Fətvalar İslam ayları və bayramları Məqalələr Ramazan

Hər kəs ölkə əhalisi ilə birlikdə oruc tutsun və bayram etsin! – Şeyx Fovzan


Sual:
Hər Ramazan başlanğıcı və sonu ilə bağlı bizim ölkədə ixtilaf olur. Burada ayı müşahidə etmək üçün yaradılan bir komitə var və bu komitədəkilərin əksəriyyəti sufilərdir. Burada müxalif olan digər komitələr də var.

Birinci komitə dövlət tərəfindən tanınır. Digər komitələr də, həmçinin sufilərdən ibarətdir. Başqa bir komitə də var ki, “ixvanul-muslimin’ə tabedir.

Şeyx, biz əhli sünnə, bu ixtilaflara rağmən dövlətlə oruc tutaqmı? Bəzən əhli sünnədən olanlar hilalı görürlər, lakin onların şahidlikləri qəbul olunmur. Bu halda biz nə edək?

Allah sizi qorusun!

Şeyx Saleh əl-Fovzan:
Uca Allah buyurur:
«Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın!» (Ali İmran, 103)

Orucluq kimi məsələlərdə qruplara ayrılıb parçalanmaq icazəli deyil. Peyğəmbər ﷺ buyurur: “Oruc sizin oruc tutduğunuz, iftar sizin iftar etdiyiniz gündür!”

Müsəlman öz ölkəsindəki müsəlmanlarla bir yerdə oruc tutmalıdır və bu məsələdə qruplara ayrılıb parçalanmaq olmaz. Əgər (yaşadığın ölkədə) müsəlmanlar oruc tutmağa başlayarsa, sən də onlarla bir yerdə oruc tut. Onlardan ayrılma və gedib başqa bir məzhəbə qoşulma. Müsəlmanlarla bir yerdə ol! Oruc tutmaq ibadətdir və bu məsələdə qruplara bölünüb parçalanmaq icazəli deyil.

Uca Allah buyurur:
«Kitab əhli yalnız özlərinə açıq-aydın dəlil gəldikdən sonra ayrılığa düşdülər.» (Beyyinə, 4)

Bizə aydın dəlil Allah elçisinə ﷺ verilən peyğəmbərliklə, Kitab və Sünnət ilə gəlib çatıb. Elə isə bizə vacibdir ki, bundan möhkəm yapışaq və müsəlman camaatla bir yerdə olaq. Bizə (camaatdan) ayrılıb fərqli qruplara bölünmək olmaz.

Necə ki, hədisdə gəlib:
«Kim (camaatdan) ayrılarsa, Cəhənnəmə tərəf ayrılmış olar».

Beləliklə, bizə vacibdir ki, müsəlmanlarla bir yerdə oruc tutub, onlarla bir yerdə iftar edək və bu məsələdə ixtilaf edib (camaatdan) ayrılmayaq.