayə).
Bu nemətin qarşılığında insan şükür etməli və nankorluqdan çəkinməlidir. Uca Allah üçün dilini haramdan və günahlardan qorumalıdır. Çünki dil, əzaların ən təsirlisi və ən təhlükəlisidir. Dil, Allah rizası üçün və insanlara faydalı yerlərdə istifadə edilsə, sahibinin dünyada və axirətdə müvəffəqiyyətli olmasının və xoşbəxtliyinin ən böyük səbəbi olar. Allahın qəzəbinə yol açacaq və qullara zərər verəcək yerlərdə istifadə edilsə, sahibinə ən böyük günahları və zərərləri gətirər. Buna görə İslam, dilə böyük əhəmiyyət vermişdir. Rəbbimiz Quranda və Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) sözləri ilə, dili haramdan qorumağa, gözəl danışmağa və pis sözlərdən çəkinməyə həvəsləndirmişdir.
Uca Allah belə buyurur: “(Ya Rəsulum!) Bəndələrimə de: Gözəl sözlər söyləsinlər! Şeytan onların arasına fitnə-fəsad sala bilər. Həqiqətən, şeytan insanın açıq-aşkar düşmənidir!” (Müqəddəs Quran, “İsra” surəsi, 53-cü ayə).
Allah, iman sahiblərini və təqva əhlini vəsf edərkən onların boş və batil sözlərdən üz döndərdiklərini bildirir və belə buyurur: “Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!) O kəslər ki, namazlarında müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!) O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər!” (Müqəddəs Quran, “Muminun” surəsi, 1-3-cü ayələr).
Allah belə buyurur: “Onlar boş (yersiz) bir söz eşitdikləri zaman ondan üz çevirib: “Bizim əməllərimiz bizə, sizin əməlləriniz də sizə aiddir. (Hərə öz əməlinə cavabdehdir). Sizə salam olsun! Biz cahilləri (cahillərlə yoldaşlıq etmək, onların söz-söhbətinə qulaq asmaq, sonra da onlarla çənə-boğaz olmaq) istəmirik!” – deyirlər.” (Müqəddəs Quran, “Qasas” surəsi, 55-ci ayə).
Dili günahlardan və haramdan qorumaq, dində doğruluğa və kamil imana çatmağın ünvanıdır. Məhəmməd Peyğəmbər (Allahın ona salavat və salamı olsun) belə buyurur: “Qəlbi doğru olana qədər qulun imanı doğru olmaz. Dili doğru olana qədər də qəlbi doğru olmaz.” (Əhməd İbn Hənbəl).
Hətta, insanın bütün əzaları əyrilik və doğruluq baxımından dilə bağlıdır. Əbu Səid əl-Xudri Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) belə buyurduğunu rəvayət edir: “Adəm oğlu səhərə çatdıqda, bütün əzaları dilə səslənib: “Bizim haqqımızda Allahdan qorx! Çünki biz sənə tabeyik. Sən doğru olsan biz də doğru olarıq, sən azsan biz də azarıq!” deyirlər.” (Tirmizi).
İmam Nəvəvi deyir ki: “Yəni dilə itaət edib, ona boyun əyərlər.” İnsanın, dilini qoruması və az danışması nəfsinin təmiz olmasının və müdrikliyinin işarəsidir. Rəvayət edilən hikmətli sözlərdən birində belə deyilir: “Ağıl kamil olarsa söz azalar.” Hikmət sahibi insanlardan biri belə deyir: “İnsanın danışması, fəzilətinin bəyanı və ağlının tərcüməçisidir. Gözəl olan sözə yönəlin və onun azı ilə kifayətlənin!”
Şüurlu müsəlmanı ağlı, gözəl və yerinə görə danışmağa sövq edər. Onu imanı buna yönəldir. Danışmaq lazım deyilsə susmağı seçər və günahdan qorunmaq üçün özünü saxlayar. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) tövsiyəsi ilə hərəkət edər: “Kim Allaha və axirət gününə iman edirsə ya xeyir söyləsin ya da ki, sussun!” (əl-Buxari, Muslim).
Ağlından keçəni gözəl bir şəkildə ifadə etmək uca bir ədəb və dəyərli bir əxlaqdır. Uca Allah keçmiş ümmətləri buna yönləndirmiş və onlardan bunun üçün söz almışdır.
Uca Allah belə buyurur: “Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allah`dan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz.” (Müqəddəs Quran, “Bəqərə” surəsi, 83-cü ayə).
Gözəl söz, dost və ya düşmən olsun hər insanla gözəl nəticə verir. Dostla gözəl danışmaq, sevginin və dostluğun davam etməsini təmin edər. Düşmənlə gözəl danışmaq isə qəlblərdəki kini, nifrəti, qəzəbi yox edər və düşmənçiliyi söndürər. Uca Allah belə buyurur: “Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbrlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbr edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur!” (Müqəddəs Quran, “Fussilət” surəsi, 34-35-ci ayələr).
