Ara sakitləşdikdən və camaatın çox hissəsi Müslim ibn Əqilə beyət etdikdən sonra Müslim Hüseynə məktub yazıb bildirdi: Artıq Kufəyə gəlmək vaxtıdır və hər şey hazırdır.
Hüseyn (Allah ondan razı olsun) Tərviyə (həccin ilk) günü yola düşdü. Müslim ibn Əqilin nə etdiyindən xəbər tutan Ubeydullah ibn Ziyad, Hani ibn Urvənin gətirilməsini istədi. Onu gətirdikdə Ubeydullah soruşdu: Müslim ibn Əqil haradadır?
Hani ibn Urvə dedi: Bilmirəm.
Ubeydullah öz köləsini çağırdı və Müslimə dedi: Onu tanıyırsan?
Hani ibn Urvə dedi: Bəli deyərək əlini dişləyib məsələnin (Kölənin onlarla sövdələşməsinin) Ubeydullah ibn Ziyad tərəfindən bir tələ olduğunu başa düşdü.
Ubeydullah dedi: Müslim ibn Əqil haradadır?
Hani ibn Urvə dedi: Allaha and olsun, əgər ayağımın altında olsa ayağımı qaldırmaram. Bu sözdən sonra Ubeydullah onu vurdu və həbs edilməsini əmr etdi.
Bu xəbər Müslim ibn Əqilə çatdıqda dörd min qoşunla Ubeydullah ibn Ziyadın qəsrini mühasirəyə aldı və Kufə camaatı da onun dəstəsinə qatıldı. O zaman Ubeydullahın ətrafında camaat arasında şan-şöhrətli kimi tanınan insanlar var idi. Ubeydullah onlara böyük bəxşişlər vəd edib, onları Şam qoşunu ilə qorxudaraq dedi: Camaatı Mülsim ibn Əqildən kənarlaşdırın.
Müslimin tərəfində dörd min tərəfdar var idi və onların şüarı “Biz ölümə hazırıq” – sözləri idi.
Ubeydullahın təklif və hədəsindən sonra qəbilə başçıları və şan-şöhrətli insanlar camaatı Müslim ibn Əqildən yayındırmağa başladılar. Belə olan halda ana övladını, qardaş qardaşını və qəbilə başçısı öz adamlarını Müslimin dəstəsindən ayrılmağı tələb edirdi. Sonda Müslimlə dörd mindən yalnız otuz nəfər qaldı! Günəş batmadan öncə isə qalan adamlar da onu tərk etdilər və Müslim ibn Əqil yalnız qaldı. O Kufə küçələrində gəzir və hara gedəcəyini bilmirdi. Kində qəbiləsindən olan bir qadının qapısını döyür və ondan su istəyir. Bunu görən qadın təəccüblənərək soruşdu: Sən kimsən?
O dedi: Mən, Müslim ibn Əqiləm, Hüseynə Kufəyə gəlməsi haqda xəbər göndərmişəm insanlar isə mənə xəyanət ediblər. Bunu eşidən qadın onu evinə daxil etdi və ona yemək-içmək verdi. Lakin qadının uşağı gedib Ubeydullah ibn Ziyada Müslim ibn Əqilin yerini xəbər verdi. Ubeydullah deyilən yerə yetmiş nəfərlik dəstə göndərdi və onlar evi mühasirəyə aldılar. Müslim onlara müqavimət göstərirdi. Onlar ona aman verdikdən (öldürməməyə görə söz verdikdən) sonra Müslim onlara təslim oldu. Onu Ubeydullah ibn Ziyad olan qəsrə apardılar. Müslim oraya daxil olduqda Ubeydullah ondan bu üsyanın səbəbini soruşdu.
Müslim dedi: Bizim boynumuzda Hüseyn ibn Əli üçün beyət var.
Ubeydullah dedi: Mən səni öldürəcəyəm.
Müslim dedi: Qoy vəsiyyətimi edim.
Ubeydullah dedi: Yaxşı, vəsiyyətini et.
Müslim ətrafa baxdıqda Ömər ibn Səd ibn Əbu Vaqqası gördü və dedi: Mənə ən yaxın olan sənsən gəl sənə vəsiyyət edim. Müslim onu evin bir küncünə çəkib dedi: “Hüseynə geri qayıtması haqda xəbər göndər “.
İşin baş tutmaması və Kufə camaatının ona xəyanət etməsi xəbəri Hüseynə çatdırmaq üçün Ömər ibn Səd bir nəfəri onun yanına göndərdi.
Müslim bu məşhur sözlərini demişdir: Ailən ilə geri qayıt. Kufə camaatı səni qürurlandırmasın. Onlar mənə və sənə yalan danışıblar. Yalançının sözü söz deyil.
Ərafa günü Müslim ibn Əqil qətlə yetirildi. Ondan bir gün öncə yəni, Tərviyə (həccin ilk) günündə Hüseyn Məkkədən çıxmışdı.
Səhabələrin Hüseynin Kufəyə gəlişinə etirazları
Bir çox səhabələr: Abdullah ibn Ömər, Abdullah ibn Abbas, Abdullah ibn Amr ibn əl-As, Əbu Səid əl-Xudri, Abdullah ibn əz-Zubeyr və qardaşı Məhəmməd ibn əl-Hənəfiyyə – Hüseyn ibn Əlini Kufəyə getməkdən yayındırmağa çalışdılar. Onlar Hüseynin Kufəyə getmək istədiyini bildikdə onu bu işdən yayındırmağa çalışdılar. Budur onların sözləri:
1. Hüseyn Kufəyə getmək istəyəndə Abdullah ibn Abbas ona dedi: Əgər camaat səni və məni qınamasaydılar əlimlə sənin başından tutar, getməyə qoymayardım[1].
