Şeyxülislam İbn Teymiyyə (Allah ona rəhmət etsin) demişdir:
“Bilmək lazımdır ki, (rəhbərlərlə rəiyyət arasında) baş verən fitnələrin səbəbi müştərəkdir.
İnsanın qəlbinə haqqı bilməyə və ona istiqamətlənməyə mane olan amillər təsir edir. Buna görə də insan cahiliyyət səviyyəsinə düşmüş olur. Cahiliyyətdə haqqı bilmək və ona istiqamətlənmək anlayışı yoxdur. İslam haqqı bilmək və ona yönəlmək anlayışı ilə elm öyrənməyi və saleh əməl görməyi əmr etmişdir.
Hər kəs bilir ki, bəzi rəhbərlər xalqın sərvətini mənimsəməklə rəiyyətə zülm etdiyi üçün, insanlar onun zülmünə qarşı səbrli ola bilmir. İnsan dərk edir ki, bu zülmü ancaq daha böyük fəsada yol açacaq yolla dəf etmək mümkündür. Amma insan öz haqqını almağı və zülmü dəf etməyi sevdiyi üçün gələcəkdə baş verəcək ictimai iğtişaşı nəzərə almadan öz istəyini həyata keçirmək istəyir.
Ona görə də Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ümmətinə belə tövsiyə etmişdir: “Siz məndən sonra haqqınızın mənimsənildiyinin şahidi olacaqsınız. Mənimlə Hovuz başında görüşənə qədər səbir edin!” (Buxari).
Buxarinin “Səhih” əsərində nəql olunan digər hədisdə belə demişdir: “Müsəlman kişinin rahat və çətin günündə, xoşuna gələn və ya gəlməyən vaxtda, haqqı mənimsənildiyi halda da eşidib itaət etməsi vacibdir.”
Eyni kitabda Ubadə bin Samitin belə dediyi rəvayət olunur: “Biz xoş günümüzdə və sıxıntı anlarımızda, düşdüyümüz çətin və asan hallarda, habelə haqqımızı ödəməsələr belə, (əmirləri) dinləyib itaət edəcəyimizə dair Peyğəmbərə beyət etdik. Habelə, əmirə qarşı çıxmayacağımıza söz verdik. Yalnız əmirin açıq-aşkar küfr etməsi və buna dair Allah tərəfindən dəlil-sübutun olması istisnadır. Harada olmuş olsaq heç kəsin tənəsindən qorxmadan Allah yolunda haqqı deyəcəyimizə dair Peyğəmbərə (səllallahu aleyhi və səlləm) beyət etdik.” (Buxari və Muslim).
Peyğəmbər (səllallahu aleyhi və səlləm) müsəlmanlara haqq-hüquqlarının mənimsənilməsi halında səbirli olmağı, rəhbərləri onların haqqlarını mənimsədikləri halda da onlara itaət etməyi əmr etmişdir. Həmçinin rəhbərə qarşı çıxmağı da qadağan buyurmuşdur. (Tarix boyu) rəhbərlərə qarşı çıxanların əksəriyyəti mənimsənilmiş haqqlarını tələb etmək üçün üsyan etmişlər. Onlar haqqlarının mənimsənilməsinə səbr etməyiblər. Haqqı mənimsənilmiş insanın nifrəti rəhbərin etdiyi başqa günahları daha da böyük göstərir. Rəhbərə qarşı döyüşən insan fitnə-fəsad olmasın və din ancaq Allaha məxsus olsun deyə döyüşdüyünü güman edir. Əslində isə onu bu işə sürükləyən əsas amil vəzifə və ya mal-dövlət haqqını tələb etməkdir.
Uca Allah buyurur: “Onlardan (münafiqlərdən) sədəqələr barəsində sənə eyib tutanlar da var. Əgər (sədəqədən) onlara bir şey verilsə, razı qalar, verilməsə, dərhal qəzəblənərlər.” (ət-Tövbə: 58).
Buxarinin “əs-Səhih” əsərində Peyğəmbərin (səllallahu aleyhi və səlləm) belə dediyi rəvayət olunur: “Üç qism insan vardır ki, uca Allah qiyamət günü onlarla danışmayacaq, onların üzünə baxmayacaq və onları təmizə çıxartmayacaq. Üstəlik onlar üçün şiddətli əzab da olacaqdır:
– o adam ki, yol kənarındakı suya sahib olmuş və oradan keçən müsafirlərə bu sudan verməmişdir. Qiyamət günü Allah ona deyəcəkdir: “Sən öz əlinlə əldə etmədiyin bir şeyi lütf etməkdən imtina etdiyin kimi, Mən də səni bu gün Öz lütfümdən məhrum edirəm;
– o adam ki, rəhbərə yalnız dünya malına görə beyət etmiş və rəhbər dünyadan malından ona verdikdə razı qalmış, heç nə vermədikdə isə ona qəzəbi tutmuşdur;
– o adam ki, malını satmaq üçün yalandan (Allaha) and içər və nəticədə mala xərclədiyindən də artığını əldə edər.”
Əgər bir tərəfdən şübhə və şəhvət, digər yandan şəhvət və şübhə müttəfiqlik edərsə fitnə-fəsad baş qaldırar. Şəriət sahibinin əmrləri insanın özünə və digər müsəlmanlara mənfəət gətirəcək əmrlərdir.
(Dinimiz) rəhbərlərə ədalətli olmağı və rəiyyətə qarşı tövsiyə ilə davranmağı əmr edib demişdir: “Allah bir insana rəiyyət bəxş edər və o da rəiyyətini aldatmış halda ölərsə, Allah cənnəti ona haram edər.”
Rəiyyətə isə itaətkar olmağı və nəsihət etməyi əmr etmişdir. Səhih hədisdə deyilir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) üç dəfə “Din nəsihətdir!” – dedi. Əshabələri soruşdular: “Kimin üçün (nəsihətdir) ey Allah rəsulu!” O dedi: “Allah, Onun kitabı, Peyğəmbəri, müsəlmanların rəhbərləri və bütün müsəlmanlar üçün.”
Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) rəhbərlərin haqq mənimsəməsinə qarşı səbirli olmağı əmr etmiş, zülm etsələr də onlara qarşı döyüşməyi və üsyan etməyi qadağan etmişdir. Çünki rəhbərə qarşı fitnə-fəsadla döyüşməyin fəsadı, rəhbər tərəfindən edilən zülmdən qat-qat zərərlidir. Qaydaya görə fəsadı az olan işi daha çox fəsad törədən işlə düzəltmək olmaz. Qurana və Peyğəmbərdən nəql edilən səhih sünnəyə nəzər yetirən kimsə bunu həm özünə, həm də ətraf mühitinə aid edib ibrət alarsa, uca Allahın bu ayəsinin həqiqətini anlamış olar. Uca Allah buyurur: “Onun (Quranın) haqq olduğu onlara bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə, həm də onların öz daxilində mütləq göstərəcəyik.” Uca Allah bəndələrinə həm kainatda, həm də onların özlərində bir çox nümunələr göstərir ki, onlar Quranın haqq, məlumatlarının doğru və hökmünün ədalətli olduğunu dərk etsinlər. “Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, (hər şeyi) eşidəndir, biləndir!” (əl-Ənam: 115).”
Şeyxülislam Əhməd bin Əbdülhəlim İbn Teymiyyə əl-Hərrani
1262-1327
Minhac əs-Sünnə kitabı, 4/538-543.
«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb