Nümunəvi müsəlman olmaq üçün ümumi vəsflər və dəyərlər vardır. Sizə təqdim etdiyimiz bu infoqrafikada nümunəvi müsəlman olmaq üçün ümumi vəsflər verilmişdir. Bu vəsflərə sahib olmaqla biz deyilən keyfiyyətdə müsəlman ola bilərik.
Sələf Xəbər: Bu dinin gözəlliklərindən biri də gözəl əxlaqa, yüksək ədəbə dəvət etməsi, pis əxlaq və xüsusiyyətlərdən isə çəkindirməsidir. Bu din kamil din olduğundan, şəriət və ağıl baxımından bəyənilən hər şeyi özündə cəm etmişdir. Həmçinin fərdlər və toplumlar üçün məsləhətli və xeyirli olanları da özündə toplamışdır. Bu dinə iman gətirib, ehkamlarına riayət edən hər kimsəyə Islam gözəl həyat bəxş edər.
Allah taala buyurur: “Mömin olub yaxşı işlər görən (Allaha itaət edən) kişi və qadına (dünyada və axirətdə) xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. (Və ya gördükləri yaxşı işlərin əvəzində onlara daha yaxşı mükafatlarını verəcəyik!)” (əh-Nəhl: 97).
Bu ayədə Allah taala dinə riayət edən kişi və qadınlara dünyada xoş həyat, axirətdə isə etdiyi əməllərin bol savabını vəd edir. Yaxşı həyat hərtərəfli rahatlığı əhatə edir. Gözəl əxlaqa yiyələnmək xoşbəxt həyatın səbəblərindəndir. Hikmətli insanların bildiyinə görə insanın əxlaqı kamilliyə doğru getdikcə onun həyatı daha rahat və ləzzətli olar.
Bu şəriət, müsəlman ictimaiyyətinin bir-birlərinə qarşı mərhəmətli, şəfqətli, mehriban olmalarını öyrətmək, onların bədəninin bir üzvü ağrıyarkən digərinin ona cavab verdiyi bir bədən kimi olduqlarını çatdırmaq, bir-birini möhkəm saxlayan bina divarı kimi olmalarını çatdırmaq üçün gəlmişdir. Bu mənada Qurani Kərimdə belə bir ayə vardır.
Allah taala buyurur: “Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!” (əl-Hucurat: 10).
«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb