Məqalələr Namaz

Namaz

Uca Allah buyurur:
“Halbuki onlara əmr edilmişdi ki, Allaha- dini yalnız Ona məxsus edərək, batildən haqqa (islama) dönərək- ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru- düzgün din budur!” (əl- Bəyyinə”, 5).
Malik ibn əl-Huveyris  rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm- dedi: “…Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!…”

Namazın şərtləri

1. Təharətli olmaq (dəstəmazlı və ya zərurət olduqda qüsllü, və ya onları əvəz edən təyəmmümlü olmaq);
2. Hər namazı vaxtında qılmaq;
3. Bədəni, paltarı və namaz qılınan yeri nəcasətdən (murdarlıqdan) təmizləmək;
4. Ayıb yerlərini (övrəti ) örtmək;
5. Qibləyə tərəf durmaq;
6. Hər namaz üçün (qəlbdə) niyyət etmək.

Gündəlik namazların rükətlərinin sayı və vaxtı

Fəcr namazı– iki rükətli, səslə qılınan namazdır. Bu namazdan yalnız əvvəl iki rükət (daima) sünnət namazı qılmaq olar.
Vaxtı: dan yerinin ağarmasından günəş çıxanadək.

Zöhr namazı– dörd rükətli, səssiz qılınan namazdır. Bu namazdan əvvəl (daima) iki və ya dörd (iki-iki) rükət, sonra da iki rükət sünnət namazı qılmaq olar.
Vaxtı: günəş zeniti keçdikdən sonra əşyaların hündürlüyü ilə kölgələrinin uzunluğunun bərabərləşdiyi anadək (Əsr namazınadək).

Əsr namazı– dörd rükətli, səssiz qılınan namazdır. Bu namazdan əvvəl iki və ya dörd rəkət sünnət namazının qılınması sünnədə sabit olmamışdır.
Vaxtı: əşyaların hündürlüyü ilə kölgələrinin uzunluğunun bərabərləşdiyi andan əşyaların kölgələrinin uzunluğunun onların hündürlüyündən iki dəfə artıq olan anadək (caiz vaxtı) və ya gün batanadək (zəruri halda).

Məğrib namazı– üç rükətli, iki rükət səslə və bir rükət səssiz qılınan namazdır. Bu namazdan yalnız sonra iki rükət (daima) sünnət namazı qılmaq olar.
Vaxtı: günəş batan andan qaranlıq çökənədək. (Üfüqdə olan qızartı itənə qədər)

İşa namazı– dörd rükətli, iki rükət səslə və iki rükət səssiz qılınan namazdır. Bu namazdan yalnız sonra iki rükət (daima) sünnət namazı qılmaq olar.
Vaxtı: qaranlıq çökəndən gecəyarısınadək (gün batan andan dan yeri sökülənədək olan vaxtın yarısı).

• Yuxarıda sadalanan sünnət namazları Peyğəmbərin səllallahu aleyhi və səlləm- hər namazdan öncə və sonra təkidlə qıldığı 12 rükətə daxildir. Lakin o, bu sünnət namazlarından əlavə təşviq etdiyi digər nafilə namazlarını da qılmışdır: məsələn; Əsr namazından əvvəl iki və ya dörd rükət, hər fərz namazın azanı ilə iqaməsi arasında iki rükət, gecə tək saylı vitir namaz kimi.

Azan
[Allahu Əkbər] – Allah ən böyükdür! – dörd dəfə;
[Əşhədu ən lə iləhə illəllah] – Mən şahidlik edirəm ki, Allahdan başqa heç bir ilah yoxdur! – iki dəfə;
[Əşhədu ənnə Muhammədən rasulullah] – Mən şahidlik edirəm ki, Məhəmməd Allahın elçisidir! – iki dəfə;
[Hayyə alə-s-saləh] – Namaza tələsin! – iki dəfə;
[Hayyə alə-l-fələh] – Səadətə qovuşmağa tələsin! – iki dəfə;
[Allahu Əkbər] – iki dəfə;
[Lə iləhə illəllah] – bir dəfə.

İqamə
[Allahu Əkbər] – iki dəfə;
[Əşhədu ən lə iləhə illəllah] – bir dəfə;
[Əşhədu ənnə Muhammədən rasulullah] – bir dəfə;
[Hayyə alə-s-saləh] – bir dəfə;
[Hayyə alə-l-fələh] – bir dəfə;
[Qad qamətis salət] – Artıq namaz başladı! – iki dəfə;
[Allahu Əkbər] – iki dəfə;
[Lə iləhə illəllah] – bir dəfə.

