Məqalələr Rafizilər Şübhələrə rəddiyələr

Səhabələr ətrafında yayılmış şübhələr və onlara cavab: Səkkizinci şübhə və cavabı

Səkkizinci şübhə:
Deyirlər ki, Ömər (Allah ondan razı olsun), Əbu Bəkr əs-Siddiqin beyətinin, təsadüfən olduğunu demişdir. Biz isə deyirik: Bəli, Ömərin (Allah ondan razı olsun), Əbu Bəkr əs-Siddiqin beyətinin təsadüfən olduğunu deməsi doğrudur. Lakin gəlin Buxarinin Səhih əsərində nəql edilmiş bir rəvayətə nəzər salaq, sonra məsələyə hökm verək.

İbn Abbas deyir ki, Ömər ibn əl-Xəttab bəzi insanların belə dediyini eşidir: “Əgər Ömər ölərsə mən filankəsə beyət edəcəyəm. Doğrudan da, Əbu Bəkrin beyəti bir səhv idi”.
Ömər ibn Xəttab bu sözləri eşidərkən deyir: Mən sizin bu sözlərinizi, “əgər Ömər ölərsə mən filankəsə beyət edəcəyəm” – eşitmişəm. Lakin heç kəs Əbu Bəkrin beyətinin təsadüfən olduğunu deməyə cürət etməsin. Bəli, hətta bu belə olsa da, həmin vaxt Allah, xoşagəlməz hadisələrin baş verməsinə izn vermədi. Sizin aranızda Əbu Bəkr kimi, uzun yol qət edilib ziyarət ediləcək ikinci kimsə yoxdur.
Sonra Ömər, Əbu Bəkrlə (Allah ondan razı olsun) birlikdə Ənsarları görmək üçün Bənu Saidə çardağına getməsi haqqında danışdı və orada bu sözləri dediyini qeyd etdi: “Allaha and olsun ki, mən o zaman çox xoşuma gələn gözəl sözlər fikirləşmişdim və birinci özüm danışmaq istəyirdim. Mən buna görə çox hirslənirdim. Əbu Bəkr əs-Siddiqin yerinə özüm danışmaq istəyirdim. Mən danışmaq istəyəndə Əbu Bəkr tələsməməyimi dedi. Mən də onu qəzəbləndirmək istəmədim. O məndən daha mərhəmətli və daha qürurlu idi. Allaha and olsun, o, mənim fikirləşdiyim sözlərin hamısını və ondan da gözəlini qeyd etdi. Belə olan təqdirdə mən artıq susdum. Sonra Əbu Bəkr sözünə davam edərək dedi: Siz dediyiniz xeyirli işlərə layiqlisiniz. Lakin bu iş (xəlifəlik) Qureyşlilərə məxsus olaraq qalacaqdır. Onlar ərəblər arasında ən gözəl nəsəbə və məkana (Kəbəyə) sahibdirlər. Mən sizin üçün bu iki nəfərdən birini (yəni, Əbu Ubeydəni və Öməri) təklif edirəm. Siz hansını istəyirsiniz ona da beyət edin. O bizim ikimizin arasında oturmuşdu və birdən mənim və Əbu Ubeydənin əlindən tutdu. Onun dediklərinin içərisində yalnız bu sözlər mənə ağır gəldi. Allaha and olsun, aralarında Əbu Bəkr olan bir camaata başçılıq edib günaha batmaqdansa, öz istəyimlə başımın vurulması mənə daha xoşdur. Daha sonra Ömər dedi: Allaha and olsun, orada olanlar Əbu Bəkrə beyət etməkdən daha üstün bir nəticəyə gələ bilmədilər. Öz aramızdan bir nəfərə beyət etməmiş oradan ayrılmağa ehtiyatlandıq. Qorxduq ki, insanlar kiməsə beyət olunmadığını görüb bizdən sonra öz aralarından kiməsə beyət edərlər. Belə olan təqdirdə biz ya onlarla bərabər istəmədiyimiz adama beyət etməli, yaxud onlara müxalif olub fitnə-fəsada qapı açmalıydıq. Kim, müsəlmanlarla məsləhətləşmədən bir insana beyət edərsə, onları döyüşə cürətləndirməmək üçün, ona və ona beyət edənə itaət edilməz”[1].
Bu, beyət hadisəsi haqqında olan rəvayətdir. Bəli, bu təsadüfən baş vermişdi lakin bunun da öz tarixçəsi vardır. Biz bu barədə Bənu Saidə evi haqqında danışarkən geniş məlumat vermişdik. Demək bu, heç də Ömərə (Uca Allah ondan razı olsun) qarşı tənə deyildir.

[1] Səhih əl-Buxari: Kitab əl-Hudud; Bab, Rəcmul hublə minəz zina izə əhsanət, № 3930.