Məqalələr Ramin Mütəllim Ümumi tərbiyə

İslamda vətən anlayışı

 

Yoxladılar:

Qamət Süleymanov — Mədinə Universitetinin hədisşünaslıq fakültəsinin məzunu

Şaban Uluxanov — Mədinə Universitetinin islam hüququ fakültəsinin məzunu

 

Bu gün biz gənc möminlərin “vətən” və “vətənpərvərlik” kimi anlayışları qəbul etmədiyinin daha tez-tez şahidi oluruq. Üstəlik bu insanlar elə güman edir ki, “vətən” anlayışı İslama ziddir və müsəlmanın yalnız bir vətəni və bir dövləti – İslam Xilafəti olmalıdır.

Bununla bərabər, bu insanlar “vətən” anlayışını qəbul etməyərək özlərini yalnız müəyyən islami camaatlara və ya təşkilatlara aid edir və bununla da onların rəhbərlərinə və idarəçilərinə tam sadiq olurlar. Bu cür insanları milli kimlik və dövlət mənsubiyyəti maraqlandırmır. Əksinə, onlar vətəndaşları olduqları doğma müsəlman ölkəsini öz vətəni hesab edən hər kəsi qınayır və onlara nifrət bəsləyirlər.

Əslində isə, insanların bu düşüncəsi “islam siyasəti” (əs-siyəsə əş-şəriə) prinsiplərinə ziddir. Çünki, İslam müasir müsəlman dövlətləri zəminində vətən və vətənpərvərlik anlayışları nəinki inkar etmir, əksinə, təsdiq və izah edir.

Bu məsələyə dəlillərdən biri Məhəmməd Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bir-birinə zidd təbliğat aparan və başçılarının bir-birilə ədavət apardığı qruplaşma və camaatların peyda olacağına dair nəsihətidir.

Bu barədə Peyğəmbərin məşhur səhabəsi Huzeyfə ibn Yəməndən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə nəql edilir:

“İnsanlar Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) xeyir barədə soruşardılar, mən isə başıma gələcəyindən qorxduğum üçün ondan şər barəsində soruşardım.

— Mən dedim: “Ey Allahın Rəsulu! Biz cəhalət və şər içində idik. Allah bizə xeyir bəxş etdi. Bəs bu xeyirdən sonra şər gələcəkmi?”

— O, “Bəli” – deyə cavab verdi.

— Mən: “Bəs bu şərdən sonra yenə xeyir gələcəkmi?” – deyə soruşdum.

— O: “Bəli, lakin, ona şər də qarışacaqdır” – dedi.

— Mən “Bəs bu necə olacaq?” – deyə soruşdum.

— O, dedi: “Elə bir topluluq gələcək ki, insanlara mənim kimi rəhbərlik etməyəcəklər. Siz isə onların əməllərini görəcək və inkar edəcəksiniz” .

—Mən: “Bu xeyirdən sonra şər gələcəkmi?” deyə soruşdum.

— O: “Bəli, Cəhənnəmin qapılarında duraraq insanları ora dəvət edən insanlar olacaqdır. Kim onlara itaət edərsə onlar onu Cəhənnəmə atarlar” – dedi.

— Mən ondan xahiş etdim: “Ya Rəsulullah! Onları bizə vəsf et”.

— O: “Onlar bizim içimizdən olacaqlar və bizim dilimizdə danışacaqlar” – dedi.

— Mən: “Bu söylədiyiklərinə yetişsəm onda nə etməyimi mənə əmr edirsən?” – deyə soruşdum.

— O: “Müsəlman camaatı və onların rəhbərləri ilə birgə ol”dedi.

Buxari və Müslim rəvayət edib

Müasir terminologiya ilə ifadə etsək, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bu hədisdə vətəndən və ya dövlət başçısına malik vahid bir cəmiyyətdən bəhs edir.

Məşhur orta əsr alimi imam Təbəri deyib:

Bu hədisin məğzi, müsəlman camaatla birgə olmaq və bu camaatın, tabeçiliyi altında olduğu rəhbərə itaətinin vacibliyidir. Kim öz beyətini pozsa, (rəhbərə itaətdən boyun qaçıraraq ona qarşı çıxmaqla), müsəlman camaatından çıxmış olar”.

Fəth əl-Bəri 37/13

Yenə də müasir terminologiya ilə danışsaq, vətən və ya ölkə – uzun müddət boyunca müəyyən ərazidə yerləşən, daxili və xarici işləri tənzimləyən dövlət hakimiyyətinə tabe olan ictimai birlikdir.