Namaz qılmağın qaydası

1. Namaz qılan şəxs heç bir dönmə və fırlanma hərəkətinə yol vermədən bütün bədəni ilə Qibləyə (Məkkə şəhərindəki müqəddəs Kəbəyə tərəf) üz tutmalıdır (şəkil 17). Hansı namazı qılmaq niyyətində olduğunu ürəyindən keçirərək “Allahu Əkbər” deyib əllərini çiyinləri və ya qulaqları səviyyəsinə qaldırmalıdır (şəkil 18). Buna ihram təkbiri deyilir. Çünki bu ifadəni deyib namaza başlayan adama başqa vaxt halal olan bəzi şeylər namaz üstündə olduğu müddətdə qadağan olunur (danışmaq, yemək və s).
2. Sonra sağ əlin ovcu sol əlin üstünə qoyularaq əllər sinədə bağlanır (şəkil 19). Buna qiyam deyilir. Sonra başlanğıc (istiftah) adlanan duanı oxunulur: “Subhanəkə Allahummə və bihəmdikə və təbarəkə-s-mukə və təalə cəddukə və lə iləhə ğeyrukə” (“Ey bütün nöqsanlardan uzaq olan Allahım, Sənə həmd osun! Sənin adın mübarəkdir, əzəmətin ucadır! Səndən başqa ilahi yoxdur!”).
3.Sonra “Əuzu billəhi minə-ş-şeytani-r-racim” deyərək (“Lənətlənmiş şeytandan Allaha sığınıram”), “əl-Fatihə” surəsini oxunulur:“Bismilləhi-r-rahməni-r-rahim. Əlhəmdu lilləhi rabbi-l-aləmin. Ər-rahməni-r-rahim. Məliki yaumi-d-din. İyyəkə nəbudu və iyyəkə nəstəin. İhdinə-s-sıratal-l-mustəqım. Sırata-l-ləzinə ənamtə aleyhim, ğeyri-l-məğdubi aleyhim və lə-d-dallin” (“Rəhimli, Mərhəmətli Allahın adı ilə! Həmd olsun Allaha – aləmlərin Rəbbinə, Rəhimli, Mərhəmətli olana, din (qiyamət) gününün sahibinə! Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və azanların yoluna yox!”).
Sonra Amin deyilir: tərcüməsi – İlahi qəbul et!
4. Sonra Qurandan bildiyini (istədiyi qədər) oxumalıdır.
5. Sonra rüku edilir (şəkil 20), yəni Allaha təzim edərək bel əyilir. Beli əyərkən “Allahu Əkbər” deyilir və əllər çiyin səviyyəsinə qaldırılır. Yaxşı olar ki, beli çanaqdan düz əyib baş qabağa düz tutulsun və əllər dizlərin üstünə barmaqlar bir-birindən aralı olmaq şərtilə qoyulsun. Rüku vəziyyətində olarkən üç dəfə “Subhanə Rabbiyəl Azım” deyilir (“Mənim Əzəmətli Rəbbim bütün nöqsanlardan uzaqdır!”). Bunları da əlavə etmək müstəhəbdir: “Subhanəkə Allahummə Rabbənə və bihamdikə, Allahumə-ğ-firli” (“Ey bütün nöqsanlardan uzaq Allahım! Rəbbim Sənə həmdlər olsun! Allahım məni bağışla!”).
6. Sonra “Səmiallahu limən hamidəh” (“Allah Ona həmd edənləri eşidər!”) deyə-deyə rüku vəziyyətindən qalxmalı və əllər çiyin səviyyəsinə qaldırılmalıdır.
Rükudan qalxıb dikəldikdən sonra “Rabbənə və ləkəl həmd” (“Ey Rəbbimiz! Sənə həmdlər olsun!”) və ya “Rabbənə və ləkəl həmd! Həmdən kəsiran tayyibən mubarakən fihi milə-s-səməvati və milə-l-ərdı və milə mə şitə min şeyin bəd” (“Ey Rəbbimiz! Sənə göylər və yer dolusu, onlardan başqa da istədiyin qədər çoxlu, gözəl və uğur dolu həmdlər olsun!”) deyilir.
7. Sonra Allaha mütiliklə və ehtiramla birinci səcdəyə gedə-gedə “Allahu Əkbər” deyilir (şəkil 21). Hər iki əlin pəncəsi, iki diz və hər iki ayağın barmaqları üzərində yerə çökülür, qolların dirsəkdən yuxarı hissəsi böyürlərindən aralanır, dirsəklər yerə qoyulmur, barmaqları ucları qibləyə yönəldilir. Bu zaman dizlər bir-birindən aralı tutulur, dabanlar isə birləşdirilir (şəkil 22). Səcdə vəziyyətində olarkən üç dəfə “Subhanə Rabbiyəl Ələ” (“Mənim Uca Rəbbim bütün nöqsanlardan uzaqdır!”) deyilir. Bunları da əlavə etmək müstəhəbdir: “Subhanəkə Allahummə Rabbənə və bihamdikə, Allahumə-ğ-firli”
8. Sonra səcdədən baş qaldırılarkən “Allahu Əkbər” deyilir.
9. Sağ əl barmaqları aralı şəkildə sağ budun dizə yaxın yerinə, sol əl də barmaqları aralı şəkildə sol budun dizə yaxın yerinə qoyulur. İki səcdə arasındakı oturuş (şəkil 23-24) zamanı “Rabbi-ğ-firli, vərhamni, vəhdini, vərzuqni, vəcburni, vəfini” (“Ey Rəbbim, məni bağışla! Mənə rəhm et! Məni doğru yola yönəlt, mənə ruzi ver, əyər-əskiyimi düzəlt, özümü sağlam et!”) və ya “Rabbi-ğ-firli, Rabbi-ğ-firli” deyilir (“Ey Rəbbim, məni bağışla! Ey Rəbbim, məni bağışla!”).
