Məqalələr Tarixi hadisələr Xəvariclər

Xəvariclər – bu günün təcavüzkar ekstremistlərinin əcdadları

İslam tarixi boyunca zaman-zaman din barəsində əsaslı şəkildə yeni və ifrat nəzəriyyələr təbliğ edən qruplar meydana gəlmişdir. Bu qruplardan ən radikalı və ən zorakısı isə Əlinin (Allah ondan razı olsun) xəlifəliyi dövründə (656-661-ci illər) baş vermiş siyasi hərc-mərclik zamanı meydana gəlib. Xəvariclər kimi tanınan bu qruplaşma, radikal siyasi mövqeyə malik idi və onlar digər müsəlmanlarla fikir ayrılığına səbəb olan ifrat inanclara malik idilər.
Xəvariclər islam aləmində heç bir vaxt əsas siyasi və ya dini qüvvə olmasalar da, öz dövrlərində böyük təsirə malik olublar. Ötən 1400 il ərzində onların ideologiyaları müxtəlif ifratçı qruplar tərəfindən dəfələrlə mənimsənib.

Tarixi

Bizim eranın 656-cı ilində (hicrətin 35-ci ili), islam imperiyasının xəlifəsi Osman bin Əffan (Allah ondan razı olsun) qətlə yetirildi. Qətli törədənlər bir qrup misirli müsəlman əsgəri idi. Onların narazılığına səbəb, Osmanın onlarla Misirin valisi arasında kəsdiyi hökm idi. Osmandan əvvəl hakimiyyətdə olmuş iki xəlifə, yeni xəlifəni necə seçmək barədə qaydalar müəyyən etmişdi (Əbu Bəkr sadəcə özündən sonra Öməri təyin etmiş, Ömər isə 6 nəfər təyin edərək öz aralarında birini seçmələrini istəmişdi). Osman isə yeni xəlifənin seçilməsi barədə heç bir təlimat qoymamışdı.

Paytaxt Mədinədə idarəni ələ alan qatillər, Əlinin yeni xəlifə olmasını istəyirdilər. Təbii ki, Əli, qatillərin onu bu cür xəlifə təyin etməsinə öz etirazını bildirdi. Bu təyinatı qəbul etməsi, onun qiyamçıların əməllərini qeyd-şərtsiz təsdiqləməsi demək olardı. Hətta qiyamçılar Osmanın evini mühasirəyə aldıqda, Əli öz oğullarını onu müdafiə etməyə yollamışdı. Lakin, Mədinənin bəzi qabaqcıl sakinləri Əliyə onun islam ümmətini sülh və əmin-amanlığa qovuşduracaq ən yaxşı rəhbər, xüsusilə onun Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) əmisi oğlu və kürəkəni olması məsələlərini önə gətirdikdə, o könülsüz şəkildə islam imperiyasının dördüncü xəlifəsi vəzifəsini öz üzərinə götürdü. Lakin, o dərhal müqavimətlə rastlaşdı. Suriyanın valisi olan Müaviyə, Osmanın yaxın qohumu idi. O yeni xəlifəyə beyət etməyə hazır idi, lakin bir şərtlə ki, Əli Osmanı qətlə yetirmiş üsyankar misirliləri cəzalandırsın.

Lakin Əli, bunu etməyin müsəlman ümmətinin maraqlarında olduğuna inanmırdı. Təbii ki, o, əsgərlərin əməllərini dəstəkləmirdi, lakin onların cəzalandırılması daha böyük qiyama, daha çox qan tökülməsinə və gənc islam imperiyasının başına daha çox müsibətlərin gəlməsinə səbəb ola bilərdi. Əli isə bütün bunlardan qaçınmaq niyyətində idi.

Müaviyənin dəstəyindən məhrum qalan Əli, imperiyanın ən böyük və ən inkişaf etmiş əyalətlərindən birini itirmiş oldu. Müaviyə Suriyada çox məşhur idi. O, Ömərin xəlifəliyi dövründən bəri Suriyanın valisi idi və regionun yerli xristian əhalisi və islamı yeni qəbul etmiş ərəb müsəlmanlar arasında münasibətləri gözəl şəkildə tarazlamağa nail olmuşdu. Əli isə İraqda, xüsusilə Kufə şəhərində böyük dəstəyə malik idi. Məhz Kufə əhli Müaviyənin Əliyə beyət etməməsinə qəzəblənmişdi. Müavəiyənin Suriyadakı və Əlinin İraqdakı tərəfdarları arasında vətəndaş müharibəsinin baş verməməsi üçün, hər iki tərəf razılığa gəldilər. Onlar üçüncü bir tərəfin mübahisədə vasitəçilik edərək həll yolunu tapmasına razılıq verdilər.

