Cəmiyyətin əmanətə əxlaqla sahib çıxması imanın var olmasına dəlalət edir. Dürüslüyün və etibarın itməsi, imanın itməsinə işarədir. İbn Ömərin rəsulullahdan (ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət etdiyi hədis buna misaldır: “Etibarlılığı olmayan şəxsin imanı da olmaz”.
Bəzzarın rəvayətində isə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: “Etibarlılığı olmayan şəxsin nə dini var, nə namazı var, nə də zəkatı!” Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) “Bu üç şey kimdə olarsa, oruc tutub, namaz qılıb, özünü müsəlman hesab etməsinə baxmayaraq, yenə də münafiqdir: Danışanda yalan deyər; vəd verəndə ona xilaf çıxar; ona bir şey əmanət ediləndə, ona xəyanət edər” buyurması ilə xəyanəti münafiqliyin əlamətlərindən hüsab etmişdir. Ömər (Allah ondan razı olsun!) insanlara namazlarının çoxluğuna görə deyil, başqaları ilə necə münasibətdə olmalarına görə qiymət verər və nəticədə doğru qərar çıxarardı. O, ilk əvvəl ona müraciət edən şəxsə “həmin adamla ticarətin olubmu?” sualını verərdi. Din qarşılıqlı münasibətləri tənzim edir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz ümmətini dürüst davranış üzrə tərbiyə edərək buyurur: “Sənə etibar etmiş şəxsin əmanətini qaytar! Və sənə xəyanət etmiş şəxsə xəyanət etmə!” Bu hədisdə İslam dininin necə də səxavətli olmağı aşıladığının və ən ali prinsiplərə malik olduğunun şahidi oluruq. Belə ki, müsəlman olan şəxsi pisliyə qarşı yaxşılıqla cavab verməyə və bağışlamağı bacarmağa səsləyir. Etibarlılığın əksi xəyanətdir. Bu, təbiət etibarilə alçaqlıq, qarşılıqlı münasibətdən sui-istifadədir. Buna görə də Allah taala xəyanəti möminlərə qadağan etmişdir: “Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə (Onun Peyğəmbərinə) və aranızdakı əmanətlərə xəyanət etməyin!” (əl-Ənfal, 27) “Allah xainləri sevməz!” (əl-Ənfal, 58) “Özlərilə (bir-birinə) xəyanət edən şəxslərdən ötrü mübahisə etmə! Şübhəsiz ki, Allah günaha batmış xaini sevməz!” (ən-Nisə, 107) “Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!” (əl-Həcc, 38)