10. Sonra Allaha mütilik və ehtiramla birinci səcdədə deyilənlər, edilənlər, səcdəyə gedərkən təkbiri təkrar etməklə ikinci səcdə yerinə yetirilir (şəkil 21-22).
11. Sonra ikinci səcdədən qalxa-qalxa “Allahu əkbər” deyilir. Bunun ardınca başlanğıc dua oxunmadan birinci rükətdə deyilənlər və edilənlər təkrarlanaraq ikinci rükət qılınır.
12. İkinci rükət qılındıqdan sonra “Allahu əkbər” deyib sol ayağın üstündə pəncənin üzü yerə qoyulmaqla yanakı oturulur, sağ ayaq barmaqları üstdə şaquli vəziyyətdə saxlanılır və sağ əl sağ budun dizə yaxın hissəsinə qoyularaq adsız və çeçələ barmaqlar qatlanır, dua edərkən şəhadət barmaq yuxarı-aşağı hərəkət etdirilir və ya düz saxlanılır, baş barmağın və orta barmağın ucları birləşdirərək halqa şəklində saxlanılır. Sol əl isə barmaqları aralı şəkildə sol budun dizə yaxın yerinə qoyulur. Bu oturuş zamanı təşəhhüd, salavat və istiazə, Allaha pənah aparma duaları oxunulur (şəkil 25): “Əttəhiyyatu lilləhi və-s-saləvatu və-t-tayibət, əs-sələmu aleykə eyyuhə-n-nəbiyu və rahmətullahi və bərakətuh, əs-səlamu aleynə və alə ibadilləhi-s-salihin, əşhədü ən lə iləhə illəllahu və əşhədu ənnə Muhəmmədən abduhu və rasuluh, Allahummə salli alə Muhəmmədin və alə əli Muhamməd, kəmə salleytə alə İbrahimə və alə əli İbrahimə innəkə həmidun məcid, və barik alə Muhəmmədin və alə əli Muhamməd, kəmə bəraktə alə İbrahimə və alə əli İbrahimə innəkə həmidun məcid, Allahummə inni əuzu bikə min azəbi-l-qabr, və min azəbi cəhənnəm, və min fitnəti-l-məhyə və-l-məmət, və min şərri fitnəti-l-məsihi-d-dəccəl” (“Bütün alqışlar, dualar Allahadır, bütün yaxşı işlər Allah üçün edilir. Ey Peyğəmbər, sənə salam olsun, Allahın mərhəməti, bərəkətləri yetişsin! Bizə və Allahın əməlisaleh bəndələrinə salam olsun! Mən şahidlik edirəm ki, Allahdan başqa ilah yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir. Allahım! Məhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə xeyir-dua verdiyin kimi xeyir-dua ver! Sən həqiqətən alqışlara layiq və şan-şövkətlisən! Məhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə bərəkət verdiyin kimi bərəkət ver! Sən həqiqətən alqışlara layiq və şan-şövkətlisən! Allahım! Həqiqətən, mən qəbir əzabından, cəhənnəm əzabından, həyatın və ölümün fitnəsindən və yalançı məsihin (Allahlıq və ya peyğəmbərlik iddiası edən) fitnəsinin şərindən Sənə sığınıram!”).
Sonra dua edib Rəbbindən dünya və axirət nemətlərindən istədiyini diləyə bilər.
13. Sonra “əs-sələmu aleykum və rahmətullah” (“Sizə salam olsun və Allahın mərhəməti yetişsin!”) deməklə sağ tərəfə salam verilir (şəkil 26). Sol tərəfə də eləcə salam verilə bilər (şəkil 27).
Namaz üç rükətli olarsa, ikinci və üçüncü, dörd rükətli olarsa ikinci və dördüncü rükətlərdən sonra təşəhhüdlər edilir. Birinci təşəhhüddə (ikinci rükətin sonu) dua bu cümləyə qədər oxunulur: “əşhədu ən lə iləhə iləllah və əşhədu ənnə Muhammədən abduhu va rasuluh”. Sonra “Allahu əkbər” deyərək ayağa qalxmalı və bu zaman əllər çiyin səviyyəsinə qaldırılır.
Üçüncü və dördüncü rükətlər ikinci rükət kimi qılınır. Fərq yalnız bundan ibarətdir ki, sonrakı rükətlərdə başqa surə oxunulmur, “əl-Fatihə” kifayətdir.
Sonra təvərrük qaydasında (yanakı) son oturuş edilir. Bu zaman sağ ayaq (əvvəl göstərildiyi kimi) şaquli vəziyyətdə saxlanılır və sol ayaq onun altından sağ tərəfə çıxarılır, əllər birinci təşəhhüdü oxuyarkən olduğu kimi, budların üstünə qoyulur (şəkil 28). Bu oturuş zamanı təşəhhüd, salavat və istiazə duaları bütünlüklə oxunulur.
Sonra sağ tərəfə “əs-sələmu aleykum və rahmətullah” deyərək salam verilir. Sol tərəfə də eləcə salam verilə bilər.
Qeyd etmək lazımdır ki, kişi və qadınların namaz qılma qaydaları, namazdakı hərəkətləri eynidir.