Təhlükəli siyasi parçalanmanın həlli yolunun yeni xəlifənin seçilməsi olacağı gözlənilirdi. Lakin Əli gözləmədiyi bir problemlə üzləşdi. Əlinin tərəfdarlarından bəziləri onun Osmanın qatillərini cəzalandırmamaqda haqlı olduğuna o qədər inanırdılar ki, onun məsələyə yenidən baxılmasına razılıq verməsi onların qəzəbinə səbəb oldu. Onların fikrinə görə, Əli Müaviyə ilə razılığa gəlməkdə böyük günah işlətmişdi. Onlar Əlinin düşərgəsindən ayrılaraq “xəvariclər” kimi tanınmağa başlayırlar (xəvaric – ərəbcə “xaracə” felindən əmələ gəlmiş “xarici” sözünün cəmidir. “Xarici” isə xaric olan deməkdir – tərc.).

Xəvariclərin nəzəriyyələri

Xəvaric nəzəriyyələrinin inkişafı ilə, siyasi ideyalar İslamda yeni, divergent ideyalara çevrildi (sonrakı illərdə bənzər bir proses şiəliyin meydana gəlməsinə səbəb olur). Xəvariclərin Əlinin xəta etməsi barədə formalaşdırdıqları siyasi mövqe, günah işlədən bütün insanların rəhbər olmağa yaramadıqları inancına çevrildi. Yalnız bu fikrin özü, artıq dində ifrata varmaq demək idi, lakin məsələ bununla bitmədi.

Xəvariclər tədricən günahların küfr olduğunu iddia etməyə başladılar. Onlar iddia edirdilər ki, əgər insan günah edirsə, əslində kafir olur və onunla vuruşmaq və hətta o insan Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) səhabəsi və ya xəlifə olsa da, onu öldürmək olar. Xəvaric inanclarının həqiqi islam teologiyasında əsli-əsası yoxdur. Təkfir (insanları kafirlikdə ittiham etmək) həqiqi islam inancında çox spesifik və nadir hallarda tətbiq edilən hökmdür.

Rəylərin çoxluğuna əsasən, İmam əl-Təhəvinin “Əqidə” kitabında da qeyd olunduğu kimi, bir kəsin müsəlman olmadığının yeganə sübutu, həmin şəxsin Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Məhəmmədin (Allahın ona salavat və salamı olsun) Onun Elçisi olduğuna inanmadığını açıq şəkildə bəyan etməsidir. Xəvariclərin əksəriyyəti elmsiz insanlar idi, Qurana və hədislərə yaxşı bələd deyildilər. Onların çoxu səhrada yaşayan bədəvi ərəblər idi və islami biliklərində olan boşluqları xəvaric inanclarına bu qədər can atmaqla doldururdular.

Xəvaric ideyaları heç vaxt kütləvi şəkildə vüsət almayıb. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) təlimlərinin təhrif edilməsi azmış kimi, üstəlik xəvaric inancları sadəcə bir çox insanlar üçün həddən artıq ifrat idi. Lakin bu, kiçik bir xəvaric qruplaşmasının islam dünyasına böyük zərbə vurmasının qarşısını ala bilmədi. Özünəməxsus inanclarından əlavə, xəvariclər onların yaranmasına səbəb olmuş hökmün çıxarılmasında iştirak etmiş bütün siyasi liderləri öldürməyə cəhd edirdilər.
Onlar Müaviyə və Müaviyəni dəstəkləyən və Misiri onun adından idarə edən Əmr ibn əl-Ası öldürməyə nail olmadılar. Lakin 661-ci ildə onlar xəlifə Əlini Kufədə öldürdülər. Peyğəmbərin (Allahın ona salavat və salamı olsun) əmisi oğlunun və kürəkənin qətli Rəşidi xəlifələr erasının sonu və Müaviyənin idarə etdiyi Bəni-Üməyyə xilafətinin başlanğıcı oldu.

Xəvariclər Bəni-Üməyyə və Bəni-Abbas xilafətlərində də əsrlər boyunca fitnə-fəsada səbəb olublar. Onlar çoxsaylı üsyanlar nəticəsində əsas şəhərləri zəbt edə bilməsələr də, səhralara yaxşı bələd olduqları üçün müsəlman diyarlarını dolaşaraq, onların inanclarını qəbul etməyən insanları incidir və qorxudurdular. Onlar Şimali Afrikada yerli bərbər tayfaları və onları idarə edən ərəblər arasında baş verən gərginlikdən istifadə edərək bərbər tayfalarının dəstəyinə nail oldular. Tədricən, əksər müsəlmanların qəbul etmədiyi ifrat düşüncələri səbəbilə xəvaric hərəkatı səngiməyə başladı.

Onların bir qolu qismən mötədilləşərək İbadi adlandırılan firqəyə çevrildi. Bu gün Omanın əhalisinin əksəriyyəti İbadi əqidəsinə qulluq edir. Xəvaric hərəkatının özü tab gətirə bilməsə də, onların günahkarları təkfir etməsi konsepsiyası çoxsaylı ekstremist qruplaşmalar tərəfindən yenidən dirçəldilərək, hətta bəzi müasir siyasi hərəkatlar tərəfindən də mənimsənilib.

«SələfXəbər» saytının redaksiyası tərəfindən hazırlanıb