Günümüzdə o qədər cərəyanlar, özlərini “İslam Camaatı” adlandıran müxtəlif camaatlar və ya qəribə düşüncəli insanlar vardır ki, dində təzə olan insanın həqiqi İslam yolu ilə, yəni Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsi və başda dörd xəlifə Əbu Bəkr, Ömər, Osman və Əli (Allah onlardan razı olsun) olmaqla – əshabələrinin yolu ilə getmək sanki əlində qaynar kömür daşımaq kimi ağır, gecənin qaranlığında yol getmək kimi çətin bir işə çevrilmişdir. Qət ediləcək yol və qısa müddətdə insanı məhvə aparmaq baxımından günün ən böyük təhlükəsi xəvariclik və təkfirçilikdir. Çünki bu düşüncə nəticəsində insan özünü qısa müddətdə hansısa radikal toplumda, yaxud İŞİD xəvaric terror qruplaşması kimi azğın təşkilatda görə bilər. Bu fikirə düşmək ipi qırılmış boyunbağının dənəsindən tutunmaqdan başqa bir şey deyildir. Axı ip qırılıb, dənələr isə sürətlə yüksəklikdən yerə çırpılır.
Biz də Sələf Xəbər redaksiyası olaraq öz növbəmizdə bu azğın düşüncənin təhlükəsini anlayaraqdan dinini sevən, ona bağlanan gənclərin bu yola düşməməsi üçün belə bir məqaləni sizə təqdim edirik.
Kiminsə xəvaric olduğunu və İŞİD-çiyə çevrilmək təhlükəsinə düşdüyünü necə bilmək olar?
1. Anidən dindarlıq etməyə başlayır;
2. İbadətə və Quran oxumağa xüsusi diqqət ayırır, amma doğru şəriət elmini və Sünnəni öyrənməyə maraq göstərmir;
3. Tanınmayan, yaxud təkfirçi şeyxlərdən təsirlənir;
4. Ölkə rəhbərinə kafir deyir, yaxud onun qanunsuz olduğunu, ona beyət və itaət etməyin vacib olmadığını etiqad edir;
5. Müsəlman icmaları yalnız dövlətlə əlaqədə və siyasətlə məşğul olmaqda ittiham edir;
6. Təkfirçiliyi təbliğ edən mənbələrə pis baxmır, hətta onlardan mənbə kimi istifadə edir. Misal olaraq Seyyid Qutb və bu kimi şəxsləri qeyd etmək olar.
Sən kimdəsə bu kimi meyilləri və ya davranışları aşkar etdikdə, ona sünnə ilə cavab ver, xəvariclərin qalığı sayılan üsyankarlıq (ərəb. xuruc) bidətinə etirazını bildir. Əgər onun inadkarlıq etdiyini görsən onu mütləq sünnə üzrə olan və “islam camaatlarından” (Müsəlman qardaşlar, Hizbut Təhrir, yaxud hansısa dini təşkilatdan) uzaq olan elm tələbələri ilə görüşdür ki, bəlkə onu bu bidətdən xilas etmək mümkün oldu.
DİQQƏT!!! Amma bu işdə qarşındakını daha dərin fitnəyə sürükləməmək üçün aşağıdakılara mütləq diqqət etməlisən.
– Dinə bağlı olduğu, ibadət və xeyirli işlərə həvəsi barədə ona etiraz etmə;
– Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) sünnəsindən tutunduğu üçün onu radikal hesab etmə;
– Dindarları ümumi şəkildə məzəmmət etmə, yaxud alçaldıcı ifadələr işlətmə. Əks halda o elə hiss edəcək, yaxud elə düşünəcək ki, sən Allaha, Onun dininə, qoyduğunu qanunlara hörmət etmirsən. Bu da öz növbəsində onu daha da pis yola sürükləyəcək.
İfratçılığa və bidətə düşmədən onu xeyirə aparan amillər bunlar ola bilər:
1- Sən özünün imanını və İslamı gözəl tərzdə yaşadığını ona göstər, onun üçün gözəl örnək olaraq onunla birlikdə məscidə camaat namazlarına getməkdə, Quran oxumaqda yoldaşlıq et, xeyir işlərdə onunla birlikdə hərəkət et. Bu kimi əməllərin inşallah onun bidətə bağlılığını azaldar;
2- Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) hədislərində xəvariclərin aşkar şəkildə vəsf edildiyi kimi, məsələni sünnə-bidət, haqq-batil olduğunu düşünərək həll etmək lazımdır. Yəni, demə ki, sənin bu fikirin də doğrudur, amma …. Yəni bidəti ona başa salarkən burada söhbətin qəti olaraq haqq, yaxud batil olmasından getdiyini ona anlatmaq lazımdır. Həmçinin onunla danışarkən bu fikirin onda bekarçılıqdan, yaxud psixoloji xəstəlik ucbatından meydana gəldiyini söyləmə.
Uca Allahdan diləyirik ki, bizi və bütün müsəlman ümmətini bidətlərdən, nəfsin istəklərinə uymaqdan, ələlxüsus üsyankarçılıq (ərəb. xuruc) bidətindən qorusun, bizi şərdən və fitnədən hifz etsin… Amin!
«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb