Fətvalar İslam ayları və bayramları Məqalələr Ramazan

İnsanları şəkk-şübhəyə salma! Ölkə əhalisi ilə birgə oruc tut və bayram et! – Şeyx Fovzan


Sual:
Müsəlmana Ramazanın başlanğıcını və sonunu (qabaqcadan təyin edilmiş) kalendara (təqvimə) etimad etməsi icazəlidirmi, yoxsa ayı müşahidə etmək vacibdir?

Şeyx Saleh əl-Fovzan:
Aləmlərin Rəbbi olan Allaha həmd olsun ki, bu məsələ haqqında yetərincə danışılıb. Bu məsələdə ölkə başçılarına və alimlərə qayıdılmalıdır. Müsəlman müsəlmanlarla bir yerdədir, əgər müsəlmanlar oruc tutarlarsa, o da onlarla oruc tutur və əgər müsəlmanlar iftar edərlərsə, o da onlarla iftar edir. Belə məsələlərə etinasız yanaşmayın. Müsəlman müsəlmanlarla bir yerdədir. Onlarla bir yerdə oruc tutar və onlarla bir yerdə iftar (bayram) edər.

Lakin fayda baxımından deyim ki, Allah elçisi ﷺ Ramazanın başlanğıcını və sonunu hilalın görünməsi ilə əlaqələndirib. Və o ﷺ deyib:

“Onu (yeni doğmuş ayı) gördükdə oruc tutun, onu gördükdə də orucu açın. Əgər yeni doğmuş ay sizə görünməzsə, ayın günlərini otuzdan hesablayın.”

Peyğəmbər ﷺ Ramazanın başlanğıcını və sonunu hilalın (yeni doğmuş ayın) görünməsi ilə əlaqələndirdi. Yeni doğmuş ayı (ədalətli) müsəlmanlardan bir nəfərin görməsi yetərlidir. Əgər hilalı müsəlmanlardan bir nəfər görərsə və əgər onun şahidliyi ölkə başçısı tərəfindən təsdiq edilərsə, o zaman müsəlmanların hamısı bir yerdə oruc tutmalıdır. Çünki müsəlmanlar tək bir ümmətdir.

“Orucu qabaqcadan təyin olunmuş kalendarla tutaq, yoxsa təzə doğmuş ayı görməklə?” – deyə soruşaraq insanlar arasında şəkk-şübhə yaymaq lazım deyil. Peyğəmbər ﷺ dedi:

“Onu (yeni doğmuş ayı) gördükdə oruc tutun.”

Peyğəmbərin ﷺ bu sözündən sonra başqa bir söz deməyə kiminsə haqqı yoxdur.