Axı vətən, insanın doğulduğu və vətəndaşı olduğu ölkədir. Ölkə isə – öz dövlət idaretməsinə malik bir ərazidir (bax. Uşakov və Yefremovun izahlı lüğəti).

Beləliklə, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) “Müsəlman camaatı və onların rəhbərləri ilə birgə ol!” deməsi o anlama gəlir ki, yuxarıda sadalanan təriflərə uyğun gələn dövlətin və vətənin mövcudluğu halında müsəlman öz müsəlman camaatı ilə birgə olmalı və öz vətəninə və rəhbərinə sadiq qalmalıdır.

Doğrudur, əslində müsəlmanların bir dövlətin tərkibində bütün müsəlman camaatı üzərində idarəetməni həyata keçirən vahid dövləti və vahid rəhbəri – xəlifəsi olmalıdır. Lakin, bu idarəetmə sisteminin icrasını həyata keçirmək çox illər öncə və çoxsaylı səbəblərdən artıq mümkün olmayıb.

Yalnız 806-910-cu illər arası dövrdə 6 müstəqil müsəlman dövləti hökm sürmüşdür. 1425-ci ildə isə dünyanın siyası xəritəsində artıq 22 müsəlman dövləti mövcud idi.

Beləliklə, müsəlman camaatının vəhdət halına gələrək birləşməsi mümkün olmadıqdan və camaat öz rəhbərlərinə – krallara və əmirlərə malik çoxsaylı dövlətlərə parçalandıqdan sonra, islam hüquqşünasları və islam siyasəti üzrə mütəxəssis alimlər “hər bir dövlət başçısının, vahid bir xəlifənin malik olduğu bütün hüquq və vəzifələrə sahib olduğuna dair” hökm çıxardılar.

Məşhur yəmənli alim imam Şövkani (1759-1839-cu illər) yazırdı:

Rəhbərlərə beyət edildikdən sonra, həmin rəhbərin əmrləri və qadağalarının şamil olunduğu ölkənin hər bir sakini üçün ona itaət vacib olur”.

“Əs-Seyl əl-Cərraar” 512/4

Beləliklə, hər bir müsəlman dövlətin əhalisi üçün, öz dövlət başçılarına itaət və tabeçilik edəcəklərinə dair beyət etmələri və bu dövlətin hüdudları çərçivəsində müsəlman camaatla bir olmaları vacibdir. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) “Müsəlman camaatı və onların rəhbərləri ilə birgə ol!” sözlərinin mənası da bundan ibarətdir.

Həmçinin, Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) bu sözləri, müsəlmanın ayrı camaatlar qurmaqla və ya ayrı qayda-qanunlar müəyyən etməklə öz dövlət başçısına və müsəlman camaata qarşı çıxmasının icazəli olmadığına işarə edir. Hətta əgər bu camaatın üzvləri günahlar edir, hökumət tərəfindən isə ədalətsizliyə yol verilirsə, bu halda da müsəlman öz rəhbərinə qarşı çıxmamalıdır. Rəhbərə qarşı çıxmaq, dövlətin bütövlüyünü, cəmiyyətin təhlükəsizliyini və birliyini təhlükə altına atır.

Yuxarıda deyilənlərə dəlil Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) aşağıdakı hədisidir:

“Kim öz başçısından xoşuna gəlməyən bir şey görərsə, ona səbr etsin. Həqiqətən də, kim müsəlman camaatdan (cəmiyyətdən) bir qarış belə ayrılar və ölərsə, cahiliyyət ölümü kimi ölmüş sayılar”.

Buxari rəvayət etmişdir

Bu hədisdən də görünür ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) hökumətin ədalətsizliyi ilə üzləşdikdə səbr etməyi əmr edir və hətta əgər cəmiyyətin birliyinə xələl gətirəcək ən kiçik bir hal mövcud olsa da, cəmiyyətdən ayrılmaqdan və ona qarşı çıxmaqdan çəkindirir.

Beləliklə, şəriət terminologiyasında vətənpərvərlik “müsəlman cəmiyyəti və onun rəhbəri ilə bir olmağın və icazəli hər bir məsələdə rəhbərə tabe olmağın vacibliyi” deməkdir. Əhli-Sünnə vəl-Cəmaə ardıcıllarının əsas şüarlarından biri məhz bu prinsipdir. Məhz bu səbəbdən “Əhli-Sünnə vəl-Cəmaə” əqidəsinin adındakı “Cəmaə” sözü əqidəmizdə yer alan bu prinsipin vacibliyinə dəlalət edir. Bütün bu deyilənlərdən belə bir nəticə çıxarmaq olar ki, Əhli-Sünnə vəl-Cəmaə əqidəsinin ardıcılları – Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) Sünnəsinə riayət edənlər və müsəlman cəmiyyətlə müsəlman rəhbər ətrafında birləşənlərdir.

