Sual:
Mənim əslim Misirdəndir, lakin mən İraqda işləyirəm. Mən Ramazanın son günü Səudiyyə, Suriya və digər ölkələrdə (kanal və ya radio vasitəsi ilə) Ayın görünməsini eşidib orucumu açdım. Lakin bilirdim ki, yaşadığım ölkədə hələ də oruc tuturlar. (Yəni, oruclarını açmayıblar!)
Bunun hökmü nədir? Ümumiyyətlə insanlar nə üçün Ramazan ayında ixtilaf edirlər?
Şeyx İbn Bəz:
Sizə vacib olan ölkə camaatı ilə getməkdir. Onlar oruc tutduqda oruc tutursunuz, orucu açdıqda orucunuzu açırsınız.
Bu haqda Peyğəmbər ﷺ buyurur: “Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür”.
Çünki ixtilaf şərdir.
Sizə vacibdir ki, ölkənizin camaatına görə hərəkət edəsiniz. Əgər sizin ölkədə müsəlmanlar orucu açarsa siz də orucu açırsınız, onlar oruc tutarsa siz də oruc tutursunuz.
İxtilafların səbəbinə gəldikdə, bu ona görə baş verir ki, bəziləri təzə ayı görür, bəziləri görmür. Sonra da ola bilər ki, digərləri təzə ayı görənlərə etibar edib onlara görə hərəkət etsinlər, yaxud da, etibar etməyib onlara görə hərəkət etməsinlər. Nəticədə, ixtilaf baş verir.
Bir dövlətdə təzə ayı görüb buna görə hökm edərək oruc tutub oruclarını aça bilərlər. Başqa bir dövlətdə isə bir çox siyasi və digər səbəblərdən onların görməyinə inanmaya və həmin dövlətə etibar etməyə bilərlər.
Müsəlmanlara vacibdir ki, təzə ayı gördükdə hamılıqla oruc tutsunlar, təzə ayı gördükdə oruclarını açsınlar.
Bu dediklərimizə Peyğəmbərin ﷺ bu hədisi dəlalət edir:
“Təzə ayı gördükdə oruc tutun, təzə ayı gördükdə orucu açın. Ayı görmək mümkün olmadıqda onu 30 günə tamamlayın”.
Əgər onların hamısı təzə ayın göründüyünün doğru olduğundan əmin olarsa və bu görmə sübuta yetirilərsə, bu halda buna müvafiq olaraq oruc tutub, orucu açmaq vacibdir.
Lakin, insanlar bu məsələdə ixtilaf edərlərsə və biri digərinə etibar etməzsə, bu halda sizə vaicb olan ölkənizlə birlikdə oruc tutmaq və onlarla birgə orucu açmaqdır.
Çünki Peyğəmbər ﷺ buyurur:
“Sizin orucunuz oruc tutduğunuz, iftarınız isə iftar etdiyiniz gündür və qurbanınız qurban kəsdiyiniz gündür”.
Rəvayət edilir ki, Kureyb İbn Abbasa Şam camaatının artıq oruca başladığı barədə xəbər verdikdə İbn Abbas ona belə cavab verdi: “Biz onu (təzə ayı) şənbə günü görmüşük. Təzə ayı görməyincə oruc tutmağa davam edəcəyik, ya da otuz günə tamamlayacağıq.”
İbn Abbas Şam camaatının ayı görməyinə müvafiq hərəkət etmədi. Çünki Şam, Mədinədən uzaq idi. Bu ikisinin arasında ayı görmək fərqli ola bilər və onun fikrincə bu ictihadi bir məsələ idi. İbn Abbas sizin üçün nümunədir.
Müsəlman gərək öz ölkəsinin camaatı ilə oruc tutsun və onlarla birgə orucunu açsın.
Müvəffəq edən Allahdır.