Müqəddimə[1]
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ
“Həmd ancaq Allahadır, Ona həmd edir, Ondan yardım və məğfirət diləyirik. Nəfsimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allah kimi hidayətə yönəltmişsə, onu heç kəs azdıra bilməz, kimi də azdırmışsa, heç kəs onu hidayətə yönəldə bilməz. Mən şəhadət edirəm ki, Allahdan başqa ilah yoxdur və şəhadət edirəm ki, Muhamməd Onun qulu və elçisidir.
«Ey iman gətirənlər! Allahdan layiqincə qorxun və yalnız müsəlman olduğunuz halda ölün!» (Quran, 3:102).
«Ey insanlar! Sizi tək bir şəxsdən xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadınları törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin. Həqiqətən, Allah sizə nəzarət edir!» (Quran, 4:1).
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! Allah əməllərinizi islah edər günahlarınızı bağışlayar. Kim Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə nail olar!» (Quran, 33:70-71).
Şübhəsiz ki, sözlərin ən doğrusu Allahın kitabı, yolların ən xeyirlisi isə Muhammədin ﷺ yoludur. Əməllərin ən pisi – sonradan uydurulandır, sonrdan uydurulan hər əməl – bidət, hər bidət – zəlalət, hər zəlalət isə Oddadır”.
Giriş:
Bu gün biz bəşəriyyətin üzləşdiyi müxtəlif hadisələrin girdabında yaşayırıq. Bu hadisələrin nəticələri digər məsələlərlə yanaşı, dinin əsaslarına da təsir etdi. İş o yerə gəlib çatdı ki, əhli-Sünnə vəl camaat alimlərinin yekdilliklə həmfikir olduqları bir çox əsas əqidə məsələləri günümüzdə tənqid edilə, etiraz və müzakirə oluna, şübhə altına alına bilən məsələlərə çevrildi. Bu məsələlərə əqidənin mühüm maddələri daxildir ki, onların tətbiqi ilə insanların dünyada xoşbəxt olması, uğur qazanması və əmin-amanlıq içində yaşaması mümkün olur. Sözügedən risalənin mövzusu şəriət baxımından son dərəcə vacib bir məqama aydınlıq gətirmək olacaq. Bu risalədə dövlət başçılarının və hakimiyyətin İslamdakı yerindən və dövlət başçılarının xalq üzərindəki haqlarından bəhs olunacaq.
Bu mövzu sadəcə gözqamaşdırıcı şüar və ya boş söhbət deyil. Əksinə, Sünnə əhli üçün rəhbər mövzusu sədaqət, vəfa, fədakarlıq, dürüstlük, səbir və səmimiyyət məsələsidir.
Bu əsas haqqında – İslamda dövlət başçısının haqları barədə danışmağı iki qisim insan sevmir:
- Əhli-Sünnə əqidəsinə tabe olmayıb zidd olanlar,
- Bu mövzuda Quran ayələrindən və Peyğəmbərin ﷺ hədislərindən bixəbər olub əqidənin əsasları mövzusunda cahil olanlar.
Bu risaləni iki səbəbə görə yazmaq istədim:
Birincisi, müsəlmana rəhbəri qarşısındakı öhdəliklərini izah etmək;
İkincisi, bu mövzuda bəzi dəvətçilərin və mütəfəkkirlərin yanlış anlayış və davranışlarını göstərməkdir. Bu gün müsəlman cəmiyyətində yayılan bu cür insanlar Quran ayələrinə və peyğəmbərin hədislərinə, həmçinin müsəlman alimlərinin yekdil rəyinə tamamilə zidd olan qaydaları təbliğ edirlər. Belə insanlar bu məsələni əhli-Sünnənin mövqeyinə uyğun olmayaraq işıqlandırmağa çalışır və beləliklə də insanları rəhbərə qarşı çıxmağa çağırırlar. Bu cür nalayiq yolu seçərək müxtəlif üsullarla müsəlmanları öz rəhbərlərinə qarşı çıxmağa təhrik edirlər. Onların təbliğatının və təhrikinin nəticəsi qan tökülməsi, bir çox günahsız insanların həlak olması və yer üzündə fitnə-fəsadın yayılması oldu ki, bu gün özümüz də bunun şahidi oluruq.
Bu risalədə biz dövlət başçılarının Quran ayələrində və hədislərdə buyurulan, həmçinin alimlərin bildirdiyi ən əsas haqlarına toxunacağıq. Uca Allahın köməyi ilə bu vacib haqların hər birini qısa da olsa, izah edəcəyik. Risaləmin nöqsansız olmadığını və rəhbərin haqları ilə bağlı bütün məsələləri əhatə edə bilmədiyimi əvvəlcədən etiraf edirəm.
Müəllif: Doktor Muhamməd ibn Ğalib əl-Umari (Allah onu qorusun)
Hazırladı: Ramin Mütəllim
27/4/1446 h. — 31/10/2024 q.
[1]Bu kitab “Riyadu əs-Salihin” mərkəzinin dəstəyi ilə Dubay şəhərindəki (Allah bu şəhəri qorusun) möminlərin anası Aişə (Allah ondan razı olsun) məscidində verdiyim mühazirə əsasında hazırlanmışdır. Bu mühazirənin əsas məqamlarını doktorluq dissertasiyamdan götürmüşəm. Allahdan bu zəhməti tərtib edən, oxuyan və yayan şəxs üçün faydalı etməsini diləyirəm. Həqiqətən, Uca Allah duaları eşidən və qəbul edəndir.