Hüseyn, Ubeydullah ibn Ziyada təslim olmaqdan imtina etdikdən sonra cümə gününün səhəri iki tərəf arasında döyüş başladı. Tərəflər güc baxımından qeyri bərabər idilər. Hüseynin adamları özlərinin bu qoşuna qarşı kifayət qədər güclərinin olmamasını bilirdilər. Onların yeganə məqsədləri Hüseyn ibn Əlini müdafiə edərək onunla bərabər şəhid olmaq idi. Onlar Hüseyni müdafiə edərək bir-birinin ardınca şəhid olurdular. Beləliklə hamı şəhid oldu və Hüseyn ibn Əli yalnız qaldı. Allah ondan razı olsun.
Bundan sonra Hüseyn günün əksər hissəsini tənha qaldı. Heç kəs ona yaxınlaşmağa, onu öldürüb bu bəlaya düçar olmağa cürət etmirdi. Vəziyyət olduğu kimi davam edirdi. Şimr ibn Zul-Cövşən irəli atılıb camaata dedi: Vay sizin halınıza, analarınız sizi itirsin, onu mühasirəyə alın və öldürün! Bundan sonra onlar Hüseyn ibn Əlini mühasirəyə aldılar və Hüseyn əlində qılınc ilə onların əhatəsi daxilində onlarla mübarizə aparırdı. Aslan şücaətli Hüseyn öldürdüyünü öldürdü. Lakin çoxluq şücaətə qalib gələr.
Şimr ibn Zul-Cövşən haray çəkib dedi: Vay sizin halınıza nə gözləyirsiniz? İrəli atılın, onu öldürün.
Onlar irəli atılıb Hüseyni (Allah ondan razı olsun) qətlə yetirdilər. Hüseynin qətlini icra edən və başını kəsən Hüseyn ibn Sinan ən-Nəxai idi. Digər rəvayətə görə isə onu öldürən Şim ibn Zul-Cövşən olmuşdur. Allah onun üzünü qara etsin.
Hüseyn qətlə yetirildikdən sonra onun başını Kufəyə Ubeydullah ibn Ziyadın yanına gətirdilər. Onun başı Ubeydullah ibn Ziyada gətirildikdə əlində olan çubuqla Hüseynin başına döyür və çubuğu onun ağzına salır və deyirdi:
Bu vaxt Ənəs ibn Malik (Allah ondan razı olsun) oturmuşdu. O ayağa qalxıb dedi: Allaha and olsun, sən çox pis iş görürsən. Sənin o çubuqla qurdaladığın ağız yerindən Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) öpdüyünü görmüşəm[1].
İbrahim ən-Nəxai (Allah ondan razı olsun) deyir: Əgər mən Hüseyni oldürən dəstədə iştirak edib sonra cənnətə daxil olsaydım Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) üzünə baxmağa utanardım[2].
Taff döyüşündə Hüseynlə kimlər qətlə yetirildi?
Hüseynlə bərabər ailəsinin çox üzvləri qətlə yetirildilər.
Əlinin bu döyüşdə öldürülən övladları: Hüseynin özü, Cəfər, Abbas, Əbu Bəkr, Məhəmməd və Osman.
Hüseynin bu döyüşdə öldürülən övladları: Əli əl-Əkbər (bu, Əli Zeynəl Abidin deyil), Əli əl-Əsğər və Abdullah.
Həsənin bu döyüşdə öldürülən övladları: Abdullah, Qasim və Əbu-Bəkr.
Əqilin bu döyüşdə öldürülən övladları: Cəfər, Abdullah, Əbdürrəhman və Abdullah ibn Müslim ibn Əqil. Müslim ibn Əqilin özü isə Kufədə qətlə yetirilmişdi.
Abdullah ibn Cəfərin bu döyüşdə öldürülən övladları: Ovn və Məhəmməd[3].
Adları sadalanan on səkkiz nəfər şəhid, qüvvə baxımından bir-biri ilə müqayisə edilməyən bir döyüşdə qətlə yetirilənlərdir. Onlar Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Əhli-Beytindən idilər.
Çox təəccüblüdür ki, Hüseyn ibn Əli ilə öldürünlər arasında Əbu Bəkr ibn Əli, Osman ibn Əli və Əbu Bəkr ibn əl-Həsən də var idi. Lakin bidətçilərin Hüseynin qətli haqda danışdıqları kasetlərdə və yazdıqları kitablarda bu adlara rastlamırıq. Bunun səbəbi odur ki, bu adları eşidən camaat deməsinlər ki, Əli ibn Əbu Talib övladlarını Əbu Bəkr, Ömər və Osman adları ilə adlandırmışdır. Yaxud Hüseyn öz övladını Əbu Bəkr adı ilə adlandırmışdır. Həqiqətən də bu onların tutduqları çox qəribə bir işdir.
Ummu Sələmə deyir: Cəbrail Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanında idi. Hüseyn isə mənim qucağımdaydı. O ağladı və mən onu yerə qoydum. O Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına daxil olub ona yaxınlaşdı. Cəbrail dedi: “Ey Məhəmməd onu sevirsənmi?
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Bəli.
Cəbrail dedi: Ümmətin onu öldürəcəkdir. Əgər istəyirsənsə onun öldürüldüyü yerin torpağından sənə göstərim. Cəbrail həmin torpağı ona göstərdi. Həmin yer Kərbəla adlanırdı”[4].
Ummu Sələmə deyir: Hüseyn öldürüləndə cinlərin onun üçün ağı dediklərini eşitdim[5].