2. Şəbi deyir: Hüseynin İraqa yola düşməsi xəbəri İbn Ömərə yetişdikdə İbn Ömər Məkkədə idi. Miniyinə minib üç günlük yol qət etdikdən sonra Hüseynə yetişdi və dedi: Haraya gedirsən?
Hüseyn dedi: İraqa. Sonra o, İraq camaatından ona gələn beyət haqda məktubları çıxartdı və dedi: Bu onların yazdıqları məktublar və etdikləri beyətləridir. (İraq camaatı bu yazılarla onu aldatmışdılar. Allah ondan razı olsun).
İbn Ömər dedi: Sən onların yanına getmə. Hüseyn isə öz dediyində qalırdı.
İbn Ömər dedi: Mən sənə bir hədis danışacağam. Cəbrail Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib ya dünyanı ya da axirəti seçməyi təklif etdi. O da, dünyanı istəməyərək, axirəti seçdi. Sən də onun bir parçasısan. Allaha and olsun ki, sizin heç biriniz dünyaya (dünya malına) qalmayacaqsınız. Allah sizi bundan daha da xeyirli olan işə (axirətə) yönəltmişdir.
Bütün bunlara baxmayaraq Hüseyn geri qayıtmağa razı olmadı. Abdullah ibn Ömər onu qucaqlayıb ağladı və dedi: Mən səninlə bir ölən insan kimi vidalaşıram[2].
3. Abdullah ibn Zubeyr, Hüseynə dedi: Haraya gedirsən? Sən, atanı öldürən və qardaşını yaralayan bir camaatın yanına gedirsən. Sən oraya getmə[3]. Hüseyn onun da sözünə qulaq asmayıb getməyə qərar verdi.
4. Əbu Səid əl-Xudri Hüseynə dedi: Ey Əbu Abdullah mən sənə tövsiyə edir, sizə can yandırıram. Mən eşitmişəm ki, Kufəli tərəfdarlarınız sizə məktub yazıb sizi oraya çağırırlar. Sən oraya getmə. Mən sənin atanına belə dediyini eşitmişəm: Allaha and olsun, mən onlardan təngə gəlmişəm, onlara nifrət edirəm. Onlar özləri məni təngə gətirib, nifrət yaradıblar. Onlar heç vaxt vəfalı olmayıblar. Kim onlarla qələbə çalarsa çürük ox qazanar. Allaha and olsun, onların xoş məramı, heç bir işə həvəsi və qılınc qarşısında dözümü yoxdur[4].
5. Hüseyn İraq gedərkən yolda Firəzdəq adlı şairlə rastlaşır və ona deyir: Haradan belə?
Firəzdəq deyir: İraqdan.
Hüseyn deyir: İraq camaatının vəziyyəti necədir?
Firəzdəq deyir: Ürəkləri səninlədir qılıncları isə Bənu Umeyyə ilə. Hüseyn, sığnacaq yalnız Allahadır deyib yoluna davam etməyə israr etdi[5].
Ömər ibn Sədin göndərdiyi elçi vasitəsi ilə Müslim ibn Əqilin xəbəri Hüseynə çatdı. Hüseyn geri qayıtmaq fikrinə düşərək Müslim ibn Əqilin övladları ilə məsləhətləşdi. Lakin onlar dedilər: Xeyr, Allaha and olsun, biz atamızın qisasını almayınca geri qayıdan deyilik. Hüseyn də onların bu fikri ilə razılaşdı. Ubeydullah ibn Ziyad Hüseynin onlara tərəf gəlməsini eşitdikdə Hurr ibn Yezid ət-Təmiminin ilkin mərhələ olaraq min nəfərlik dəstə ilə onun qarşısına çıxmasını əmr etdi. O, Qadisiyyə yaxınlığında Hüseynlə rastlaşdı.
Hurr ibn Yezid ət-Təmimi ona dedi: Ey Peyğəmbərin qız nəvəsi haraya belə?
Hüseyn dedi: İraqa.
Hurr ibn Yezid ət-Təmimi dedi: Mən sənə geri qayıtmağı əmr edirəm. Qoy Allah məni səninlə sınağa çəkməsin. Ya gəldiyin yerə qayıt, ya da Yezidin yanına Şam vilayətinə get. Kufəyə getmə.
Hüseyn deyilənlərdən imtina edərək İraqa tərəf getməyə davam etdi. Hurr ibn Yezid ət-Təmimi isə onun qarşısını kəsib getməyə qoymur, ona mane olmağa çalışırdı.
Hüseyn ona dedi: Anandan uzaq düşəsən, məndən uzaq dur.
Hurr ibn Yezid ət-Təmimi dedi: Allaha and olsun əgər bu sözləri başqa bir ərəb mənə desəydi ondan və anasından intiqamımı alardım. Lakin nə deyim, sənin anan dünya qadınlarının xanımıdır.
[2] əl-Bidayə vən-Nihayə: 8, 162.
[3] əl-Bidayə vən-Nihayə: 8, 163.
[4] əl-Bidayə vən-Nihayə: 8, 163.
[5] əl-Bidayə vən-Nihayə: 8, 168.