Bu yerə çatanda Hüseyn geri qayıtmaq fikrinə düşdü. İlk göndərilən dəstənin qalan hissəsi gəlib çatdı. Onların sayı dörd min idi. Qoşuna rəhbərliyi Ömər ibn Səd edirdi. Hüseyn artıq Kərbəla adlı yerə çatmışdı.
Həmin yerə çatanda Hüseyn dedi: Bura haradır?
Dedilər: Kərbəla.
Hüseyn dedi: (kərbun) Kədər və (bələun) bəla.
Ömər ibn Sədin qoşunu gəlib çatanda o Hüseynlə danışdı və onunla bərabər İraqa, Ubeydullah ibn Ziyadın yanına getməsini tələb etdi. Lakin Hüseyn bu təklifdən imtina etdi. Hüseyn işin ciddi olduğunu gördükdə Ömər ibn Sədə dedi: Mən sənə üç təklifdən birini seçməyi təklif edirəm.
Ömər ibn Səd dedi: Təkliflərin nədir?
Hüseyn dedi: Ya mənə icazə ver geri qayıdım və ya müsəlmanların döyüşdükləri cəbhələrin birinə gedim, yaxud Şam vilayətinə, Yezidin yanına gedib əlimi onun əli üzərinə qoyum (beyət edim).
Ömər ibn Səd dedi: Yaxşı, sən Yezidə xəbər göndər mən isə Ubeydullah ibn Ziyada xəbər göndərim. Baxaq görək nə deyirlər. Hüseyn Yezidə xəbər göndərmədi, Ömər ibn Səd isə Ubeydullah ibn Ziyada xəbər göndərdi. Elçi Ubeydullah ibn Ziyadın yanına gəlib Hüseynin bu üç təklifdən birini semək təklifini ona çatdırdı. Ubeydullah deyilən təkliflərlə razılaşdı və dedi: Qoy Hüseyn istədiyi təklifi seçsin. Ubeydullah ibn Ziyadın yanında Şimr ibn Zil-Cövşən adlı bir nəfər var idi. O Ubeydullahın ən yaxın adamlarından sayılırdı.
Şimr dedi: Allaha and olsun, xeyr. Hüseyn mütləq sənin hökmünə (rəhbərliyimə) tabe olmalıdır. Ubeydullah onun bu sözündən qürurlanıb dedi: Bəli, Hüseyn ilk olaraq mənim hökmümə (rəhbərliyimə) tabe olmalıdır (yəni, Kufəyə gəlməli və sonra mən özüm onu Şama, cəbhə xəttinə və ya Mədinə şəhərinə yollayaram). Ubeydullah ibn Ziyad, Şimr ibn Zil-Cövşəni hadisə yerinə göndərdi və dedi: Sən get və qoy Hüseyn Ömər ibn Sədin razılığı ilə mənim hökmümə tabe olsun. Əgər Ömər ibn Səd deyilən təkliflə razılaşmasa, o zaman onun yerinə rəhbər sən olursan.
Ubeydullah ibn Ziyad, Ömər ibn Sədin ər-Rəyy vilayətinə getməsi üçün ona hazırlanmış dörd min nəfərlik qoşun vermiş və demişdi: Hüseynin məsələsini həll et sonra ər-Rəyy vilayətinə get. Ubeydullah ona bu yerin valiliyini vəd etmişdi. Şimr ibn Zil-Cövşən, Hüseyn ibn Əli, Hurr ibn Yezid və Ömər ibn Sədin olduğu yerə gəldi. Hüseyn, Ubeydullah ibn Ziyadın hökmünə tabe olmaq təklifini eşitdikdə bundan imtina etdi və dedi: Allaha and olsun, mən heç vaxt Ubeydullah ibn Ziyadın hökmünə tabe olmayacağam.
Hüseynin dəstəsi yetmiş iki süvaridən ibarət idi. Kufədən gələn dəstənin sayı isə beş min nəfər idi. Hər iki dəstə üz-üzə gəldikdə Hüseyn, İbn Ziyadın qoşununa dedi: Özünüzü mühakimə edin və düşünün. Sizə mənim kimi bir adamla döyüşmək yaraşarmı? Mən sizin Peyğəmbərinizin qızının oğluyam. Yer üzündə məndən başqa Peyğəmbərin qız nəvəsi yoxdur. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qardaşım və mənim haqqımda demişdir: “Bunlar ikisi cənnət cavanlarının ağalarıdır”[1].
Hüseyn qoşunu Ubeydullah ibn Ziyadın əmrini tərk edib onun dəstəsinə qatılmağa təşviq edirdi. Nəticədə otuz nəfər onun dəstəsinə qatıldı və onların arasında Ubeydullah ibn Ziyadın göndərdiyi ilk dəstənin sərkərdəsi Hurr ibn Yezid də var idi. Hurr ibn Yezidə dedilər: Sən bizimlə qoşun rəhbəri kimi gəlmisən indi isə Hüseynin dəstəsinə keçirsən?!
Hurr dedi: Vay olsun sizə, Allaha and olsun, mənim qarşıma cənnət və cəhənnəm seçimi qoyulmuşdur. Allaha and olsun, məni doğrasalar və ya yandırsalar da cənnətdən imtina edən deyiləm.
Həftənin dördüncü günü Hüseyn həm özünün həm də Ubeydullah ibn Ziyadın qoşununa namazda imamlıq edərək Zöhr və Əsr namazlarını qıldırdı. O əvvəlcədən onlara demişdi ki, namazda bir nəfər bizdən bir nəfər də sizdən imam dayansın. Lakin hər iki tərəfin cavabı belə olmuşdu: Biz sənin arxanda qılacayıq. Onlar Zöhr və Əsr namazlarını Hüseynin arxasında qıldılar. Məğrib vaxtı yaxınlaşdıqda bir göz yuxu vuran Hüseyn qılıncına söykənmiş halda dayanırdı və birdən qarşı tərəfin süvariləri ona tərəf gəldilər.
Hüseyn dedi: Bu nədir?
Dedilər: Qarşı tərəfdir.
Hüseyn dedi: Onlar tərəfə gedin və baxın görün nə istəyirlər?
Hüseyn tərəfdən iyirmi atlı onların qarşısına çıxdı. Dəstə arasında Hüseynin qardaşı Abbas ibn Əli ibn Əbu Talib də var idi. Onlar qarşı tərəflə söhbət etdilər və istəklərini soruşdular?
Onlar dedilər: Hüseyn ya, Ubeydullah ibn Ziyadın hökmünə tabe olmalı yaxud döyüş olmalıdır.
Hüseynin adamları dedilər: Biz gərək bu haqda Əbu Abdullahla məsləhət edək, deyib Hüseynin (Allah ondan razı olsun) yanına gəldilər və bu xəbəri ona çatdırdılar.
Hüseyn dedi: Onlara deyin bu gecə bizə möhlət versinlər. Sabah onlara namaz qılandan sonra bir söz deyərik. Mən Uca və Pak Rəbbim üçün namaz qılmağı çox xoşlayıram. Hüseyn və onunla olanlar o gecəni Allaha ibadət, dua və bağışlanma diləməklə keçirtdilər. Allah onlardan razı olsun!