Dilin böyük fəlakətləri vardır. Lazımsız və boş danışmağın bir çox zərərləri vardır. Möminlərin əmiri Ömər ibn əl-Xəttab bundan çəkindirərək belə demişdir: “Çox danışanın xətası da çox olar. Xətası çox olanın həyası azalar. Həyası azalanın vərası (Allah qorxusu) azalar. Allah qorxusu azalanın qəlbi ölər.” Keçmiş alimlərdən biri belə deyir: “İnsanların ən bədbəxti və müsibəti ən böyük olanı, tələskən bir dil və tələskənliklə hərəkət edən bir qəlbə sahib olan insandır.” Boş danışmaqdan uzaq durmaq, dini və dünyəvi baxımdan başqalarına faydalı olmayan şeylərdən dili qorumaq bəsirət və müdriklikdəndir.
Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) ümmətinə bunu tövsiyə etmiş və buna çağırmışdır.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) dilini işarə edərək “Buna sahib ol!” buyurur. Muaz ibn Cəbəl belə deyir: “Ey Allahın Rəsulu! Bizlər danışdıqlarımız haqqında hesab verəcəyik?” Buna cavab olaraq Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) belə deyir: “Anan səni itirsin, ey Muaz! İnsanlar, dilləri ilə əldə etdiklərindən başqa bir səbəblə cəhənnəmə üzləri üstə atılarlarmı?” (Tirmizi).
Süfyan əs-Səqafi belə rəvayət edir: “Ey Allahın Rəsulu! Mənim üçün ən çox qorxduğun şey nədir?” dedim. Allahın Elçisi öz dilini tutaraq “Bu”, deyə buyurdu.” (Tirmizi).
Buna görə, bu ümmətin keçmiş alimləri və ən seçkin insanları dilin təhlükəsindən qorxardılar və olduqca çox çəkinərdilər. Əbu Bəkr dilini çıxarar və belə deyərdi: “Bu, məni pis yerlərə aparar.” Abdullah ibn Məsud belə deyir: “Ondan başqa haqq ilah olmayan Allaha and olsun ki, yer üzündə dildən başqa uzun müddət həbs edilməyə ehtiyacı olan bir şey yoxdur.” Ata ibn Əbi Rabah da belə deyir: “Sizdən biri, gündüz doldurduğu səhifə açıldığında içindəki bir çox şeyin dini və dünyası ilə əlaqəsiz olmasından utanmazmı?”.
Təqva insan dilini nizama salmasa, o, şeytanın əlində sərbəst bir ipdir. Şeytan onunla bu dilin sahibini istədiyi kimi yönləndirər. İnsan ağlına gələn hər şeyi söyləmək üçün dilini sərbəst edərsə, dili onu fəlakətə və həlaka aparar. Onu, dedi-qodu və qeybət, yalan və iftira, pis və çirkin söz, Allahın qullarına qarşı ədəbsiz davranmaq kimi böyük günahlara salar. Hətta bəzilərinin dili başqalarının şərəfini yaralayan bir bıcaq kimi olmuşdur.
Onlar Uca Allahın qullarını dolayar və onları alçaldarlar. Eyiblərini sayar və qüsurlarını açıqlayarlar. İnsanları ittiham edər, yalan danışar və şayiələr yayarlar. Bunu etməyə onlara nə dilləri, nə kişilikləri, nə də həyaları mane olar. Sanki Qüdrətli Allahın bu sözünü eşitməmişlər: “Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Müqəddəs Quran, “Qaf” surəsi, 18-ci ayə).
Bu şəxslər, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bu sözünə görə nə vəziyyətdədirlər? O , belə buyurur: “Mömin, (insanları) qaralayan və çox lənət edən, pis söz söyləyən və söyüş söyən bir kimsə deyildir.” (Tirmizi. O bu hədisin “həsən” olduğunu deyir.).
Digər bir hədisdə Allahın Elçisi (Allahın ona salavat və salamı olsun) buyurur: “Şübhəsiz qul, Allahı qəzəbləndirəcək bir söz desə və ona əhəmiyyət verməsə, o söz səbəbi ilə cəhənnəmə atılar.” (Buxari).
Üzərində elm və doğruluq görüntüsü olan bir şəxs bunu etsə bəla daha da böyük olar. Pis və çirkin sözlər söyləyər. Heç bir fəzilət sahibinin fəzilətini və dəyərli insanın dəyərini buraxmaz. Bir dil sürüşməsindən və ya qələm xətasından və ya şəxsi bir səbəblə ölü və ya diri, heç düşünmədən onları mühakimə edir. Bəzən səbəb bunlardan heç biri olmaya bilər. Sadəcə kin və ifrat onu buna sövq edir. Dini duyğuları və Allah qorxusu ona mane ola bilməsə ağıl və əxlaq da onu bundan çəkindirməz?! Öz nəfsinin əyib və qüsurlarının çoxluğunu bilməsi də onu bundan uzaqlaşdırmaz?! Keçmiş alimlərdən biri, insanların əleyhinə danışan bir şəxsin söhbətini eşitdikdə ona belə deyir: “İnsanların eyiblərini çox göstərməyin ilə sənin eyiblərinin çoxluğuna qərar verdik.”
Dillərinizi və digər əzalarınızı Allahın haram etdiyi şeylərdən qorumaq üçün daima Allahın bu sözünü xatırlayın: “Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə (Cənnətə) nail olar.” (Müqəddəs Quran, “Əhzab” surəsi, 70-71-ci ayələr).
Mənbə: islamevi.az