Hüseyn öldürülən vaxt səmadan qan yağması, divarlarda qan izləri çıxması, hər daşı qaldırdıqda altında qan olması, kəsilən hər heyvanın qana çevrilməsi və s. bu kimi rəvayətlər uydurmadır. Bu haqda heç bir mötəbər, hətta zəif rəvayət belə mövcud deyildir. Bunlar insanları coşdurmaq üçün istifadə edilən yalanlardır.
Əbu Rəca əl-Ətarədi deyir: Bizim Bəlhuceyndən[6] olan bir qonşumuz var idi. O Kufəyə gəlib demişdi: Siz bu fasiq oğlu fasiq haqda nə fikirləşirsiniz. Allah onu öldürsün! (o bu sözləri ilə Hüseyn ibn Əlini qəsd edirdi. Onu fasiq oğlu fasiq adlandırırdı). Əbu Rəca əl-Ətarədi deyir: Allah səmadan iki ulduz atıb onun gözlərini kor etdi[7].
İbn Abbas deyir: Mən günüz yatdıqda Peyğəmbəri (ona və ailəsinə Allahın salavatı və salamı olsun) üst-başı torpaq və saçı pırtlaşıq halda yuxuda gördüm. Onunla içi qanla dolu bir qab var idi.
Mən dedim: “Ey Allahın elçisi, bu nədir?”
O dedi: Bu, Hüseyn və onun dostlarının qanıdır. Mən bu günə qədər onu təqib edirəm”.
Hədisin rəvayətçisi Ammar deyir: “Biz İbn Abbasın bu sözünü yadda saxladıq. Sonra Hüseynin həmin gündə qətlə yetirildiyini gördük”[8].
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: “Kim məni (həqiqi simamda) yuxuda görərsə həqiqətən də məni görmüş olar”[9]. İbn Abbas da Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəsflərinə ən yaxşı bələd olan adam idi.
Hüseyn ibn Əli (Allah ondan razı olsun) beləcə şəhid oldu. Onu öldürməyi əmr edən Ubeydullah ibn Ziyad idi. Az keçmədən onu Muxtar ibn Əbu Ubeyd, Hüseynin intiqamını almaq üçün qətlə yetirdi. Muxtar, (Hüseyn gəlmədən əvvəl) Müslim ibn Əqili tərk edənlərdən biri idi. Kufə camaatı özlərindən qisas almaq istəyirdilər. Bunun üçün bir neçə səbəb var idi:
Birinci: Onlar (Ubeydullah ibn Ziyadın təklifindən və təhdidindən sonra) Müslim ibn Əqili tənha buraxmışdılar. Sonda onu qətlə yetirdilər və yenə də heç kəs onu müdafiə etmədi.
İkinci: Hüseyn oraya gəldikdə, Hurr ibn Yezid və onunla olan bir neçə nəfərdən başqa, Kufə camaatından heç kəs onu müdafiə etmədi. Ona görə də onlar babalarının etdikləri günahı yumaq üçün sinələrinə döyür və müxtəlif işlərə əl atırlar[10].
Umarə ibn Umeyr deyir: Ubeydullah ibn Ziyad və onun dostlarının başını kəsib gətirdikdən sonra onların başlarını Rəhbə adlı yerdə məscidə düzdülər. Rəvayətçi deyir: Mən onların yanına çatdıqda onlar deyirdilər: Gəldi, gəldi. Baxıb gördüm ki, bir ilan gəlib kəsilmiş başların içində dolaşır. Sonda gəlib Ubeydullah ibn Ziyadın burun dəliyinə daxil olub bir müddət orada dayandıqdan sonra qeyb oldu. Sonra yenə dedilər: Gəldi, gəldi. İlan yenə eyni hərəkəti iki və ya üç dəfə təkrarladı[11].
Bu, Hüseynin qətlində canfəşanlıq edən adamdan, Allah tərəfindən alınan intiqamdır. Allah ondan razı olsun.
[2] Mucəmul Kəbir, Təbərani: 3, 112. № 2829. Hədisin isnadı mötəbərdir.
[3] Tarix Xəlifə ibn Xəyyat: 234.
[4] Fədailus Səhabə: 2, 782. № 1391. Bu hədis məşhurdur lakin Ummu Sələmədən nəql edilən bütün yolları etibarsızdır.
[5] Fədailus Səhabə: 2, 766. № 1373. sənədi Həsəndir (məqbuldur).
[6] Bu, ərəb qəbilələrindən biridir.
[7] Mucəmul Kəbir: 3, 112. № 2831. Sənədi səhihdir (mötəbərdir).
[8] Fədailus Səhabə: 2, 778. № 1380. Sənədi səhihdir (mötəbərdir).
[9] Buxari: Kitabut Təbir, Bab Mən raə ən-Nəbiyyə fil mənam, № 6994. Müslim: Kitab ər-Ruyə, № 2266.
[10] Hüseynin intiqamını alan Muxtarın dəstəsi özlərini “Təvvabin” (tövbə edənlər) dəstəsi adlandırırdılar. Bununla onlar özlərinin Hüseynin qarşısında təqsirkar olduqlarını etiraf edirdilər. Bu hərəkat şiyələrin ilk dəfə siyasi bir qol kimi ayrılmasının ilkin mərhələsi idi. Şiə məzhəbinin etiqadi və fiqhi baxımdan ayrılması isə Bənu Umeyyənin (Umeyyə oğullarının) hakimiyyəti süqut etdikdən az bir müddət sonra başlamışdır.
[11] Tirmizi: Kitabul Mənaqib, Bab Mənaqib əl-Həsən vəl-Hüseyn, № 3780. İsnadı etibarlıdır.