İkinci şübhə:
Quranın bir ayəsində deyilir: “Muhəmməd (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!”[1]
Ayə, zahiri baxımdan Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələri üçün tərifdir. Lakin az öncə dediyimiz kimi, Allah təala buyurur: “(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, – deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər”[2].
Demək onlar, deyilən ayənin bəzi sözlərini götürüb deyirlər ki, “Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!” burada, “Onlardan” sözü, onların bəzilərindən, mənasını verir. Çünki, ərəb dilindəki “min” (dan, dən) şəkilçisi, (bəzi) mənasını bildirir. Demək, Allah təala bu neməti, onların hamısına deyil, bəzilərinə bəxş edəcəkdir.
Təbii ki, bu bir yalan və gözdən pərdə asmaqdır. Bu azmış kimi, bəziləri bu işdə ifrata vararaq təfsir alimlərinin yekdil olaraq bu ayədəki “min” (dan, dən) şəkilçisinin (bəzi) mənasında işləndiyini iddia edirlər[3]. Bütün bunlar aşağıdakı səbəblərə görə yalan sayılır.
Birinci cavab: Təfsir alimlərinin rəyinə əsasən ayədəki “Minhum” yəni, onlardan sözündəki, “min” (dan, dən) şəkilçisi (bəzi) mənasını vermir. Əslində bu ayədəki şəkilçi iki məna daşıyır. Birinci məna, onların cinsindən və onlar kimi olanlar anlamına gəlir. Necə ki, Allah təala ayələrinin birində buyurur: “(Ey insanlar! Həccin sizə vacib olan əməli) budur. Və hər kəs (ihramda ikən) Allahın haram buyurduqlarına hörmət (riayət) etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. (Haram olduğu “Maidə” surəsində) sizə deyilənlərdən başqa, qalan heyvanlar (onların ətini yemək) sizə halal edilmişdir. Belə olduğu təqdirdə, murdar bütlərdən qaçın, yalan sözlərdən də (Allaha şərik qoşmaqdan da) çəkinin”[4].
Ayədə, Allah təala, bütlərin bəzisindən qaçıb, bəzisindən isə qaçmamağı əmr etmir. Əslində bizdən tələb olunan, bütün bütlərdən uzaq olmaqdır. Ayədə deyilən, “murdar bütlərdən qaçın” sözlərinin mənası, belə çirkin bütlərdən qaçın – deməkdir.
Şəkilçinin digər mənası isə, təkid mənasında ola bilər. Bir ayədə Allah təala buyurur: “Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır”[5].
Ayə, Quranın bəzi ayələrinin şəfa və mərhəmət, digərlərinin isə belə olmaması anlamına gəlmir. Əslində Quranın hamısı şəfa və mərhəmətdir. Buradakı “min” (dan, dən) şəkilçisi təkid edən məna daşıyaraq, Quranın bütün ayələrinin şəfa və mərhəmət olmasını bildirir. Eləcə də haqqında danışılan ayədə də Allah təala, onlardan deməklə, onlar kimi olanlar demək istəyir. Yaxud həmin şəkilçi səhabələrin (Allah onlardan razı olsun) ayədə deyilənlərə layiq olduqlarını təkid etmək üçün işlədilmişdir.
Həmçinin siz ayənin tərtibatına baxsanız bütün ayənin mədh məzmunlu olduğunu görərsiniz. Orada heç kəs haqqında mənfi danışıq yoxdur. Allah onları vəsf edərək buyurur: “…Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan görərsən…”.
Bu onların zahiri görünüşləridir. Allah onların zahiri görünüşlərinin səcdə, rüku və mütilik ilə pak olduğunu deyir. Daha sonra isə onların daxilən pak olduqlarını qeyd edərək buyurur: “…Allahdan riza və lütf diləyən görərsən”. Göründüyü kimi burada deyilən vəsflər münafiqlər barəsində deyilənlərdən çox fərqlidir. Allah təala münafiqlər barəsində buyurur: “Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər”[6].
Görürsünüz, Allah təala münafiqlərin vəsfini verərkən, onların zahirən möminlərlə namaz qıldıqlarını deyir amma onların daxilən pak olmalarını qeyd etmir. Əksinə, onların daxilən yalançı olduqlarını deyir. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrinin daxili paklıqları haqqında isə belə deyir: “…Allahdan riza və lütf diləyən görərsən”. Demək ayədəki “Onlardan” sözü ya onlar kimi, yaxud səhabələrin deyilən vəsfə uyğun əməl etdiklərini təkid edən mənada işlədilir. Bu, Nəsəfinin, İbn əl-Covzinin, İbn əl-Ənbarinin, əz-Zəməxşərinin, əz-Zəccacın, əl-Əkbərinin, ən-Neysaburinin, İbn Kəsirin, ət-Təbərinin, ümumiyyətlə bütün əhli sünnə təfsirçilərinin sözüdür. Onlar bu ayə haqqında danışarkən oradakı “min” şəkilçisinin, iddiaçıların dediyi kimi bəzi mənasında deyil, təkid edən və ya cinsi müəyyən edən mənada işlədildiyini deyirlər[7].
[2] Ali İmran: 7.
[3] Summə İhtədeytu kitabı: səh, 117.
[4] əl-Həcc: 30.
[5] əl-İsra: 82.
[6] ən-Nisa: 142.
[7] Erabul Quran və Sarfuhu və Bəyanuhu. Müəllif, Mahmud Safi. Səh, 272.