Yuxarıda deyilənləri nəzərə alsaq, aydın olur ki, müsəlman dövlətin vətəndaşı olan müsəlmanın özünü bu dövlətə aid etməsi və onu öz vətəni hesab etməsi vacibdir. Həmçinin, yuxarıda deyilənlərdən bizə aydın olur ki, müsəlmanın, öz əmirlərinə beyət edən və beləliklə müsəlman camaatı parçalayaraq təfriqəyə səbəb olan hər hansı bir camaata və ya qruplaşmalara özünü aid etməsi və onlara qoşulması qadağandır.

Bu, müsəlman camaatı parçalamaq və cəmiyyətdəki müəyyən qrup insanların dəstəyi sayəsində hakimiyyətə gəlmək üçün yaradılan bütün siyasi müxalifət partiyalarına da aiddir. Bu cür pariyalarda da bütün partiya üzvlərinin qanuni rəhbərin əvəzinə tabe olduqları əmirlər var (bu gün onları liderlər və ya partiya sədrləri adlandırsaq da).

İslam – həqiqət və müdriklik dinidir. Bu din müsəlmanları vəhdətə və birliyə çağırır və camaatdan ayrılmış qruplaşmalardan və fitnədən uzaq durmağı əmr edir. Odur ki, müsəlman öz həmvətənləri ilə (yəni, öz ölkəsinin müsəlman cəmiyyəti ilə) əlaqə saxlamalı , onlarla bir olmağa doğru can atmalı və öz aralarında yardımlaşma bağlarını möhkəmləndirməlidir.

Həqiqətən, həmvətənlərin bir-birinə olan sevgisi və qayğısı – cəmiyyətin ibarət olduğu və dövlətin nöqsanlarının aradan qaldırılmasına, onun çiçəklənməsinə və inkişafına səbəb olan  mühüm meyarlardır. Bu, həmçinin dövlətin müxtəlif  nailiyyətlər əldə etməsinə, onun intellektual inkişafına, dövlətin həmvətənlərinin ümumi rifahının gerçəkləşdirilməsinə və müxtəlif böhranlara qarşı uğurla müqavimət göstərməyə səbəbdir.

Bütün bunlar Uca Allahın bu ayələrinə müvafiqdir:  “…Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin. Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!” (Müqəddəs Quran, “Maidə” surəsi, 2-ci ayə)

Həmçinin, İslam dininə müvafiq olaraq, müsəlman öz ölkəsinin təhlükəsizliyini və sabitliyini təhdid altına salan daxili və xarici təşkilatlarla əməkdaşlıqdan çəkinməlidir.  Müsəlman öz həmvətənlərini, rəhbərə və onun təyin etdiyi məmurlara itaətsizlik səbəbi ilə baş verən təfriqə təhlükəsindən və asayişin pozulmasından çəkindirməlidir. Beləliklə, bu cür hərəkət edən müsəlman Allahın müqəddəs ayəsini icra edənlərdən olur: “Müşriklərdən olmayın! O kəslərdən ki, öz dinini parçalayıb firqə-firqə oldular. Hər bir firqə öz dininə (öz dininin haqq olduğuna) sevinər”. (Müqəddəs Quran, “Rum” surəsi, 31-32-ci ayələr).

Müsəlman camaatın öz rəhbəri ətrafında birləşməsi prinsipinə əsasən, hər bir müsəlman dövlətinin vətəndaşı istənilən digər müsəlman dövlətinin sakini olan mömin qardaşlarına xeyir işlərdə köməklik göstərməyə çalışmalıdır. Uca Allah buyurur: “Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar . Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (Müqəddəs Quran, “Tövbə” surəsi, 71-ci ayə)

Həmçinin, Uca Allah buyurur: «Lakin əgər onlar din yolunda sizdən kömək istəsələr, aranızda saziş olan bir tayfa əleyhinə yardım istisna olmaqla, onlara kömək göstərmək sizə vacibdir. Allah nə etdiklərinizi görəndir!» (Müqəddəs Quran, “Ənfal” surəsi, 72-ci ayə).

Uca Allahdan bütün müsəlman ölkələrinin sakinlərini və onların rəhbərlərini haqq yolunda sabitqədəm etməsini diləyirik.

Növbəti məqaləmizdə biz Allahın iznilə İslamda vətənpərvərlik və vətənə sevgi mövzularından bəhs edəcəyik.

Ardı var…

Hazırladı: Ramin Mütəllim