İbn Kəsir[1], Abdullah ibn Muti və onun tərəfdarlarının hadisəsini rəvayət edir. Rəvayətdə deyilir: Onlar Əli ibn Əbu Talibin oğlu, Həsən və Hüseynin ata bir qardaşı Məhəmməd ibn əl-Hənəfiyyənin yanına gəlib Yezidin xəlifəliyini tanımaqdan boyun qaçırmasını tələb etdilər. Məhəmməd ibn əl-Hənəfiyyə isə bundan imtina etdi.
İbn Muti dedi: Yezid ibn Müaviyə içki içir, namazları tərk edir.
Məhəmməd dedi: Mən Yezidin sizin dediklərinizi etdiyini görməmişəm. Mən onun yanına gedib bir müddət orada qalmışdım. Mən onun namazlara dəvamiyyətli olduğunun, xeyirxah işlərə can atdığının, fiqhi məsələləri araşdırdığının və sünnəyə riayət etdiyinin şahidi olmuşam.
Onlar dedilər: O bunları özünü sənə göstərmək üçün edirdi.
Məhəmməd dedi: O mənim nəyimdən qorxur və ya məndən nə umurdu? Mən sizə dediklərimi sübut edimmi?
Onlar dedilər: Biz dediklərimizin şahidi olmasaq da bunlar həqiqətdir.
Məhəmməd dedi: Allah bu cür şahidliyi qadağan etmişdir deyib Allahın bu ayəsini oxudu: “Ondan qeyri ibadət etdikləri (Allah yanında heç bir kəs üçün) şəfaət edə bilməzlər. Ancaq haqqa şəhadət verənlər müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər”[2].
Yezidə içki içmək, meymunlarla oynamaq, pis işlərlə məşğul olmaq və s. kimi pis işləri nisbət etmək heç bir mötəbər rəvayətdə öz əksini tapmamışdır. Müsəlmanın ədalətli və belə işlərdən pak olması prinsipinə əsasən biz də bu deyilənlərə inanmırıq. Ona görə biz deyirik ki, doğrusunu Allah bilir. Məhəmməd ibn əl-Hənəfiyyənin rəvayətinə zahiri baxışdan görsənir ki, Yezid deyildiyi kimi fasiq deyildi. Yezidin necəliyi haqda Allah daha yaxşı bilir. Nə edibsə o haqda da Rəbbinə cavab verəcəkdir. Gəlin elə fərz edək ki, deyilənlər doğrudur. Amma bu əməllər heç bir vəchlə tarixdə baş verən tərzdə rəhbərə qarşı üsyan etməyə əsas vermir. Biz bu haqda qarşıda danışacayıq.
Möminlərin əmiri Yezid ibn Müaviyənin xəlifəliyi (Hicri 60-64)
Hicrətin altımışıncı ilində Yezidin xəlifəliyinə beyət edildi. Bu vaxt onun otuz dörd yaşı var idi. Mədinədə olan Hüseyn ibn Əli və Abdullah ibn Zubeyr ona beyət etməmişdilər. Onlardan Yezidə beyət etmələri tələb olunduqda Abdullah ibn Zubeyr dedi: Qoyun bu gecə fikirləşim sonra sizə öz fikrimi deyərəm.
Onlar dedilər: Yaxşı.
Gecə düşdükdən sonra Abdullah ibn Zubeyr beyət etmədən Mədinədən çıxıb Məkkəyə qaçdı.
Hüseyn ibn Əlidən beyət etmək tələb olunduqda o dedi: Mən gizlində beyət edən deyiləm. Mən camaat arasında beyət edəcəyəm.
Onlar dedilər: Yaxşı.
Gecə düşdükdən sonra o da Abdullah ibn Zubeyrin ardınca Məkkəyə getdi.
[2] Zuxruf surəsi: 86.