Namazı batil edən amillər

1. Dindən dönmək (Allah bizi və sizi xüsusilə bundan qorusun!);
2. Rükn, vacib və şərtlərdən hər hansı birini qəsdən tərk etmək;
3. Namaz əsnasında bilərəkdən artıq (namaza aid olmayan) danışmaq və ya hərəkət etmək;
4. Bilərəkdən rükuların, səcdələrin, qiyamların (ayaq üstdə duruşların) və qüudların (oturuşların) sayını artırmaq;
5. Surələri oxuduqda bilərəkdən ya hərfləri, ya kəlmələri, ya da ayələri düz oxumamaq. Bu, Allah tərəfindən nazil olan tərtibin bilərəkdən pozulduğuna görədir;
6. Bilərəkdən namaz əsnasında bir şey yemək və ya içmək;
7. Qəh-qəhə ilə gülüş (təbəssüm müstəsnadır);
8. Bilərəkdən tələffüz olunan rükn və vacibləri dili tərpətmədən (qəlbdən keçirməklə) yerinə yetirmək;
9. Təyəmmüm etdikdən sonra namaz qılınan vaxt suyun tapılması.

Namazda bəyənilməyən əməllər (məkruhlar)

1. Yuxarı baxmaq;
2. Səbəbsiz yerə başı döndərmək;
3. Namazdan yayındıran şeylərə baxmaq;
4. Əlləri belə qoymaq;
5. Səcdədə dirsəkləri yerə qoymaq;
6. Gözləri yummaq;
7. Səbəbsiz yerə namazı batil etməyən artıq hərəkətlər etmək (qaşınmaq, tərpənmək və s.);
8. Ortalığa yemək qoyulduğu zaman namaza başlamaq;
9. Eyni rükətdə Fatihəni təkrar oxumaq;
10. Sidiyi, havanı və s. zorla saxlayaraq ayaqyoluna getməmək.
11. Namazdan qabaq pencəyin və ya köynəyin qollarını çırmalamaq;
12. Çiyni açıq namaz qılmaq;
13. Üzərində müxtəlif heyvan, quş, insan və s. şəkli olan paltarda, habelə bu növ şəkillərin qarşısında və ya üstündə namaz qılmaq;
14. Namaz qılanın qabağında sütrənin olmaması;
15. Niyyəti ürəkdə deyil, dillə ifadə etmək;
16. Rükuda olarkən belin və qolların düz olmaması;
17. Sıraların tam şəkildə düzəldilməməsi, namaz qılanlar arasında boşluğun olması;
18. Səcdə zamanı başla dizlər və həmçinin dirsəklərlə bel arasında məsafə (boşluq) qoymamaq;
19. Camaat namazında imamdan qabaq hərəkət etmək;
20. Rüku və səcdədə Quran oxumaq;
21. Məsciddə yer seçib daima yalnız o yerdə namaz qılmaq;

Namazın qılınması üçün qadağan olunmuş yerlər

1. Murdar yerlər;
2. Qəbrstanlıqda (meyit dəfn olunmuş yerdə), qəbrə üz tutmaqla və ya onun üstündə namaz qılmaq (cənazə namazı müstəsnadır);
3. Hamam və tualetdə;
4. Dəvə saxlanılan yerdə;